Baş səhifə    » SON 10 İL    » Azərbaycanda təhsil islahatları   

Azərbaycanda təhsil islahatları

  



İslahatlar istiqamətində ilk addımlar-ikipilləli ali təhsilin tətbiqi
Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra digər sahələrdə olduğu kimi təhsildə də köklü islahatlar zərurəti ortaya çıxdı. Sovet təhsil sistemindən modern və dünya standartlarına uyğun təhsil sisteminə keçid prosesinin başlaması ötən əsrin 90-cı illərinin ortalarına təsadüf edir. Bu istiqamətdə atılmış ilk önəmli addım 1993-cü ildə ölkədə ikipilləli ali təhsilin (bakalavriat və magistratura) tətbiqinə başlanılmasıdır.  Həmin il ilk dəfə ölkənin 23 ali təhsil müəssisəsində bakalavr pilləsinə tələbə qəbulu həyata keçirilib. Sonradan bakalavr təhsilinin məzmununda köklü dəyişikliklər və yenilənmələr baş verib. Qaydalar daha da təkmilləşdirilib, dünya təhsil sisteminin tələblərinə uyğun standartlar tətbiq edilib və təhsildə kredit sisteminin tətbiqi prosesi başlayıb. 1997-ci ildə ali təhsilin bakalavriat pilləsində ilk buraxılış olduqdan sonra ali məktəblərdə ali təhsilin ikinci – magistratura pilləsinə keçilməsinin tətbiqi başlayıb. 2005-ci ilə qədər magistraturaya qəbul ali məktəblər tərəfindən aparılıb. Həmin il magistraturaya tələbə qəbulu Azərbaycan prezidentinin fərmanı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına tapşırılıb ki, bu da ali təhsilin ikinci pilləsinə qəbul prosesinin sınaqdan uğurla çıxmış test üsulu ilə həyata keçirilməsini təmin edib. 

Struktur islahatları
1999-cu ildə «Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı» təsdiq olunduqdan sonra bütün təhsil sistemində, o cümlədən ali təhsil pilləsində islahatlar sistemli xarakter alıb. Həmin proqram əsasında digər pillələrdə olduğu kimi, ali təhsildə də struktur dəyişiklikləri aparılıb, müəssisələrin şəbəkəsi optimallaşdırılıb, mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə olunub. Təhsil müəssisələrinə xeyli müstəqillik, geniş səlahiyyətlər verilib. Ali məktəblər elmi şuraların, dövlət attestasiya komissiyalarının tərkibinin, öz daxili strukturunun müəyyənləşdirilməsi, Dövlət təhsil standartları əsasında ixtisaslar üzrə tədris planlarının hazırlanması və digər məsələləri də müstəqil həll etməyə başlayıblar. Bundan əlavə, 6 ali məktəbə daha geniş müstəqillik verilib və onlar fəaliyyətlərini özünüidarəetmə prinsipi əsasında qurmağa başlayıblar. Həmin ali məktəblərin dövlət büdcəsindən ayrıca bəndlə maliyyələşdirilməsi 2001-ci ildən etibarən həyata keçirilir.

Dünya Bankı ilə birgə həyata keçirilən təhsil islahatları

Azərbaycan öz təhsil sistemini dünya  standartlarına uyğunlaşdırmaq üçün beynəlxalq təşkilatlarla da fəal əməkdaşlığa başlayıb. Ötən əsrin 90-cı illərinin sonlarından etibarən Dünya Bankı təhsil islahatlarının həyata keçirilməsində Azərbaycanın tərəfdaşıdır. 1998-ci ildə Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası ilə Azərbaycan hökuməti arasında təhsil islahatlarının həyata keçirilməsinə dair kredit razılaşması əldə edilib. Ardınca Azərbaycan prezidentinin sərəncamı ilə ölkənin təhsil sistemində islahatların aparılmasını təşkil etmək üçün xüsusi Dövlət Komissiyası yaradılıb. Komissiyanın vəzifəsi Dünya Bankının ayırdığı kredit hesabına təhsil sistemində islahatlar proqramını hazırlamaq idi. Dünya Bankı ilə təhsil sistemində islahatlara dair əməkdaşlığın birinci mərhələsi 2003-cü ilə qədər davam edib. 2003-cü ildən etibarən isə islahatların ikinci mərhələsi məzmun və mahiyyətcə yeni bir forma alıb. Həmin il Təhsil Nazirliyi ilə Dünya Bankı arasında imzalanmış kredit razılaşmasına əsasən 2004-2009-cu illər ərzində həyata keçirilən Təhsil Sektorunun İnkişafı Layihəsi qəbul olunub. Dünya Bankı və Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi bu  layihə təhsildə idarəetmənin təkmilləşdirilməsi və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllim hazırlığı, kurikulumun (tədris proqramlarının) hazırlanması, dərslik strategiyası və digər sahələri əhatə edib. Azərbaycan təhsil islahatlarının həyata keçirilməsində Dünya Bankı ilə əməkdaşlığı davam etdirərək təhsil sektorunun inkişafına dair 2009-2014-cü illəri əhatə edən ikinci layihənin həyata keçirilməsinə başlanılıb. Dünya Bankı ilə əməkdaşlıq şəraitində həyata keçirilən təhsil islahatları nəticəsində bu vaxta qədər əldə edilmiş nəticələr arasında ümumi təhsil sistemində yeni dərslik siyasətinin tətbiqi, bu siyasətin həyata keçirilməsi üçün müstəqil qurum olan Dərslikləri Qiymətləndirmə Şurasının yaradılması, ümumi təhsilin yeni milli qiymətləndirmə konsepsiyasının qəbul olunması, fasiləsiz müəllim hazırlığı üçün yeni konsepsiyanın qəbul olunması göstərilə bilər. 

Ali təhsil islahatları və Boloniya prosesi
Ali təhsil sahəsində islahatlar isə əsasən Avropa strukturları ilə, Avropa İttifaqı, Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Ali təhsil sahəsindəki islahatlarda Azərbaycanın  Boloniya prosesinə qoşulmasının xüsusi rolu var. Avropada vahid ali təhsil məkanının yaranmasını nəzərdə tutan və 1999-cu ildə başlamış prosesə Azərbaycan 2005-ci ildə qoşulub. Azərbaycanın Boloniya prosesinə qoşulması ölkədə  vahid Avropa standartlarına cavab verən ali təhsilə nail olmaq zərurətini meydana çıxarıb. 2005-ci ildən etibarən Azərbaycanda bu istiqamətdə islahatlar aparılır. Bolonya Bəyannaməsinin müddəalarını həyata keçirmək üçün 2006-2010-cu illəri əhatə edən Tədbirlər Planı təsdiq edilmişdir. Ali təhsil islahatlarında ən mühüm mərhələ isə 2009-cu il mayın 22-də Azərbaycan prezidenti tərəfindən təsdiq edilmiş dövlət proqramının qəbul edilməsidir.  “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın əsas məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabət qabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi, habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır. Azərbaycanda təhsil islahatlarının genişləndirilməsi və dünya standartlarına uyğunlaşdırılması siyasətini həyata keçirmək üçün yeni qanunvercilik bazasının formalaşdırılması da zəruri olmuşdur. Bu məqsədlə 2009-cu ilin iyun ayında “Təhsil Haqqında” yeni qanun geniş ictimai müzakirələrdən sonra parlamentdə qəbul edildi və onun tətbiqinə başlanıldı. 

Dövlət hesabına xaricdə təhsil

Azərbaycan ölkə daxilində ali təhsil standartlarını təkmilləşdirmək yönündə işlərin görülməsi ilə yanaşı ölkə prezidenti tərəfindən gənclərin xaricdə təhsilinə də ciddi diqqət ayrılmaqdadır. Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq Azərbaycan dövləti gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində təhsilini maliyyələşdirməyə başlayıb və bu məqsədlə ayrıca dövlət proqramı qəbul edilib. Azərbaycan Prezidentinin 2007-ci il 16 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı”nın əsas hədəfləri aşağıdakılardır: xaricdə dövlət hesabına təhsil almağa göndərilən Azərbaycan gənclərinin təhsilin bütün pillələri üzrə illik sayının 2015-ci ildə 1000 nəfərə, onların ümumi sayının isə 2007-2015-ci illərdə 5000 nəfərə çatdırılması, ayrılan maliyyə vəsaitləri çərçivəsində bakalavriat, magistratura, rezidentura, doktorantura pillələri, eləcə də ixtisasartırma və yenidən hazırlanma təhsili üzrə bölünməsi, hökumətlərarası müqavilələr və ali təhsil müəssisələri arasında beynəlxalq tələbə mübadiləsi əsasında mütəxəssis hazırlığının respublikanın iqtisadi inkişaf prioritetləri nəzərə alınmaqla təmin edilməsi. Proqram Dövlət Neft Fondunun ayırdığı vəsaitlər hesabına maliyyələşdirilir. Proqramın təsdiq olunmasından sonra Dövlət Neft Fondu tərəfindən hər il gənclərin xaricdə dövlət hesabına təhsil almasına 10 milyon manat ayrılıb. 2012-ci il üçün isə bu vəsait artırılaraq 15 milyon manata çatdırılıb. Bu proqram çərçivəsində Azərbaycan gəncləri Avstraliya, Cənubi Koreya, Çin, Malaziya, Sinqapur, ABŞ, Almaniya, Fransa, Niderland Norveç, İsveç, Finlandiya, İtaliya, Belçika və Böyük Britaniya kimi inkişaf etmiş ölkələrə təhsil almağa göndərilir.

Təhsilə ayrılan vəsaitlər son 6 ildə 3 dəfə artıb

Azərbaycan təhsildə sistemli islahatlar başlatmaqla yanaşı təhsilə dövlət tərəfindən ayrılan xərclərin həcmini də ölkədəki ümumi iqtisadi inkişafa paralel şəkildə  dəfələrlə artırıb. Təhsilə dövlət büdcəsindən ayrılan xərclərin sürətli artımı 2005-ci ildən etibarən başlayıb. Həmin ildən etibarən təhsilə ayrılan vəsaitlər 3 dəfəyədək artıb. Belə ki, 2006-cı ildə təhsil xərcləri 480 milyon manata yaxın idisə, 2011-ci ildə bu xərclər 1.27 milyard dollar təşkil edirdi. Bu, ümumi büdcə xərclərinin təxminən 8.2 faizidir. Dövlət büdcəsindən təhsilə ayrılan xərclərin əhəmiyyətli hissəsi yeni məktəblərin tikintisinə, təhsil infrastrukturunun müasirləşdirilməsinə  yönəldilir. Məktəb tikintisi və təmiri investisiyalarının həcmi 2004-cü illə müqayisədə dəfələrlə artıb. Həmçinin ölkədə yeni məktəblərin tikintisi, köhnələrinin təmiri və modernləşdirilməsi üçün Heydər Əliyev Fondu və Azərbaycan Prezidentinin Ehtiyat Fondu xəttilə də hər il böyük vəsaitlər ayrılır.

Azərbaycanda təhsilin inkişafı, uşaq və gənclərin dünya standartlarına uyğun təhsillə təmin olunması, yüksək ixtisaslı kadrların yetişdirilməsi ölkə prezidentinin neft kapitalını intellektin, kadrlaşmanın, peşəkarlığın inkişafına çevirmək strategiyasının mühüm hissəsini təşkil edir. Təhsilə yatırılan investisiyalar uzunmüddətli və strateji əhəmiyyətlidir. Bu investisiyalar Azərbaycanın uzunmüddətli inkişafı üçün mühüm baza formalaşdırır və  öz nəticəsini gələcək onilliklərdə daha bariz formada göstərməyə başlayacaq.



Oxunub: 421383



Azərbaycan Televiziyaları
İnternet Radio