Baş səhifə    » İNCƏSƏNƏT    » İncəsənət nümunələrimiz dünya muzeylərində   

İncəsənət nümunələrimiz dünya muzeylərində

  


Azərbaycan incəsənəti xalqın tarixi qədər qədim və zəngindir. Azərbaycanlı ustaların hazırladığı incəsənət nümunələri hələ erkən dövrlərdən bütün dünyaya yayılmış və bədii mükəmməlliyi ilə ad-san qazanmışdır. Bu gün də Londonun Viktoriya və Albert, Parisin Luvr, Nyu-Yorkun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarında Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının hazırladığı sənət nümunələrini görmək olar.
Avropa, Asiya, Amerika qitəsindəki ölkələrin muzey və şəxsi kolleksiyalarına yayılan bu nadir sənət əsərlərinin çoxu ya ayrı-ayrı şəxslərdən alınmış, ya müxtəlif vaxtlarda Azərbaycanda  olmuş əcnəbi səyyah, tacir, diplomat və alimlər aparmış, ya da qarət olunmuşdur.

Rusiya muzeylərində
Rusiyanın paytaxtı Moskvada Azərbaycan xalqının əsrlər boyu yaratdığı sənət nümunələrinin böyük bir qismi mühafizə olunur.
Bunlar əsas etibarı ilə Kremlin Silah palatasında, Şərq xalqları muzeyində, Dövlət Tarix muzeyində, Xalq yaradıcılığı muzeyində, Moskva və onun ətrafında yerləşən kilsələrdə (Savvo-Storojevski, Sergiyevo kilsələri, Kiril-Belozyerski monastrı və s.) cəm olunmuşdur.

Kremlin silah palatasındakı Azərbaycana aid sənət nümunələrinin böyük bir qismini zərgərlik və bədii metal məmulatları təşkil edir. Bunlar içərisində zərif naxışlarla, qiymətli daş-qaşlarla bəzədilmiş başlıqları, qalxanları, qılınc, xəncərləri xüsusilə qeyd etmək lazımdır.

Rusiyanın Sankt-Peterburq Dövlət Ermitajında  ən qədim dövrlərdən tutmuş XX əsrin əvvələrinədək Azərbaycan ustaları tərəfindən düzəldilmiş zərgərlik, saxsı, daş, taxta üzərində oyulmuş sənət əsərləri və müxtəlif növlü toxuculuq nümunələri vardır.


Ermitajda nümayiş etdirilən abidələr içərisində ən qiymətlilərindən biri Qarabağda tapılan və  e.ə. II minilliyə aid olan bürünc öküz başı fiqurudur. 


Ermitajda saxlanılan bədii toxuculuq nümunələrinin əksəriyyətini xovlu xalçalar təşkil edir. Burada XVI əsrdən tutmuş XIX əsrə qədər Azərbaycanın məşhur xalça məntəqəlrində toxunmuş xalçalar saxlanılır.

Dövlət Ermitajında Azərbaycan şairi Nizami Gəncəvinin 1430-cu illərə aid olan "Xəmsə"si də mühafizə olunur. Bu nadir eksponat yalnız şairin beş poemasının ilk yazmalarından biri kimi deyil, həm də gözəl bir sənət əsəri kimi qiymətlidir.

Amerika Birləşmiş Ştatlarının muzeylərində
Azərbaycan ustalarının əl işlərinə xüsusilə Amerika Birləşmiş Ştatlarında daha çox təsadüf edilir.
Hazırda ABŞ-ın Vaşinqton, Nyu-York, Çikaqo, Los-Ancelos, Filadelfiya, Hyuston, San-Fransisko, Klivlend, Detroyt, Boston və başqa şəhərlərindəki muzey, bədii qalereya və şəxsi kolleksiyalarda yüzlərlə nadir sənət nümunələrimiz yer alır. 

Tarix etibarı ilə ABŞ-da saxlanılan sənət əsərləri içərisində ən qədimi metal məmulatlarıdır. Bu məmulatlar hazırda ABŞ-ın Nyu-York şəhərindəki Metropoliten və San-Fransisko şəhərindəki Asiya incəsənəti muzeyindədir.

ABŞ-da orta əsrlərə aid edilən metal sənəti nümunələri daha çoxdur. Bunlara Nyu-Yorkda Piyerpont Morqanın şəxsi kolleksiyasında saxlanılan XII-XIII əsrlərə aid edilən Naxçıvanda düzəldilmiş bürünc qabı, Cənab Hararinin şəxsi kolleksiyasında saxlanılan 703-cü il hicri tarixli (1304-cü il) və üzərində "Olcayt Xudabəndə" sözləri yazılmış bürünc qabı, Klivlend incəsənət muzeyində saxlanılan XII əsrə aid bürünc qabı və başqa nümunələri aid etmək olar.

ABŞ-da da Azərbaycan sənətkarlığını ən çox xalça sənəti təmsil edir. ABŞ-da ən qədim Azərbaycan xalçaları Nyu-Yorkun Metropoliten muzeyində nümayiş etdirilir.
Hazırda burada ölkəmizin əsas sənət mərkəzlərində toxunmuş minlərlə xovlu və xovsuz, ornamental və əla növlü xalça sənəti nümunələrimiz vardır. 

Böyük Britaniya muzeylərində
Hazırda Böyük Britaniyanın London, Birminqem, Qlazko, Liverpul, Mançester şəhərlərində yerləşən muzey, əntiq mallar mağaza və şəxsi kolleksiyalarda Azərbaycana məxsus yüzlərlə sənət əsəri var. 


Sənətkarlıq baxımından ən orijinal əsərlər Londonun Viktoriya və Albert muzeyində toplanmışdır. Həmin əsərlər muzeyin Yaxın Şərq bölməsində nümayiş etdirilir. Bunlar bədii parça, tikmə, xalça, zərgərlik, saxsı və digər sənət əsərlərindən ibarətdir. Viktoriya və Albert muzeyində toplanmış sənət əsərləri içərisində ən qədimi 1319-cu il tarixli bürünc camdır. 

Muzeydə saxlanılan xalq sənət nümunələri içərisində ən görkəmli yeri Azərbaycan xalçaları tutur. Bunları bədii və texnoloji xüsusiyyətlərinə görə iki qrupa bölmək olar: birinci qrupa XVI əsr Təbriz xalçaları, ikinci qrupa XVI-XIX əsrdə toxunmuş Quba-Şirvan, Gəncə-Qazax və Qarabağ xalçaları daxildir. Londonun xalça muzeyində 1892-ci ildə Qarabağda toxunmuş xalça nümayiş etdirilir.

Viktoriya və Albert muzeyində nümayiş etdirilən Təbriz xalçaları içərisində 1539-cu ildə Təbrizdə Şah Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunmuş və elm aləmində "Şeyx Səfi" adı ilə məşhur olan xalını xüsusilə qeyd etmək lazımdır.

Fransa muzeylərində
Hazırda Fransada saxlanılan Azərbaycanın bədii  sənət nümunələrinin böyük qismini toxuculuq məmulatları təşkil edir. Ölkənin bir çox muzey və şəxsi kolleksiyalarında Azərbaycanın Şamaxı, Şəki, Gəncə, Naxçıvan və Təbriz kimi şəhərlərində toxunmuş yüzlərlə yüksək keyfiyyətli parçalar saxlanılır. Bunlar içərisində XVI-XVII əsrlərə aid edilən süjetli parçaları xüsusi yer tutur. Hazırda Azərbaycanın ən qiymətli xalçaları Parisin Dekorativ sənətlər və Luvr muzeyindədir.


Luvr muzeyində gümüş, mis və bürüncdən düzəldilmiş çox nadir hesab edilən bir neçə bədii metal sənəti nümunələri yer alır. Bunların içərisində bürüncdən düzəldilmiş 1190-cı il tarixli orijinal fiqurlu qab diqqəti xüsusilə cəlb edir. Bu sənət əsəri hazırda Luvr muzeyinin birinci mərtəbəsində Şərq incəsənətinə aid edilən salonun tən ortasında nümayiş etdirilir. Qabın üzərindəki yazıların birində onu yaradan ustanın - Osman Salman oğlu Naxçıvaninin adı verilmişdir.

Macarıstan muzeylərində 
Macarıstanda olan Azərbaycana aid sənət nümunələri XX-ci əsrin 40-cı illərinə qədər şəxsi kolleksiyalarda saxlanılmışdır. Son 50-60 il ərzində bu nadir sənət nümunələri tədricən dövlət tərəfindən himayəyə götürülərək muzeylərdə cəmlənib. Hazırda Azərbaycana aid olan sənət nümunələrinin əksəriyyəti Budapeşt şəhərində yerləşən "Dekorativ sənətlər" və "Şərq incəsənəti" muzeyində mühafizə olunur. 

Bu gün həmin muzeylərdə Azərbaycanın 200-dən artıq xalq sənəti nümunəsi mühafizə olunur. Bunlar içərisində xalça, parça, tikmə, metal və taxdadan düzəldilmiş bir çox bədii sənət nümunələri vardır. Budapeşt muzeylərində nümayiş etdirilən sənət nümunələrinin əksəriyyətini xalçalar təşkil edir.
Burada saxlanılan Azərbaycan xalçaları müxtəlif vaxtlarda Bakı, Quba, Şamaxı, Şuşa, Qazax və Təbriz kimi məşhur sənət ocaqlarında toxunmuş xalçalardan ibarətdir.

Budapeşt muzeylərinin qiymətli incilərindən biri də müxtəlif vaxtlarda Azərbaycanda toxunmuş tikmələrdir. Burada saxlanılan tikmələr ayrı-ayrı örtük, balışüzü, süfrə, yəhərüstü və bədii pərdələrdən ibarətdir. Bu növ sənət nümunələrindən biri - XVI əsrdə Təbriz ustaları tərəfindən bəzədilmiş pərdə xüsusi maraq doğurur.

Budapeşt muzeylərində nümayiş etdirilən metal, taxta və saxsıdan düzəldilmiş sənət abidələri də diqqəti cəlb edir. Metaldan düzəldilmiş sənət abidələrinin əksəriyyətini silahlar (qılınc, xəncər) və bəzi məişət əşyaları (məcmeyi, satıl, çıraq) təşkil edir. XVIII - XIX əsrlərə aid edilən bu sənət nümunələri bədii və texnoloji xüsusiyyətlərinə görə Şirvan ustalarının əl işlərini xatırladır. Budapeştin "Dekorativ sənətlər" muzeyində nümayiş etdirilən yeganə taxta-oyma nümunəsi bədii rəhildir.

İsveçrə muzeylərində
Azərbaycana məxsus bədii incəsənt nümunələri İsveçrənin daha çox Bern, Çenevrə, Surix, Bazel, Lozonna şəhərlərindəki muzeylərdə saxlanılır. 

Bern tarix muzeyinin ekspozisiyasının mərkəzini göy və qırmızı rənglər vəhdətində stilizə edilmiş, ornament motivləri ilə XVIII əsrdə Azərbaycanda toxunmuş bir mafraş və onun altına sərilmiş kilim təşkil edir. Bern tarix muzeyində saxlanan maraqlı xalçalardan biri də 1830-cu ildə Qubada toxunmuş "Qollu çiçi" xalçasıdır.


Bundan başqa, XVIII-XIX əsrlərdə Şamaxı, Göyçay, Gəncə, Şəki, Bakı, Təbriz, Ərdəbil şəhərlərində düzəldilmiş xəncər, qılınc, tapança və barıt qabları diqqəti xüsusilə cəlb edir. Say etibarı ilə Bern tarix muzeyində Şirvan ustalarının əl işləri üstünlük təşkil edir. Bern tarix muzeyinin Şərq bölməsində XVIII-XIX əsrlərdə azərbaycanlıların  məişətində geniş istifadə edilən mis ev avadanlıqları nümunələri də vardır. 

Almaniya muzeylərində 
Almaniyanın Bonn, Hamburq, Münhen, Köln, Düsseldorf, Frankfurt-Mayn, Manheym və s. şəhərlərinin muzeylərində Azərbaycana aid əsasən xalça nümunələri saxlanılır.
Orijinallıq baxımından 1960-cı ildə Münxen şəhərindəki əntiq mallar mağazasında nümayiş etdirilən XVIII əsr Qazax xalçası da diqqəti cəlb edir.

Türkiyə muzeylərində 

Türkiyə şəhərləri içərisində Azərbaycanın dekorativ-tətbiqi və təsviri sənət nümunələri ən çox İstambulda Topqapı sarayı muzeyi, Türk və İslam əsərləri muzeyi və Xalq muzeyində cəmlənmişdir.
İstanbul muzeylərində saxlanılan nümunələr içərisində say etibarilə ən görkəmli yeri müxtəlif metallardan (qızıl, gümüş, polad, miss və s.) düzəldilmiş ev əşyaları, zərgərlik nümunələri və silahlar təşkil edir. Topqapıda saxlanılan 1528-ci il tarixli polad başlıq da orta əsr Azərbaycan zərgərliyi haqda təsəvvür yaradan qiymətli abidələrdən sayılır.

İstanbul muzeylərində saxlanılan metal sənəti nümunələri arasında vaxtı ilə Təbriz və Ərdəbildə düzəldilmiş, məscid, mədrəsə kimi tikinti və minarələrin yuxarısına sancılan bürünc ələmlər ayrıca yer tutur. 
Türkiyə muzeylərində Azərbaycan toxuculuq sənətinin də bir çox nadir nümunələri saxlanmaqdadır. Bunlardan Şamaxıda, Gəncədə, Şəkidə, Şuşa və Təbrizdə istehsal olunmuş parçalar, bədii tikmələr və xalçalar daha çox diqqət çəkir. Türkiyədə saxlanılan ən qədim Azərbaycan xalçası XIII əsrə aiddir. 



Oxunub: 473461



Azərbaycan Televiziyaları
İnternet Radio