Baş səhifə    » TEATR    » Teatrlar   

Azərbaycan Dövlət Akademik Mili Dram Teatrı

  

1873-cü il martın 10-da «Nəciblər klubu»nda görkəmli maarifçi Həsən bəy Zərdabinın rəhbərliyi ilə Bakı realnı məktəbin şagirdlərinin M.F.Axundovun «Lənkəran xanının vəziri» komediyasını tamaşaya qoyması ilə peşəkar milli teatrın, başqa sözlə, Akademik Milli Dram Teatrının (AMDT) bünövrəsi qoyulmuşdur. Əvvəllər müxtəlif truppalar şəklində («Nicat», «Səfa», «Həmiyyət» mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrində, həmçinin «Müsəlman Dram Artistləri İttifaqı», «Hacıbəyov qardaşları müdiriyyəti» şəklində) tamaşalar verən teatr, 1919-cu ildən bu günədək Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir. Teatrın adı müxtəlif illərdə Hökumət teatrosu, Birləşmiş Dövlət Teatrosu, Azərbaycan Türk Dram Teatrosu və s. adlandırılmış, Dadaş Bünyadzadənin (1923-1933) və Məşədi Əzizbəyovun (1933-1991) adını daşımışdır. 1959-cu ildə yüksək nailiyyətlərinə görə teatra Akademik adı verilmişdir. Sənət ocağı 1991-ci ildən Akademik Milli Dram Teatrı adlanır. Teatrın 125 illik tarixində Əbülfət Vəli, Məhəmməd bəy Əlvəndi, Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Əbülhəsən Anaplı kimi aktyor məktəbi yaradanlardan sonra, böyük aktyor və rejissor nəsli yetişmişdir: SSRİ xalq artistləri Mirzağa Əliyev, Sidqi Ruhulla, Mərziyyə Davudova, Ələsgər Ələkbərov, Adil İsgəndərov (rejissor), Hökumə Qurbanova, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Möhsün Sənani, Rza Təhmasib (aktyor və rejissor) və s. M.F.Axundovun, N.B.Vəzirovun, Ə.B.Haqverdiyevin, N. .Nərimanovun, C.Cabbarlının, H.Cavidin, S.Rəhmanın, İ.Əfəndiyevin pyesləri ilə pərvəriş tapan AMDT müxtəlif illərdə dünya klassiklərindən Şekspirin, Şillerin, Molyerin, Lope de Veqanın, Karlo Haldoninin, A.Dümanın, V.Hüqonun, H.Hauptmanın, Moris Meterlinkin, Balzakın, Yucin O`Nilin, B. Nuşiçin, M.Sebastianın, H.Heynenin, Volterin, A.Ostrovskinin, A.Puşkinin, M.Lermontovun, L.Tolstoyun, N.Qoqolun, A.Çexovun və onlarca bu kimi dramaturqların əsərlərini repertuarına daxil etmişdir.

Ünvan: Bakı şəhəri, Fizuli küçəsi 1
Tel: (99412) 494-75-41
Mobil: (99455) 777-63-15
Faks: (99412) 492-02-59
E-mail: [email protected]
Sayt : http://azdrama.az/



Oxunub: 477311