Baş səhifə    » İNCƏSƏNƏT    » Nəqqaşlıq   

Nəqqaşlıq haqqında

  


Nəqqaşlıq – hansısa şəklin və ya yazının kəsici alətlə müxtəlif materialın üzərinə həkk olunmasıdır. Nəqqaşlıq dekorativ -tətbiqi sənət növü kimi qəbul edilir. Müasir dövrdə əsasən məişət əşyalarının bəzək işlərində tətbiq edilir. Texniki xüsusiyyətlərinin çətinliyi ucbatından uzun illər bu işlə yalnız mahir sənətkarlar məşğul olublar və bu sənət əsrlər boyu yüksək qiymətləndirilib. 
Nəqqaşlıqla məşğul olan kəslərə nəqqaşlar deyilir. Nəqqaşlar ya mexaniki üsulla, ya da əl ilə işləyirlər. Bu zaman onlar metal, daş, taxta, şüşə üzərinə müəyyən təsvirləri köçürür, dekorativ bəzək işlərini görürlər. Adətən nəqqaşlar həm də rəssam və xəttat olurlar.
Hələ qədim dövrlərdən insanlar müxtəlif növ metallar üzərinə sözlər, təsvirlər həkk etməyi öyrəniblər. Keçmişdə materialı əsasən kəsmə və döymə üsulu ilə onların üzərinə təsvirləri həkk ediblər. Bu zaman şəkil (və ya yazı) materiala üzə çıxıntılı (relyefli), yaxud da materialın dərinliyinə hopmuş formada həkk oluunb. 


Nəqqaşlıq janrları
Metal və ya mis üzərində iynə ilə cızılmış, sonra basma üsulu ilə işlənmiş qravürə oford deyilir. Daş üzərində həkk olunmuş təsvirlərə - litoqrafiya, ağac üzərində həkk olunmuş təsvirlərə isə ksiloqrafiya deyilir. (“lito” yunanca daş, “ksilo” ağac deməkdir).
Müasir dövrdə nəqqaşlıqda əsasən kitab qrafikası (kitabların tərtibatı), dəzgah qrafikası (bir nüsxədə yaradılan əsərin çoxaldılması), elmi-tədqiqat qrafikası (elmi cədvəllər, certyojlar, sxemlər, xəritələr, tədris cədvəlləri və s.) istifadə olunur.
Hazırda nəqqaşlığın sənaye üsulundan daha çox istifadə edilir. Qəribə səslənsə də açıqçalar, dəvətnamələr, sənaye məhsulları, hətta paltar etiketləri və s. hazırlanmasında nəqqaşlıq tətbiq edilir. Müasir dövrdə həmçinin, saat, silah, bilərzik, alışqanların üzərində müxtəlif yazılar, hərflər və təsvirlər nəqş edilir. Hazırda əsl nəqqaşlığın gen-bol tətbiq edildiyi sahələrdən biri də zərgərlikdir. 
Ağac, metal, keramika məmulatlarına bəzək vurmaq üçün əlvan metal təbəqələrdən, fil və digər heyvanların sümüyündən, plastmasdan hazırlanan həndəsi formalı kiçik fiqurlar məmulatın üzərinə yerləşdirilib və onlardan müxtəlif formalı naxışlar yaradılır.
Məişət əşyaları – mücrü, qələmdan, qutu, güzgü, nərdtaxta, rəhil, kürsü, musiqi alətləri və s) ilə yanaşı memarlıq elementlərinin (sütun, sütun başlığı), eyvan və s. tərtibatında tətbiq edilir.


Nəqqaş alətləri 
Nəqqaşlar materialı kəsmək üçün müxətlif alətlərdən istifadə edirlər. Puanson – formasına görə mismara bənzəyən alətdir. Onun köməyilə müxtəlif dərinlikdə və müxtəlif endə xətlər çəkmək (cızmaq) mümkündür. Ştixel - nəqqaş qələmidir. Frezer - fırlanan kəsici alətdir.
Əslində, bu alətlərdən indi yalnız zərgərlikdə istifadə olunur. Suvenir əvəzi qılınclar, silah-sursatlar, təbərzinlərin və s. bəzədilməsində tətbiq edilir. Digər sahələrdə isə müasir dövrün nəqqaşları çox vaxt lazerdən istifadə edirlər. Bu zaman material üzərinə hərf və şəkilləri daha aydın təsvir etmək, iti bucaqları, müxtəlif sıxlıqlı şəkilləri daha dəqiq həkk etmək olur. Metal və şüşə üzərinə təsvir salmaq üçün isə nəqqaşlar müxtəlif kimyəvi turşulardan istifadə edirlər.

Nəqqaşlığın tarixi 
Nəqqaşlığın ilk olaraq Çində meydana çıxdığı qəbul edilir. Orada saat siferblatları hazırlanarkən qrafikadan istifadə olunub. Daha sonra b.e.ə. IV əsrdə su saatları üçün qeyri-hamar şkalaların hazırlanması, kompaslarda dəqiq təsvirlərin salınmasına ehtiyac yaranıb.
Növbəti əsrəlrdə nəqqaşlıq işi Yunanıstan və Orta Asiyada inkişaf etməyə başlayıb. Avropada XI əsrdə astronomiyanın inkişafı, dəniz cihazlarının hazırlanması ilə qrafika təşəkkül tapmağa başlayıb. Həmçinin metal işlənməsi, ağac kəsilməsi, silahların bəzədilməsi də dəbə minib. Bu sənət tezliklə bütün Yaxın Şərqdə, o cümlədən İran, Türkiyə, Misir, eləcə də İspaniya, Mərakeşdə geniş yayılıb.

Azərbaycanda nəqqaşlığın tarixi 
Azərbaycanda daha çox Təbriz, Ərdəbil, Şuşa və Gəncə sənətkarları nəqqaşlıq elementlərindən istifadə ediblər. Onlar əsasən binaları, məscidləri, kitabları bəzəməklə məşğul olublar.
Azərbaycanlılar nəqqaşlığın irəliləməsində böyük rol oynayıbdır. Öncə çinlilərlə uyğurların əlində olan nəqqaşlıq peşəsi Elxanilər zamanında azərbaycanlılara keçmişdir. Hətta ,Şah İsmayıl Xətainin dövründə Səfəvi sarayının yanında məşhur Təbriz sənət məktəbi təsis olunmuşdur. Tanınmış rəssam Behzad Heratdan bura qayıtmış və bu məktəbə başçılıq etmişdir. Behzad bu dövrdə xüsusilə böyük Azərbaycan şairi Nizaminin əsərlərini bəzəməklə məşğul olmuşdur.
Qərb aləmində “Şərqin Rəfaeli” adı ilə məşhurlaşan İran miniatürçüsü Kəmaləddin Bəhzad Təbrizli Seyid Əhmədin şagirdidir. Seyid Əhmədin özü isə İranlı Əbu Səidin sarayında çalışan məşhur Azərbaycan rəssamlarının sırasına daxildir. O, Teymurilər dövrünün miniatürçülərindən biri olmuşdur. Gözəl miniatürləri ilə əski yazmaları, xüsusilə böyük Nizaminin “Xəmsə”sini bəzəyən azərbaycanlı Ağamirək də bu məktəbə mənsubdur.
Nəqqaşlıq elementləri Azərbaycandakı əl işlərində də görülür. Məsələn, Azərbaycan xalılarının naxışları bütün dünyada məlumdur. Bu gözəl xalçalardan biri XV əsrdə yaşamış holland rəssamı Hans Memlinqin boyadığı “Uşağı ilə Məryəm” (Maria mit den kinde) tablosunda təsbit olunmuşdur. Sənətkar Məryəmin ayağı altına Azərbaycan xalçalarından birini sərmişdir.
Şah İsmayıl Xətainin taxtı (XVI əsr, Topqapı muzeyi) və Moskvadakı silah palatasında saxlanılan bədii qalxan (Məhəmməd Mömün) Azərbaycan tarixində nəqqaşlığın ən yaxşı nümunələrindən sayılır. Təbrizdəki Göy Məscid memari gözəllik baxımından bütün mütəxəssislər tərəfindən qeyd olunan bir dəyər və şöhrətə malikdir. Ərdəbildəki Şeyx Səfi məqbərəsindəki nəqşlər də dillərdə əzbərdir. Azərbaycan Atabəyləri tərəfindən tikdirilmiş Naxçıvandakı Möminə Xatun türbəsi (XII əsr) yüksək dəyərli bir abidədir. Şirvanşahlar zamanından qalma (XIV əsr) Bakıdakı binalar xüsusilə əhəmiyyətlidir. 
Akradakı Böyük Əkbərin sarayını bəzəyən sənətkarlar arasında azərbaycanlılar da olmuşdur. Çaldıranda Şah İsmayıla qələbə çaldıqdan sonra Sultan Səlim Azərbaycandan İstanbula 3000-ə qədər sənətkar gətirmişdi. Odur ki, Bursada gözəl çiniləri ilə məşhur olan Yaşıl Cami Təbrizli ustalar tərəfindən tikilmişdir.
Sovet illərində Azərbaycanda nəqqaşlığın inkişaf dövrü olub. Əsasən də mexaniki üsulla müxtəlif materialların üzərinə təsvirlər nəqş olunmağa başlayıb. Müasir dövrdə işlənilən səlis kompozisiyalı, mürəkkəb naxışlı bədii qutular, mücrülər, hədiyyə qovluqları və s. nəqqaşlıq nümunələri sayılır



Oxunub: 131708



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on