Baş səhifə    » ƏDƏBİYYAT    » Ədəbi məclislər   

Ədəbi məclislər

  



Azərbaycan poeziyasının inkişafında müxtəlif dövrlərdə yaranmış ədəbi məclislərin önəmli rolu olmuşdur. Belə məclislər zaman-zaman təkcə Bakıda deyil, ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərmiş və bir çox parlaq imzaların tanınmasına yol açmışdır. XIX əsri belə ədəbi məclislərin meydana çıxması baxımından ən məhsuldar dövr kimi qiymətləndirmək olar. Həmin dövrdə,  Gəncədə (sonralar Tiflisdə)  “Divani-hikmət”,  Bakıda “Məcməüş-şüəra”, Şamaxıda “Beytüs-Səfa”, Qubada “Gülüstan”, Lənkəranda “Fövcül-füsəha”, Qarabağda “Məclisi-üns” və “Məclisi-fəramuşan” adlanan ədəbi məclislər Azərbaycandan kənarda da çox məşhurlaşmışdır.  

“Divani-hikmət” 

“Divani -hikmət” (“Hikmət evi”) Azərbaycanda qurulan ilk ədəbi məclislərdən biridir. 1820-1830-cu illərdə Gəncədə şair Mirzə Şəfi Vazeh tərəfindən qurulmuş, 1841-ci ildə onun Tiflisə köçməsi səbəbi ilə 1841-1846 illərdə fəaliyətini Tiflisdə davam etdirmişdir. Divanın məclislərində azərbaycanlı şairlərlə bir arada ruslar, almanlar və digər millətlərdən olan söz sənətkarları da iştirak etmişdir. “Divani-hikmət”  Mirzə Şəfi Vazehin ölümünə qədər (1852 –ci ilə qədər) Tiflisdə, Mir Mehdi Nacinin ölümünə qədər isə (1882-ci ilə qədər) Gəncədə fəaliyyət göstərmişdir. 

“Əncüməni-şüəra”
“Əncüməni-şüəra” ("Şairlər məclisi") ədəbi məclisi 1831-ci ildə Şeyxəli xan Kəngərli tərəfindən Ordubadda təşkil edilmişdir.  XIX əsrin 70-80-ci illərində məclisə Hacı ağa Fəqir Ordubadi, sonralar isə Məhəmməd Tağı Sidqi rəhbərlik etmişlər. Məclis müxtəlif fasilələrlə fəaliyyət göstərmiş, bu görkəmli sənətkarların rəhbərliyi dövründə mütərəqqi yol tutmuşdur. Fəqirin vəfatından və Sidqinin Naxçıvana köçməsindən sonra məclis zəifləmiş, 1890-1895-ci illərdə öz fəaliyyətini dayandırmışdır.

“Məclisi-üns” 

“Məclisi-üns”  (“Dostluq məclisi”) ədəbi məclisi 1864-cü ildə Şuşada şair Mirzə Rəhim Fənanın təşəbbüsü ilə təşkil edilmişdir. Məşğələləri şair Hacı Abbas Agahın evində keçirilən bu məclisin əvvəllər dörd üzvü var idi. Lakin 1872-ci ildə Xurşidbanu Natəvanın məclisi öz himayəsinə götürməsi onun məşğələlərini daha da canlandırmış, məclis üzvlərinin sayı çoxalıb otuza yaxınlaşmış və şöhrəti Qarabağın hüdudlarını aşmışdır. “Məclisi-üns”də tanınmış Qarabağ şairləri ilə yanaşı məşhur xanəndə və sazəndələr də iştirak etmişlər.

“Məclisi-fəramuşan”
“Məclisi-fəramuşan” (“Unudulmuşlar məclisi”) və ya “Məclisi-xamuşan” (“Dinməz, sakit adamlar məclisi”) adlı ədəbi məclis Qarabağda Mir Möhsün Nəvvabın təşəbbüsü ilə 1872-ci ildə təşkil edilib. Onun fəal üzvləri Həsənəliağa xan Qaradağski (Qaradaği), Abdulla bəy Asi, Sədi Sani Qarabaği (Cinli), Fatma xanım Kəminə olub. Məclisin məşğələləri Mir Möhsün Nəvvabın evində keçirdi. “Məclisi-fəramuşan” 1910-cu ilədək fəaliyyət göstərmişdir. Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak edirdilər.
 
“Fövcül-füsəha” 
XIX əsrdə 40-50-ci illərin ortalarından Lənkəranda təşkil edilmiş ədəbi məclislərdən biri “Fövcül-füsəha” (“Gözəl danışanlar dəstəsi”) adlanırdı. Yığıncaqlarında müxtəlif peşə sahiblərinin iştirak etdiyi bu məclisə tanınmış şair və müəllim Mirzə İsmayıl Qasir başçılıq edirdi. Onun əsas üzvləri Molla Ələkbər Aciz, Mirzə İsa Xəyali, Hüseynqulu Şuriş və başqaları idilər. Onlar klassiklərin əsərlərini mütaliə edir, şeirlərinə nəzirə yazırdılar.

“Beytüs-səfa” 
XIX əsrin ortalarında Şamaxıda fəaliyyət göstərən ədəbi məclis “Beytüs-səfa” (“Rahatlıq, əyləncə evi”) adlanırdı. Şamaxıda şair Məhəmməd Səfanın evində yaradılmışdı, məclisin adı da bununla əlaqədardır. Bu məclisin başçısı sonradan böyük Azərbaycan şairi kimi məşhurlaşan Seyid Əzim Şirvani, əsas üzvləri Molla Ağa Bixud, Ağababa Zühuri, Ələkbər Qafil və başqaları idi.  “Beytüs-Səfa” Şuşadakı “Məclisi-üns”, “Məclisi-fəramuşan”, Bakıdakı “Məcməüş-şüəra” ilə sıx əlaqə saxlayırdı. Məclisdə ədəbiyyat, incəsənət, fəlsəfə məsələlərinə dair söhbətlər aparılır, klassiklərin əsərləri mütaliə olunur, onların məşhur şeirlərinə nəzirələr yazılırdı, yeni yaranan qəzəllər xanəndələr tərəfindən oxunaraq yayılırdı.
 
“Məcməüş-şüara”
“Məcməüş-şüara” (“Şairlər yığıncağı”) 1880-ci ildə Bakıda təşkil olunmuşdur. Ədəbi məclisin sədri Məmmədağa Cürmi, katibi Ağadadaş Surəyya idi. İ.Zülali, M.Dilxun, Ə.Vaqif, Ə.Cənnəti, Ə.Yusif, K.Salik, M.Müsəvvir, M.Azər və başqaları məclisin fəal üzvlərindən idilər. Məclisdə bəzən qonaq sifəti ilə Seyid Əzim Şirvani də iştirak edirdi. Məclisin üzvləri olan şairlərin qəzəlləri Abşeron xanəndələrinin muğam ifaçılığında geniş istifadə olunurdu.

“Gülüstan” 
“Gülüstan” elmi-ədəbi məclisi XIX əsrin 30-cu illərində Abbasqulu Ağa Bakıxanov, Abdulla əl-Qadari və Əmirəli Tahircanlının iştirakı ilə Qubada təşkil olunmuşdur. Məclisin təşkil olunmasında əsas məqsəd dini elmlər (xüsusən təsəvvüf) və sufi ədəbiyyatı ətrafında müzakirələr aparmaq idi. Burada klassik şairlər, sufilər mütaliə edilir, onlara nəzirələr yazılır, yaxşı şeir yazmaq məqsədilə yarışlar təşkil olunur, fəlsəfi söhbət və mübahisələr aparılırdı.



Oxunub: 558787



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on