Baş səhifə    » VİZİT TUR    » Əcnəbilərin hüquqları   

Əcnəbilərin hüquqları

  



Azərbaycan respublikasının qanunlarına əsasən əcnəbilərAzərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxslər hesab edilirlər. 
Azərbaycan Respublikasının Konstitusiyası, digər qanunlar və ölkənin iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə digər qaydalar müəyyən edilməyibsə,  əcnəbilər və vətəndaşlığı olmayan  şəxslər Azərbaycan Respublikası vətəndaşları ilə bərabər bütün hüquqlardan və azadlıqlardan istifadə edirlər və
bütün vəzifələri yerinə yetirirlər. Onlara şamil olunan hüquq və vəzifələri diqqətinizə çatdırırıq:

Azərbaycan Respublikası ərazisində müvəqqəti olma

Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti Azərbaycan Respublikasının 14 iyun 1994-cü il tarixli “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, 13 mart 1996-cı il tarixli “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında”, 4 aprel 1996-cı il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və 22 dekabr 1998-ci il tarixli “İmmiqrasiya haqqında” Qanunları ilə tənzimlənir.
Viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddəti ilə müəyyən olunur.
Viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti 90 gündən artıq ola bilməz.
Azərbaycan Respublikasında 30  gündən artıq yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yaşayış yeri üzrə qeydiyyata alınma üçün yaşayış yerinə gəldiyi vaxtdan 3 gün ərzində (bazar və bayram günləri istisna olmaqla) Daxili İşlər Nazirliyinin müvafiq orqanında qeydiyyatdan keçməlidirlər.
Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin qeydiyyatı Xarici İşlər Nazirliyi tərəfindən aparılır.

Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşama

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 22 iş günü qalmış Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə alınması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər.
Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazə verilə bilər:
-     Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;
-     Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olduqda;
-     Ölkə iqtisadiyyatına 500.000 manat məbləğində investisiya qoyduqda;
-     Azərbaycan Respublikasının banklarına 50.000 manat məbləğində pul vəsaiti  qoyduqda;
-     Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazə aldıqda;
-     Azərbaycan  Respublikasının  təhsil müəssisələrində əyani təhsil aldıqda;
-     iqtisadiyyat, sənaye, müdafiə, mədəniyyət, idman, elm və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda.

Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmaq  istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fərdi icazənin verilməsi  ilə bağlı yuxarıda qeyd  olunan müddətdə işəgötürən vasitəsilə Azərbaycan Respublikasının Dövlət  Miqrasiya Xidmətinə müraciət edə bilərlər.   Əməkçi miqrantın Azərbaycan Respublikasında müvəqqəti yaşamasına hüquq verən müvafiq vəsiqə fərdi icazənin qüvvədə olduğu müddətə verilir. 
Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında yaşamalarını, yaşayış yeri üzrə qeydiyyatlarını rəsmiləşdirmiş olurlar.
Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yaşayış yerini dəyişərək yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Dövlət  Miqrasiya Xidmətinə müraciət etməlidirlər.
Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə onun verilməsinə əsas olan qanunvericiliklə müəyyən edilmiş hallar mövcud olduğu müddətdə qüvvədədir.
Azı 2 il Azərbaycan Respublikasında qanuni əsaslarla müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə qanunvericiliklə müəyyən edilmiş  qaydada Azərbaycan Respublikasında daimi yaşama hüququ (immiqrant statusu) verilə bilər.
Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər (pasport və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənəd) və Dövlət Miqrasiya Xidməti  tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında Azərbaycan Respublikasından gedə və Azərbaycan  Respublikasına qayıda bilərlər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları
Sərbəst hərəkət etmək və yaşayış yeri seçmək;
Əmək fəaliyyəti ilə məşğul olmaq;
Şəxsi toxunulmazlıq;
Mənzil toxunulmazlığı;
İnvestisiya və sahibkarlıq fəaliyyəti;
İstirahət  etmək;
Sağlamlığın qorunması;
Təhsil  almaq;
Vicdan azadlığı.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istədiyi dinə sitayiş edə bilərlər. Lakin dini təbliğat apara bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında  siyasi partiyalara üzv ola bilməzlər.

 Dövlət rüsumları:
 Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununa əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində müvəqqəti olma müddətinin uzadılması barədə qərarların verilməsinə, müvəqqəti və ya daimi yaşamaq, həmçinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazələrin verilməsinə və müddətlərinin uzadılmasına, Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə, o cümlədən Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsinin və ya Yol sənədinin verilməsinə görə ödəniləcək dövlət rüsumları aşağıdakı məbləğlərdə müəyyən edilmişdir:

Ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:

 Rüsum

        1 ayadək

30 manat

        1 aydan 2 ayadək

60 manat

        2 aydan 3 ayadək

90 manat

Azərbaycan Respublikasının  ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

       3 ayadək

30 manat

       6 ayadək

60 manat

       1 ilədək

120 manat

       tələbələr (bakalavr, interna) üçün illik

40 manat

Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazənin alınmasına və müddətinin uzadılmasına görə:


1000 manat

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə itirilmiş Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin və müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə:



10 manat

Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:


300 manat

Azərbaycan Respublikasının vətəndaşlığına:

qəbul


110 manat

 bərpa

xitam

Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsinin və ya Yol sənədinin verilməsinə görə:

      5 manat




Oxunub: 408910



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on