Baş səhifə    » MUSİQİ    » Klassik musiqi    » Orqan musiqisi   

Orqan musiqisi

  



Orqan (latın sözü olub, orqanum, “instrument, alət” deməkdir) - ən böyük dini klavişli musiqi aləti hesab olunur. Orqan klavişli, nəfəsli alətdir. O əsrlər boyu mövcud olub, təkmilləşdirilib. Trubalarının sayə və ölçüsü müxtəlifir. Hər truba özünəməxsus şəkildə səs verir. Onlar eyni köklənsələr də, bir registrdə məxsusdurlar. 
Orqan musiqisi əsasən kilsələrdə ifa edilir.
Orqan ifaçılığı Azərbaycanda təxminən 60-cı illərdə inkişaf etməyə başlamışdır. Buna əsas təkan 1961-ci ildə Azərbaycan Milli Konservatoriyasında (AMK) orqan sinfinin açılması olmuşdur. Sinfin açılmasında məşhur orqançılar İ.Braudo və L.Royzmandan dərs almış birinci azərbaycan orqançısı, professor Z.Q.Cəfərova fəal rol oynamışdır.
1964-cü ildə Konservatoriyanın böyük zalında konsert orqanının quraşdırılması ilə orqan musiqisi çoxsahəli musiqi mədəniyyətinin ayrılmaz hissəsi kimi Respublikanın musiqi həyatına birdəfəlik daxil oldu. Müxtəlif məktəb və ölkələri təmsil edən çoxsaylı orqançılar qastrol səfəri ilə çıxışlar edərək orqan musiqisinə və ifaçılığına marağı daha da artırdılar.
Sinifdə xüsusi təhsil alan azərbaycanlı orqançılar, sonralar 1995-ci ildə yaranan orqan və klavesin kafedrasının özəyini təşkil etdilər.
Milli kadrların hazırlanması, konsert həyatının genişlənməsi Azərbaycan bəstəkarlarını milli incəsənətin yeni janrını – azərbaycan orqan musiqisini yaratmağa sövq etdi.
1996-cı ildə xanım Mehriban xanım Əliyeva başda olmaqla «Azərbaycan Mədəniyyətinin Dostları Fondu”nun (AMDF) köməyi ilə orqanistlərin II Respublika müsabiqəsi keçirildi. Bu, Respublikanın həyatında əhəmiyyətli hadisə idi. İ.Əliyeva, N.Rimazi, T.Kərimova, F.Abdullayeva və başqaları müsabiqənin laureatı oldular. 1998-ci ildə «Fransa və Azərbaycan orqan musiqisi» festivalı keçirildi. 2000-ci ildə Almaniyanın Azərbaycandakı səfirliyi ilə birgə böyük İ.S.Baxa həsr olunmuş festival keçirilmişdir.
Orqan musiqisinin inkişafına dövlət qayğısının artırılması bu janrın geniş perspektivlərindən xəbər verir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il 15 mart tarixli sərəncamına əsasən Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalının binası yenidən təmir edilmiş və nəticədə bu bina Bakı şəhərinin gözəl memarlıq abidələrindən birinə çevrilmişdir. Qeyd edək ki, bu tarixi-memarlıq abidəsi 1896-1899-cu illərdə yevangelik-lüteran kilsəsi kimi inşa edilmişdir. Bina 1934-cü ilədək kilsə kimi fəaliyyət göstərmişdir. Burada orqan musiqisi ilk dəfə 1900-cü ildə səsləndirilmişdir. Sonralar isə burada müxtəlif mədəni tədbirlər keçirilmişdir. 1989-cu il fevralın 1-dən bina Mədəniyyət Nazirliyinin, müstəqillik illərində isə birbaşa Azərbaycan Dövlət Filarmoniyasının (ADF) tabeliyinə keçmişdir.



Oxunub: 121171



Azərbaycan Televiziyaları
İnternet Radio