Baş səhifə    » TARİX    » Arxeoloji mədəniyyətlər   

Arxeoloji mədəniyyətlər

  



Kür-Araz mədəniyyəti
Son eneolit və erkən tunc dövrünə (e.ə. IV minilliyin sonu - III minillik) aid mədəniyyət. Başlanğıcını Azərbaycan ərazisindən götürən bu mədəniyyət Şimali Qafqazdan Mesopotomiyaya, Şərqi Anadoludan Orta Asiyaya qədər geniş bir ərazini əhatə etmişdir. İlk dəfə Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı aşkarlandığından Kür - Araz mədəniyyəti adlandırılmışdır.
Bu mədəniyyət ilk dəfə 1940-cı illərdə, Kür-Araz çayları arasındakı ərazilərdə tapılmış materiallar əsasında müəyyənləşdirilmişdir. O vaxt Kür-Araz mədəniyyətini eneolitə aid edirdilər. Sonralar aydın oldu ki, bu mədəniyyətin hüdudları Kür-Araz çayları arasından çox genişdir, abidələri isə e.ə. IV minilliyin ortalarından III minilliyin son rübünədək xronoloji çərçivəni əhatə edən ilk tunc dövrünə aiddir.

Aşel mədəniyyəti
Azərbaycanda Aşel mədəniyyəti Quruçay mədəniyyəti əsasında inkişaf etmiş və onun ikinci mərhələsini təşkil etmişdir. Aşel mədəniyyətinə aid tapıntılar Azərbaycan ərazisində Qazax rayonunun Qayalı, Acıdərə, Şişquzey düşərgələrindən və digər abidələrdən aşkar edilmişdir. Lakin Aşel mədəniyyətinə aid ən zəngin maddi-mədəniyyət nümunələri Azıx mağarasından aşkar olunmuşdur. Azıx mağarasında Aşel mədəniyyətinin başlıca olaraq erkən və orta mərhələsi geniş təmsil olunmuşdur. Erkən Aşel 700-500 min il bundan əvvələ aid edilir. Azıx mağarasında erkən Aşel Quruçay mədəniyyəti əsasında inkişaf etmiş və onun davamı olmuşdur. Bu təbəqədən xeyli daş məmulatı (2000-dən artıq), ocaq qalıqları, müxtəlif heyvan sümükləri, bitki ovuntusu aşkar olunmuşdur. Əmək alətləri arasında kobud çapacaqlar, qaşovlar kəsici alətlər və ərsinlər xüsusi yer tutur. Çapacaqlar həcminə görə Olduvay, Ubeydiyə, Terra-Amatadan tapılmış alətlərlə uyğundur.

Quruçay mədəniyyəti
Əsasən Azıx mağarası əsasında tədqiq edilmişdir. İbtidai insanların həyatında mağaranın yaxınlığından axan Quruçayın böyük əhəmiyyəti olmuşdur. Məhz buna görə də Azıx mağarasının 7-10-cu təbəqələrindən aşkar olunmuş yeni arxeoloji mədəniyyətin maddi-mədəniyyət qalıqlarına Quruçay mədəniyyəti adı veilmişdir. Aparılan kompleks tədqiqatlar zamanı Quruçay mədəniyyətinin bir neçə inkişaf mərhələsi müəyyən edilmişdir. Quruçay mədəniyyətinə aid əmək alətləri Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə yaxınlıq təşkil edir.

Anazağa yaşayış yeri
Anazağa yaşayış yeri Qobustan qoruğu binası yaxınlığında, Böyükdaş dağının üst hissəsində yerləşir. Burada Kür-Araz mədəniyyətinə aid maddi- mədəniyyət qalıqları əldə edilmişdir. Tapıntılar qara və şabalıdı rəngli cilalı qab parçalarından, daş alətlər, gil təkər modeli və başqa əşyalardan ibarətdir.

Babadərviş yaşayış yeri
Babadərviş yaşayış yeri Мingəçevirdən qərbdə, Qazax şəhərinin cənub qərbində, Ağstafaçayın sol sahilində yerləşir. Eneolit dövrünə aiddir. Buradan gil qab parçaları, məişət əşyaları, heyvan sümükləri və yanmış taxıl qalıqları aşkar edilmişdir.

Böyükdaş yaşayış yeri
Böyükdaş yaşayış yeri eyni adlı dağın üst hissəsində aşkar edilmişdir. Burada bir sıra daşdan hörülmüş dördkünc planlı, çoxotaqlı binanın qalıqları müəyyənləşdirilmişdir. Dağılmış tikinti qalıqları arasında, üzərində çubuq izləri olan gil suvaq parçalarına rast gəlinmişdir.

Leylatəpə abidəsi
Mədəniyyətə daxil olan Leylatəpə abidəsi Ağdam rayonunda yerləşir. Bu abidənin tikililəri dördbucaqlı formadadır. Abidədən 12 dulus sobası aşkarlanıb və bu formada sobalara Qafqazın heç bir analoji dövr abidələrində rast gəlinmir. Leylatəpə abidəsinin ən maraqlı tapıntıları buradan aşkar olunan 4 gil qabda dəfn olunmuş uşaq qəbirləridir.

Keçili təpəsi abidəsi
Leylatəpə mədəniyyətinə aid olan digər abidə Keçili təpəsi abidəsidir. Abidə Şəmkir rayonunun Keçili kəndindən şimalda yerləşir. Keçili təpəsi abidəsindən aşkar olunan materialların xronoloji müqayisəsi, eyni zamanda burada qeydə alınan yastı oturacaqlı gil qablar bu yaşayış yerinin eneolitin son mərhələsinə aid olduğunu sübut edir.

Böyükkəsik abidəsi
Leylatəpə mədəniyyətinə xas olan abidələrindən biri də Böyükkəsik abidəsidir. Abidə 2004-cü ildə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilişi zamanı aparılan qazıntı işləri zamanı Tovuz rayonu ərazisində tapılıb. Abidədə dördbucaqlı formada tikili qalıqları ilə yanaşı uşaqlara məxsus gil qablarda dəfn etmə faktlarına da rast gəlinib.

Qobustan qayaüstü rəsmləri
Qobustan petroqliflərini - açıq səma altında muzey də adlandırırlar. Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində yerləşən bu qayalı massiv Xəzər dənizinin yaxınlığında, qədim Şirvan yolu boyunca çəkilmiş müasir şosse yolunun üzərindədir. Burada çoxsaylı qayaüstü təsvirlər, qayaların altında yerləşən qədim insan məskənləri və kurqan qəbrləri aşkar edilmişdir. Bu qayalarda regionun 15 min illik həyat tarixi - yuxarı paleolit dövründən orta əsrlərə qədər böyük bir zaman kəsiyi əks olunmuşdur.
Qobustanın ilk tədqiqatçısı arxeoloq İshaq Cəfərzadə 1939-cu ildə bu unikal yerlər barədə ilk dəfə dünya elminə məlumat vermişdir. Qobustan YUNESKO-nun "Dünya irsi" siyahısına daxil olunmaq üçün nominasiya edilmişdir.

Ağsal yaşayış yeri
Ağsal yaşayış yeri Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında yerləşir. Abidə yalnız kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Buradan Orta Tunc dövrünə aid gil qab parçaları, dən daşları aşkar olunmuşdur. Tapıntılar arasında boyalı qab parçaları da vardır.

Naxçıvan nekropolu
Naxçıvan nekropolu Naxçıvan şəhərinin şimalında, Naxçıvan-Şahbuz şosse yolunun sol tərəfində yerləşir. Torpaqda qazılan qəbirlər dördkünc formalı olub, şimal-cənub, şərq-qərb istiqamətinə yönəlmişdir. Qəbirlərdə cüt və kollektiv dəfnlər olmuşdur.
Naxçıvan nekropolunun qəbirlərindən qara, boz, polixrom boyalı gil qablar, tunc bilərzik, üzük, sırğa və müxtəlif minerallardan hazırlanmış muncuqlar tapılmışdır. Arxeoloji materiallara əsasən, nekropol e.ə. XVII-XV əsrlərə aid edilmişdir.

Culfa nekropolu
Culfa nekropolu dəmir yolu çəkilərkən,1939-1940-cı illərdə dağıdılmışdır.
Bu nekropolun materialları, hazırda Gürcüstan Dövlət Tarix Мuzeyində saxlanılır. V.H.Əliyev tərəfindən nəşr olunan həmin materiallar e.ə. XIII-IX əsrlərə aid edilir.

Xoşbulaq kurqanları
Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində daş örtüklü kurqan tipli qəbirlər. Bu qəbirlərdə skelet arxası üstə oynaqlardan bükülü formada, başı qərbə doğrudur. Belə qəbirlərdə bir qayda olaraq qara rəngli, küpə formalı üç qulp qablara daha çox təsadüf olunur. Buradan həmçinin qızıl, gümüş və tuncdan hazırlanmış bəzək əşyaları da tapılmışdır.

Kültəpə
Füzuli şəhərinin mərkəzindən 40 km şərqdə, Bala Bəhmənli kəndi yaxınlığında, düzənlikdə yerləşir. Çоxtəbəqəli qədim yaşayış yeri оlduğu aşkar edilib. Arxeoloji axtarışlar zamanı Kültəpədən eneоlit-sоn оrta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri-sadə və şirli qab nümunələri, оx ucluqlar, оraq dişləri, dən daşları və s. tоplanmışdır. Tapıntı və tədqiatlar Kültəpənin Enоlit və Tunc dövrlərində оturaq əkinci icmaların böyük yaşayış yeri, оrta əsrlərdə isə qala оlduğunu göstərir.

Şomulutəpə
Füzuli şəhərinin mərkəzindən 7-8 km şimalda, Köndələnçayın sağ sahilində yerləşən, ilk və оrta tunc dövrlərinə aid yaşayış məskəni. Brradan tapılan nümunələr Şоmultəpənin e.ə. III-II minilliklərdə əkinçi-maldar icmalarına məxsus оlduğunu göstərir.

Şortəpə yaşayış yeri
Şortəpə yaşayış yeri Şərur rayonunun İbadulla kəndinin içərisində, Araz çayının sol sahilində yerləşir. Qazıntı zamanı gil qab parçaları və ocaq qurğularının qalıqları aşkar olunmuşdur. Yaşayış yerində aparılan kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində bu dövrə aid gil qab parçaları da toplanmışdır.
Yaşayış yerində ilk, orta və son tunc dövrlərinə aid mədəni təbəqələrin olduğu müəyyən edilmişdir.

Мingəçevir yaşayış yeri
Мingəçevir yaşayış yeri Yevlax şəhəri yaxınlığında, Kür çayının sağ sahilində, Bozdağ vadisinin mərkəzi hissəsində yerləşir. Burada alt qatda, bilavasitə materikin üzərində Kür-Araz təbəqəsinə, yuxarıda inkişaf etmiş tunc dövrünə və antik dövrə aid təbəqələrə də rast gəlinmişdir. Qazıntı sahəsində erkən tunc dövrünə aid dörd yaşayış binasının qalığı aşkar edilərək öyrənilmişdir.

Kərki yaşayış yeri
Kərki yaşayış yeri Sədərək rayonunun Kərki kəndindən cənubda, Tejkar dağının üzərində yerləşir. Yaşayış yerində kobud yonulmuş iri qaya parçalarından tikilmiş divar qalıqları qalmışdır. Yerüstü materiallar orta tunc dövrünə aid çəhrayı rəngli monoxrom boyalı gil qablar, dən daşları, həvəng və dəstələrdən ibarətdir.

Plovdağ
Plovdağ abidələri Araz çayından 2,0-2,5 km şimalda, Gilançayın sol sahilində, eyni adlı dağın ətəklərində yerləşir. Plovdağ və onun ətrafında aparılan arxeoloji kəşfiyyat işləri göstərmişdir ki, dağın hər tərəfində qədim dövrə aid qəbirlər və yaşayış yerlərinin qalıqları vardır. Plovdağda hələlik iki yaşayış yerinin yerüstü konturları müəyyən edilmişdir. Bunlardan birincisi dağın cənub ətəyində, dağarası çökəklikdə, ikincisi isə dağın qərb ətəyində yerləşir.

Sarıtəpə
Sarıtəpə Azərbaycanın Qazax rayonunun qərbində yerləşən, dəmir dövrünə aid ən möhtəşəm abidələrdən biridir.
Arxeoloji qazıntılar zamanı Sarıtəpədə xeyli təsərrüfat və dini xarakterli binalar aşkara çıxarılmışdır. Öyrənilmişdir ki, bu abidələri öz xarakteri baxımından hansısa bir ailə və ya kiçik bir kollektivə deyil, bütün ictimaiyyətə məxsus olmuşdur.

Uzuntəpə yaşayış yeri
Uzuntəpə yaşayış yeri uzunsov təpə şəklindədir. Əldə edilən maddi-mədəniyyət qalıqları daş alətlər, gil qab parçaları, heyvan fiqurları, ocaq qurğularından ibarətdir.

Şuşa mağara düşərgəsi
Daş dövründə yaşamış insanların məskəni. Şuşa şəhərindən cənubda, Daşaltı çayının sol sahilində yerləşir. Şuşa mağara düşərgəsində aparılan kəşfiyyat qazıntı işləri zamanı paleolit dövrünə aid 4 ədəd daş məmulatı tapılmışdır.

Daş Salahlı mağarası
Aveydağ mağaraları qrupundan olan ən iri mağara. Qazax rayonununn Daş Salahlı kəndindən Qərbdə vulkanik qayalıqdadır. Arxeoloji qazıntılar zamanı Daş Salahlı mağarasında iki mədəni təbəqə üzə çıxarılmışdır. I təbəqədən arxeoloji material tapılmamışdır. II təbəqədən paleolit dövrünə aid materiallar tapılıb. Mağaranın girəcəyində diametri 2 metr olan böyük ocaq yeri aşkarlanıb. Ocaq külü arasından daş məmulatı və heyvan sümükləri tapılıb. Heyvan sümüklərinin əksəriyyəti parçalanıb yandırılmışdır.

Damcılı mağarası
Damcılı mağarası mağara-düşərgə olub, Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Aveydağın cənub-şərqində, əhəng qayalığın altındadır.
Aveydağ mağaralar qrupundan ən irisidir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır.

Göytəpə
Güney Azərbaycanda,Urmiya gölünun Qərb sahilində yerləşir. Abidə Manna dovləti dovrunə aid edilir və Göytəpə ərazisində Manna dölətinin hansısa vilayətinin olması iddiası irəli sürülür. Goytəpədə ilk arxeoloji qazıntılar T.Berton Braunun rəhbərliyi ilə Britaniya arxeoloji cəmiyyəti tərəfindən aparılmışdır. Təpənin heç də bütün təbəqələri açılmamışdır. Burada bir neçə şurf qazılmış və e.ə. III minillikdən başlayaraq İslam dövrünə kimi uzun bir dövrü əhatə edən səkkiz ardıcıl təbəqə aşkar olunmuşdur.

Torpaqqala
Torpaqqala Azərbaycanda erkən orta əsrlər dövrünə aid şəhər yeridir.
Bu abidə Alazan çayının sol sahilində, eyniadlı təpənin üstündə, indiki Qax şəhərindən 25 km cənub–qərbdə yerləşir.
Torpaqqalada bina qalıqları, təndir və ocaq yerləri, istehsalat ocaqları, təsərrüfat küpləri, dulusçuluq və şüşə məmulatlarının müxtəlif nümunələri və sümük qalıqları aşkar edilmişdir.

Yedditəpə
Füzuli şəhərinin mərkəzindən 6 km şimal-şərqdə, Mirzə Camallı kəndi yaxınlığında yerləşir. Tunc dövrünə aid arxeoloji abidə hesab edilir. Yedditəpə iyirmiyə yaxın kurqandan ibarətdir. 1972-ci ildə arxeoloji qazıntılar zamanı Yedditəpədən erkən оrta əsrlərə və daha əvvəlki dövrlərdə (IV-VI əsrlərə aid) daş qutu qəbirlər aşkar edilmişdir. Qəbirlərdən gil, şüşə, tunc qablar, mis və gümüş bəzək əşyaları, heykəlciklər, musiqi alətləri, ( sinclər), nizə balta, qılınc, xəngər, metal tоqqa, zınqırоv və s. tapılmışdır.

Örənqala şəhər xarabalığı
Mil düzündə yerləşən qədim Örənqala yaşayış yerinin tədqiqinə hələ 1933-cü ildə başlanmışdır. Bu ekspedisiya Örənqala yaşayış yerini tədqiq edən ilk elmi ekspedisiya idi. Örənqala şəhər yerindən tapılmış Rey keramikasının ayrı-ayrı nümunələri və çoxlu miqdarda mis sikkələr göstərir ki, şəhərin çiçəklənmə dövrü səlcuq və monqol yürüşləri (XII-XIV əsrlər) dövrünə təsadüf edir. Qeyd etmək lazımdır ki, monqol işğalları dövrü dedikdə, Hülakülər dövləti dövrü nəzərdə tutulur. Belə ki, ilk monqol hücumları zamanı şəhər güclü dağıntıya məruz qalmış, uzun zaman dirçələ bilməmişdi.



Oxunub: 91340



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on