Baş səhifə    » İQTİSADİYYAT    » Azərbaycanda investisiya mühiti   

Azərbaycanda investisiya mühiti

  



Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi Azərbaycan dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Son dövrlər ölkədəki siyasi sabitlik və iqtisadi inkişaf xarici dövlətlərin Azərbaycan iqtisadiyyatına uzunmüddətli sərmayə qoymaq üçün marağını daha da artırmışdır. 
İndiyə qədər respublikada investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı mühüm qanunlar qəbul edilərək hüquqi baza yaradılmışdır. Hazırda Azərbaycan Respublikasında investisiya fəaliyyətini tənzimləyən iki qanun mövcuddur: Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 1995-ci il tarixli 952 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “İnvestisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu” və Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1992-ci il tarixli 57 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Xarici investisiyaların qorunması haqqında Azərbaycan Respublikası Qanunu”. 
Bundan başqa, Azərbaycan hökuməti bir sıra xarici ölkələrlə ikiqat vergi tutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalamışdır.
Mənfəətin başqa valyutalara konvertasiya edilməsi, xarici ölkələrə köçürülməsi, yaxud reinvestisiya edilməsi ilə bağlı bütün məhdudiyyətlər ləğv edilmiş, bazar iqtisadiyyatı prinsipləri əsasında vahid valyuta məzənnəsi formalaşmışdır. Bu tədbirlər xarici investorların, beynəlxalq maliyyə qurumlarının və iqtisadi təşkilatların Azərbaycana olan marağını daha da artırmışdır.
Hazırda ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, neft sektoru ilə bərabər, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən “açıq qapı” siyasəti həyata keçirilir.
Son illərdə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası prosesi intensiv xarakter almışdır. 1995-2011-ci illərdə ölkə iqtisadiyyatına yönəldilmiş 119 milyard dollar investisiyanın 60%-dən çoxu, yəni 63 milyard dollara yaxını xarici investisiyalar olmuşdur. 1995-2002-ci illərdə xarici investisiyaların həcmi  9 milyard dollar olmuşdursa, 2003-2011-ci illərdə bu rəqəm 6 dəfə artaraq 54 milyard dollar olmuşdur. 
1995-2011-ci illərdə ölkə iqtisadiyyatına yönəldilmiş xarici  investisiyaların  25,5 milyard dolları qeyri-neft sektorunun, 37,5 milyard dolları isə neft sektorunun inkişafına yönəldilmişdir. 
Qeyri-neft sektorunda fəaliyyət göstərən birgə və xarici investisiyalı müəssisələri cəlb edən əsas sahələr sənaye, tikinti, nəqliyyat və ticarətdir. 
Tam xarici investisiyalı və birgə müəssisələrin yaradılmasında Türkiyədən olan sahibkarların payı 27,6% təşkil edir. Bu göstərici Böyük Britaniya üzrə 11,7%, Rusiya üzrə 6,8%, İran üzrə 6,2%, ABŞ üzrə 5,9%, Almaniya üzrə isə 2,9%-dir.

 Ölkə iqtisadiyyatına yönəldilmiş investisiyalar (mln. ABŞ dolları)

 

1995-2002

2003-2011

1995-2011

(ümumi)

Cəmi investisiyalar

12473,6

106247,8

118721,3

Daxili investisiyalar

3353,9

52443,2

55797,1

Neft sektoru

902,5

9024,1

9926,5

Qeyri-neft sektoru

2451,7

43419,2

45870,6

Xarici investisiyalar

9119,8

53804,5

62924,2

Neft sektoru1

6105,3

31333

37438,3

Qeyri-neft sektoru2

3014,4

22471,5

25485,9

 

Neft və qeyri-neft sektoru üzrə ölkə iqtisadiyyatına yönəldilmiş investisiyalar (mln. ABŞ dolları)

1995-2002

2003-2011

1995-2011

(ümumi)

 

Neft sektoru

7007,8

40357,2

47364,6

 

Qeyri-neft sektoru

5466,1

65890,7

71356,5

 

 

Ölkə iqtisadiyyatına yönəldilmiş xarici investisiyalar (mln. ABŞ dolları)

1995-2002

2003-2011

1995-2011

(ümumi)

Cəmi Xarici investisiyalar

9119,7

53804,5

62924,2

Maliyyə kreditləri

1652,3

14684,4

16336,7

Ondan neft sektoruna kreditlər

0,0

727,8

727,8

Birbaşa investisiyalar

7467,4

34264,2

41731,6

Neft bonusu

0,0

192,8

192,8

Portfel investisiyalar

0,0

781,7

781,7

Digər investisiyalar

0,0

3881,4

3881,4


"Bir pəncərə" sistemi  
Ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" 2007-ci il 25 oktyabr tarixli Sərəncam imzalamışdır. Sərəncama əsasən, "bir pəncərə" prinsipi üzrə vahid dövlət qeydiyyat orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilmiş və 2008-ci ilin 1 yanvar tarixindən Azərbaycanda bu sistemin tətbiqinə başlanmışdır. "Bir pəncərə" sisteminin tətbiqindən sonra Azərbaycanda biznesə başlama proseduraları 15-dən 1-ə və bunun üçün sərf olunan vaxt 30 gündən 3 günə endirilmişdir. 
Sahibkarlar vergi orqanları və banklarla sənəd mübadiləsini yeni yaradılmış İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsilə həyata keçirə bilərlər. Bundan başqa, sahibkarların vergi qanunvericiliyinə aid suallarının və müraciətlərin qəbulu, onlara baxılması və operativ cavablandırılması məqsədilə 195 saylı telefon məlumat xidməti fəaliyyət göstərir.
"Bir pəncərə" sisteminə görə kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər Vergilər Nazirliyində qeydiyyatdan keçməlidirlər. 

Azərbaycan Respublikasında biznes mühitinin yaxşılaşdırılması, bu sahəyə dövlət qayğısının artırılması məqsədilə bir sıra qurumlar fəaliyyət göstərir:
Azərbaycan İnvestisiya Şirkəti
- 2006-cı ildə sahibkarlığın inkişafının dəstəklənməsi sahəsində həyata keçirilən dövlət siyasətini vahid mərkəzdən tənzimləmək, respublikanın investisiya cəlbediciliyinin daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan İnvestisiya Şirkəti yaradılmışdır. Şirkətin başlıca vəzifəsi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Şirkətin investisiya fəaliyyətinin məqsədi əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsindən ibarətdir.
Yerli istehsalın inkişafı ilə ölkənin ixrac qabiliyyətinin artırılması və investisiyaların cəlb edilməsini həvəsləndirmək məqsədilə 2003-cü ildə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) yaradılmışdır. Fond investorlar, yerli istehsalçılar və hökumət arasında körpü rolunu oynamaqla dövlət-özəl sektor dialoqunda əhəmiyyətli işlər görür. AZPROMO xarici investorlara öz investisiya layihələrini həyata keçirmək üçün sahələrin müəyyənləşdirilməsində, yerli bürokratiya ilə mübarizə aparmaqda və onların Azərbaycana gəlməsini asanlaşdırmaqda yardım edir. Yerli müəssisələr də AZPROMO-nun məsləhət xidmətləri və xarici bazar tədqiqatlarından faydalanırlar.

Xarici investorlar üçün Azərbaycanın üstünlükləri: 
1. Xarici investisiyalar üçün münbit şərait:
- Regionda adambaşına düşən ən yüksək Birbaşa Xarici İnvestisiya göstəricisi.
- İnvestorlar üçün hüquqi təminatlar. 
2. Sürətlə inkişaf edən və açıq iqtisadiyyat:
- ÜDM-in 26,4 % illik artımı.
- Xarici ticarət dövriyyəsinin 19,8 % illik artımı.
- Orta idxal tarif dərəcəsi: 5,7%
3. Qeyri-neft sektorunda geniş imkanlar:
- Son 5 ildə əksər iqtisadi fəaliyyət sahələrində yüksək artım: sənaye – 7,5 dəfə, tikinti – 3,8 dəfə, ticarət – 3,5 dəfə, nəqliyyat və rabitə – 2,9 dəfə, sosial xidmətlər – 2,8 dəfə, kənd təsərrüfatı – 2,1 dəfə.
- Kənd təsərrüfatı məhsulları istehsalçılarına vergi güzəştləri 
4. Təbii ehtiyatlar: faydalı qazıntılar və münbit torpaq:
5. Əlverişli strateji mövqe:
- Mərkəzi Asiya və Xəzər regionuna birbaşa çıxış.
- Beynəlxalq ticarət təşəbbüslərində iştirak (İpək Yolu, Şimal–Cənub koridoru).
- Genişlənən Avropa faktoru və Yeni Qonşuluq Siyasətinə qoşulma.
6. Rəqabət qabiliyyətli yerli işçi qüvvəsi
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, ölkədə biznes mühitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər və s. nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən daim yüksək qiymətləndirilir. 
Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının “Doing buisness – 2012” hesabatında Azərbaycan 183 ölkə arasında 66-cı yeri tutub. Azərbaycan habelə əmlakın qeydə alınmasının sadəliyi, biznesə başlamaq parametrləri üzrə dünya ölkələri arasında liderlər qrupuna daxil olub. Kredit almaq, iş görmək və bir sıra digər sahələrdə də ciddi uğurlar əldə edən ölkə inkişaf etmiş dövlətlərlə bir sıradadır.
“Doing buisness – 2012” hesabatına əsasən, Azərbaycanda ən yaxşı göstərici məhz əmlakın qeydiyyatındadır. Belə ki, 10 müxtəlif göstərici üzrə 183 ölkə arasında hazırlanan hesabata əsasən Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə 9-cu yerdədir. Eyni zamanda Azərbaycanda əmlakın ötürülməsi üçün 4 prosedur tələb olunur ki, buna da 11 gün müddət və əmlakın dəyərinin 0,2 faizi qədər xərc sərf edilir. Bu, regionda ən yaxşı göstəricilərdən biridir. Müqayisə üçün bildirək ki, Azərbaycanın aid edildiyi Şərqi Avropa və Mərkəzi Asiya regionlarında əmlakın ötürülməsi üzrə orta göstərici 37, qonşu ölkələrdən Türkiyədə 44, Rusiyada 45, Bolqarıstanda 66, Rumıniyada 70, İranda 163, Ukraynada isə 166 gündür.
Biznesə başlamaq reytinqinə görə Azərbaycan 183 ölkə arasında 18-cidir. Ölkədə biznesə başlamaq üçün 6 prosedur tələb edilir. Günlərin sayı 8-dir, biznesə başlamaq üçün tələb edilən xərc adambaşına düşən kapitalın 2,7 fazini təşkil edir. Bu zaman minimum kapital tələb olunmur. Azərbaycanın bu göstəricisi Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə daha yaxşıdır. Çünki bu ölkələrdə biznesə başlamaq üçün 11 gün tələb edilir. Habelə Azərbaycanda biznesə başlamaq üçün tələb edilən proseduraların sayı bu ölkələrlə müqayisədə daha azdır.
Azərbaycan iqtisadiyyatının vəziyyəti beynəlxalq reytinq agentlikləri tərəfindən də qiymətləndirilmişdir. Belə ki, 2011-ci ilin dekabr  ayında “Standart & Poor’s” reytinq agentliyi Azərbaycanın xarici və daxili valyutada uzunmüddətli suveren kredit reytinqini bir pillə artıraraq “BBB-” səviyyəsinədək qaldırılmış və bununla da Azərbaycana investisiya reytinqi vermişdir. Agentlik, həmçinin, Azərbaycanın xarici və daxili valyutada qısamüddətli suveren kredit reytinqini də bir pillə artaraq “B” səviyyəsindən “A-3” səviyyəsinə çatdırmışdır. Eyni zamanda “Fitch Ratings” agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren investisiya reytinqini "pozitiv" proqnozu ilə "BBB-" səviyyəsində saxlamışdır. “Moody’s” agentliyi isə Azərbaycana şamil etdiyi “Ba1” səviyyəsində suveren reytinqi üzrə proqnozunu “stabildən” “pozitivə” dəyişmişdir.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan inkişaf etmiş ölkə kimi dünyanın aparıcı investitorlarının daim diqqət mərkəzindədir. 



Oxunub: 458079



Azərbaycan Televiziyaları
İnternet Radio