Baş səhifə    » MİLLİ FACİƏLƏR    » Soyqırım faciəsi   

Soyqırım faciəsi

  


Azərbaycanlıların soyqırımı faciəsi

Azərbaycanlılara qarşı iki əsr davam edən genişmiqyaslı qanlı soyqırım aksiyası nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirilmişdir. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan elindən-obasından didərgin düşmüşdür.
Hər bir soyqırım Azərbaycan tarixinin qanlı səhifəsidir:


Mart Soyqırımı - 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımdır. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.
Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur.

Comərdli soyqırımı - 1918-ci ildə erməni quldurları tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımdır.
Comərdli kəndi Qarakilsə rayon mərkəzindən 15 kilometr aralıda – Salvartı dağının ətəyində yerləşirdi. Comərdli Qarakilsənin ən böyük türk kəndlərindən biri idi. 1918-ci ildə daşnak Andranik Ozanyanın quldur dəstəsi Qarakilsəyə qan uddurduğu vaxt onun zülmünə tuş olmuş kəndlərdən biri də məhz Comərdli idi. Əhalinin yarıdan çoxu qətlə yetirilmiş, bəladan sıyrılanlar isə sıldırımlı dağları, qayalıqları aşaraq Naxçıvana pənah aparmışlar.

Quba soyqırımı – Qubada ermənilər tərəfindən törədilən soyqırımdır. 2007-ci ildə şəhər stadionun təmiri üçün qazma işləri aparılarkən kütləvi qəbiristanlıq aşkar edilmişdir və işlər təxirə salınaraq bölgəyə mütəxəssislər cəlb edilmişdir.
Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənmişdir. Arxeoloqların bildirdiyinə görə, birinci quyudan çoxlu insan kəlləsi, uşaq sümükləri arasından yalnız 35 skeleti bütöv halda götürmək mümkün olmuşdur. Sonradan insan sümükləri ilə dolu ikinci quyu da aşkar edilmişdir.

Azərbaycandakı dağ yəhudilərinin soyqırımı – 1918-ci ildə erməni daşnakları və digər erməni quldur dəstələri tərəfindən Azərbaycanın müxtəlif regionlarında, əsasən də Qubada yaşayan yəhudilərə qarşı törədilmişdir. 
1918-1919-cu illərdə erməni caniləri Stepan Şaumyanın, Amazapsın və Lalayanın başçılıq etdiyi daşnaq quldur birləşmələrinin Azərbaycan ərazisində törətdiyi soyqırım nəticəsində azərbaycanlılarla bərabər, ermənilərlə əməkdaşlıqdan imtina etmiş 3 minədək dinc yəhudi qətlə yetirilmişdir. Bədnam «Böyük Ermənistan» xülyasını həyata keçirmək üçün vandal erməni millətçiləri etnik azərbaycanlılarla yanaşı Cənubi Qafqaz regionunda tarixən yaşayan digər xalqlara da divan tutub, onlara qarşı kütləvi terror törədiblər. Bütün bu faktları olayla əlaqədar yüzlərlə şahid ifadələri, o dövrün tarixi sənədləri, Azərbaycandakı dağ yəhudilərinin qeydiyyat sənədləri, yəhudi ziyalılarının çoxsaylı yazılı müraciətləri təsdiq edir.

Quqark qırğını – 1988-ci ilin noyabrında Ermənistanın Quqark rayonunda azərbaycanlılara qarşı soyqırım hadisəsidir. Quqarkda 21 azərbaycanlı qətlə yetirilmişdir. Onlardan 15 nəfəri diri-diri yandırılmışdır. 12 nəfəri Barkan kəndində yaşayan azərbaycanlılar idi.
Sovet Sosialist Respublikalar İttifaqının (SSRİ) Milli Təhlükəsizlik Komitəsindən bu hadisələr barədə məlumat versələr də, Moskva susdu. Noyabr ayında Quqarkda azərbaycanlıların öldürülməsi, evlərinin talan edilməsi və yandırılması bir neçə gün davam etdi. Səbəb də bu idi ki, onlar azərbaycanlı idilər.
7 dekabr Nyu York Tayms xəbər agentliyinin yazdığına görə, Ermənistan radiosu Quqark rayonu kommunist partiyasının birinci katibi və rayon sovetinin sədrinin yalnız qırğınlar başa catdıqdan və azərbaycanlılar bu torpaqlardan tam qovulduqdan sonra öz vəzifələrindən azad edildiyi haqda məlumat vermişdir.

1988-1989-cu illərdə azərbaycanlıların soyqırımı – vahid mərkəzdən idarə olunduğu və həyata keçirildiyi üçün bu soyqırımın mərhələləri, xarakteri bütün Ermənistan ərazisi üçün eyni idi. Hər tərəfdə birinci mərhələdə erməni quldur dəstələri polisin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlı evlərinə basqın edir, onların çıxıb getməsini tələb edirdilər.
1988-1989-cu illərdə Qərbi Azərbaycanda (Ermənistan) azərbaycanlı işçilər iş yerlərinə, uşaqları isə məktəbə buraxılmır, dükan-bazarda azərbaycanlılara ərzaq və sairə satılmır, azərbaycanlıların işığı, telefonu, suyu, qazı kəsilir, onların həyat şəraiti dözülməz vəziyyətə gətirilirdi. Bu, əsl mənəvi, psixoloji terror idi ki, tez-tez fiziki terrorla da əvəz olunurdu.
Çox vaxt ermənilər azərbaycanlı evlərinə əvvəlcə cüzi qiymət qoyur, sonra hədə-qorxu gəlir, bir şey çıxmayanda ev-eşiyini dağıdır, od vurub yandırırdılar. Azərbaycanlılar səhərə qədər bel, yaba, balta və s. ilə silahlanır, tonqal yandırıb küçələrdə keşik çəkirdilər. Lakin noyabrın sonlarında ermənilər bütün Ermənistan üzrə azərbaycanlı kəndlərinin üzərinə qəti hücuma keçdilər. Bir həftənin içərisində bütün azərbaycanlı kəndləri boşaldıldı, mal-mülkləri əllərindən alındı, ələ keçirilənlər qətlə yetirildilər.
Azərbaycanlılar ayaqyalın, başıaçıq, qışın şaxtasında, qarında dağlara, meşələrə üz tutdular. Bu, heç bir insanlıq qanununa sığmayan bir müsibət olmuşdur.
1988-ci ildə Qərbi Azərbaycan ərazisində 261 azərbaycanlı kənd və qəsəbəsi boşaldılıb ki, onlardan da xalis azərbaycanlılar yaşayan kənd və qəsəbələrin sayı 172-i, azərbaycanlılarla başqa millətlərin yanaşı yaşadığı qarışıq kənd və qəsəbələrin sayı isə 89-dur.
Bundan başqa, daha 6 şəhərdə digər millətlərlə yanaşı, azərbaycanlılar da yaşamışlar. Bu yaşayış məntəqələrində isə soydaşlarımızın sayı 49 min 928 ailədə 250 min nəfər olub. Bu yaşayış məntəqələrinin adı və bu məntəqələrin demoqrafik göstəriciləri indiyə kimi heç bir mənbədə tam şəkildə verilməyib.
Həmçinin 1988-1989-cu illər soyqırımı zamanı Qərbi Azərbaycanda mövcud məlumatlara görə, 226 soydaşımız ermənilər tərəfindən öldürülmüş, (güllələnib, qəsdən avtomobil qəzasına salınıb, dağ yollarında donub və s.) 400 nəfərdən çox adam bədən xəsarəti alıb. Bu da həmin illərdə ermənilər tərəfindən öldürülmüş və yaralanmış soydaşlarımızın tam siyahısı deyildir.
Soydaşlarımızın fərdi təsərrüfatlarındakı əmlak da bütünlüklə ermənilər tərəfindən əvəzi ödənilmədən mənimsənilib. Qaçqın soydaşlarımıza məxsus bu əmlakın dəyəri Azərbaycan Qaçqınlar Cəmiyyətində toplanmış sənədlər əsasında təxmini hesablanaraq müəyyən olunub ki, təxminən ziyan 2,5 milyard Amerika Birləşmiş Ştatları (ABŞ) dolları təşkil edir. Kolxozlarda azərbaycanlılara məxsus olan 43789 baş iribuynuzlu, 454 660 baş xırda buynuzlu mal-qara, çoxsaylı ev quşları, arı ailələri, 170 mədəniyyət evi, 274 məktəb binası, 119 kitabxana, uşaq bağçaları, həkim məntəqələri, məscid binaları, 1381 yardımçı təsərrüfat tikintiləri, 2169 avtomaşın, 1976 traktor, 3132 kənd təsərrüfat texnikası, minlərlə hektar üzüm və meyvə bağları ermənilərə qaldı. 
Qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dolları təşkil edir.


Qara Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktıdır.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
SSRİ Müdafiə Nazirliyinin, DİN (Daxili İşlər Nazirliyin) və DTK-nın (Dövlət Təhlükəsizlik Komitəsinin) hazırlayıb həyata keçirdiyi "Udar" (“Zərbə”) adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 137 mülki vətəndaş öldürülmüş, 700-dən çox adam yaralanmış, 800 adam qanunsuz həbs edilmişdir. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.

Ağdaban soyqırımı – 1992-ci il aprel ayının 8-də baş verən, tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri, Azərbaycanın gözəl guşəsi Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni separatçılarının “Böyük Ermənistan” yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqrımdır. Ağdaban soyqırımı – bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insani işgəncələr verilməsi, yurdundan didərgin salınması!
Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırılmış, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilmişdir. 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmış, 2 nəfər itgin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir.


Xocalı soyqırımı – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoratıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.
Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.
Fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər Xocalı sakini Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.



Oxunub: 178868