Baş səhifə    » İNCƏSƏNƏT    » Misgərlik   

Misgərlik

  


Azərbaycan misgərliyin mərkəzlərindən biri olub. Bu ərazisində tapılan ilk mis əsaslı metal işləmələrin tarixi neolit dövrünə aiddir. E.ə.VI minillikdə mis əldə edildikdən sonra ondan müxtəlif əşyalar hazırlanırdı. Misgərliyin bir sənət kimi təşəkkülü artıq orta əsrlərdə bir sıra böyük şəhərlərin misgərlik mərkəzinə çevrilməsinə gətirib çıxarmışdı. Azərbaycanda misgərliyin yüksək inkişaf etdiyini Avropa və Rusiya muzeylərində saxlanılan misdən hazırlanan nümunələr bir daha sübut edir. 
1474-cü ildə Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında olan venesiyalı səyyah Kontarini qeyd edirdi ki, burada hər gün hökmdarın əhatəsində təxminən 400 nəfərə mis qablarda yemək verilir. XIX və XX əsrin əvvəllərində Azərbaycan misgərlərinin hazırladıqları mis məmulatları müxtəlif sərgilərdə nümayiş etdirilərkən yüksək qiymətləndirilmiş və mükafatlandırılmışdır (1850-ci ildə Zaqafqaziya diyarı əsərlərinin sərgisi, 1873-cü il Ümumdünya Vyana sərgisi). 
Maraqlı faktlardan biri də odur ki, mis üzərində işləyən sənətkarlar öz imzalarını buraya həkk etdikləri üçün dünya muzeylərində saxlanılan Azərbaycan mədəniyyətinin bu təkrarolunmaz incilərini başqa xalqların öz adlarına çıxması mümkün deyil.
Misdən hazırlanan əl işlərinin 40-dan artıq növü olub və beş qrupda ümumiləşdirilir: xörək qabları, süfrə qabları, su qabları, ağartı qabları və məişət əşyaları.
Azərbaycanda misgərlik sənətinin mərkəzləri Təbriz, Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil, Lahıc (İsmayıllı) və s. olmuşdur. XIX əsrdən başlayaraq Lahıc misgərliyin əsas mərkəzinə çevrilmişdir. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınmışdır.



Oxunub: 302140