Baş səhifə    » SON 10 İL    » Səhiyyə islahatları   

Səhiyyə islahatları

  



Azərbaycanda ötən 10 ilə yaxın dövr ərzində iqtisadi irəliləyiş, dövlətin iqtisadi potensialının artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradıb. Ölkə rəhbərliyi tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişafını, əhalinin dünya strandartlarına uyğun tibbi yardımla təmin olunmasını təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilir. Bu sahəyə hər il böyük həcmdə investisiyalar yatırılmaqdadır. Səhiyyəyə ayrılan büdcə vəsaiti son 10 il әrzində 10 dәfədən çox artıb. Bu dövrdə böyük әksəriyyəti respublikanın bölgәlәrində olan 500-dәn artıq tibb müәssisəsinin tikintisi və ya әsaslı tәmiri hәyata keçirilib, tibb müəssisәlәrinin hamısı müasir texnika və avadanlıqla tәchiz olunub.Bu dövrdə səhiyyə sahəsinə dövlət tərəfindən ayrılan vəsaitin həcmi 11 dəfə artıb. Yolxucu xəstəliklərlə mübarizə işində əhəmiyyətli nəticələr əldə olunub, bu sahə praktik səhiyyənin prioritet istiqaməti kimi daim diqqət mərkəzində saxlanılmaqdadır. Həyata keçirilən tədbirlər sayəsində Azərbaycanda uşaq ölümünün kəskin şəkildə aşağı düşmüş, həmçinin ana və uşaq ölümünün səviyyəsi bir neçə dəfə aşağı salınıbdır.

SƏHİYYƏDƏ İSLAHATLAR VƏ BEYNƏLXALQ TƏŞKİLATLARLA ƏMƏKDAŞLIQ 

Səhiyyə sistemi dövlət büdcəsindən böyük xərclər tələb edən sosial sahə olduğuna görə bu sahədə irimiqyaslı islahatların aparılması, xəstəxanaların yenidən qurulması, onların ən müasir tibb avadanlıqları ilə təchiz olunması, yeni müalicə-diaqnostika mərkəzlərinin tikintisi üçün dövlətin iqtisadi imkanlarının genişlənməsi zəruri idi. Bu baxımdan Azərbaycanda səhiyyə islahatları ölkə iqtisadiyyatında sürətli inkişafın başlaması ilə parallel olaraq 2004-cü ildən etibarən daha da  genişlənib. Səhiyyə sistemində həyata keçirilən islahatların uğurla nəticələnməsi üçün inkişaf etmiş ölkələrin təcrübəsi ilə tanışlıq, Azərbaycanın səhiyyə idarə və müəssisələrinin müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən Azərbaycan hökuməti ÜST(WHO), UNİCEF, USAİD-nin İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsi, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, Blumberq Təşəbbüsü Fondu,  Dünya Bankı, Avropa Komissiyası, BMT-nin müvafiq strukturları və digərləri ilə fəal əməkdaşlığa başlayıb. Səhiyyə sistemində islahatlar layihəsi çərçivəsində Azərbaycan hökuməti 2006-cı ilin sentyabrında Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası ilə maliyyələşmə sazişi imzalayıb. Bu saziş 6 il ərzində səhiyyədə struktur və idarəetmə islahatlarına dair layihənin həyata keçirilməsini nəzərdə tutur. Layihə Səhiyyə Nazirliyinin idarəetmə potensialının gücləndirilməsini, səhiyyə xidmətlərinin çatdırılmasının yaxşılaşdırılmasını, kadr resurslarının inkişaf etdirilməsini və s. əhatə edir. 
İslahatların gedişi Dünya Bankının xüsusi missiyası tərəfindən izlənilir və nəticələrlə bağlı müsbət rəylər verilir. Həmçinin səhiyyə sistemində aparılan islahatlar Avropa Komissiyasının Azərbaycana dair Yaxın Qonşuluq Siyasəti təşəbbüsü çərçivəsində hazırlanan tərəqqi hesabatlarında son bir neçə ildir ki, davamlı olaraq müsbət rəylə qiymətləndirilir. 

SAĞLAMLIĞIN QORUNMASINI GÜCLƏNDİRƏN TƏDBİRLƏR

Son illərdə ölkədə həyata keçirilən, ana və uşaq sağlamlığının yaxşılaşdırılmasına müsbət təsir göstərən, əhalinin ümumi sağlamlığının möhkəmləndirilməsinə yönələn tədbirlərə aşağıdakılar daxil edilir:
-dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin məbləği əvvəlki illərlə müqayisədə 10 dəfədən çox artıb;
-səhiyyə obyektlərinin tikintisi, təmiri, bərpası və yenidən qurulması üçün xeyli miqdarda vəsait ayrılıb; 
-özəl səhiyyə xidməti inkişaf edib, səhiyyənin maddi-texniki təminatı möhkəmləndirilib;
Həmçinin 2008-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan bütün müalicə-profilaktika müəssisələrində pullu xidmət ləğv edildi ki, bu da insanların sağlamlığının qorunması sahəsində çox mühüm və əhəmiyyətli addım sayılır.

MƏCBURİ TİBBİ SIĞORTA
Səhiyyə sistemində aparılan islahatların mühüm istiqamətlərindən biri də Azərbaycanda əhali arasında məcburi tibbi sığortanın tətbiq edilməsi yönündə aparılan işlərdir. Bu məqsədlə son illərdə beynəlxalq praktika öyrənilir, qanunvericilik bazası hazırlanır. Məcburi tibbi sığorta sisteminə əsasən  pensiyaçılar üçün tibbi sığorta haqqını Dövlət Sosial Müdafiə Fondu, işləməyən vətəndaşlar və sosial yardım alanlar üçün isə dövlət ödəyəcək. Nəticədə ölkə əhalisinin bütün təbəqələrini tibbi sığorta xidmətləri şəbəkəsinə cəlb etmək mümkün olacaq.
 
GƏLƏCƏK İNKİŞAF PROQRAMI ÇƏRÇİVƏSİNDƏ GÖRÜLƏCƏK TƏDBİRLƏR
Səhiyyə sistemində islahatların davam etdirilməsi, ölkə əhalisinin keyfiyyətli və əlverişli şərtlərlə tibbi xidmətlə təmin olunması “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında xüsusi yer tutur. Konsepsiyada Səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tibb müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidən qurulması, onların ən müasir tibb avadanlıqları ilə təchiz edilməsi, səhiyyə islahatlarının planlı şəkildə davam etdirilməsi nəzərdə tutulub. 
Bundan əlavə, dövlәt tәrәfindәn sosial xəstəliklәrlə (diabet, hemofiliya, talassemiya, onkoloji xәstәliklər, immunoprofilaktika, hemodializ, vәrәm, QİÇS vә s.) mübarizә, sanitariya maarifi işi, narkomaniya  və alkoqolizmlə mübarizə üzrə müxtəlif dövlət proqramları vasitәsilə həyata keçiriləcәk. 

Azərbaycanda əhalinin sağlamlığının qorunmasına və səhiyyə xidmətlərinin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatdırılmasına yönələn dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm elementlərindən biridir. Belə ki, sağlam insan və güclü səhiyyə uzunmüddətli, dayanıqlı inkişafı təmin etmək üçün insan resurslarına nail olmağa imkan verir.
Prezident İlham Əliyevin həyata keçirdiyi  siyasətin mərkəzində insan amili dayandığını səhiyyədəki islahatlar bir daha təsdiq etmişdir.



Oxunub: 78156



Azərbaycan Televiziyaları
İnternet Radio