Baş səhifə    » SON 10 İL    » Milli valyuta islahatı: manat dünyanın dəyərli pullarından biri kimi   

Milli valyuta islahatı: manat dünyanın dəyərli pullarından biri kimi

  



2004-cü ildən etibarən Azərbaycanda iqtisadi islahatların yeni mərhələsinin başlanmasında, ardınca isə ölkənin dünyada ən sürətli inkişaf edən iqtisadiyyata malik olmasında  mühüm şərtlərdən biri də milli valyutanın-manatın yenilənməsidir. 
2005-ci ildə Azərbaycanın sosial-iqtisadi inkişafı baxımından uzunmüddətli perspektivlərə, əhalinin real pul gəlirlərinin qorunmasına, yüksək inflyasiya riskini azaltmağa, xarici investisiyaları stimullaşdırmağa hesablanmış pul islahatının başlaması çox keçmədən öz müsbət nəticələrini verməyə başlayıb. 
Hazırda Azərbaycan dünyada ən stabil, ən dəyərli pul vahidinə malik olan ölkələrdən biridir. Milli valyutanın kursu dünyanın aparıcı  valyutaları-dollar, avro və funt-sterlinq qarşısında davamlı olaraq möhkəmlənib. 2008-2010-cu illəri əhatə edən ağır qlobal maliyyə böhranı zamanı da Azərbaycan öz milli valyutasının kursunu sabit saxlamağa nail olub. Nəticədə ölkə əhalisi bu böhranın nəticələrindən ciddi zərər çəkməyib.

Manatın denominasiyası

Azərbaycanın milli valyutası dövriyyəyə təzə buraxılandan sonra bir müddət kifayət qədər mürəkkəb dövrünü yaşayıb. 90-cı illərin əvvəllərində cərəyan edən iqtisadi böhran nəticəsində manat sürətlə dəyərdən düşüb, buna həm ölkədə, həm dünyada və qonşu ölkələrdə gedən proseslər öz təsirini göstərib. Nəhayət 1996-cı ildə manatın dollarla nisbətdə kursunda stabilləşmə başlayıb. 1999-cu ildə isə manat dollara nisbətdə 15 faiz möhkəmlənib. Sonradan Milli Bankın həyata keçirdiyi sərt pul-kredit siyasətini yumşaltması nəticəsində 1 dollar 4940 manata qədər bahalaşıb. Bu tendensiya 2004-cü ilin sonuna qədər davam edib. 2005-ci ildə isə Azərbaycan prezidentinin fərmanı əsasında ölkədə əsaslı pul islahatı başlayıb və manatın denominasiyası həyata keçirilib
Azərbaycan prezidentinin 7 fevral 2005-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərmana əsasən 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutulub. Mərkəzi Bank isə yeni manatın dollarla nisbətdə kursunu bərabər elan edib. Pul islahatının başlamasından sonrakı bir il ərzində həm köhnə, həm yeni milli valyuta paralel dövriyyədə olub. Nəhayət 2007-ci il yanvarın 1-dən ölkədə yeni manata keçid tamamilə başa çatdırılıb. Lakin AZM-lərin AZN-lərə dəyişdirilməsi prosesinə heç bir məhdudiyyət qoyulmayıb və proses məhdud şəkildə də olsa sonrakı illərdə də davam edib. Beləliklə, Azərbaycanda denominasiya prosesi kifayət qədər yumşaq şəkildə, iqtisadiyyata və ölkənin valyuta siyasətinə hər hansı mənfi təsirsiz başa çatdırılıb.

Pul islahatı mühüm milli layihələrdən biri kimi

Denominasiya prosesində tədavülə yeni nəsil pul nişanlarının buraxılmasının əsas məqsədi manatın nominal məzənnəsinin dünyanın aparıcı valyutaların məzənnələrinə uyğun formalaşdırmaq, milli pul nişanları dizaynını, mühafizəsini, nominal strukturunu beynəlxalq standartlara uyğunlaşdırmaq, məzənnə və qiymətlər miqyasını optimallaşdırmaq, uçot və hesablaşma sistemini sadələşdirməkdən ibarət idi. Bununla yanaşı, yeni nəsil pul nişanlarına keçid pul nişanlarında milli və tarixilik ənənələrini daha qabarıq ifadə edilməsini, ölkədə pul dövriyyəsini yaxşılaşdırılmasını, o cümlədən nağd pulun istehsalı, daşınması, saxlanması və emalı ilə bağlı dövlət xərclərinə qənaət edilməsini təmin etdi. Azərbaycanda yüksək beynəlxalq standartlara cavab verən pul nişanlarının dövriyyəyə buraxılmasını son dövrdə həyata keçirilən mühüm milli layihələrdən biri kimi tarixə keçib.

Hazırda manat nominal dəyərinə görə İngiltərə funt-sterlinqi, yapon iyeni, Latviya latı və Küveyt dinarı istisna olmaqla həm dünyanın, həm də regionun ən dəyərli valyutası hesab olunur. Eyni zamanda yeni manat dövriyyəyə buraxıldıqdan sonra digər aparıcı valyutalar qarşısında öz məzənnəsini davamlı olaraq möhkəmləndirib. Mərkəzi Bankın xarici valyutaların rəsmi kursu ilə bağlı açıqladığı məlumatlarda göstərilir ki, 2006-cı ilin ilk iş günündə, yəni yeni manatın tədavülə buraxıldığı ilk gündə 1 dollar 0,9184 manata bərabər olub. 2012-ci ildə isə bu göstərici orta hesabla 0.786 manat təşkil edib. Beləliklə, bu müddət ərzində dollar manat qarşısında 14,4%, avro 4,5% (1,0882 manatdan 1,0291 manata), funt-sterlinq 21,9% (1,587 manatdan 1,2403 manata), rubl isə 18,2% ( 0,0319 manatdan 0,0261 manata) dəyərdən düşüb. 
MDB ölkələrinin milli valyutaları ilə müqayisədə isə manatın ümumiyyətlə rəqibi yoxdur. 
Müqayisə üçün: hazırda bir Belarus rublu 0,00009 manat, gürcü larisi 0,475 manat, qazax tengəsi 0,0052 manat, qırğız somu 0,0162 manat, Moldova leyi 0,064 manat, özbək somu 0,0004 manat, rus rublu 0,025 manat, tacik somonisi 0,164 manat, türkmən manatı 0,27 manat, Ukrayna qrivnası 0,096 manat, erməni dramı 0,0019 manatdır. Azərbaycanla yaxın ticarət əlaqəsi olan digər ölkələrin valyutası ilə müqayisədə fərq manatın xeyrinədir. Belə ki,  Birləşmiş Ərəb Əmirliyinin bir dirhəmi 0,213 manata, Çin yuanı 0,12 manata, İran rialı 0,00006 manata, türk lirəsi 0,43 manata dəyişdirilir. 
(Zəruri qeyd: manatın xarici valyutalarla müqayisədəki məzənnəsində vaxtaşırı olaraq cüzi artım və azalmanın baş verməsi nəzərə alınmaqla bu rəqəmlərdə də cüzi dəyişikliklər mümkündür).

Sabit kurs siyasətinin əsas aspektləri
Mərkəzi Bankın ölkənin pul-kredit siyasətinə dair hesabatına görə, manatın məzənnəsinin sabit qalması ölkədə inflyasiyanın, iqtisadi subyektlərin xarici borc yükünün və dollarlaşmanın artmamasına və bütövlükdə, əhalinin real pul gəlirlərinin qorunmasına imkan verir. 
Lakin, məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla da qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün Mərkəzi Bank tərəfindən I yarımildə 639,4 milyon manat həcmində valyuta sterilizasiyası həyata keçirilib. Nəticədə dövr ərzində manatın ABŞ dollarına qarşı məzənnəsi mülayim templə, cəmi 0,1% möhkəmlənib. Mərkəzi Bank milli valyutanın məzənnəsinin sabitliyi ölkədə makroiqtisadi duruma və maliyyə sektorunun sabitliyinə müsbət təsir göstərdiyini bildirir. İl ərzində Mərkəzi Bank manatın ikitərəfli məzənnəsinin sabitliyini təmin edib. Manatın real çoxtərəfli məzənnəsi isə ucuzlaşıb ki, bu da qeyri-neft sektorunun rəqabət qabiliyyətinin yaxşılaşması baxımından müsbət haldır.

Beləliklə, Azərbaycan dünyada ən möhkəm milli valyutalardan birinə malik olmaqla öz iqtisadi mövqelərini daha da möhkəmləndirib, bununla da xarici investisiyalar üçün cəlbedici ölkəyə çevrilib. Ölkə prezidenti İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycanın iqtisadi potensialı və sənaye gücü  manatın indiki kimi güclü qalmasına imkan verir. 



Oxunub: 442424



Azərbaycan Televiziyaları
İnternet Radio