Baş səhifə    » TARİXİ GÜNLƏR    » Oktyabr   

Oktyabr

  

1. Oktyabr
 1827 – Rusiya qoşunları İranla müharibə (1826-1828) gedişində İrəvan qalasını ələ keçiriblər.
1965 – Azərbaycanın məşhur qəzəlxan şairi Əliağa Vahid (1894-1965) vəfat edib.
1918 – Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarıının yaradılması barədə qərar qəbul edib.
1992 – BMT-nin Nyu-Yorkdakı iqamətgahında Azərbaycan Respublikasının nümayəndəliyi açılıb. Bunadək Azərbaycanın BMT-dəki nümayəndəliyi Türkiyənin təşkilatdakı nümayəndəliyində yerləşirdi.
2001 – Azərbaycan Respublikası «Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında Beynəlxalq Konvensiya»ya qoşulub.
2003 – ABŞ-ın Klivlend Klinikasında müalicə olunan prezident Heydər Əliyev Azərbaycan xalqına müraciət edib.

2. Oktyabr
1991 – İran hökuməti Bakıdan Naxçıvana gedən yük maşınlarının ölkə ərazisindən keçməsinə rəsmən razılıq verib.
1992 – Ermənistan silahlı qüvvələri Xocavənd rayonunu tamamilə işğal ediblər.
1995 – Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik münasibətlər yaradılıb.

3. Oktyabr
1806 – Birinci Rusiya-İran müharibəsi (1804-1813) gedişində rus qoşunları Bakını işğal ediblər.
1875 – Görkəmli yazıçı, dramaturq Süleyman Sani Axundov (1875-1939) anadan olub.
1921 – Tanınmış tibb alimi, professor Tamerlan Əliyev (1921-1997) anadan olmuşdur.
1993 – Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.

4. Oktyabr
1895 – Məşhur sovet kəşfiyyatçısı, Sovet İttifaqı Qəhrəmanı Rixard Zorge (1895-1944) Bakıda, alman kolonistlərinin ailəsində anadan olub.
2000 - Görkəmli bəstəkar, pianoçu, dirijor, Xalq artisti, Azərbaycan estrada musiqisinin banilərindən biri Tofiq Quliyev (7.11.1917-2000) vəfat edib.

5. Oktyabr
1901 – Bakıda müsəlman qızlar üçün ilk təhsil ocağı - Qızlar Məktəbi açılıb.
1918 – Xalq Cümhuriyyətinin hökuməti bolşeviklərin («Bakı Soveti») neft sənayesinin milliləşdirilməsi barədə qərarını ləğv edərək bu sahənin yenidən özəl sektora qaytarılması barədə qərar verib.
1928 - Ədəbiyyatşünas, tənqidçi Məsud Əlioğlu (1928- 1973) anadan olub. 
1935 - Məşhur bəstəkar, Xalq artisti, professor Xəyyam Mirzəzadə anadan olub.
1938 - M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında Səməd Vurğunun "Vaqif dramının ilk tamaşası olub.
1994 – Bakının "Azadlıq" meydanında ölkənin müxtəlif yerlərindən gəlmiş yüz minlərlə insanın iştirakı ilə ümumxalq mitinqi keçirilib.
2002 - Azərbaycan Milli Televiziya və Radio Şurası yaradılıb.

6. Oktyabr
1923 – Azərbaycan SSR-in Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisinin müraciətini nəzərə alaraq vilayətin mərkəzi olan Xankəndi qəsəbəsinin adının dəyişdirilərək Stepanakert (Bakı komissarı, daşnak-bolşevik Stepan Şaumyanın xatirəsinə) adlandırılması barədə qərar qəbul edib.
1998 – Bakıda Azərbaycan Milli Bankının yeni binası istifadəyə verilib.

7. Oktyabr
1369 – Böyük Azərbaycan şairi, filosof-mütəfəkkir Seyid Əli İmaddədin Nəsimi (1369-1417) Şamaxıda anadan olub.
1992 – Laçın-Şuşa istiqamətində hərbi əməliyyat keçirən Azərbaycan ordu hissələri məğlubiyyətə uğrayıblar.
1992 – Milli Məclisin iclasında Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə (MDB) üzvlüyü məsələsi müzakirə olunub. 
2002 – Moldovanın paytaxtı Kişinyovda keçirilən MDB sammiti gedişində Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryanın növbəti görüşü olub.

8. Oktyabr
1821 – Rusiya çarı I Aleksandr Cənubi Qafqazda güzəştli ticarət tarifinin tətbiq edilməsi barədə fərman verib.
1991 – Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası işə başlayıb.
1993 – Moskvada Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanın dövlət başçıları Boris Yeltsin, Heydər Əliyev, Levon Ter-Petrosyan və Eduard Şevardnadze arasında görüş keçirilib.

9. Oktyabr
1991 – Ali Sovetin növbədənkənar sessiyasında "Azərbaycan Respublikanın milli özünümüdafiə qüvvələri haqqında" qanun qəbul edilib.
1992 – Bakının «Azadlıq» meydanında Azərbaycan Milli Ordusunun ilk hərbi paradı keçirilib.
1997 – Strasburqda Avropa Şurasının zirvə toplantısı (9-10 oktyabr) çərçivəsində Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova prezidentlərinin görüşü keçirilib.
2009 – Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı Əlibala Hacızadə vəfat edib.

10. Oktyabr
1812 – Birinci Rusiya-İran müharibəsinin (1894-1813) yekunlarına əhəmiyyətli təsir edən Aslandüz döyüşü baş verib.
1911 - Görkəmli ədəbiyyatşünas alim, tərcüməçi, mətnşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Abbas Zamanov (1911 - 1.4.1993) Naxçıvanın Şərur rayonunda anadan olub. 
1935 - Əməkdar incəsənət xadimi, şair Həmid Abbasov (Həmid Abbas, 1935 - 19.11.1999) anadan olub. 
1935 - Şair, dramaturq Şəkər Aslanov (Şəkər Aslan) (1935 - 13.07.1995) Lənkəran rayonunda anadan olub.
1939 – Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva (1939-1992) anadan olmuşdur.
1993 – Azərbaycan prezidenti Heydər Əliyevin təntənəli inauqurasiya - andiçmə mərasimi keçirilib.
1994 – Azərbaycan Respublikası ilə Küveyt dövləti arasında diplomatik münasibətlər qurulub.
1997 – Strasburqda Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Levon Ter-Petrosyan arasında görüş keçirilib.

11. Oktyabr
1959 - Kinooperator Rövşən Quliyev anadan olub. 1977-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. 
1983 -  Xalq yazıçısı Süleyman Rəhimov (1900-1983) vəfat edib. 
1998 – Azərbaycanda növbəti prezident seçkiləri keçirilib. 
1999 – Azərbaycan-Ermənistan sərhədinin Sədərək rayonu (Naxçıxan Muxtar Respublikası) ərazisində prezidentlər Heydər Əliyev və Robert Koçaryan arasında görüş keçirilib.
2007 – Azərbaycan prezidenti İlham Əliyev Vilnüsdə beynəlxalq enerji sammitində iştirak edib.

12. Oktyabr
1813 – Rusiya ilə İran arasında müharibənin (1804-1813) başa çatması ilə bağlı Gülüstan sülh müqaviləsi imzalanıb.
1992 – Moskvada Rusiya və Azərbaycan arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında" müqavilə imzalanıb.
2005 – Gürcüstanın Marneuli rayonunda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Gürcüstan hissəsinin açılış mərasimi keçirilib.

13. Oktyabr
1827 – Rusiya-İran müharibəsi (1826-1828) gedişində Cənubi Azərbaycan torpaqlarına daxil olan rus qoşunları Təbrizi ələ keçiriblər.
 1880 – Bakı–Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi ilə Azərbaycanda dəmir yolu nəqliyyatının əsası qoyulub.
 1921 – Türkiyə, Rusiya və Cənubi Qafqazın üç sovet respublikası - Azərbaycan, Ermənistan və Gürcüstan arasında Qars müqaviləsi imzalanıb.

14. Oktyabr
1933 – Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Məmməd Araz (1933-2004) Naxçıvan Muxtar Respublikasında anadan olub.
1993 – BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair  874 saylı qətnamə qəbul edib.
2004 – Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı məsələnin BMT Baş Assambleyasının 59-cu sessiyasının gündəliyinə daxil edilməsi barədə quruma rəsmən müraciət edib.

15. Oktyabr
2002 – Prezident Heydər Əliyev İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv olan ölkələrin dövlət başçılarının 7-ci sammitində iştirak edib.
2008 – Azərbaycanda keçirilən növbəti prezident seçkilərində, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev ikinci müddətə prezident seçilib.

16. Oktyabr
1855 – Görkəmli hərbi xadim, artilleriya general-leytenantı Səməd bəy Mehmandarov (1855-1931) Lənkəranda anadan olub.
1923 - Şair, nasir, filologiya elmləri doktoru, professor Gülhüseyn Hüseynoğlu Masallı rayonunun Mollaoba kəndində anadan olub.
1926 - Bəstəkar, pedaqoq, Xalq artisti, professor Ramiz Mustafayev (1926 - 10.4.2008) anadan olub.
1946 - Kinooperator Köçəri Məmmədov (1946-2008) Gədəbəy rayonunda anadan olub.
1969-cu ildən «Azərbaycanfilm» kinostudiyasında işləyib.
1949 – Əməkdar еlm xadimi, akademik, tanınmış ədəbiyyatşünas alim İsa Əkbər oğlu Həbibbəyli Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danyeri kəndində anadan olub.
1992 – Azərbaycanın bir qrup ziyalısı Haxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək ondan ölkənin siyasi həyatında fəal iştirak etməyi və yeni yaradılan siyasi təşkilata liderliyi üzərinə götürməyi xahiş edib.
2004 – Ağstafa rayonunun Böyük Kəsik kəndində - Azərbaycan-Gürcüstan (Qardabani rayonu) sərhədində Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsi mərasimi keçirilib.
2007 – Prezident İlham Əliyev Tehranda Xəzəryanı ölkələrin (İran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan) dövlət başçılarının ikinci sammitində (ilk sammit 2002-ci ilin aprelində Aşqabadda keçirilmişdi) iştirak edib.

17. Oktyabr
1612 – Səfəvi və Osmanlı dövlətləri arasında növbəti müharibənin yekunlarına dair Sərab sülhü imzalanıb.
1905 – Məşhur yazıçı Məhəmməd Əsəd bəy (Qurban Səid, 1905-1942) Bakıda anadan olub. 
1915 - Operator, rejissor, Xalq artisti Cavanşir Məmmədov (1915-1997) Şuşada doğulub.
1924 – Əməkdar incəsənət xadimi, şair Hüsеyn Razi anadan olub. 1998-ci il fevralın 17-də vəfat edib.
2003 - Görkəmli şair, publisist Nüsrət Kəsəmənli (25.9.1946-2003) vəfat edib.

18. Oktyabr
1918 – Görkəmli ədəbiyyatşünas alim, Azərbaycanda mifologiya elminin yaradıcısı Mirəli Seyidov anadan olub.
1948 – Akademik, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov anadan olub.
1949 – Tanınmış teatr və kino rejissoru Vaqif İbrahimoğlu anadan olub.
1991 – Azərbaycan parlamenti - Ali Soveti  “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edib.
1991 – Prezident Ayaz Mütəllibov Azərbaycanın şəhər və rayonlarında icra hakimiyyəti başçısı vəzifəsinin təsis edilməsi barədə fərman verib.
1994 –  Azərbaycan prezidenti Heydər Əliyev türkdilli dövlətlərin başçılarının İstanbulda keçirilən 2-ci zirvə toplantısında iştirak edib.
2002 – NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin rəhbəri, ABŞ-ın Avropadakı qoşunlarının baş komandanı Cozef Ralstonun Bakıya səfəri gedişində Azərbaycan hərbçilərinin Türkiyə kontingenti tərkibində Əfqanıstandakı sülhməramlı əməliyyatda iştirakı məsələsi razılaşdırılıb.

19. Oktyabr
1898 – Azərbaycan Elmlər Akademiyasının üzvü, tanınmış ədəbiyyatşünas alim, professor Feyzulla Qasımzadə (1898-1976) anadan olmuşdur.
1910 - Görkəmli kinorejissor Hüseyn Seyidzadə (1910 - 2.6.1979) İrəvanda anadan olub.
1937 - Tanınmış dirijor, professor, Xalq artisti Rauf Abdullayevin doğum günüdür.
1951 – Azərbaycanda 1993-1995-ci illərdə daxili işlər nazirinin müavini, Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) komandiri olmuş Rövşən Cavadov Laçın rayonunda anadan olub.
1991 – Erməni silahlı dəstələri Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı daha bir terror aktı törədiblər.
1999 – Milli Məclis Azərbaycan hərbçilərinin Kosovoda beynəlxalq sülhyaratma əməliyyatında (KFOR) iştirakına icazə verən qərar qəbul edib.
2005 – Parlament seçkiləri (6 noyabr 2005) ərəfəsində radikal müxalifət qüvvələri ilə əlbir olaraq hakimiyyət çevrilişi həyata keçirməyə hazırlaşan, bu işə külli miqdarda maliyyə ayıran yüksək vəzifəli şəxslər ifşa olunub.

20. Oktyabr
1141 – Dahi Azərbaycan şairi, böyük mütəfəkkir Nizami Gəncəvi (1141-1209) Gəncədə anadan olmuşdur.
1913 –  Tanınmış şair Əhməd Cəmil (1913-1977) İrəvan şəhərində anadan olub.
1922 – Xalq artisti, görkəmli müğənni Şövkət Ələkbərova (1922-1993) anadan olub.
1940 – Görkəmli ictimai-siyasi xadim Həsən Həsənov Tiflis şəhərində anadan olub.
1981 – Mingəçevirdə Azərbaycan iqtisadiyyatının ən böyük müəssisələrindən biri, ölkə energetikasının flaqmanı “Azərbaycan” istilik elektrik stansiyası (İES) istifadəyə verilib.

21. Oktyabr
1603 – Təbrizdə Osmanlı hakimiyyəti əleyhinə xalq üsyanı başlayıb. 
1932 – Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, inqilab ruhlu şair və ictimai xadim Xəlil Rza Ulutürk (1932-1994) Salyan rayonunun Pirəbbə kəndində anadan olub.
1987 – Heydər Əliyev Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun təzyiqi ilə SSRİ rəhbərliyindən istefa verib.
1993 – Azərbaycan Respublikası ilə Braziliya (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb) arasında diplomatik münasibətlər qurulub.

22. Oktyabr
1688 – Türk soylu İran şahı Nadir şah Əfşar (1688-1747) Xorasanda anadan olub.
1919 – Böyük yazıçı və dramaturq Hüseyn Cavidin oğlu, bəstəkar Ərtoğrul Cavid anadan olub.
 1999 - Avropa Birliyinin ali icra orqanı olan Avropa Komissiyası Cənubi Qafqazla bağlı qəbul etdiyi qərarda Azərbaycanı Ermənistanla iqtisadi əməkdaşlığa çağırıb.
2002 - Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə məxsus "Merkuri-2" gəmi-bərəsi Bakının 130 kilometrliyində qəzaya uğrayaraq batıb.

23. Oktyabr
1978 - Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Naxçıvan MSSR-in Naxçıvan rayonu Babək rayonu adlandırılıb.
1991 - SSRİ Dövlət Şurasının («Avqust qiyamı»ndan sonra ittifaq parlamenti tərəfindən təsis edilən və SSRİ-nin «sökülməsi»ni həyata keçirən müvəqqəti idarəetmə orqanı) qərarı ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi ləğv edilib.
1998 - Ölkədəki növbəti prezident seçkilərindən (11 oktyabr 1998) sonra Konstitusiyanın tələbinə uyğun olaraq istefaya getmiş Nazirlər Kabinetinin yeni tərkibi formalaşıb.
2002 - ARDNŞ-in 1-ci vitse-prezidenti, millət vəkili İlham Əliyev Vaşinqtona səfərə gedişində ABŞ-ın vitse-prezident Riçard Çeyni ilə, konqresmenlərlə, siyasi dairələrlə görüşlər keçirib.

24. Oktyabr
1882 - Görkəmli mütəfəkkir-şair, yazıçı, dramaturq Hüseyn Cavid (Hüseyn Molla Abdulla oğlu Rasizadə, 1882-1941) Naxçıvanda anadan olub.
1919 - ABŞ-ın Cənubi Qafqazdakı hərbi nümayəndəsi polkovnik Qaskel Ermənistanla Azərbaycanın Naxçıvan üstündə mübahisəsini çözmək üçün bölgənin neytral zona elan edilməsi və ABŞ general-qubernatorluğunun idarəçiliyinə verilməsi təşəbbüsü ilə çıxış edib.
1929 - Ədəbiyyatşünas alim, professor Şəmistan Mikayılov Borçalı mahalının (Gürcüstanın Bolnisi rayonu) Faxralı kəndində anadan olub.
1992 - ABŞ Konqresində keçmiş sovet respublikalarına humanitar yardımı tənzimləyən qanuna - «Azadlığa Dəstək Aktı»na 907 saylı düzəliş əlavə edilib.
1993 - Ermənistanın işğalçı qüvvələri Qarabağın cənubunda yeni hücuma keçiblər.
2008 - İkinci müddətə Azərbaycan Respublikasının prezidenti seçilmiş İlham Əliyevin rəsmi andiçmə (inauqurasiya) mərasimi keçirilib.

25. Oktyabr
1883 - Görkəmli aktyor, xalq artisti Mirzağa Əliyev (1883-1954) anadan olub.
1912 - Xalq rəssamı, ilk azərbaycanlı qadın teatr rəssamlarından biri Bədurə Məlik qızı Əfqanlı (Ağamalova) (1912 - 7.5.2002).
1912 - Bakıda (Tağıyev teatrında) Üzeyir Hacıbəylinin «Arşın mal alan» operettasının ilk tamaşası olub. 
1921 - Xalq artisti Nəcibə Haşım qızı Məlikovanın (1921 - 27.7.1992) doğum günüdür.
1991 - Azərbaycan Respublikasının Dövlət Şurasının yaradılması və dövlət katibi postunun təsis edilməsi barədə fərmanlar verilib.
1997 - Azərbaycan neftinin Şimal marşrutu - Bakı-Novorossiysk neft kəməri ilə ixracı başlanıb.
2001 - ABŞ Senatında gərgin müzakirələrdən sonra Azərbaycana qarşı diskriminasiya aktının - «Azadlığa Dəstək Aktı»na 907 saylı düzəlişin qüvvəsinin dayandırılması barədə qərar qəbul edilib.
2002 – Gülüstan sarayında “Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı"nın təqdimatı keçirilib.
2005 - Prezident İlham Əliyev «Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında» sərəncam imzalayıb.

26. Oktyabr
1880 - Məşhur tarzən, xalq artisti Qurban Pirimov (1880-1965) Şuşa qəzasının Abdal-Gülablı kəndində anadan olub.
1917 - Bakıda «Müsavat» partiyasının I qurultayı (26-31 oktyabr) işə başlayıb. 
1926 - Məşhur neftçi Qurban Abbasqulu oqlu Abbasov («Neftçi Qurban», 1926-1992) Naxçıvan Muxtar Respublikası Babək rayonunun Payız kəndində anadan olub.
1999 - ABŞ dövlət katibinin müavini Stroub Telbott Qarabağ danışıqlarındakı vəziyyəti müzakirə etmək üçün Yerevana, oradan Bakıya gəlib.

28. Oktyabr
1911 - XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı, dramaturq, ictimai xadim Mirzə İbrahimov (1911-1993) anadan olub.
1993 - Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti Ermənistanın silahlı qüvvələrinin Azərbaycana qarşı işğalçılıq hücumlarının (Zəngilan, Cəbrayıl, Füzuli rayonları ərazilərinin işğalı) genişlənməsi ilə bağlı bəyanat verib.
1995 - Bakı metrosunda dəhşətli qəza baş verib.

29. Oktyabr
1991 – Azərbaycan Respublikasının Ali Soveti Azərbaycanın müstəqilliyinin tanınması xahişi ilə BMT-yə müraciət qəbul edib.
1993 - Ermənistan silahlı qüvvələrinin hücumu Zəngilan rayonunun, habelə Cəbrayıl və Füzuli rayonlarının Arazboyu yaşayış məntəqələrinin işğalı işə başa çatıb.
1994 – BMT-nin baş katibi Butros Qali Azərbaycan prezidenti Heydər Əliyevin dəvətilə Bakıya səfərə gəlib.
1994 – Azərbaycanla Mavritaniya arasında diplomatik münasibətlər qurulub.
2004 – BMT Baş Assambleyasının 59-cu sessiyasının iclasında «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət» adlı məsələ səs çoxluğu ilə sessiyanın gündəliyinə daxil edilib.
 2008 – Prezident İlham Əliyev Artur Rasizadənin Azərbaycan Respublikasının baş naziri təyin olunması haqqında sərəncam imzalayıb.

30. Oktyabr
1907 - Tanınmış jurnalist, tərcüməçi və naşir Adil Əfəndiyev (1907-1973) Gürcüstanın Axalsix rayonunda anadan olub.
1918 – I Dünya müharibəsində məğlub duruma düşən Osmanlı dövləti müharibənin qalibi sayılan Antanta ölkələri (Britaniya, Fransa, ABŞ) Mudros sülh sazişi imzalayaraq qoşunlarını Azərbaycandan və bütün Cənubi Qafqazdan çıxarmaq barədə öhdəlik götürüb.
1928 - Görkəmli sənətşünas alim, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademik Rasim Əfəndiyev anadan olub.

31. Oktyabr
1955 - Bəstəkar Cahangir Zülfüqarov Bakıda anadan olub. Abdulla Şaiq adına Dövlət Kukla Teatrında çalışır. 
1963 - Bəstəkar Nadir Əzimovun doğum günüdür. 
1969 - Aktrisa Mələk Abbaszadə anadan olub. 1990-cı ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino aktyorluğu fakültəsini bitirib.
1992 - Ankarada türkdilli ölkələrin dövlət başçılarının birinci zirvə toplantısı (29-31 oktyabr) yekunlaşıb.
2003 – Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəsmi inauqurasiya (andiçmə) mərasimi keçirilib.



Oxunub: 397669