Baş səhifə    » FOLKLOR    » Folklor örnəkləri    » Nəğmələr   

Nəğmələr

  


Azərbaycan folkloruna dair örnəklər

Əmək nəğmələri
Əmək nəğmələri əmək prosesini əks etdirən bədii mətnlərdir. Bu mətnlərin bir çoxu ritual, etiqad, mərasim və məişət detalları ilə cilalanmışdır. Əmək nəğmələrinə aşağıdakılar aiddir:

Əkinçi nəğmələri
Xalq poeziyasının ən qədim nümunələrindən olan əkinçi nəğmələrində biçinçi, cütcü həyatı tərənnüm edilir. Bu nəğmələr əkinçilərin bilavasitə əmək prosesində yaratdığı, ifa etdikləri nəğmələrdir. Qədimlərdə bir hecalı, bir misralı olan əkinçi nəğmələri inkişaf edərək sonralar 2-3 hecalı, 2-3-4 misralı nəğmələrə çevrilmişdir. Şifahi poeziyanın ən geniş yayılmış əkinçi nəğməsi holavardır. Son dövrlərin məhsulu olan və hər bəndi 4 misradan ibarət olan holavarlar bayatı (yeddilik) şəklindədir:
Ala kəlim, bizə gəl,
Dağdan enib düzə gəl.
Dırnağının gözüylə
Qara düzü bəzə gəl.  

Sayaçı  nəğmələri
Şifahi poeziyamıza köçəri tayfaların ilk əmək nəğmələri kimi daxil olan sayaçı nəğmələrində qoyunçuluq həyatı tərənnüm edilmişdir. Bu nəğmələrin ilk yaranışı qoyunların əhliləşdirilməsi dövrünə təsadüf edir. Bu nəğmələrin qoyun qırxımı, döl vaxtı, yaylağa köçərkən və s. mərasimlər zamanı ifa edildiyi üçün mərasim nəğməsi də hesab edilir:
Qoyunlu evlər gördüm,
Qurulu yaya bənzər.
Qoyunsuz evlər gördüm,
Qurumuş çaya bənzər.

Sağın nəğmələri
Xalqımızın qədim dövr maldarlıq həyatı ilə bağlı nəğmələri içərisində sağın nəğmələri də müəyyən yer tutur. Saya nəğmələrindən fərqli olaraq sağın nəğmələri köçəri tayfalar içərisində yaransa da, oturaq həyat şəraitinə keçmiş tayfalar tərəfindən asanlıqla qəbul olunmuşdur:
Dutum, dutum,
Nənəm, dutum,
Səni sağan, 
Dutum, dutum,
Mənəm, dutum,
Bacım, dutum.

Ovçu nəğmələri
Daha qədim dövrlərə aid olan ovçu nəğmələri həmin peşə ilə bağlı yaranıb nidalı, çağırışlı sözlərlə şifahi poeziyamıza daxil olmuşdur. Ovçu nəğmələri bir sıra hallarda tuluqda, tütəkdə, fitdə çalınan havalarla müşayiət olunmuşdur:
Ova gedən,
Ovun tuş.
Ovun olsun 
Maral, quş...

Balıqçı nəğmələri
Əmək nəğmələri içərisində balıqçı nəğmələri də xüsusi yer tutur. Dünya xalqlarının şifahi poeziyasında bu nəğmələrin dəniz və çay ətrafında yaşayan xalqların poetik düşüncəsində olduğu kimi, ilkin inkişaf mərhələlərində yarandığı ehtimal olunur. Balıqçı nəğmlərinin hamısında “Yahu” nəqarəti mühafizə olunur. Misal:
Yahu
Röyama girdi,
Yahu
Sirrimi bildi
Yahu
Dəryalara
Tor atdım,
Üzümə güldü
Yahu...   
İpəkçi nəğmələri
İpəkçi nəğmələri xalq içərisində bəzən kümçü (kümzar) nəğmələri adı ilə tanınır. Bu nəğmələrdə əsasən barama, onun əhəmiyyəti, baramanın bədnəzərdən qorunması və s. tərənnüm edilir:
Çıxdı qızım
Tərəcəyə
Büküb qoydum
Bələcəyə.
Naz-naz olsun.
Yarpağı
Az-az olsun.

Hana nəğmələri
Əmək nəğmələri içərisində toxuculuq və xalçaçılıqla bağlı nəğmələr mühüm yür tutur. Hana nəğmələri əsasən ilmə vurularkən, ilmə döyülərkən və s. söylənən nəğmələrdir. İlk hana nəğməsi aşağıdakı şəkildə bizə çatmışdır:
Asma gül,
Basma gül,
Gülüm xınalı
Döşü minalı!
Mərasim nəğmələri
  
Mərasim nəğmələri adı altında tanınan bu nəğmələr iki yerə bölünür:
1) Mövsüm mərasimi nəğmələri
2) Məişət mərasimi nəğmələri
 Mövsüm mərasimi nəğmələri
Bu nəğmələr içərisində yağışın yağması, günəşin çıxması, küləyin əsməsi, oda, suya, küləyə, torpağa etiqadla bağlı nəğmələr və “Novruzqabağı nəğmələr” (“Çillə nəğmələri”, “İlaxır çərşənbə nəğmələri” və s.) xüsusi yer tutur. Misallar:

Gün çıx, gün çıx,
Kəhər atı min çıx.
...
A yel baba, yel baba,
Qurban sənə, gəl baba.
Taxılımız yerdə qaldı
Yaxamız əldə qaldı.
...
Əkin yerim qalmadı,
Dərin almanı, dərin,
Dərdim alma qalmadı,
Sərin almanı, sərin.
...
Böyük Çillə
Boyu bir belə...
Gəldi elə
Gülə-gülə,
Getdi gülə-gülə
Ağ gülünü də,
Göstərdi.

Məişət mərasimi nəğmələri
Məişət mərasimi nəğmələri şifahi poeziyamızda xalqın gündəlik məişəti ilə bağlı nəğmələrdir. Bu nəğmələr insanın həyatında baş verən ən mühüm hadisələrlə əlaqəli yaranmışdır.
Doğumla bağlı nəğmələr
Xalq poeziyasında övladsızlıqla bağlı ənənəvi süjet doğumu müqəddəsləşdirmiş, xalq doğumla bağlı müxtəlif nəğmələr yaratmışdır:

Sancılar gələr-gedər,
Atalar gülər gedər,
Nənələr nənni qoyar
Nəvəsin bələr gedər. 

Toy nəğmələri
Məişət mərasimi nəğmələrinin əksəriyyətini toy nəğmələri təşkil edir. Toy müxtəlif mərhələlərdə olduğundan (elçilikdən toya qədər) hər mərhələnin özünəməxsus nəğmələri var. Bu nəğmələrdə müxtəlif ayin və etiqadlar əks olunmuşdur. Misallar:

Qızılgülün dəstəsiyəm, yar-yar,
Bacıların bəstəsiyəm, yar-yar.
Qonşu məni xəbər alsa, yar-yar,
Deyin yarın xəstəsiyəm, yar-yar.
Dərmişəm şirin narı
Şirin deyərlər yarı.
Hamıdan şirin olar
Kiçik qardaşın yarı.
Yas nəğmələri

Məişət mərasimi nəğmələrinin xalq arasında geniş yayılmış nümunələrindən biri də yas nəğmələridir. Onlar xalq arasında yuğ, yuğlama və ağı adları ilə yayılmış, xalqın kədəri, hüznü ilə bağlı meydana gəlmişdir:
Sarı gül...
Sarı qönçə, sarı gül.
Bilsəydin solalısan,
Aşmayaydın barı gül!



Oxunub: 102556



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on