Baş səhifə    » TARİX    » Kütləvi hərəkatlar    » Xalq üsyanları   

Xalq üsyanları

  



Xilafətə qarşı ilk kütləfi çıxışlar tarixdə Xürrəmilər hərəkatı adı ilə məlumdur. Bu hərəkatlar üç dəfə - 778-ci ildə, 808-ci ildə və 816-cı ildə baş verib. Babəyin başçılığı ilə baş vermiş üçüncü mərhələ 30 ildən çox davam edib. Onun başçılıq etdiyi bu hərəkat Xilafətin dağılmasında önəmli rol oynayıb.


Xarəzmşah Cəlaləddinə qarşı Bəndərin başçılığı ilə Gəncədə 1231–ci ildə xalq üsyanı baş verib. Şəhərdəki Xarəzm qarnizonu məhv edilib. Cəlaləddin üsyanı çətinliklə yatıra bilib. Üsyan başçılarından 30 nəfər edam olunub. Bəndər isə tikə-tikə doğranıb. 


1231-ci ildə Azərbaycanın Təbriz, Xoy, Mərənd, Naxçıvan və digər şəhərlərində Cəlaləddinə qarşı xalq azadlıq hərəkatı geniş vüsət alıb.

XIV əsrin sonlarında Azərbaycanda Teymurilər hökmranlığına qarşı yönəlmiş dini-siyasi hərəkat olan hürufilik yayılmağa başlayıb. Hürufilik məzdəkilik, xürrəmilik və əxilik hərəkatı ilə üzvi surətdə bağlı olub.

1484-cü ilin yazında Maku şəhərinin cənub-şərqində yerləşən Sofi kəndində Ağqoyunlu hökmranlığına qarşı üsyan baş verib. Genişlənərək Muxur, Qarazalı, Arpalıq, İncilər, Qarabulaq, Kosalar, Məlikli, Danabulaq kəndlərini də əhatə edən hərəkata qaraqoyunlu Topal Əhməd başçılıq edib. Hətta səfəvi şeyxləri bu hərəkatdan ağqoyunlulara qarşı mübarizə aparmaq üçün istifadə etməyə çalışıblar. Tərəflərin apardığı danışıqlar nəticəsiz qalıb. Bundan xəbər tutan ağqoyunlu Yaqub üsyanı yatırmaq üçün Maku ərazisinə böyük hərbi qüvvə yeridib. 1484-cü ilin aprelində Qarabulaq kəndi yaxınlığında qanlı döyüşlər baş verib. Üsyançılar məğlub edilib. Topal Əhməd öldürülüb.

Şirvan əyanlarına arxalanan Əlqas Mirzə 1547-ci ildə Səfəvilərin hakimiyyətinə qarşı qiyam qaldırdı. Krım xanının köməyinə baxmayaraq, Əlqas Mirzə məğlub olaraq İstambula qaçıb.

Burhan Mirzənin, sonra isə Mehrabın başçılığı ilə 1547-1549-cu illərdə səfəvilərə qarşı üsyan baş verib. Üsyan Şirvanşahlar dövlətini bərpa etməyə göstərilən cəhd olub və amansızlıqla yatırılıb.

Feodal istismarına qarşı 1571-ci ildə Təbrizdə əhalinin kütləvi üsyanı olub. Şəhər iki il üsyançıların əlində qalıb. 1573-cü ildə I Təhmasibin qoşunu bu çıxışı çətinliklə yatırıb. Üsyan iştirakçılarının 160-dan çox fəalları şəhər meydanında edam edilib.

XVI əsrin 90-cı illərində Şərqi Anadoluda Cəlairilər hərəkatı geniş vüsət alıb. XVII əsrin əvvəllərində bu hərəkat Azərbaycana və qonşu ölkələrə yayılıb. Cəlairilər dəstəsi azərbaycanlı kəndlilərdən, Türkiyə və İran qaçqınlarından ibarət olub. Şah I Abbas osmanlılara qarşı mübarizədə cəlairili dəstələrini ilk vaxtlar himayə edib. Şahın xidmətində olan sıravi cəlairilər ondan gözlədiyi imtiyazları ala bilmədiyi üçün 1610-cu ildə onların əksəriyyəti Səfəvi dövlətini tərk edib.

Şirvanda "Dəli Məlik" adı ilə məşhur olan Məlik Pirinin başçılığı ilə 1615-1616-cı illərdə Səfəvilərə qarşı üsyan baş verib. Üsyançılar tezliklə Gəncə yaxınlığındakı Dəngi vilayətinin camaatı ilə birləşərək Gəncə hakimi Məhəmməd xan Ziyadoğlu Qacarı öldürüb, gürcü üsyançıları ilə əlaqə yaradıblar. Üsyanın geniş vüsət aldığını eşidən şah I Abbas onlara qarşı böyük qüvvə göndərib. Şah Dəli Məliyi əsir almağa çalışsa da, o, Dağıstanda gizlənib.

1625-ci ildə Qarabağda, İrəvanda və Osmanlı ərazisində Mıxlı baba hərəkatı geniş vüsət alıb. Qarabağ hakimi Davu xanın hamiliyindən istifadə edən Mıxlı baba əhalini feodal istismarına və ruhanilərə qarşı mübarizəyə səsləmişdir.

XVIII əsrin əvvəllərində Şimali Azərbaycanın müxtəlif yerlərində - 1707-ci ildə Car və Balakəndə, 1709-1711-ci illərdə Carda, 1709 və 1711-ci illərdə Təbrizdə, 1709-1715-ci illərdə Soucubulağı və Muğanda yerli əhali Səfəvilər əleyhinə üsyana qalxmışdır. Bu üsyanların ən böyüyü 1720-1721-ci illərdə Hacı Davudun başçılığı ilə baş vermiş üsyan olmuşdur. Üsyan Şimal Azərbayanı və Dağıstanı əhatə etmişdir.

1734-cü ildə Şəki vilayətində Biləcik kəndinin əhalisi Səfəvilərə qarşı üsyana qalxmışdır. Üsyançılara qonşu Cənik və Tala kəndlərinin sakinləri də qoşulmuşdur. Kəndli dəstələri Səfəvi məmurları və keşikçi dəstələrinin üzərinə hücum etmişlər. 1735-ci ilin fevralında Nadir xan oraya böyük cəza dəstəsi göndərmişdir. Nəticədə Car və Tala sakinlərindən 160 nəfər girov götürülmüşdür.

1738-ci ildə Nadir şaha qarşı Carda üsyan baş vermişdir. Onun qardaşı İbrahim xan böyük qüvvə ilə oraya tələssə də, üsyançılar bu dəstəni darmadağın etmişlər, İbrahim xan isə öldürülmüşdür. Üsyan 1741-ci ildə yatırılmışdır.

1743-cü ildə yalançı Səfəvi şahzadələri adından Şirvanda I və II Sam Mirzələr Əfşar dövlətinə qarşı üsyan qaldırmişlar. Bu üsyanlar müvəffəqiyyət qazansa da, Nadir şahın göndərdiyi cəza dəstəsi tərəfindən yatırılmışdır.

1743-cü ildə Hacı Çələbinin başçılığı ilə Şəkidə üsyan baş vermişdir. “Gələsən-Görəsən” qalasına sığınan üsyançılar 3 il Nadir şaha qarşı mübarizə aparmışlar. Üsyanın yatırılmasına böyük əhəmiyyət verən Nadir şah hətta özü Şəkiyə qoşun yeritmişdir. Döyüşlərin birində şahın öldürülməsi təhlükəsi yaranmışdı. Ərzaq ehtiyatı qurtardığından Hacı Çələbi şaha təslim olmaq məcburiyyətində qalmışdır.

1826-cı ildə Gəncədə çarizmin müstəmləkə zülmünə qarşı üsyan baş vermişdir. Lakin çar hakim dairələri onu amansızcasına yatırmışdır.

1830-cu ildə Car-Balakən camaatı müstəmləkə zülmünə qarşı üsyan etmişdir. Üsyançılarla çarizmin qoşunları arasında dəfələrlə şiddətli toqquşmalar olsa da, bu üsyan da qan içində yatırılmışdır.

1837-ci ildə Qubada Hacı Məhəmməd Yarəlinin başçılıq etdiyi üsyan baş vermişdir. Hərəkatda 12 mindən çox üsyançı iştirak etmişdir. Çarizm hərəkatı yatırtmaq üçün topla silahlanmış cəza dəstələri göndərmişdir. Nəticədə Quba üsyanı yatırılmışdır. Hacı Məhəmməd edam olunmuş, Yarəli isə qaça bilmişdir.

1838-ci ildə Şəkidə xanlığı bərpa etmək məqsədilə üsyan baş vermişdir. Üsyana Səlim xanın oğlu Məşədi Məhəmməd başçılıq etmişdir. Üsyançılar dağıstanlıların köməyi ilə şəhəri tutmuşdur. Lakin rus hərbiçiləri əlavə qoşun çağırıb Şəki üsyanını yatıra bilmişlər.

1848-1852-ci illərdə Cənubi Azərbaycanda şah hökumətinə qarşı babilər hərəkatı başlamıdır. Zəncanda başlayan bu hərəkatda 15 mindən çox babi tərəfdarı iştirak etmişdir. Şah bu hərəkatı böyük çətinliklə yatıra bilmişdir.

XIX əsrin son rübündə Şimali Azərbaycanda hökumət əleyhinə mübarizənin ən çox yayılmış forması qaçaq hərəkatı idi. Bu hərəkat bütün Şimali Azərbaycanın bürümüşdü. Əhali intiqamını çar məmurlarından alan qaçaqları həmişə müdafiə edir, onların əlinə keçməsinə mane olurdu. Şimali Azərbaycanda Qaçaq Kərəm, Qaçaq Nəbi, Tanrıverdi Allahqulu oğlu, Dəli Əli, Qənbər, Süleyman, Murtuza və digərləri dillər əzbəri olmuşdu.

1904-cü il dekabrın 13-də Bakı fəhlələri tətil elan etmişlər. Onların tələbi iqtisadi vəziyyətlərinin yaxşılaşması idi. Hökumət dekabrın 30-da “Mazut Konstitusiyası” adlanan Müştərək müqavilə imzalamışdır. Dekabrın 31-də tətil qalibiyyətlə başa çatmışdır.

1920-ci il mayın 25-dən 26-na keçən gecə Gəncədə bolşevik hakimiyyətinə qarşı üsyan baş vermişdir. Üsyanda iştirak edənlərin sayı 10 minə çatmışdır. XI Ordu hissələri mayın 31-də üsyanı amansızlıqla yatırmışdır. Cəza tədbirləri nəticəsində 13 mindən çox adam qətlə yetirilmişdir.

1920-ci ilin yayında Qarabağda 6 minə yaxın əsgərdən ibarət Azərbaycan ordusunun əsas hissəsi bolşevik hakimiyyətinə qarşı üsyan qaldırmışdır. İyunun 10-da XI Ordunun iki diviziyası onlara qarşı əməliyyata başlamışdır. “Qırmızı” ordu iyunun 10-da Ağdamı, 14-ündə isə Xankəndini və Şuşanı tuta bilmişdir. Azərbaycan Ordusu Cəbrail istiqamətində geri çəkilərək vətəni tərk etmişdir.

1920-ci il iyunun 5-də Zaqatalada üsyan baş vermişdir. Üsyana Qars Demokratik Respublikasının görkəmli xadimi, hərbiçi Əhmədiyev Hafiz Əfəndi başçılıq etmişdir.
Tezliklə üsyan Qaxı da əhatə etmişdir. Hərəkat iyunun 18-də Qızıl Ordu qüvvələri tərəfindən yatırılmışdır.



Oxunub: 576335



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on