Baş səhifə    » ƏHALİ    » Etnik antropologiya   

Etnik antropologiya

  


Böyük ağ irq daxilində azərbaycanlıların aid edildikləri Kaspi antropoloji tipi haqqında elmdə bir çox fikirlər var. XX yüzilliyin ən görkəmli antropoloqlarından olan Fişer 1923 – cü ildə Azərbaycan türklərini və türkmənləri oriental (şərq) irqə daxil etmişdir. Keçmiş sovet antropoloqları arasında isə bu məsələ ilə bağlı 4 nəzəriyyə vardır:
1. Yarxo, Roqinski, Levin və Abduşelişvili Kaspi tipini şimali Hindistan və Orta Asiya xalqlarının mənsub olduqları antropoloji tiplərlə yaxınlaşdırmağa səy göstərmişlər.
2. 1948 – ci ildə Q.F. Debets Kaspi tipini On Asiya kiçik irqinə daxil etmişdir. Debetsə görə, «azərbaycanlıların və türkmənlərin fiziki tipləri onları Qazaxıstan və Altayın qədim əhalisindən daha çox On Asiya və Aralıq dənizi sahillərinin əhalisi ilə qohumlaşdırır». Onun fikrini müdafiə edən Oşanin Kaspi tipini On Asiya kiçik irqinin uzunbaş modifikasiyası kimi təqdim etmişdir.
3. Çeboksarovun irqi təsnifatında isə Kaspi tipi Aralıq dənizi – Balkan irqinə daxil edilmişdir.
4. Bu məsələ ilə bağlı daha ziddiyyətli mövqe V.V. Bunaka məxsusdur. 1951 – ci ildə, görünür daha çox baş göstəricilərini nəzərə alan alim, Kaspi tipini Pont tipi ilə birlikdə Aralıq dənizi kiçik irqinə aid etmişdi. Sonrakı araşdırmalarında isə Bunak Kaspi tipini L.V. Oşanin tərəfindən Mavərənnəhr, Yarxo tərəfindən isə Pamir – Fərqan tipi adlandırılan antropoloji tiplərlə yaxınlaşdırmışdır.

Qeyd etmək lazımdır ki, qədim türk topluluğundan hələ miladdan əvvəl II minilliyin ortalarında ayrılmış, Qədim Çin mənbələrində xus adlandırılan şərq oğuzları çinlilərdən özlərinin ağ irqə mənsub əlamətləri ilə seçilirdilər.
Eyni halı Qafqaz ərazisində də müşahidə etmək mümkündür. Bütovlükdə Qafqaz xalqlarının müxtəlif dil ailələrinə mənsubluğu bu ərazidən tapılan paleoantropoloji materiallara konkret etnogenetik məsələlərin həlli üçün böyük əhəmiyyət qazandırır. 1939 – cu ildə Qarayazıdan primatın diş qalıqlarının, Azıx mağarasından arxantropun alt çənəsinin, Qərbi Gürcüstandan və Beştau (Pyatiqorsk) yaxınlığındakı Podkumok çayı hövzəsindən paleoantropa məxsus sümüklərin tapılması Qafqazın antropogenez zonasına daxil olması fikrini irəli sürməyə imkan vermişdir. Gürcüstan Respublikasının azərbaycanlılar yaşayan Dmanisi rayonu (Başkeçid) ərazisindən, Xram çayının sahilindəki mağaradan yaşları 1 milyon 700 min il olan, yaxşı saxlanmış kəllə qutularının tapılması nəinki Qafqazın on qədim insan məskəni olduğunu sübuta yetirmiş, eyni zamanda insanın törənişi ilə bağlı təkamülçü, ateist nəzəriyyələri alt – üst etmişdir.
Qafqazdan orta daş dövrünə aid insan qalıqları Qobustandan aşkar edilmişdir. «Firuz» düşərgəsindən 11 adamın dəfn olunduğu dayaz çuxurdan tapılan sümüklər çox pis saxlanmışdır. Tapılmış kəllələrdən 7 – si kişi, 3 -ü qadın, 1- i isə uşaq kəlləsidir. Bu kəllələrdən yalnız ikisi ölçülmə üçün yararlı olmuşdur. Şərti olaraq № 3 adlanan 1- ci kəllə öz qurulusuna görə dolixokrandır. № 5 adı ilə tanınan 2 – ci kəllə qutusu isə birincidən qismən fərqlidir. Таpıntının ilk tədqiqatçısı R.Qasımova Qafqazdan orta daş dövrünə aid başqa insan qalıqları aşkar edilmədiyindən Qobustan tapıntılarını yalnız Mazandaran mədəniyyətinə aid edilən Xotu mağarasından tapılmış qadın kəllə qutusu ilə müqayisə etmiş və hər iki kəllənin dolixokran olduğunu bildirmişdir. Qobustan və Xotu kəllələrinin tədqiqi, habelə müqayisəsi orta daş dövründə həm Şimali, həm də Cənubi Azərbaycan əhalisinin dolixokran olduğunu söyləməyə imkan verir.

Qafqazın yeni daş dövrü (neolit) əhalisinin fiziki quruluşu Qobustandakı «Kənizə» mağarasından, indiki Ermənistan ərazisindən və Gürcüstandan tapılan 4 kəllə qutularının tədqiqi əsasında müəyyənləşdirilmişdir. Bu kəllələrdən 3 – ü dolixkran, İmeretiyanın (Qərbi Gürcüstan) dağətəyi hissəsindən tapılan kəllə isə mezokefaldır.
Qafqazın mis-daş (eneolit) dövrü əhalisinin morfoloji quruluşunun müəyyənləşdirilməsində Kültəpə (Azərbaycan Respublikası), Samtavro (indiki Gürcüstan Respublikası), Şenqavit və Cararat (indiki Ermənistan Respublikası), Çimkənd (indiki Dağıstan Respublikası) kəllələri mühüm yer tutur. Kültəpədən tapılan kəlləni özünün uzunbaşlılığı (dolixokran) və nazik sifətliliyi ilə Kaspi (Xəzər) tipinin qədim forması hesab etmək olar. Oxşar quruluşlu paleoantropoloji tapıntılara Əl – Ubeyd ( İraq) və Sialk (Cənubi Azərbaycan) mədəniyyətlərində rast gəlinmişdir.
Kaspi (Xəzər) tipinin analogiyasına indiki Ermənistan Respublikası ərazisində Şenqavit və Göyçə gölünün cənub – qərbindəki Cararat düşərgələrində rast gəlinmişdir. Şenqavitdən tapılmış 5 kəllə qutusundan 4 – ü kişi, 1 – i isə qadın kəlləsidir. Şenqavit kəllələrinin baş göstəricisi 72,5, Cararat kəllələrinin baş göstəricisi 78,5 olduğu halda müasir ermənilərdə bu göstərici ən azı 85,7-ə çatır. Hər iki halda və indiki Ermənistan ərazisindən tapılan kəllələr seriyasının ermənilərlə bağlılığı yoxdur.
Çimkənd kəllələrini tədqiq edən V.V.Bunak onları da morfoloji əlamətlərinə görə Kaspi (Xəzər) tipinə aid etmiş və bütövlükdə Şimali Qafqazın antropoloji tiplərinin üç qədim element əsasında formalaşması qənaətinə gəlmişdir. Onlardan ikisi dolixokran (uzunbaş), biri isə braxikrandır (yastıbaş). V.V.Bunak dolixokran elementlərdən birinin Şimali Qafqazda hələ yeni daş (neolit) dövründən yayıldığını və Pont tipinə aid olduğunu , digərinin isə Kaspi (Xəzər) tipi ilo bağlı olduğunu bildirir. V.V.Bunaka görə, braxikran (yastıbaş) element isə daha çox Avrasiya çöllərinin qədim əhalisi ilə bağlıdır.
Bütün bunlar həm Cənubi, həm də Şimali Qafqazda mis – daş (eneolit) dövründə ən geniş yayılmış antropoloji tipin Kaspi (Xəzər) tipi olmasını söyləməyə imkan verir. Tunc dövrünə aid edilən paleoantropoloji materiallar seriyası (Azərbaycan Respublikasının Xaçbulaq adlı yaşayış məskənindən, Gürcüstan Respublikasının Qori rayonunun Tkviavi kəndi yaxınlığından, Göyçə gölünün cənub – qərbindəki Lçaşendən,Nalçik kurqanından, Manıç çayı hövzəsindən tapılan kəllələr) erkən tunc dövründən başlayaraq daha qədim olan Kaspi tipinin transformasiyası nəticəsində On Asiya tipinin formalaşması prosesinin başlanmasından xəbər verir. Lçaşendən 3 km aralı, miladdan əvvəl II minilliyin ortalarına aid edilən kəllələr sifətlərinin enliliyinə görə Lçaşen kəllələrini geridə qoysalar da baş göstəricisinə görə dolixokrandırlar (uzunbaşlıdırlar). Enlisifətlilik amilinə həddən artıq önəm verən V.P.Alekseev hətta onları ermənilərin «əcdadı» saymaq istəsə də, sonradan bu əlaməti, yəni enlisifətliliyi Qafqazdaxili köçlərlə əlaqələndirməyə məcbur olur. 

Erkən dəmir dövrünə aid paleoantropoloji materiallar Mingəçevirdən (Azərbaycan Respublikası), Samakaberd və Noradüzdən (indiki Ermənistan Respublikası ərazisi) aşkar edilmişdir. Mingəçevir qəbirlərində ölülər qatlanılmış ( m. əvv. Х- VIII əsrlər) və uzadılmış (m. əvv. VII-V əsrlər) şəkildə iki cür dəfn olunmuşlar. Kəllələr uzunbaşlı və naziksifətlidirlər. Samakaberd və Noradüz kəllələri öz uzunbaşlılıqları, orta hündürlüklü ölçüləri ilə Kaspi tipinə uyğun gəlirlər. R.M. Qasımova bu seriyanı Cənubi Azərbaycandakı Sialkdan (m. əvv. IV minillik) Mingəçevirdəki ( m. əvv..VII – V əsrlər) kəllələr arasında keçid forması, V.P. Alekseev isə Lçaşen və «Sevan» (Göyçə) kəllələrinin varisləri olduğunu qeyd etmişlər. İndiki Ermənistan ərazisindən tapılan erkən dəmir dövrünə aid kəllələr, habelə Kuban ərazisindən aşkar edilən paleoantropoloji materiallar da öz göstəricilərinə görə Kaspi tipinin analoqları hesab edilə bilər.
Belələiklə, son tunc və erkən dəmir dövründə Azərbaycan və indiki Ermənistan, habelə indiki Şərqi Gürcüstan ərazisindən əldə edilən paleoantropoloji tapıntılar əsasında Cənubi Qafqazda Kaspi tipinə mənsub əhalinin üstünlük təşkil etdiyini, transformasiya nəticəsində bu tipdən Kavkasion və Ön Asiya tiplərinin ayrıldığını müşahidə etmək mümkündür.
Qafqazın cənubundan, həm də şimalından əldə edilən paleoantropoloji tapıntılar, bölgənin ən qədim əhalisinin uzunbaşlı, naziksifətli, nazik, kəskin çıxıntılı burun sümüyü kimi morfoloji əlamətlərin indi azərbaycanlıların mənsub olduqları Kaspi (Xəzər, daha doğrusu Oğuz – çünki bu tipə mənşəcə Oğuz olan iki qardaş xalq, yəni Azərbaycan türkləri və türkmənlər aid olunurlar) tipinə aid olması Azərbaycan türklərinin Qafqazın ilk sakinləri olmasını bir daha sübut edir.
Antik müəlliflər Yuxan Dondan Volqa (Bdil) çayının orta axarına qədərki ərazidə yaşayan budinlərin (budun – qədim türk dilində tayfa deməkdir) isə (Herodot bu adda tayfanın Azərbaycanda da yaşamasını qeyd edir) «mavi gözlü, san saçlı» olduqlarını yazır. Bu cür məlumatlar paleoantropoloji bilikləri zənginləşdirərək xalqların böyük köçünə qədərki antropoloji tipləri müəyyənləşdirilməyə imkan verir. Xalqların böyük köçü zamanı ayrı – ayrı xalqların antropoloji tiplərindəki fərqlər daha qabarıq şəkildə üzə çıxır. Bu köçlərə «liderlik» edən türk tayfalarının adları Avropa dillərinin lüğət tərkibinə daxil olur. Məsələn, «hun» sözü alman, çex və slovak dillərində «nəhəng», «avar» etnonimi isə «obr» şəklinə düşərək, Karpat slavyanlarının və macarların dillərində «bahadır» mənasını verir. Bu baxımdan T.A.Tot və B.V.Firşteynin apardıqları tədqiqatların nəticələri xüsusilə diqqəti çəkir: «hun və avarların əsas kütləsində faktiki olaraq heç bir monqoloid qarışığı yoxdur». Çinlə qonşuluqda yaşayan, tsze – tsze adlanan şərq türkləri klassik monqoloid olan çinlilərdən avropoid irqinə xas olan əlamətlərlə – dik burunları, qalın saqqalları, göz quruluşları və uca boyları ilə fərqlənirdilər. Orta əsrlərdə Avrasiya əhalisinin əksəriyyətini təşkil etmiş türk xalqlarının avropoid irqinə mənsub olmaları artıq heç kəsdə şübhə doğurmur. 



Oxunub: 453265