Baş səhifə    » İNCƏSƏNƏT    » Festivallar    » Musiqi festivalları   

Musiqi festivalları

  

Qəbələ Musiqi Festivalı

Qəbələ Musiqi Festivalı 2009-cu ildən başlayaraq ənənəvi olaraq hər il yay aylarında Qəbələ şəhərində keçirilir. Musiqiçilər adətən açıq səma altında çıxış edirlər. Festival Heydər Əliyev fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunur. İndiyə qədər sayca dörd belə tədbir keçirilmiş və festivallarda dünyanın ən tanınmış musiqiçiləri iştirak etmişdir. 
Festival çərçivəsində klassik musiqi konsertləri ilə bərabər, сaz və muğam gecələri də təşkil olunur.
Beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən bu festival xüsusi əhəmiyyət daşıyır.

“Muğam Dünyası” Beynəlxalq musiqi festivalı

"Muğam Dünyası" Beynəlxalq musiqi festivalı birinci dəfə Heydər Əliyev fondunun təşəbbüsü ilə 18 – 25 mart 2009-cu il tarixində Bakıda keçirilmişdir. Martın 20-də Beynəlxalq Muğam Mərkəzində festivalın rəsmi açılışı olmuşdur. Festival çərçivəsində adətən beynəlxalq elmi simpozium, muğam ifaçılarının müsabiqəsi və çoxsaylı opera tamaşaları, eləcə də konsertlər təşkil olunur. 
Muğam festivalının əsas məqsədi, müasir dünyada Azərbaycan muğamının tanıdılması, xalqımızın ənənəvi musiqi sənətinin dünya musiqi irsində layiq olduğu yeri tutmasıdır. 

“İpək yolu” Beynəlxalq Musiqi Festivalı

“İpək yolu” Beynəlxalq Musiqi Festivalı Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir. İndiyədək festival ardıcıl olaraq üç dəfə (2010, 2011 və 2012-ci illərdə) təşkil olunub. 
Festivallarda Azərbaycanla yanaşı, bir çox xarici ölkələrdən ( Polşa, Hindistan, Ukrayna, Koreya, Norveç, Türkiyə, Gürcüstan, İran və s.) olan musiqiçilər və milli musiqi, folklor və teatr kollektivləri çıxış edib. 

Üzeyir Hacıbəyov Beynəlxalq Musiqi Festivalı

Üzeyir Hacıbəyov Beynəlxalq Musiqi Festivalının keçirilməsi haqqında qərar 2009 – cu ildə qəbul olunmuşdur. Festivalın təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev fondudur.
Festivalın işində azərbaycanlı musiqiçilərlə yanaşı, başqa ölkələrdən olan ifaçılar da iştirak edir. Tədbir zamanı konsertlərlə yanaşı,  Üzeyir Hacıbəyovun əsərləri əsasında teatr tamaşaları da göstərilir. Bundan əlavə, festivalda dahi bəstəkarın yaradıcılıq irsini araşdıran elmi konfranslar da keçirilir. İndiyədək dörd belə festival təşkil olunmuşdur. 

Mstislav Rastropoviç adına Beynəlxalq musiqi festivalı 

Mstislav Rostropoviç festivalı Bakıda 2007-ci ildən keçirilir və ənənəvi olaraq dünyanın müxtəlif ölkələrindən görkəmli ifaçıları öz ətrafında toplayır. Tədbirlər Heydər Əliyev Fondunun, Mstislav Rostropoviç Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir. 
Rastropoviç adına Beynəlxalq musiqi festivalı çərçivəsində sayca dörd tədbir keçirilib. Festivallarda ölkəmizlə yanaşı, Rusiya, İtaliya, Fransa, Almaniya, Belçika və digər ölkələrdən gəlmiş məşhur mədəniyyət xadimləri iştirak edirlər.



Oxunub: 482241