Baş səhifə    » TURİZM    » Turizm bölgələri    » Qax şəhəri   

Qax şəhəri

  


Bakı ilə məsafəsi: 345 km 
Ərazisi: 1493,8 km2
Əhalisi: 52300 nəfər 
Nəqliyyat vasitəsi:  Tbilisi-Qax, Bakı-Qax avtobusları, Bakı-Balakən qatarı 
Azərbaycanın şimal-qərbində yerləşən Qax rayonu Gürcüstanla həmsərhəddir. Kümrük, Qaşqaçay və Əyriçay çayları sərhəd boyunca axır. Dağlardakı göllər və şəlalələr bu yerlərin bəzəyidir. Rayonun cənubunda quru subtropik, mərkəzdə qismən isti, qismən rütubətli subtropik, yüksək dağlarda isə soyuq iqlim müşahidə olunur. Yayda ən yüksək temperatur +41 С olur. Bu cür yüksək temperatur Acınohur gölünün sahillərində müşahidə olunur. Qışda ən aşağı temperatur dağların zirvəsində müşahidə olunur və -45 С-ə çatır. İlisu qoruğu bu rayonun ərazisindədir. Dağ meşələrində ayı, dağ keçisi, canavar, çöl pişiyi, qaban, çaqqal və başqa heyvanlar yaşayır. Rayonda ovçuluq və balıqçılıq üçün geniş şərait vardır. Qanıq – Əyriçay vadisində düzənliklər və dağ ətəyi əsas ovçuluq zonalarıdır. Balıqçılıq üçün isə Əyriçay, Qapıçay, Qanıq çayları və Lələli kəndi ərazisinin su hövzəsi münasibdir. Rayonun ən mənzərəli yerləri rayon mərkəzindən 12-20 km məsafədədir.
Qax rayonunun mərkəzi, Qax şəhəri dəniz səviyyəsindən 500 m yüksəklikdə coşqun Kurmuxçayın sahilində, Böyük Qafqaz dağlarının meşəli cənub yamaclarında salınıb. Şəhərin adını bildirən «Qax» sözü «qala, istehkam» deməkdir. Qaxdan 6 km şimal-qərbdə, meyvə bağları və meşə arasında mənzərəli Ağçay adlı kiçik bir kənd yerləşir. Dəniz səviyyəsindən 1400-1600 m yüksəklikdə, Qax şəhərindən 12 km şimal-qərbdə yerləşən İlisu adlı dağ kəndi (bu kənd vaxtilə İlisu sultanlığının paytaxtı olub) daha böyük marağa səbəb olur. Kəndin ətrafındakı termal mineral kükürdlü su bulaqları müalicəvi əhəmiyyətə malikdir. Qax rayonunun ərazisində bir sıra tarixi abidələr, qala xarabalıqları var. Arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş kurqanlar tunc dövrünə aiddir. İlisu kəndində 10 m hündürlüyündə dördbucaqlı keşikçi qülləsi (XIV əsr) və mərkəzində məscid yerləşən Sumuq qalası var. Burada daha qədim arxeoloji abidə küp qəbirləri hesab olunur (eramızdan əvvəl I əsr).
Qum kəndində Qafqaz Albaniyası dövrünə aid qədim abidələr var: dairəvi formalı kilsə, V-VII əsrlərə aid tikililərin xarabaları, Sırtqala qalası (XVIII əsr), unikal ibadətxana – Qum bazilikası. Lekit kəndində məbəd tikililərin kompleksi (V-VI əsrlər) yerləşir.
Rayonda mehmanxana, «Azkontrakt» istirahət evi, «İlisu» və «Şəfa» pansionatları fəaliyyət göstərir.





Oxunub: 213516



Azərbaycan Televiziyaları
İnternet Radio