Baş səhifə    » COĞRAFİYA    » Fiziki coğrafiya    » Faydalı sularımız   

Faydalı sularımız

  

Termal sular

Ənənəvi olmayan günəş, külək və yeraltı termal suların enerjisindən istifadə olunması problemlərinin həlli ilə əlaqədar dünyanın bir çox inkişaf etmiş ölkələrində elmi və təcrübi tədqiqatlar aparılır. Termal suların yeraltı istilik enerjisinin akkumulyatoru və yüksək istilik-enerji tutumluğu xüsusiyyətlərinə malik olması ənənəvi olmayan enerji mənbələri sırasında termal suları xüsusi əhəmiyyətli enerji daşıyıcısı kimi səciyyələndirilir. 
Azərbaycan ərazisində bu tip sular çox geniş yayıldığından onları diqqətinizə çatdırırıq:
Azərbaycanda 1964-1970-ci illərdə Talış zonasında (Astara, Lənkəran və Masallı rayonlarında) termal suların öyrənilməsi üçün geoloji-kəşfiyyat işləri aparılmışdır. Bu məqsədlə 17 ədəd kəşfiyyat quyusu qazılmış və bu quyuların hamısında temperaturu 38-64°C olan termal sular aşkar edilmişdir. Onlardan istilik enerjisi kimi istifadə edilməsi məqsədilə qış aylarında faraş tərəvəzin (pomidor, xiyar) yetişdirilməsi üçün 10 ədəd oranjereya yaradılmış və il ərzində 2-3 dəfə məhsul alınmasının mümkünlüyü müəyyən edilmişdir.
Carlı strukturunda qazılmış, dərinlikləri 3200-4500 m olan neft kəşfiyyat quyularında termal sular açılmışdır, onların ümumi debiti 2500 m3, yer səthində temperaturu isə 72-97°C olmuşdur. 
Xəzəryanı (Xudat-Xaçmaz) zonasının 3000 m-dək dərinliyi olan kəşfiyyat quyuları vasitəsi ilə ümumi debiti 30000 m3/gün -dən artıq və yer səthində temperaturu 50-81°C təşkil edən termal sular aşkar edilmişdir. 
Quba-Xaçmaz zonasında aşkar edilmiş Xudat-Xaçmaz termal sular yatağının kəşfiyyatı aparılmış və 25,7 min m3/gün miqdarında istismar ehtiyatları təsdiq edilərək Dövlət Balansında qeydə alınmışdır.  
Termal suların respublika ərazisində geniş miqyasda yayılmasına baxmayaraq, onlardan təsərrüfatın müxtəlif sahələrində istifadə edilməsi qənaətbəxş deyildir. Hal-hazırda termal sulara qazılmış geoloji-kəşfiyyat quyuları Xaçmaz rayonunda müalicə və məişət-kommunal xidməti məqsədilə qismən istifadə edilir. 
Respublika üzrə termal suların proqnoz istismar ehtiyatları aşağıdakı kimi qiymətləndirilir:
Böyük Qafqazın cənub yamacı - 2000 m3/gün (t-30-50°C) ;
Quba-Xaçmaz zonası - 21000 m3/gün (t-40-85°C) ;
Abşeron yarımadası - 20000 m3/gün (t-40-90°C) ;
Kiçik Qafqazın dağlıq hissəsi - 4000-5000 m3/gün (t-30-74°C) ;
Naxçıvan MR - 3000 m3/gün (t-40-50°C) ;
Talış dağlıq bölgəsi - 15000 m3/gün (t-31-43°C) ;
Lənkəran düzənliyi - 7000-8000 m3/gün (t-44-64°C) ;
Kür çökəkliyi - 170000 m3/gün (t-30-71°C) ;
Respublika üzrə - 249000 m3/gün.
Ekoloji cəhətdən təmiz enerji mənbəyi olan yeraltı termal suların başqa yanacaq növləri (əsasən neft, qaz) ilə bərabər, kompleks şəkildə öyrənilməsi və onun xalqın xidmətinə verilməsi böyük əhəmiyyət kəsb edir. 
Hazırda Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən respublika ərazisində aşkar edilmiş termal sulardan istifadə istiqamətlərinin müəyyən edilməsi məqsədi ilə xüsusi tədqiqatlar aparılır.

Mineral sular

Əhalinin sağlamlığında müalicə əhəmiyyətinə görə özünəməxsus yeri olan mineral su yataqları 200 qrupda cəmlənmiş, onların 1000-dən çox təbii çıxışları qeydə alınmışdır. Lakin cəmi 30 mineral qrup su yatağında tam geoloji-kəşfiyyat işləri aparılmış və istismar ehtiyatları təsdiq edilmişdir. Çox qiymətli mineral sular, xüsusilə, Naxçıvan MR ərazisində geniş yayılmışdır. Təsadufi deyildir ki, Naxçıvan "Mineral suların təbii muzeyi" adlandırılır. Bu ərazidə dünyada məlum olan mineral suların əksəriyyətinin analoquna rast gəlmək olar. Muxtar Respublikanın ərazisində müalicə-içməli sular kimi mineral suların istismar ehtiyatları Şahbuz rayonunda Badamlı (Narzan tipli) gündə 690 min litr, Babək rayonunda Sirab (Barjomi tipli) - 178 min litr və (Narzan tipli) - 1468 min litr, Vayxır (Pyatiqorsk tipli) - 270 min litr, balneoloji təyinatlı Mineqorsk tipli Darıdağ - 4507 min litr miqdarında təsdiq edilmişdir. Lakin Naxçıvan MR ərazisində bu və ya digər mineral su yataqlarının istismar və proqnoz ehtiyatları bu rəqəmlərdən dəfələrlə yüksəkdir. Kəlbəcər rayonunda məşhur "Karlovı Varı" tipli mineral su yatağının analoqu olan Yuxarı Istisu sularının istismar ehtiyatı gündə 82 min litr, Aşağı Istisu - 260 min litr, Qoturlu - 70 min litr, Tutğun - 600 min litr təsdiq edilmişdir. Mineral suların bazasında əvvəllər burada sanatoriya-kurort kompleksi, mineral su zavodu fəaliyyət göstərirdi. Kəlbəcər rayonunun mineral sularının istismar və proqnoz ehtiyatları yuxarıda göstərilən rəqəmlərdən dəfələrlə çoxdur. Təəssüf ki, bütün beynəlxalq qanunları pozaraq Ermənistan tərəfindən hazırda Kəlbəcərin mineral sularının böyük miqyasda xarici ölkələrə ixracı təşkil edilmişdir.
Dəvəçi rayonunda "Naftusiya" mineral suyunun analoqu olan "Qalaaltı" mineral su yataqlarının istismar ehtiyatları gündə 154 min litr həcmində təsdiq edilmişdir. Xaçmaz rayonunda "Nabran" (ehtiyatı 29,9 min l/gun), Şamaxı rayonunda "Çuxuryurd" (140 min l/gün), Çağan (252 min l/gün), Qax rayonunda "Ilisu" (284 min l/gün), Lənkəran rayonunda "Meşəsu" (550 min litr/gün) və "İbadsu" (550 min litr/gün) termal suları bir çox xəstəliklərin (dəri-zöhrəvi, ürək-damar sistemi və s.) müalicəsində istifadə edilir. Abşeron yarımadasında Suraxanı mineral suları (istismar ehtiyatları 510 min l/gün), Mərdəkan (620 min l/gün), Buzovna (80 min l/gün), Bilgə (280 min l/gün), Pirşağı (35 min l/gün), Şıxov (150 min l/gün) geniş istifadə üçün perspektivli sayılırlar. Lerik rayonunda "Bülüdül" mineral sularının istismar ehtiyatları 86,4 min l/gün, Qazaxda - "Salahlı" 10,8 min l/gün, Aşağı Salahlı - 21,6 min l/gün, Əskipara - 5,4 min l/gün, Əzizbəyli - 2,7 min l/gün, Tovuz rayonunda Şamlıq - 2,7 min l/gün, Kazımlı - 10,8 min l/gün, Kəndalar - 43 min l/gün, Şınıx - 8064 min l/gün, Gədəbəydə Qızılca - 86,4 min l/gün, Slavyanka - 21,6 min l/gün, Qalakənd - 108 min l/gün, Çayqarışığı - 216 min l/gün, Şəmkir - 43,2 min l/gün, Daşkəsəndə Yuxarı Daşkəsən - 4,3 min l/gün, Aşagi Daşkəsən - 5,4 min l/gün, Alaxançallı - 108 min l/gün, Qabıqtala - 4,3 min l/gün səviyyəsində qiymətləndirilir.
Mütəxəssislər qeyd edirlər ki, faktiki olaraq bu suların istismar ehtiyatları dəfələrlə çoxdur.

Sənaye əhəmiyyətli sular

Sənaye ehtiyatları təsdiq edilmiş yodlu-bromlu su yataqları uzun illər ərzində istismar edilərək respublika iqtisadiyyatında önəmli rol oynamışdır. Respublika üzrə 5 yodlu-bromlu su yatağının (Xıllı, Babazənən, Mişovdağ, Binə-Hövsan və Neftçala) ümumi sənaye ehtiyatları - 229,5 min m3/gün təşkil edir, o cümlədən Xıllı yatağı üzrə 47,7 min m3/gün, Babazənən - 50,1 min m3/gün, Mişovdağ - 28,5 min m3/gün, Binə-Hövsan - 51,2 min m3/gün, Neftçala - 52 min m3/gün-dür. Binə-Hövsan və Neftçala yataqları 1995-ci ilə qədər istismar edilmişdir.
Bu yataqların lay sularının tərkibində 40 mq/l-ə qədər yod, 60-80 mq/l-ə qədər brom və digər kimyəvi komponentlər vardır.

Yeraltı sular

Azərbaycanda su ehtiyatlarının qeyri-bərabər paylanması və məhdud ehtiyatlara malik olması səbəbindən iqtisadiyyatın, ilk növbədə kənd təsərrüfatının inkişafında yaratdığı məhdudiyyətləri, əhalinin su təchizatında mövcud olan ciddi problemləri aradan qaldırmaq məqsədi ilə hidrogeoloji tədqiqatlar əsasən yeraltı suların ehtiyatlarının müəyyənləşdirilməsi, bu ehtiyatlardan istifadə imkanlarının araşdırılmasına yönəldilmişdir. 
Yeraltı su yataqlarının kəşfiyyatı, ehtiyatların hesablanması və istifadə imkanlarının müəyyənləşdirilməsinə dövlət standartları və normativ təlabatlar nəzərə alınmaqla yeraltı suların əlverişli toplanma şəraitinə malik düzənlik və dağətəyi bölgələrdə əhatəli geoloji-kəşfiyyat işləri aparılmışdır.
Müxtəlif illərdə Naxçıvan, Gəncə, Xankəndi, Yevlax, Ucar, Ağdaş, Göyçay, Qazax, Tovuz, Şəmkir, Quba, Qusar, Xaçmaz, Ağdam, Şamaxı, Beyləqan, Imişli, Füzuli, Zəngilan, Cəbrayıl, Ağsu, Şuşa, Xocavənd rayonlarının yaşayış məntəqələrinin, sənaye obyektlərinin su təchizatı məqsədi ilə yeraltı suların kəşfiyyatı aparılmış, ehtiyatlar təsdiq edilmişdir. 
Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı problemlərinin həll edilməsi məqsədi ilə uzun illər ərzində III Bakı su kəməri ilə əlaqədar Samur-Vəlvələçay düzənliyinin yeraltı sularının dəqiq kəşfiyyatı aparılmışdır. Böyük miqdarda yeraltı su götürülməsinin ətraf mühitə, ilk növbədə meşə örtüyünə təsirini öyrənmək üçün Azərbaycan Respublikası Elmlər Akademiyası ilə birlikdə Xaçmaz rayonu ərazisində xüsusi təcrübə sahəsində unikal tədqiqatlar aparılmış və neqativ təsirin olmaması müəyyən edilmişdir.
 Bakı şəhəri və Abşeron yarımadasının alternativ su təchizatı mənbəyi kimi Alazan-Əyriçay vadisində, Oğuz və Qəbələ rayonları ərazisində hidrogeoloji tədqiqatlar nəticəsində saniyədə 15 m3 miqdarında yeraltı su götürülməsinin mümkünlüyü araşdırılmışdır.
Hal-hazırda Azərbaycanın faydalı su ehtiyatlarının tədqiqi davam etdirilir.



Oxunub: 399325