Baş səhifə    » TURİZM    » Tarixi turizm obyektləri    » Bakı   

Bakı

  

İçərişəhər

İçərişəhər Bakı şəhərinin mərkəzində yerləşir. Sahəsi 22 ha-dır. İçərişəhərdə 50-dən çox müxtəlif dövrləri əhatə edən tarixi və memarlıq abidələri vardır. Bu günə qədər qorunub saxlanmış abidələrə Şirvanşahlar Sarayını, Qız Qalasını, Sınıq Qalanı misal göstərmək olar.
Azərbaycan memarlıq incilərindən biri olan Şirvanşahlar Sarayı XV əsrin əvvəllərində salınmış, buraya kompleks, saray, divanxana, Şirvanşahlar türbəsi, minarəli saray məscidi, hamam, Seyid Yəhya Bakuvi türbəsi və sonralar ucaldılmış "Şərq" divanxanası abidələri daxildir. Kompleksin ilk tikililəri 1441-ci ilə, son "Şərq" divanxananın tikintisi isə 1558-ci ilə memar Əmirşaha aid olduğu qeyd edilir.
Azərbaycan memarlığının unikal abidəsi olan "Qız Qalası" İçərişəhərin cənub-şərq hissəsində ucaldılmış və bu abidə iki mərhələyə tikilib. Abidənin 13,7 m hündürlüyünə qədər olan aşağı hissəsi bir çox alimlərin hesab etdiyi kimi eramızdan əvvəl VII-VI əsrlərə aid edilir. Qalanın hündürlüyü 29,7 m, diametri isə 16,5 metrdir. Divarlarının qalınlığı aşağı hissədə 5 m, yuxarı yaruslarında isə 4 metrdir. Qala 8 yarusdan ibarətdir, daxilində su qatlarına qədər çapılmış 21 metr dərinliyində olan quyu vardır.

Atəşgah

Od məbədi olan "Atəşgah" Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. "Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazların çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilisi olan tövlə eramızın 1713-cü ilinə aiddir, mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir.

Mərdəkan qalası

Bakının Mərdəkan qəsəbəsində qədim tarixə malik iki qala mövcuddur. Bunlardan biri dörd künclü olub XII əsrdə Şirvanşah Mənuçəhrin oğlu Axsitan tərəfindən tikilmiş və bu qala Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmışdır. Qalanın hündürlüyü 22 metr, qalınlığı aşağıdan 2,10 metr, yuxarıdan isə 1,60 metrdir. İçəridən qala 5 yarusa bölünür.
2-ci qala dairəvidir, yerlilər bu qalanı Şıx qalası adlandırırlar. Qalanın hündürlüyü 12,5 metrdir, içərisi 3 yarusdan ibarətdir. Qalanın üstündəki yazıdan məlum olur ki, o, 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən tikilmişdir.

Ramana qalası

Bakının Ramana kəndində XVI əsrə aid qaladır. Qalanın hündürlüyü 15 metrdir. Ağ daşdan tikilən qalanın dəqiq tikilmə vaxtı bəlli deyil. Güman ki, müdafiə məqsədi ilə tikilib və Şirvanşahlar dövləti dövründə qəsr kimi istifadə olunub.

Nardaran qalası 

Nardaran ərazisində 14-cü əsrə aid ağ daşdan tikilmiş dəyirmi qaladır. Memarı Mahmud Səd oğlu olan qalanın hündürlüyü 12,5 metrdir. Qalanın üstündəki kitabədən aydın olur ki o, 1301-ci ildə tikilmişdir.



Oxunub: 186574