Baş səhifə    » CİZGİ FİLMLƏRİ    » Cizgi filmləri haqqında   

Cizgi filmləri haqqında

  



Kino janrlarından biri olan cizgi filmi kağız üzərində və ya kompyüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsidir.
Azərbaycanda cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərinin əvvəllərindən başlayır. 1933-cü ildə “Azərbaycanfilm” studiyasının işçiləri kinonun bu növünün istehsalı üçün əvvəlcədən hazırlıq işləri aparmış, Moskvadan lazımi materialları gətirmişlər. Onlar həmin il “Lökbatan” və “Neft simfoniyası” (rejissoru B.Pumpyanski) sənədli filmlərini çəkərkən texniki animasiyadan istifadə etmişdilər. “Cat” təlimat filmində isə (rəssam Basov) animasiyadan bütünlüklə istifadə olunmuşdur. Bu film Azərbaycan cizgi filmləri istehsalında ilk iş kimi tarixə düşdü. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilmişdir. Məhz bu film ekranlara buraxılandan sonra kinostudiyada bir qrup təşəbbüskar ilk dəfə cizgi filmi yaratmağı qərara aldı. Film üçün mövzu Azərbaycan xalq nağıllarından götürülmüşdür. Ssenarini A.Papov yazmışdır. “Abbasın bədbəxtliyi” adlanan bu ssenariyə rejissor E.Dikaryov quruluş verdi. Rəsmləri rəssamlardan Q.Xalıqov, C.Zeynalov, M.Maqomayev və Ə.Mirzəyev çəkmişlər. Filmin operatoru Q.Yegiazarov olmuşdur. Bundan başqa, Böyük Vətən müharibəsi başlamamışdan bir qədər əvvəl studiyada ikinci cizgi filminin çəkilişlərinə hazırlıq işləri görülmüşdür. “Sindbad dəniz səyyahıdır” adlanan bu səsli film olmalı idi. Lakin müharibənin başlanması ilə əlaqədar işlər yarımçıq qaldı. Qeyd etmək lazımdır ki, bundan sonra da kinostudiyada yüzlərlə elmi-kütləvi və sənədli filmlərin çəkilişində cizgi rəsmlərindən istifadə edilmişdir. Bu filmlərin yaradılmasında rəssamlardan C.Zeynalov, M.Rəfiyev, A.Axundov, N.Məmmədov, B.Əliyev, quraşdırma çəkilişləri operatoru A.Milov iştirak etmişlər.
60-cı illərin sonlarında kinostudiyada cizgi filmlərinin çəkilişi üçün şərait yaradıldı. Multfilmlərin çəkilişi üçün 20 nəfərdən ibarət rəssamlar qrupu yaradılmışdır. Multfilm sənətinin sirrlərini öyrənmək üçün studiyada xüsusi kurslar açılmışdır.1968-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında cizgi filmləri sexi bərpa olundu və istifadəyə verildi. Nəhayət, 1969-cu il fevralın 28-də “Cırtdan” adlı xalq nağılının motivləri əsasında eyni adlı cizgi filmin istehsalı başa çatdırıldı. “Cırtdan” kinostudiyanın cizgi filmləri sexinin bərpasından sonra çəkilmiş birinci film oldu. Film 1969-cu ildə ekranlara buraxıldı. Beləliklə, “Cırtdan”ın istehsalı ilə Azərbaycanda cizgi filmləri tarixində ikinci dövr başlandı.
70-ci illərdə kinostudiyanın cizgi filmləri şöbəsində 20-dən artıq cizgi filmi istehsal olunmuşdur. 1970-ci ildə multiplikatorlar kinonun bu növündə üç filmə ekran həyatı vermişdilər. Bunlardan ikisi “Ayı və siçan” (rejissor N.Məmmədov) və “Şir və öküz” (rejissor A.Axundov) mikrofilmlərdir. İkinci film o vaxt “Kaleydoskop-71” Ümumittifaq kinoalmanaxına daxil edilmişdir. Üçüncü – “Fitnə” (rejissor A.Axundov) rəngli applikasiya filmidir. Bu film isə dahi Azərbaycan şairi N.Gəncəvinin eyniadlı nağıl-novellasının motivləri əsasında çəkilmiş, təsvirin işlənməsi (rəssam E.Rzaquliyev) orta əsr Azərbaycan miniatür sənəti üslubunda həll olunmuşdur. “Pıspısa xanım və Siçan bəy” (1974) və “Cücələrim” (1980) cizgi filmlərində (rejissor A.Axundov) orijinal plastik həllin axtarışları aydın nəzərə çarpır. 1971-ci ildə A.Şaiqin eyniadlı əsəri əsasında çəkilmiş “Tülkü həccə gedir” (rejissor N.Məmədov, B. Əliyev) cizgi filmi istər üslub, istərsə də sənətkarlığa görə ən maraqlı işlərdəndir. “Çaqqal oğlu çaqqal” kukla filmi (1972, rejissor M.Rəfiyev) ilk və yeganə genişekranlı Azərbaycan cizgi filmidir. Filmlərin yaradılması üzərində rəssam – multiplikatorların böyük qrupu işləmişdir. A.Axundov, N.Məmmədov və M.Rəfiyevdən başqa M.Pənahi, B.Əliyev, H.Əkbərov, F.Quliyeva, Ə.Məmmədov da kinostudiyada cizgi filmləri yaratmışlar. “Bulud niyə ağlayır” (1973, rejissor M.Pənahi) filminin mövzusu milli folklorumuzdan götürülmüşdür. Təsvirin həlli klassik şərq miniatürünə əsaslanır. 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalında animasiya filminə I mükafat verilmişdir. “Cırtdanın yeni sərgüzəşti” filmi (1973, rejissor N.Məmmədov və B.Əliyev) kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Filmdə xalq folklorunun fantastik motivləri ilə müasirlik üzvi şəkildə bir-birinə bağlanmışdır. “Şah və xidmətçi” filminin də (1976, rejissor N.Məmmədov) əsasını N.Gəncəvinin əsərinin motivləri təşkil edir. 80-ci illərdə kinostudiyada 38 adda cizgi filmi istehsal olunmuşdur. Bunlardan “Cücələrim”, “Meşəyə insan gəlir”, “Sehrli ağac”, “Taya”, “Dəcəl dovşan”, “Sandıq”, “Sən belə cumbulusan”, “Sehrli ləçək”, “Akvarium”, “Cırtdan və div”, “Yeni il əhvalatı”, “Sehrli naxışlar” applikasiya üsulu ilə çəkilmişdir. 80-ci illərin əvvəllərində çəkilmiş “Cücələrim” adlı cizgi filmi (rejissor A.Axundov) tez bir zamanda populyar olmuşdur.
“Akvarium” applikasiya filmi (rəssam-rejissor F.Qurbanova) poetik filmdir. Burada quraşdırma çəkilişlərindən istifadə edilmişdir. Applikasiya personajları ilə yanaşı filmdə canlı oğlan da fəaliyyət göstərir. 1984-cü ildə Murmansk şəhərində (Rusiya) təbiətin mühafizəsi və onun ehtiyatlarından səmərəli istifadə edilməsi haqqında sənədli və elmi-kütləvi filmlərin II Ümumrusiya müsabiqəsində cizgi filminə münsiflər heyətinin diplomu və RSFSR Dövlət Kinematoqrafiya Komitəsinin Fəxri fərmanı verilmişdir. Kinostudiyada yarıqabarıq kukladan ilk dəfə “Münəccimin şagirdi” filmində (rejissor A.Məhərrəmov) istifadə olunmuşdur. Xalq nağılları əsasında yaradılmış bu filmdə asan yolla varlanmaq istəyən, acgözlük nəticəsində gülünc vəziyyətlərə düşən bir yeniyetmədən danışılır.
1990-cı ilin aprel ayında Sovet İttifaqında ilk dəfə olaraq Azərbaycan multiplikatorları təsərrüfatın icarə formasına keçdilər. Multiplikasiya sexinin adı da dəyişdirilib, “Azanfilm” Yaradıcılıq-İstehsalat Birliyi oldu. “Azanfilm” – Azərbaycan animasiya filmləri deməkdir. Nə üçün multiplikasiya yox, məhz animasiya? Ona görə ki, bütün dünyada multiplikasiya (çoxalma) kimi kinematoqraf növü animasiya (canlandırma) adlandırılmışdır.
90-cı illərdə “Azanfilm” markası altında 19 cizgi filmi çəkilmişdir. Bunların arasında “Bir dəfə haradasa...” (rejissor V.Talıbov), “İthaf” (rejissor Ş. Nəcəfzadə), “Oda” (rejissor V.Talıbov, R.İsmayılov), “Sərkəyin dastanı” (rejissor A.Məhərrəmov), “Göyçək Fatma”, “Karvan” (rejissor N.Məmmədov), “Güzgü”, “Dəniz gəzintisi”, “Ümid” (hamısı rejissor E.Axundov), “Söhbətül-əsmar ” (rejissor E.Hami), “Şüəla” (T.Piriyev) maraqlı və baxımlı ekran əsərləridir. 1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsində ən yaxşı cizgi filminə görə rejissor diplom və prizlə təltif olunmuşdur. Bəstəkar Soltan Hacıbəyovun məşhur “Karvan” əsəri əsasında çəkilmiş “Karvan” cizgi filmi üç novelladan ibarətdir: birincisi qədim insan məskəni Qobustandan söhbət açır. İkinci novellada Şərq və qadın mövzusuna toxunulmuşdur. Üçüncü novella 20 Yanvar və Xocalı faciəsindən bəhs edir.
Cizgi filmi istehsalında ən son uğur kimi 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin (MTN) dəstəyi 3D formatlı “Cırtdan və Təpəgöz”adlı cizgi filminin çəkilməsini göstərmək olar.



Oxunub: 133026



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on