Baş səhifə    » TEATR    » Teatrlar    » Azərbaycan Dövlət Musiqili Komediya Teatrı   

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı

  



Azərbaycan Dövlət Musiqili Komediya Teatrı (ADMKT) respublikanın ən böyük musiqili teatrlarındandır. Üzeyir Hacıbəyovun 1909-cu ildə yazdığı "Ər və arvad" musiqili komediyasının ilk tamaşası 24 may 1910-cu ildə Bakıda Nikitin qardaşlarının sirk binasında olmuşdur. Məhz bu tamaşa ilə də Azərbaycan Musiqili Komediya Teatrının əsası qoyulmuşdur.
1938-ci ilə qədər musiqili komediyalar Azərbaycan Opera və Balet Teatrında (AOBT) oynanılmışdır. 1938-ci ildə müstəqil musiqili komediya teatrı (Azərbaycan və rus bölmələri ilə) təşkil edildi və teatr həmin ilin sentyabr ayından rəsmi olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrı statusu aldı. 1939-cu ildə ilk Azərbaycan Sovet musiqili komediyası "Beş manatlıq gəlin" (S.Rüstəmov), "Ər və arvad", "Evliykən subay", sonralar isə "Toy kimindir?" (A.Məşədibəyov), "Qızıl gül" (S.Hacıbəyov), teatrın rus bölməsində isə "Mavi mazurka" (F.Leqar), "Arşın mal alan" (Ü.Hacıbəyovun), «Sirk kraliçası» (İ.Kalman), "Malinovkada toy" (B.Aleksandrov) və.s. tamaşaya qoyulmuşdur.
1940-cı illərdən başlayaraq teatr Azərbaycan mədəni həyatında aparıcı mövqedə olmuşdur.
1988-1992-ci illərdə teatrın binasının olmaması və respublikada baş verən ictimai-siyasi hadisələr, həmçinin Qarabağ hadisələri teatr kollektivinin yaradıcılığına bir qədər təsir etsə də, sonradan teatr özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Kollektiv bir-birinin ardınca yeni-yeni tamaşalar hazırlayaraq repertuarını zənginləşdirməyə başlamışdır: "O olmasın bu olsun", "Nəğməli Könül", "Səhnədə Məhəbbət", "Hələlik", "Hərənin öz ulduzu", "On min dollarlıq keyf", "Dəli Dünya", "Bir saatlıq xəlifəlik", "Bankir adaxlı", "Məhəbbət oyunu"və s.
İndi teatrın həm Azərbaycan, həm də rus bölmələrində zəngin repertuar formalaşmışdır.

Ünvan: Akademik Zərifə Əliyeva prospekti, 8 Bakı - AZ1000
Telefon: (99412) 4984917, 4938837



Oxunub: 245184



Azərbaycan Televiziyaları
İnternet Radio