Baş səhifə    » MUSİQİ ALƏTLƏRİ    » Simli alətlər    » Çoqur   

Çoqur

  



Tarixi qaynaqlardan aydın olur ki, XII-XVI yüzilliklərdə, qopuzun sazla əvəzlənməsi arasındakı dövrdə, Qafqaz, İran və Anadoludakı sufi mərasimlərində, dərviş- aşıq məclislərində “çağır”, “çaqur”, “çuqur”, “çoğur” adlı musiqi alətindən istifadə edilmişdir. Ehtimal ki, çoğur “haqqı, Allahı çağırmaq üçün istifadə edilən musiqi aləti” mənasını verir. Bu sözün dilimizdə işlənən “çal-çağır” ifadəsindən törənməsini və sonralar “çoğur” kimi formalaşmasını də güman etmək olar. Müxtəlif tarixi mənbələrdən məlumdur ki, orta əsrlərdə Səfəvi dövlətinin ordusunda yüksək döyüş əhval-ruhiyyəsi yaratmaq üçün çoğur musiqi alətindən istifadə etmişlər.
Əli Rza Yalçının “Cənubda türkmən çağları” əsərində çoğurun 9 teli 15 pərdəsi və gözəl səs tembri olmasından söz açılır. Tarixi faktlardan belə qənaətə gəlmək olar ki, XII-XIII yüzilliklərdə ozan qopuzunun çoğurla, XV-XVI yüzilliklərdə isə çoğurun sazla əvəzlənməsi mərhələləri olmuşdur. Ancaq çoğurun başqa növləri Qafqazda, eləcə də İraq türkmanları arasında dövrümüzə qədər gəlib çatmışdır.
Azərbaycan Tarixi Muzeyinin fondunda saxlanılan XIX əsrə aid çoğur musiqi aləti üç qoşa simdən və 22 pərdədən ibarətdir.
Alətin çanağı tut ağacından yığma üsulu ilə hazırlanır. Çanağın üst hissəsi 4 mm qalınlığında ağac üzlüklə örtülür. Qol və kəllə hissəsi qoz, aşıqları isə armud ağacından hazırlanır. Ümumi uzunluğu 880 mm, çanağının uzunluğu 400 mm, eni 225 mm, hündürlüyü 140 mm-dir. Qoluna 22 pərdə bağlanır. Çanağın yan tərəflərində 2, üst hissəsində isə səs rezonansı üçün bir neçə oyuq açılır.
Səs düzümü kiçik oktavanın ”do” səsindən ikinci oktavanın “sol” səsinə kimidir.





Oxunub: 558011



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on