Baş səhifə    » İNCƏSƏNƏT    » Azərbaycanın qədim kitabxanaları   

Azərbaycanın qədim kitabxanaları

  


Azərbaycanda kitabçılıq sənətinin inkişaf dövrü eramızın XI əsrinə aid edilsə də, əslində onun tarixi çox-çox qədimlərə gedib çıxır. Yaşadığımız bölgədə ilk kitabxanalar çox uzaq tarixdə dövlət qurumlarının yarandığı dövrlərdə meydana gəlmişdir. Tarixdən bəlli olduğu kimi, V əsrdə Qafqaz Albaniyasında 52 hərfdən ibarət alban əlifbası tərtib edilmişdi. Beləliklə, bir çox kitablar alban dilinə tərcümə edilmiş, kilsə və məktəblərdə kiçik kitabxanalar təşkil olunmuşdur. Azərbaycanda İslam dini yayıldıqdan sonra isə məscid və mədrəsələrdə kitabxanalar meydana gəldi və kitab mədəniyyəti geniş yayılmağa başlayıb.
Amma bu inkişaf XI əsrdə sözün əsl mənasında dönüş mərhələsinə qədəm qoyub. Bu dövrdən etibarən yaranan nüfuzlu əsərlərin qorunub saxlanılması üçün kitabxanaların sayı da artmağa başlayıb. 

İlk şəxsi kitabxanalar
Bəhmənyarın Kitabxanası
Azərbaycanda zəngin kitabxanaların yaranması bir sıra görkəmli şəxslərin adı ilə bağlı olmuşdur.
Belə şəxslərdən biri İbn Sinanın tələbəsi, filosof Əbülhəsən Bəhmənyardır (993-1066). XI əsrdə ən gözəl kitabxanalardan biri Bəhmənyarın şəxsi kitabxanası olmuşdur. Bu kitabxana qiymətli kitablarla zəngin olmuş və Bəhmənyar buranı alimlərin fikir mübadiləsi mərkəzinə çevirmişdir. Kitabxanada onun öz əsərləri də əsas yer tuturdu. Bəhmənyarın məşhur “Təhsil kitabı” müəllifə yalnız Azərbaycanda deyil, bütün dünyada böyük şöhrət qazandırmışdır. Əsər ərəb və fars dillərinə tərcümə edilmişdir. Əsərin sonrakı illərdə köçürülmüş fars nüsxələrindən biri Özbəkistanda Biruni adına Şərqşünaslıq İnstitutunda, bir nüsxəsi isə İranda Milli Şura Məclisinin kitabxanasında saxlanılır. Əsərin ərəbcə əlyazma nüsxələri dünyanın bir sıra kitabxanalarında (Beyrut, İstanbul, Qahirə, London, Vatikan) mühafizə edilməkdədir. 
XII-XIII əsr müəlliflərinin çoxu öz əsərlərində Bəhmənyarın adını misilsiz kitab yaradıcısı, elm fədaisi və özündən sonrakı qələm sahiblərinin bir çoxuna güclü təsir göstərən alim kimi çəkmişdir. 

Xətib Təbrizinin kitabxanası
Azərbaycan kitabının inkişafında misilsiz xidmətləri olmuş şəxsiyyətlərdən biri də Xətib Təbrizidir (1030-1109). X.Təbrizinin Təbrizdə zəngin şəxsi kitabxanası olmuşdur. O, Azərbaycan alimi Əbu Mənsur Məhəmməd Əl-Əzhərinin (895-980) “Təhzibül-lüğə” (“Dilin təmizlənməsi”) kitabını tədqiq edərkən kitabda rastlaşdığı bəzi çətin məsələləri araşdırmaq üçün, həmin kitabı özü ilə götürüb ərəb filosofu Əbül-Üla Müərrinin (973-1057) yanına - Bağdada getmiş və ömrünün sonunadək Bağdadda yaşamış, orada da dəfn edilmişdir. İlk Azərbaycan ədəbiyyat nəzəriyyəçisi kimi tanınan X.Təbrizi Ə.Müərrinin yanına gedərkən hədiyyə olaraq ərəb aliminə şəxsi kitabxanasından bir neçə kitab da aparmışdır. O, Bağdadda dəfn edilərkən həmin kitabların (17 adda) və bütün əsərlərinin sərgisi təşkil edilmişdir. 

Nəsrəddin Tusi və “Seyyidəna” kitabxanası
Azərbaycan və dünya kitab nümunələrinin toplanılıb gələcək nəsillərə ötürülməsində N.Tusinin (1201-1274) əməyi misilsizdir. Tarixi mənbələrdə qeyd edilir ki, Tusi Qəzvin şəhərinin şimalında tikilmiş Ələmuq qalasında iyirmi ildən artıq həbsdə olarkən burada Həsən Səbbah tərəfindən yaradılmış kitabxanasında müdir işləmişdir. Hülaki xanın göstərişi ilə 1256-cı ildə Tusi həbsdən azad olunmuşdur. Tusinin türk mənşəli olduğunu müəyyənləşdirəndən sonra Hülaki xan onu özünə baş məsləhətçi təyin etmişdir. Bundan sonra Tusi Hülaki xanın əmri ilə tikdirdiyi Marağa rəsədxanasında kitabxana təşkil edib dünyanın müxtəlif ölkələrindən bura dörd yüz mindən çox kitab toplamışdır. Bu kitabların böyük bir qismi Bağdad, Şam, Əlcəzair, Mosul və digər şəhərlərdən toplanılmışdı. Çox təəssüf ki, 1258-1261-ci illərdə tikilmiş kitabxanadan Tusinin yüz əsərinin hamısı bizə gəlib çatdığı halda, Marağa rəsədxanasındakı kitablardan əsər-əlamət qalmamışdır.

Rəşidəddin və “Rəşidiyyə” kitabxanası
XIII-XIV əsr Azərbaycan və dünya kitabının himayədarı kimi F.Rəşidəddinin (1247-1318) adı xüsusilə qeyd edilir. O, Elxanilər dövlətinin baş vəziri işləmiş və dörd hökmdarın dövründə ölkənin mədəni həyatına, o cümlədən, təhsilin və kitab sərvətinin inkişafına rəhbərlik Rəşidəddinə tapşırılmışdı. O, Təbriz, Qazaniyyə və b. şəhərlərdə bir çox kitabxanalar təsis etdirmişdir. Özünün adı ilə adlandırılan, Təbrizin şimal-qərbində yerləşən Rəşidiyyə şəhərciyində iki kitabxana, eyni zamanda universitet və onun tərkibində bir kitabxana fəaliyyət göstərmişdir. Altmış mindən çox kitabı olan hər iki kitabxanaya, o cümlədən Azərbaycanın ilk universiteti sayılan “Rəşidiyyə” universitetinin kitabxanasına, şəhərin məscid və şəfa evi kitabxanasına kitablar İran, Hindistan, Misir, Çin, Yunanıstan, Bizans və b. ölkələrdən toplanılmışdı. Bu kitablar arasında Azərbaycan müəlliflərinin kitabları da əsas yer tuturdu. Rəşidəddinin təşkil etdiyi zəngin kitabxanalar N.Tusinin açdığı kitabxanadan sonra ölkənin ikinci böyük elm ocağı hesab edilirdi. Kitab sərvətini qorumaq üçün Rəşidəddin öz himayəsində olan xəttatlara ən zəruri hesab etdiyi kitabların üzünü dəfələrlə köçürtdürüb ölkənin başqa kitabxanalarına göndərirdi ki, təbii fəlakətlər vaxtı xalqın kitab sərvəti itib-batmasın. 

Kitabxanaların sonrakı inkişafı 
Kitabçılığın inkişaf etdiyi orta əsrlərdən sonra Azərbaycanda artıq bir neçə növ - saray, dini, xüsusi elmi və şəxsi kitabxanalar mövcud idi. Saray kitabxanaları arasında Şirvanşahlar Sarayının kitabxanasını (XII əsr), Təbriz kitabxanalarını (XIII əsr), Ağqoyunlu, Qaraqoyunlu və Səfəvilər dövlətlərinin saray kitabxanalarını (XIV-XVI əsrlər) qeyd etmək lazımdır. Saray kitabxanaları arasında XIV əsrdə Azərbaycanın görkəmli dövlət xadimi Şah İsmayıl Xətai tərəfindən yaradılan Təbriz saray kitabxanası çox mühüm yer tuturdu. 1522-ci ildə Şah İsmayıl Xətai kitabxana işi haqqında dövlət fərmanı imzalamışdır. Bu dövrün dini kitabxanaları arasında Ərdəbildəki Şeyx Səfi rəsədxanasının kitabxanası, elmi kitabxanalar arasında isə fondunda 400 000-dən çox kitab olan Marağa rəsədxanasının (XIII əsr) kitabxanası xüsusilə mühüm yer tuturdu. XIX əsrin 40-cı illərindən başlayaraq, Azərbaycanda yeni milli ictimai kitabxanalar, habelə bir çox görkəmli simaların şəxsi kitabxanaları meydana gəlməyə başladı. 1905-1907-ci illərdə Azərbaycan milli mədəniyyətinin inkişafı üçün çalışan ziyalılar xeyriyyə cəmiyyətləri təşkil edir, kitab nəşrini yaymağa çalışır, kitabxana və qiraətxanalar açırdılar.
Azərbaycan Demokratik Respublikası dövründə (1918-1920-ci illər) M.Ə.Sabir adına Kitabxana və Bakı Dövlət Universitetinin kitabxanası yaradıldı. 1920-ci ildə Azərbaycanda 965 məktəb kitabxanası vardı. Bakı və onun ətraf rayonlarında 50-yə yaxın, rayon və kəndlərdə isə 100-dən çox kitabxana fəaliyyət göstərirdi.
Rəsmi faktlara görə, hazırda ölkəmizdə 12 mindən çox kitabxana var. 

Kitabxanalarla bağlı əlavə məlumat üçün www.azerbaijans.com/content_161_az.html linkini seçin.




Oxunub: 450555



Azərbaycan Televiziyaları
İnternet Radio