Baş səhifə    » COĞRAFİYA    » Fiziki coğrafiya    » Meşələr   

Meşələr

  



Azərbaycan meşələri
Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.
XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hal-hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Ölkəmizin meşə ehtiyatının 49%-i Böyük Qafqaz regionunun, 34%-i Kiçik Qafqaz regionunun, 15%-i Talış zonasının və 2%-i Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür.
Azərbaycan meşələrinin özünəməxsus meşə formasiyaları mövcuddur. Bu formasiyalar aşağıdakılardır:
1. Qarmaqvari şamdan ibarət iynəyarpaqlı meşələr
2. Ardıc seyrək meşəlikləri
3. Şərq fıstığından ibarət fıstıq meşələri
4. Palıd meşə formasiyaları
a) Şabalıdyarpaq palıddan ibarət (Talış) meşələr
b) Qafqaz palıdından ibarət aşağı dağ qurşağı meşələr
v) Şərq palıdından ibarət yuxarı dağ qurşağı meşələr
q) Uzunsaplaq palıddan ibarət düzən meşələr
e) Araz palıdından ibarət az məhsuldar meşələr (Palıdın digər (qızılı palıd, qumral, kövrək palıd, boz palıd və s.) növləri ayrıca meşə formasiyası yaratmır və digər növlərin yaratdığı formasiyalarda iştirak edirlər.)
5. Vələs meşə formasiyası
6. Dəmirağacından ibarət relikt meşə formasiyası
7.Ağcaqayın meşə formasiyası
8. Məxməri ağcaqayından ibarət meşələr
9. Tranttoveter ağcaqayından ibarət seyrək meşələr
10. Xurma meşələri
11. Qarağac meşələri
12. Adi qozdan ibarət meşələr
13. Adi şabalıddan ibarət meşələr
14. Azad ağacından ibarət meşələr
15. İpək akasiyadan ibarət meşələr
16. Yalanqozdan ibarət rütubətli meşələr Qızılağac meşələri
17. Tozağacı meşələri Qovaq meşələri
18. Kür-Araz sahilləri boyunca formalaşan Tuqay meşələri
Azərbaycan öz füsunkar gözəlliyi, zəngin təbii sərvətləri, al-əlvan florası və faunası ilə bütün dünyada şöhrət qazanmışdır. Burada 125 fəsiləyə və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü yayılmışdır. Bunlardan 48 fəsiləyə, 135 cinsə mənsub olan 450 növ ağac və kollar Respublikamızın meşələrində bitir. Bu isə Resublika florasındakı bitki növlərinin 11-ni təşkil edir. Azərbaycan dendroflorasının tərkibində 70 regional endem növə təsadüf edilir. Bu da ümumi ağac və kol bitki növlərinin 16%-i deməkdir.
Azərbaycan meşələri əsasən enliyarpaqlı cinslərdən ibarətdir. İynəyarpaqlı meşələrdə əsas Qarmaqvari şama (Pinus Hamata) Kiçik Qafqazda, Goy-Göldə, Tovuz rayonu ərazisində Şamlıq və Böyük Qışlaq kəndləri ətrafı meşələrdə, Böyük Qafqazda Qusar rayonu meşələrində təsadüf edilir.
İynəyarpaqlı cinslərdən ən geniş ərazidə yayılmışı ardıc meşələridir.
Meşələrin yaş siniflərinə görə də paylanması müxtəlifdir. Belə ki, cavan meşələr meşə ilə örtülü sahənin 11,2%-ini, orta yaşlı ağaclar-63,3%-ini, yetişməkdə olan ağaclar-13,4%-ini, yetişmiş və yaşı ötmüş meşələr-12,1%-ini təşkil edir.
Meşələrimizdə 1536 cinsə aid olan 150 növ yabanı meyvə bitkiləri mövcuddur. Bu bitkilərdə min tonlarla (adi qoz, alma, armud, zoğal, alıca, əzgil, fındıq, xurma, yemişan, şabalıd, böyürtkən və s.) yabanı meyvə məhsulu vardır. Bu meyvələrdən 30%-i istismar əhəmiyyətli məhsullardır.
Meşələrimizdə arıçılığın inkişafı üçün də əlverişli şərait vardır. Hazırda meşə müəssisələrində 700-ə yaxın arı ailəsi saxlanılır. Arılar meşə bitkilərinin tozlanmasına köməklik edir, bol toxum məhsullarının alınmasına şərait yaradır və əlavə bal məhsulu alınmasını təmin edir.
Azərbaycanın erməni ordusu tərəfindən işğal olunmuş ərazilərində yerləşən meşə zolaqlarına, xüsusilə də dağ meşələrinə ciddi ziyan vurulmuşdur. Ermənistanın təcavüzü nəticəsində işğal altında qalmış 246 min ha meşə sahəsi vəhşicəsinə qırılıb talan edilmişdir. Bu ərazilərdə bitən qiymətli ağac cinslərinin kəsilib aparılması biomüxtəlifliyin qorunmasını kritik həddə çatdırmışdır.



Oxunub: 123902



Azərbaycan Televiziyaları
İnternet Radio