Baş səhifə    » HƏRB TARİXİ    » Azərbaycan legionu   

Azərbaycan legionu

  



Azərbaycanın milli müstəqilliyi uğrunda mübarizədə Azərbaycan legionları önəmli yer tutur. 
İlk Azərbaycan legionu 1941-ci ildə Qafqaz Müsəlman legionu adı ilə yaradılmış, 1942-ci ildə adı dəyişdirilərək Azərbaycan legionu qoyulmuşdur. Əvvəllər mühacirlərdən (azərbaycanlılardan) ibarət Azərbaycan legionuna sonradan azərbaycanlı əsirlər də daxil olmağa başlamışlar. Legionların yaradılmasında mühacir müsavatçıların, o cümlədən, Xəlil Xasməmmədov, Məmməd Əmin Rəsulzadə, Şəfi Rüstəmbəyli, Nağı Şeyxzamanlı, Fuad Əmircan və s. böyük xidmətləri olmuşdur. Legion Qızıl Ordunun keçmiş mayoru Məcid Karsalanın redaktorluğu ilə həftəlik “Azərbaycan” adlı qəzet də dərc etdirmişdir. Qəzetdə əsasən milli dərk və milli vətənpərvərlik ruhunda yazılan yazılar çap etdirilirdi. 


1942-ci ilin avqustunda milli legionlarla ordu qərargahı arasında rabitə vəzifəsini görən məhdud və müəyyən işlərlə bağlı "Rabitə (irtibat) heyətləri" (Əlaqə qərargahları – almanca: "Ferbindunqş-tablar) qurulmuşdur. Azərbaycan "Rabitə Hеyəti"nin başına Аzərbаycаn lеgiоnunun bаşcısı, ABŞ-ın "Аzаdlıq" rаdiоsunun Аzərbаycаn rеdаksiyаsının bаş rеdаktоru Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski gətirilmişdir. 
"İrtibat Heyəti"nin – Ferbindunqştabın hərbi, mülki və diplomatik şöbələri fəaliyyət göstərirdi. Hərbi şöbəyə Ə. Dudənginski, mülki işə F. Əmircan, diplomatik sahəyə isə A. Atamalıbəyov rəhbərlik edirdi.
1944-cü ildə Azərbaycan legionu Azərbaycan milli-azadlıq ordusunun birləşmiş qərargahına çevrilmişdir.
Azərbaycan legionu 2 polkdan, 20 batalyondan və digər dəstələrdən ibarət idi. Təkcə Qafqaz cəbhəsində 4,500 azərbaycanlı əsgərdən ibarət 5 batalyon döyüşmüşdür. Onlar öz  şücaəti və əzmkarlığı ilə həmişə bütün legionlardan fərqlənmişlər. Məsələn, "Aslan", "Berqman", "Donmek"  batalyonları bütün xarici hissələrlə müqayisədə daha çox sayda əsgərinin müxtəlif döyüş "xidmətlərinə" görə təltif edilməsi ilə seçilib. 
Ümumilikdə Azərbaycan legionlarının tərkibində 38 min Azərbaycan əsgəri və zabiti döyüşüb. 
Azərbaycan legionunun əsas bazaları Polşa və Almaniya ərazilərində yerləşirdi. Sonralar isə legion Polşanın Rodom məntəqəsindən Fransanın cənubunda yerləşən Rodes şəhərinə köçürülmüşdür. 1944-cü ildə Azərbaycan legionerlərindən Ə. Fətəlibəylinin, İ.İsrafilovun, R.Babayevin, T.Məmməd və Ə.Qazıyevin fəallığı ilə "İrtibat Qərargahı"nın (Ferbindunqştabın) Paris filialı yaradılmışdır. Paris filialına Nuşi bəy Zülqədərov, Rza Tağıyev və Əlibəy Hacınski daxil oldular. 1944-cü ildə Parisin almanlardan azad edilməsindən sonra Paris filialı da buraxıldı. Azərbaycan legionunun bir hissəsi məhv edildi, bir hissəsi isə ingilis-amerikan qoşunlarına təslim oldu.



Oxunub: 435069



Azərbaycan Televiziyaları
İnternet Radio