Baş səhifə    » OPERA    » Tamaşalar haqqında   

Tamaşalar haqqında

  

Azərbaycanda ilk opera tamaşası 1908-ci il yanvarın 12-də (25-də) dahi Üzeyir Hacıbəylinin H.Z.Tağıyev teatrında səhnələşdirilən və şərq- müsəlman aləminin ilk opera əsəri olan “Leyli və Məcnun”u i lə qoyulmuşdur.

“Leyli və Məcnun” operası
“Leyli və Məcnun” - Üzeyir Hacıbəyovun öz librettosuna yazdığı ilk Azərbaycan operasıdır. Əsər Füzulinin “Leyli və Məcnun” poeması əsasında yazılmışdır və müsəlman şərqində ilk operadır. Operada “Mahur hindi”, “Çahargah”, “Şur”, “Kürd-Şahnaz”, “Rast”, “Segah”, “Bayatı kürd” muğamlarından istifadə edilmişdir.
“Leyli və Məcnun” operası ilk dəfə səhnəyə 1908-ci il 12 yanvar tarixində Bakıda H.Z.Tağıyev adına Azərbaycan neft sənayesi sahibləri teatrında qoyulmuşdur. Tarda Qurban Pirimov ifa edir, Məcnun rolunda Sarabski oynayırdı. Hacıbəyov özü isə orkestrın tərkibində skripkada bir partiya ifa edirdi.

“Şeyx Sənan” operası
1909-cu ildə Üzeyir Hacıbəyov özünün librettosu əsasında “Şeyx Sənan” operasını tamamlamışdır. Ümumiyyətlə, “Koroğlu” operasından başqa bütün opera və operetta əsərlərinin librettosunu Üzeyir bəy özü yazmışdır.
“Şeyx Sənan”ın ilk tamaşası 1909-cu il noyabrın 30-da oynanılmışdır. Tamaşanın quruluşçu rejissoru Hüseyn Ərəblinski olmuşdur. İlk tamaşaya dirijorluğu Üzeyir bəy Hacıbəyov özü etmişdir.

“Ər və arvad” operettası
Ü. Hacıbəyov “Ər və arvad” operettasını 1909-cu ildə tamamlamışdırb. Operettanı tamaşaya “Nicat” truppasının aktyorları ilə rejissor Hüseyn Ərəblinski hazırlamışdır. “Ər və arvad”ın ilk tamaşası 1910-cu il may ayının 24-də Nikitin qardaşlarının sirkində göstərilmişdir. Bugünkü Azərbaycan Dövlət Musiqili Komediya Teatrının tarixi məhz bu gündən hesablanır.

“Rüstəm və Söhrab” operası
Bu muğam operası Əbülqasim Firdovsinin məşhur “Şahnamə” poemasından götürülmüş süjet əsasında Üzeyir bəy Hacıbəyov tərəfindən qələmə alınmışdır. “Rüstəm və Söhrab” adlanan operanın ilk tamaşası 12 noyabr 1910-cu ildə Tağıyev teatrında göstərilmişdir.

“O olmasın, bu olsun” operettası
“Ər və arvad” operettasının ardınca Üzeyir bəy “O olmasın, bu olsun” (“Məşədi İbad”) musiqili komediyasını yazmışdır. Əsərin ilk tamaşası 1911-ci il sentyabrın 12-də Nikitin qardaşları sirkində göstərilmişdir.

“Fərhad və Şirin” operası
1911-ci il martın 6-da Mirzə Cəlal Yusifzadənin “Fərhad və Şirin” operası tamaşaçılara göstərilmişdir. Libretto Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması əsasında yazılmışdır. Tarzən Aleksandr Oqenezaşvili operanın musiqi partiturasının direksion üsulda hazırlanmasında müəyyən işlər görmüşdür.

“Şah Abbas və Xurşud banu” operası
Ü. Hacıbəyovun bu operası 1912-ci il martın 10-da Tağıyev teatrında oynanılmışdır. Tamaşanın quruluşçu rejissoru Hüseyn Ərəblinski, rejissor müavini Xəlil Hüseynov, dirijoru Müslüm bəy Maqomayev olmuşlar.

“Əsli və Kərəm” operası
Ü. Hacıbəyovun bu operası səhnəyə ilk dəfə 1912-ci ildə qoyulmuşdur. Operanın mövzusu xalq dastanından götürülmüşdür. Tamaşanın quruluşçu rejissoru Hüseyn Ərəblinski, dirijoru Müslüm bəy Maqomayev olmuşlar.

“Arşın mal alan” operettası
İlk tamaşası 1913-cü il oktyabr ayının 25-də Hüseynqulu Sarabskinin rejissorluğu ilə Tağıyev teatrında göstərilən “Arşın mal alan” operettası böyük şöhrət qazanmışdır. Avropa operetta janrının prinsiplərinə yazılmış əsər tez bir zamanda rus, gürcü, fransız, alman, ingilis, türk, özbək, ərəb, çin, polyak,ukrayna, fars dillərinə tərcümə edilmişdir. Operetta dəfələrlə ekranlaşdırılmışdır.

“Aşıq Qərib” operası
Zülfüqar bəy Hacıbəyov xalq dastanı əsasında bəstələdiyi “Aşıq Qərib” operasını 1915-ci ilin sonlarında bitirmişdir. Lakin opera 1916-cı il mayın 13-də Xəlil Hüseynovun quruluşunda oynanılmışdır. Dirijorluğu bəstəkar özü etmişdir.

“Şah İsmayıl” operası
Müstəqil teatr truppalarının fəaliyyət göstərdikləri dövrdə sonuncu muğam operası Müslüm bəy Maqomayevin “Şah İsmayıl” əsəri olmuşdur. Librettonu Mirzə Əbdülqədir İsmayılzadə yazmışdır. Opera 7 mart 1919-cu ildə göstərilmişdir.

“Koroğlu” operası
"Koroğlu" dünya klassik operaları sırasında parlaq nümunәlәrdәn biridir. Ü. Hacıbəyov opera üzәrindә 1932-36 illәrdә işlәmiş, ilk tamaşa 1937-ci il aprelin 30- olmuşdur. Azәrbaycanda, ümumiyyәtlә Zaqafqaziyada, Orta Asiya, Türkiyә vә İranda geniş yayılmış "Koroğlu" xalq dastanı operanın süjet әsasını tәşkil edir. "Koroğlu" operasına görә Hacıbəyov 1941-ci i ildә Stalin mükafatına layiq görülmüşdür

“Nizami” operası
1948-ci il 12 dekabr tarixində səhnəyə qoyulmuşdur. Müəllifi Əfrasiyab Bədəlbəylidir. Rejissor İsmayıl Hidayətzadə, dirijor isə müəllifin özü olmuşdur.

“Sevil” operası
Operanın müəllifi Fikrət Əmirovdur. Əsər 1955-ci il 8 mayda səhnəyə qoyulmuşdur. Rejissoru Mehdi Məmmədov olmuşdur.

“Azad” operası
Cahangir Cahangirovun bu operası 1957-ci il 29 noyabr tarixində səhnəyə qoyulmuşdur. Rejissor Mehdi Məmmədov olmuşdur.

“Vaqif” operası
1960-cı il 8 iyunda səhnəyə qoyulmuşdur. Müəllifi Ramiz Mustafayev, rejissoru Soltan Dadaşov olmuşdur.

“Bahadır və Sona” operası
1961-ci il 20 noyabrda quruluş verilmişdir. Müəllifi Süleyman Ələsgərov, rejissoru Şəmsi Bədəlbəyli olmuşdur.

“Tülkü və Alabaş” operası
Uşaq operasıdır. 1963-cü il 1 martda səhnəyə qoyulmuşdur. Müəllifi İbrahim Məmmədov, rejissor Soltan Dadaşov olmuşdur.

“Ölülər” operası
1963-cü il 11 noyabrda səhnələşdirilmişdir. Müəllifi Vasif Adıgözəlov, rejissoru Şəmsi Bədəlbəyli, dirijoru Niyazi olmuşdur.

“Söyüdlər ağlamaz” operası
1971-ci il 14 martda səhnəyə qoyulmuşdur. Müəllifi Əfrasiyab Bədəlbəyli, libretto müəllifi Rafiq Zəka Xəndan, quruluşçu rejissoru Şəmsi Bədəlbəyli olmuşdur.

“Aygün” operası
1973-cü il, 27 aprel göstərilmişdir. Müəllifi Zakir Bağırov (Səməd Vurğunun eyni adlı poeması əsasında), rejissorlar Əli Usubov və Fikrət Sultanov olmuşdur.

“Gəlin qayası” operası
1974-cü il 27 apreldə səhnələşdirilmişdir. Müəllifi Şəfiqə Axundova, rejissoru Ağakişi Kazımov olmuşdur.

“Aldanmış ulduzlar” operası
1977-ci il, 19 noyabrda səhnəyə qoyulmuşdur. Müəllifi Məmməd Quliyev, rejissoru Əflatun Nemətzadə olmuşdur.

“Cırtdan” operası
1978-ci il, 25 iyunda göstərilmişdir. Müəllifi Nazim Əliverdibəyov, rejissoru Əflatun Nemətzadə olmuşdur.

“Xanəndənin taleyi” operası
1979-cu il 3 martda təqdim olunmuşdur. Müəllifi Cahangir Cahangirov, rejissoru Kərim Kərimov olmuşdur.

“Qoca Xəttabıç” operası
1979-cu il, 13 noyabrda səhnələşdirilmişdir. Müəllifi Zakir Bağırov, rejissoru Vasili Popov olmuşdur.

“Natəvan” operası
2003-cü il, 7 dekabrda göstərilmişdir. Müəllifi Vasif Adıgözəlov, rejissoru Firudin Səfərov olmuşdur.



Oxunub: 75956