Baş səhifə    » SON 10 İL    » Ekoloji problemlərin həllində inkişaf mərhələsi   

Ekoloji problemlərin həllində inkişaf mərhələsi

  

Bütün dünya ölkələri kimi Azərbaycan da müxtəlif xarakterli ətraf mühit problemləri ilə üzləşir. Planetdə ekoloji tarazlığın qorunub saxlanması, ehtiyatlardan səmərəli istifadə, suyun, havanın, torpağın çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemdir. Şübhəsiz ki, bu problemlərin həlli Azərbaycanın da qarşısında duran strateji vəzifələrdən biridir. Həmin vəzifənin öhdəsindən gəlmək üçün planlı və uzunmüddətli fəaliyyət proqramları, irihəcmli dövlət investisiyaları tələb olunur. Qeyd etmək lazımdır ki, Azərbaycanda sovet hakimiyyəti dövründə ekoloji tarazlığın qorunması prioritet təşkil etmirdi. Eləcə də müstəqilliyin əldə edilməsindən sonrakı dövrdə ölkənin üzləşdiyi ağır problemlər ekologiyaya ayrıca diqqət ayrılmasına və investisiyaların yatırılmasına imkan vermirdi. Nəticədə paytaxt Bakıda, Xəzərin sahilboyu zolağında, Sumqayıtda və digər yerlərdə ağır ekoloji fəsadlar meydana gəlmişdi. Lakin Azərbaycanda son illərdə sürətli iqtisadi inkişafın başlaması bir neçə on illiklər ərzində ilk dəfə ekoloji problemlərin həllini, ətraf mühitin qorunmasının dövlətin siyasətinin əsas prioritetlərindən birinə çevrilməsinə imkan yaratdı. Ötən 7-8 il ərzində Azərbaycanda ekoloji durumun sağlamlaşdırılmasına yönələn irimiqyaslı dövlət proqramları, milyardlarla manat investisiya tələb edən böyük layihələr həyata keçirilib. Bu miqyasda tədbirlər Azərbaycanın son bir neçə on illik tarixində ilk dəfədir həyata keçirilir və artıq öz bəhrəsini verməkdədir.

İLK DÖVLƏT PROQRAMLARI

Son 10 il ərzində Azərbaycanda həyata keçirilən ekoloji proqramların əsası 2003-cü ildə qoyulub. Həmin ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən  «Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair» və «Meşələrin bərpa edilməsi və artırılmasına dair» 2 milli proqram, daha sonra 2003-2004-cü illərdə isə «Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı», «Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair» və   «Azərbaycan Respublikasında Hidrometeorologiyanın inkişafı»na dair 3 Dövlət Proqramları təsdiq olunmuşdur və həyata keçirilir.

EKOLOJİ PROBLEMLƏRİN HƏLLİNDƏ DÖNÜŞ YARADAN 5 İLLİK PLAN

Lakin bu istiqamətdə atılan ən önəmli addım «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı» hesab olunur. Həmin plan Bakı və ətrafında, Abşeron yarımadasında günbəgün ağırlaşan, hətta ekoloji böhran xarakteri almağa başlayan çirklənmənin qarşısını almaq üçün strateji əhəmiyyət kəsb etdi. Belə ki, paytaxt ətrafında uzun illərdir mövcud olan neft gölməçələri, məişət tullantılarının primitiv formada yandırılması nəticəsində paytaxtın üzərini və Abşeron yarımadasını bürüyən qalın tüstü dumanı, çirkab sularının təmizlənməsi və axıdılması üçün yetərli infrastrukturun mövcud olmaması ekoloji böhran təhlükəsi yaradırdı. Azərbaycan prezidenti tərəfindən təsdiq edilmiş  həmin planda yaranmış vəziyyətin təhlili əsasında ətraf mühitin mövcud  vəziyyətinin bərpasına yönəldilmiş bütün əsas fəaliyyət istiqamətləri öz əksini tapmışdır. Belə ki, Bakı Buxtasının, Bibiheybət zonasının, H. Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasının göllərinin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunması sxeminə uyğun Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və s. məsələlər tədbirlər planında əks olunmuşdur. 

SOSİAL-İQTİSADİ İNKİŞAF PROQRAMLARINDA EKOLOGİYA AMİLİ

Ekoloji vəziyyətin sağlamlaşdırılması Bakı və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair bütün proqramlarda prioritet istiqamətlərdən biri kimi əksini tapır. Həmin proqramlar çərçivəsində Bakı şəhərinin və Abşeron yarımadasındakı yaşayış massivlərinin kanalizasiya şəbəkələri ilə təmin edilməsi, mövcud təmizləyici qurğuların yenidən qurulması və yeni təmizləyici qurğuların  tikilməsi istiqamətində ardıcıl layihələr həyata keçirilməkdədir.  2011-ci ildə təsdiq edilən “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramı”nda  da ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn layihələr, o cümlədən paytaxt ətrafındakı neft və çirkab suları ilə çirklənmiş göllərin təmizlənməsi, qurudulması məsələləri əksini tapır.

XƏZƏRİN ÇİRKLƏNMƏDƏN QORUNMASI
Azərbaycan paytaxtı üçün ekoloji balansın təmin edilməsində Xəzər dənizinin ayrıca rolu var. Lakin dənizin hüquqi statusunun hələ də müəyyən olunmamış qalması onun çirklənmədən mühafizəsi, nadir faunasının qorunması üçün çoxtərəfli tədbirlərin görülməsi imkanlarını da məhdudlaşdırır. Buna baxmayaraq Azərbaycan Xəzər dənizinin çirklənmədən qorunması, orada yaşayan canlıların, xüsusən nərə balığı kimi dünyanın ən nadir balıq növlərindən birinin məhv olmaqdan xilas edilməsi istiqamətində  birtərəfli qaydada irihəcmli investisiyalar sərf edən, zəruri infrastruktur yaradan ölkədir. Bu fəaliyyət son bir neçə il ərzində geniş miqyas alıb.
Xəzərin   ekoloji   vəziyyətinin   yaxşılaşdırılması   məqsədilə    Azərbaycan Respublikasinin   Prezidenti   tərəfindən   2007–ci  il  20 iyun tarixində imzalanmış "Xəzər   dənizinin   çirklənmədən   qorunması    üzrə    bəzi    tədbirlər    haqqında" Sərəncamdan   irəli   gələn məsələlərin həlli istiqamətində konkret tədbirlər həyata keçirilir. Sərəncamda qeyd olunub ki, sahil ərazilərindən tullantı sularının  təmizlənmədən axıdılması Xəzər dənizinin zərərli kimyəvi maddələrlə çirklənməsinə və bunun nəticəsi olaraq onun unikal bioloji müxtəlifliyinin deqradasiyasına səbəb olmuşdur.   Müvafiq tədbirlərin həyata keçirilməsi Xəzər ekosisteminə antropogen təsirləri azaltmaqla dənizin biomüxtəlifliyinin və istirahət-rekreasiya zolağının bərpasına xidmət etməkdədir və bu artıq öz müsbət nəticələrini verir. Bu sərəncam əsasında  Xəzər sahillərində beynəlxalq  standartlara cavab verən modul tipli lokal çirkab su təmizləyici qurğular  quraşdırılmışdır. Həmin qurğular İtaliya, ABŞ, Almaniya, Tayvan, Türkiyə, Fransa istehsalı olan avadanlıqlardan ibarətdir və Türkiyədə modulda komplektləşdirilmişdir. Bu qurğular nefttutucu avadanlığı da nəzərə alsaq, ümumilikdə gündə 4070 m3 çirkab su təmizləmə gücünə malikdir.  

XƏZƏRİN ÇİRKLƏNMƏSİNƏ QARŞI KOMPLEKS TƏDBİRLƏR GÖRƏN YEGANƏ SAHİLYANI ÖLKƏ AZƏRBAYCANDIR
Qurğuların bir hissəsi Abşeron yarımadasının Bilgəh, Buzovna və Mərdəkan qəsəbələrində quraşdırılmışdır və artıq Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sisteminin beş stansiyası fəaliyyət göstərir. Bunun sayəsində çirkab sular ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərən inqrediyentlərdən (o cümlədən bəzi hallarda hər litrdə 2,3 milyon ədəd olan bağırsaq çöpü bakteriyalarından və normanı 100 dəfə üstələyən üzvi çirkləndiricilərdən) təmizlənərək 250-300 metrədək dənizin dərinliyinə axıdılır. Nəticədə aparılan monitorinq qısa zaman ərzində Xəzər dənizinin suyunun çirklənmə səviyyəsinin aşağı düşdüyünü göstərir. Qeyd etmək lazımdır ki, təkcə 2010-cu ildə Xəzərə axıdılan çirkab sularının təmizlənməsi üçün infrastrukturun yaradılmasına 1 milyard manata yaxın vəsait xərclənmişdi. Hazırda çirkab sularının təmizlənməsi işləri Sumqayıt şəhəri istiqamətində davam etdirilir.  Azərbaycan Xəzəryanı  dövlətlər  arasında  yeganə  ölkədir ki, dənizin  və  onun  akvatoriyasının   çirklənmədən   təmizlənməsi   üzrə   kompleks   tədbirləri  həyata keçirir. Bu tədbirlərin növbəti illərdə də davam etdirilməsi Xəzər akvatoriyasının daha da təmizlənməsi ilə nəticələnəcək və Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından çıxarılmasına nail olunacaqdır.

NEFTLƏ ÇİRKLƏNMİŞ TORPAQLARIN TƏMİZLƏNMƏSİ, NEFTAYIRMA ZAVODLARINDA ZƏRƏRLİ MADDƏLƏRİN TUTULMASI
Bakı və Abşeron yarımadasında torpaqların, habelə Xəzər buxtasında suların çirklənməsində uzun illərdir davam edən neft hasilatının da rolu var. Qeyd olunmalıdır ki, ötən dövrlərdə neft hasilatı zamanı ətraf mühitin çirklənməsinin qarşısının alınması heç də prioritet məsələ deyildi. Ancaq Azərbaycan prezidentinin ekoloji problemlərin aradan qaldırılmasına yönələn siyasəti bu yanaşmanı dəyişdi. İndi neft hasilatı ilə məşğul olan şirkətlər qarşısında ətraf mühitin çirklənməsinə yol verməmək ciddi vəzifə kimi qoyulub. Azərbaycan Dövlət Neft Şirkəti üçün də bu məsələ əsas prioritetlərdən birinə çevrilib. Ötən bir neçə il ərzində şirkət Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində bir neçə pilot layihə həyata keçirib. ARDNŞ tərəfindən yaradılan "Ekol Mühəndislik Xidmətləri" QSC-nin (Qapalı Səhmdar Cəmiyyəti) neftayırma zavodlarında istehsalat prosesləri zamanı formalaşan tullantıların təmizlənməsi və zərərsizləşdirilməsi nəticəsində Xəzər dənizinə, eləcə də, ətraf mühitə atılan zərərli maddələrin miqdarının xeyli dərəcədə azaldılması sahəsində gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. "Ekol Mühəndislik Xidmətləri" tərəfindən 2006-cı ildən başlayaraq orta hesabla bir ildə Heydər Əliyev adına Bakı Neftayırma Zavodundan (BNZ) atılan 12.5 milyon m3, "Azərneftyağ" NEZ-dan isə atılan 10.9 milyon m3 sənaye çirkab suları norma həddinə qədər təmizlənmiş, hər iki zavodun istehsalat sahələrində uzun illər yığılıb qalmış 35.5 min ton, "Bibiheybət" sahəsində isə 6.2 min ton neftşlam emal edilərək zərərsizləşdirilmişdir ki, bu da ətraf mühitə atılan zərərli maddələrin miqdarını xeyli dərəcədə azaltmışdır. "Bibiheybətneft" NQÇİ-nin mədən ərazisində aparılan torpaqların rekultivasiyası və "Salyan OİL" LTD-nin mədən ərazisində qazma şlamının rekultivasiyası işləri də QSC-nin son ildə ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində həyata keçirdiyi mühüm tədbirlərdəndir.  Azərbaycanda, xüsusilə neft sənayesi sahəsində ekoloji vəziyyətin yaxşılaşdırılması "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyətinin əsas istiqaməti olmaqla bu sahədə işlər davam etdirilir.

ALTERNATİV VƏ BƏRPA OLUNAN ENERJİ MƏNBƏLƏRİNDƏN İSTİFADƏ

Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması və uzunmüddətli ekoloji təhlükəsizliyin təmin edilməsinə yönəlmiş tədbirlərdən biri də ölkədə ilk dəfə alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair dövlət proqramının qəbul olunmasıdır. Azərbaycanın zəngin neft-qaz ehtiyatlarına malik olması baxımından ölkənin enerjiyə olan tələbatının ödənilməsi problemi mövcud deyil. Lakin ənənəvi enerji mənbələrindən istifadə ətraf mühitin çirklənməsi prosesi ilə müşaiyət olunur, ənənəvi enerji mənbələri olan karbohiderogen ehtiyatları dünyada tükənməz deyil və bunu nəzərə alan ölkə rəhbərliyi alternativ enerji mənbələrindən istifadəni gələcəyə hesablanmış strateji vəzifə kimi müəyyənləşdirib. Çünki Azərbaycan özünün əlverişli təbii şəraiti ilə kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malikdir. 
2004-cü ildə «Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb. Həmin proqramın miqyası sonradan genişlənib və 2009-cu ildə Sənaye və Energetika Nazirliyinin tərkibində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair proqramlar artıq öz bəhrəsini verməkdədir və 2011-ci ildə Qobustan rayonu ərazisində ölkədə ilk külək elektrik stansiyası işə düşüb.

BAKINI ZİBİL TÜSTÜSÜNDƏN XİLAS EDƏN, ŞƏRQİ AVROPDA VƏ MDB-DƏ ƏN İRİ ZAVOD

Azərbaycanda son illər həyata keçirilən ən mühüm ekoloji layihələrdən biri də Bakıda məişət tullantılarının yandırılması üçün ən yeni texnologiyalara əsaslanan zavodun tikilməsidir. Belə ki, uzun illər boyu Bakının məişət tullantıları paytaxt ətrafındakı “Balaxanı zibilliyi” adlanan əraziyə daşınır və orada tullantılardan ibarət “dağ” yaranırdı. Orada toplanan tullantıların primitiv formada yandırılması nəticəsində vaxtaşırı olaraq paytaxtın, Abşeron yarımadasının üzərini üfunətli tüstü bürüyürdü. Ciddi ekoloji təhlükə kəsb edən bu problemin həlli istiqamətində Azərbaycan Prezidenti tərəfindən xüsusi tapşırıqlar verilib. Zavodun tikintisinə “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində Fransanın “Constructions Industrielles de la Méditerranée S.A.” (“CNİM” S.A.)  şirkəti tərəfindən başlanıb. Zavodun layihələndirmə-tikinti işlərinin ümumi məbləği 346 milyon avrodur. Balaxanı qəsəbəsində ayrılmış 20 hektar ərazidə inşa olunan və illik gücü 500 min ton təşkil edən zavod tullantılarının yandırılması prosesində ildə 231.5 milyon KVt saat enerji hasil etmək gücündədir. Zavodun tam fəaliyyətə başlaması 2012-ci ilin sonlarına nəzərdə tutulur. İstehsalat gücünə görə bu zavod şərqi Avropada və MDB məkanında ən iri bu tipli zavod hesab olunur. Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulan bu müasir zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərə tam cavab verəcək. Yanma məhsulu olan tüstü külü xüsusi filtrlərlə tutularaq ətraf mühiti çirkləndirməyəcək. Daha ağır və zərərsiz olan dib külü yol inşası üçün nəzərdə tutulmuş tikinti materiallarında istifadə oluna bilər.  Bundan əlavə, tullantının yandırılması zamanı soyutmaq üçün istifadə edilən təchizat suyu yalnız təmizləndikdən sonra çirkab sularına yönəldiləcək. Bu zavod uzun illər boyu Bakının məişət tullantılarının açıq havada yandırılması və şəhərətrafı boş ərazilərə atılması nəticəsində meydana gələn ciddi ekoloji problemin həlli istiqamətində mühüm addımdır.

EKOLOJİ PROBLEMLƏRƏ HƏSR EDİLMİŞ XÜSUSİ MÜŞAVİRƏ, EKOLOGİYA İLİNİN ELAN EDİLMƏSİ
Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində mühüm mərhələlərdən biri də ölkədə 2010-cu il hesab edilə bilər. Həmin il fevralın 18-də ölkə prezidenti ekoloji problemlərə həsr olunmuş xüsusi müşavirə keçirib. Müşavirədə mövcud ekoloji problemlər və onların həlli istiqamətində görülmüş işlər, habelə planlaşdırılan fəaliyyət proqramları geniş müzakirə olunub. Elə həmin müşavirədə 2010-cu il prezident İlham Əliyev tərəfindən “Ekologiya İli” elan edilib. Bu kampaniya ətraf mühit problemlərinə daha geniş ictimaiyyətin cəlb edilməsinə, bütün dövlət və ictimai institutların ekoloji tədbirləri gücləndirməsinə imkan verib. Ekologiya İli çərçivəsində paytaxtda və digər iri şəhərlərdə,  bölgələrdə milyonlarla ağac əkilib, ətraf  mühit problemlərinə dair ictimai müzakirələr keçirilib və digər təşəbbüslər reallaşdırılıb.

ƏHALİNİN EKOLOJİ TƏMİZ SU İLƏ TƏMİNATI, NƏHƏNG OĞUZ-QƏBƏLƏ-BAKI SU KƏMƏRİ LAYİHƏSİ

Azərbaycanda ekoloji iqtiqamətdə görülmüş ən vacib işlərdən biri də paytaxtın və digər yaşayış məntəqələrinin ekoloji təmiz içməli su ilə təchizatına dair həyata keçirilmiş və keçirilməkdə olan layihələrdir. Azərbaycanda əhalinin ekoloji tələblərə cavab verən keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən keçirilmiş bir sıra tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarında, habelə Yevlax, Zərdab, Ağcabədi, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan, Neftçala və Biləsuvar rayonlarının 100 yaşayış məntəqəsində 2007-2008-ci illərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılmış və bir çoxunda qurğular artıq əhalinin istifadəsinə verilmişdir. Modul tipli sutəmizləmə qurğularının əhalinin keyfiyyətli içməli su ilə təminatı istiqamətində müsbət nəticələri nəzərə alınaraq Prezidentin 2008-ci ilin noyabrında imzaladığı sərəncama əsasən bu işlər davam etdirilib və   Kür və Araz çaylarının sahilboyunca yerləşən rayonların əlavə 200 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün 2 milyon manat əlavə vəsait ayrılıb.
Tikintisi 2005-ci ildə başlayan və 2010-cu ilin dekabrında başa çatan Oğuz-Qəbələ-Bakı  su kəməri isə paytaxt Bakının, Abşeron yarımadasının uzun illər boyu üzləşdiyi içməli su probleminin həlli istiqamətində tarixi hadisə hesab edilir. Bu layihənin həyata keçirilməsi üçün dövlət büdcəsindən 1 milyard manata yaxın vəsait xərclənib. Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin əsas məqsədi Oğuz-Qəbələ ərazisindəki yeraltı su mənbələrinin işlədilməsi nəticəsində Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində suyun nəql olunması və beləliklə də, əhalinin yüksək keyfiyyətli, ekoloji baxımdan təmiz su ilə təmin edilməsidir. Hesablamalara görə Bakı və ətraf qəsəbələrdə supaylayıcı şəbəkələrin yenidən qurulması işlərinin başa çatdırılmasından sonra bu kəmər sayəsində paytaxt əhalisinin 75 faizinin içməli su ilə təminatı mümkün olacaq. 
Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində ötən bir neçə on illik ərzində görünməmiş miqyasda işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Çünki sağlam ətraf mühit olmadan inkişafın əsasını təşkil edən sağlam insan da ola bilməz, digər tərəfdən təbii ehtiyatların necə gəldi tükədilməsi, təbiətdə balansın pozulması nəticəsində yaranan fəsadlar gələcək nəsillər üçün təhlükənin əsasını qoyur.



Oxunub: 528596