Baş səhifə    » COĞRAFİYA    » İqtisadi coğrafiya    » İqtisadi rayonlaşdırma   

İqtisadi rayonlaşdırma

  


Respublikanın ayrı-ayrı regionları təbii şəraitinə, ehtiyatlarına, təsərrüfatın sahə və ərazi quruluşuna, tarixi inkişaf xüsusiyyətlərinə və əhalinin məskunlaşmasının inkişaf səviyyəsinə görə bir-birindən fərqlənir. Ona görə də ölkənin yalnız müəyyən hissəsində bu və ya digər məhsulu istehsal etmək və xidmət sahəsini inkişaf etdirmək başqa ərazilərə nisbətən səmərəli olur. Nəticədə ərazi-əmək bölgüsü formalaşır.
İqtisadi rayonların ayrılması zamanı ərazi-əmək bölgüsü nəticəsində yaranmış təsərrüfatın ixtisaslaşma istiqamətləri əsas amil kimi götürülür.
İqtisadi rayon - ölkə miqyasında təsərrüfatın ixtisaslaşma istiqamətlərinə görə fərqlənən ərazilərdir.
Hər bir iqtisadi rayon özünəməxsus iqtisadi coğrafi mövqeyə, təbii şəraitə, təbii ehtiyatlara, təsərrüfat quruluşuna və əhalinin milli tərkibinə malikdir. Təsərrüfatın ixtisaslaşması və kompleks inkişafı iqtisadi rayonun əsas əlamətləridir.
1995-ci ildə Azərbaycanda aparılan iqtisadi rayonlaşmaya əsasən respublikada 10 iqtisadi rayon ayrılır. Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Gəncə-Qazax, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın, Aran, Lənkəran-Astara və Naxçıvan ölkədə mövcud olan iqtisadi rayonlardır. Onlar 5 təbii-iqtisadi zonada birləşir. Təbii-iqtisadi zonalar əsasən fiziki-coğrafi vilayətlərə uyğun gəlir.

Böyük Qafqaz təbii-iqtisadi zonası
Böyük Qafqaz ən təzadlı vilayətdir. Daxili fərqlər böyük olduğu üçün aşağıdakı iqtisadi rayonlara bölünür: Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan və Şəki-Zaqatala.

Abşeron iqtisadi rayonu
Abşeron iqtisadi rayonunun tərkibinə respublika tabeliyində olan Bakı, Sumqayıt şəhərləri, Abşeron və Xızı inzibati rayonları daxildir.
İqtisadi rayon ölkənin şərqində, Xəzər dənizinin sahillərində, çox əlverişli iqtisadi coğrafi mövqedə yerləşir. İqtisadi rayon respublikada əsas nəqliyyat qovşağı hesab olunur.
Abşeron neft səltənətidir. Sənayenin inkişafında da neft sektoru ön plandadır. Rayon respublika sənaye məhsulunun 60%-ni verir. Əlvan metal və neft-kimya sənaye sahələrinin bütün istehsal sahələri yaradılmışdır.
Azərbaycan maşınqayırmasının yeni və sürətlə inkişaf edən sahələri – cihazqayırma, elektrotexnika və radioelektronika Abşeron iqtisadi rayonuna cəmləşmişdir.
Abşeron iqtisadi rayonunda kənd təsərrüfatının əsasını südlük-ətlik maldarlıq, quşçuluq, qoyunçuluq, tərəvəzçilik, bostançılıq, üzümçülük və quru-subtropik meyvəçilik təşkil edir.
Abşeronun zəngin baneoloji sərvətləri əsasında sanatoriyalar yaradılmışdır. Bununla bərabər yeganə iqtisadi rayondur ki, təbii içməli suyu yoxdur. Abşerona su Şollar, Kür-Bakı və Samur-Dəvəçi kanalları ilə daxil olur. Bu yaxınlarda Qəbələdən çəkiləcək yeni kəmərin istifadəyə verilməsi nəzərdə tutulur.

Quba-Xaçnıaz iqtisadi rayonu
İqtisadi rayonun ərazisi Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz inzibati rayonlarından təşkil olunmuşdur. Quba-Xaçmaz Abşeronun şimal-qərbində, Xəzər dənizinin sahillərində yerləşir. Ölkənin müstəqillik əldə etməsi ilə əlaqədar iqtisadi rayonun iqtisadi coğrafi mövqeyinin əhəmiyyəti artır. Azərbaycanı Rusiya ilə birləşdirən kommunikasiya xətləri bu regiondan keçir.
Neft, təbii qaz, yanar şist, qum, çınqıl, gil regionun əsas təbii sərvətləridir.
Kənd təsərrüfatı iqtisadi rayonun təsərrüfatının əsasıdır. Tərəvəzçilik və meyvəçilik onun əsas ixtisaslaşma sahələridir. Tərəvəz yığımına görə Xaçmaz və Qusar rayonları, meyvə yığımına görə Quba, Qusar və Xaçmaz rayonları fərqlənir. Bunlardan başqa Xaçmaz, Siyəzən yə Şabran rayonlarında üzüm, Qusarda kartof yetişdirilir. İqtisadi rayonun əhali məskunlaşan hər yerində taxıl əkilir.
Düzən ərazilər südlük-ətlik maldarlığın, dağlıq rayonlar qoyunçuluğun əsas mərkəzləridir. Yay və qış otlaqlarının növbələşməsi burada qoyunçuluğun inkişafı üçün əlverişli şərait yaradır. Siyəzan, Çarxı və Dəvəçidə quşçuluq kompleksləri vardır.
Şəki-Zaqatala iqtisadi rayonu
İqtisadi rayona Balakən, Qax, Qəbələ, Zaqatala, Oğuz, Şəki inzibati rayonları və respublika tabeli Şəki şəhəri daxildir.
Şəki-Zaqatala Böyük Qafqaz dağlarının cənub yamaclarında, respublikanın şimalında yerləşir.
Şəki-Zaqatala iqtisadi rayonunun əsas təbii sərvətlərinə Filizçay hövzəsində tapılmış polimetal filizləri, qum, çınqıl, gil, gips və s. aiddir. Dağların yamaclarında olan meşələr rayonun ərazisinin 27%-də yayılmışdır. Onların tədarük əhəmiyyəti vardır.
Şəki-Zaqatala respublikanın mühüm kurort-sanatoriya regionları sırasındadır. Əlverişli təbii şərait, mineral bulaqlar, meşələr, həmçinin tarixi memarlıq abidələri mühüm istirahət və turizm mərkəzləridir.
Şəki-Zaqatalada yerləşən sənaye müəssisələri əsasən kənd təsərrüfatı məhsullarını emal edir. Yüngül sənaye Şəkidə fəaliyyət göstərən ipəkçilik və tikiş sənayesi ilə təmsil edilir. Sənayenin digər sahələrinə yerli xammal bazasına əsaslanan Zaqatala mebel fabrikini, kərpic zavodunu və s. aid elmək olar.
Alazan-Əyriçay vadisi, Baş Qafqaz silsiləsinin dağətəyi zonaları, Acınohur ovalığı mühüm kənd təsərrüfatı sahələridir. Bu ərazilərdə becərilən tütün, qərzəkli meyvələr, taxıl, bəslənən barama iqtisadi rayonun kənd təsərrüfatının əsas sahələridir. Tütün yığımına görə Şəki və Zaqatala rayonları, meyvə yığımına görə Şəki, Oğuz, Balakən, Zaqatala, Qax rayonları irəlidə durur. Şəki, Zaqatala, Qəbələ rayonlarında daha çox taxıl yığılır.

Dağlıq Şirvan iqtisadi rayonu
İqtisadi rayonun ərazisinə Şamaxı, İsmayıllı, Ağsu və Qobustan inzibati rayonları aiddir.
Dağlıq Şirvan Abşeronun qərbində, Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində yerləşir. Abşeron kimi sosial-iqtisadi cəhətdən yüksək inkişaf etmiş iqtisadi rayona yaxın olması ilə əlaqədar Daşlıq Şirvanın iqtisadi coğrafi mövqeyi əlverişlidir. Yeyinti və yüngül sənaye inkişaf etmişdir.
İqtisadi rayonun təsərrüfatı əsasən kənd təsərrüfatından ibarətdir.Dəmyə əkinçiliyi üstünlük təşkil edir. Üzümçülük, taxılçılıq və heyvandarlıq inkişaf etmişdir.

Kiçik Qafqaz təbii-iqtisadi zonası
Relyef, təbii sərvət, iqlim və sairənin müxtəlifliyi ilə əlaqədar üç iqtisadi rayona bölünür:
Gəncə-Qazax, Kəlbəcər-Laçın, Yuxarı Qarabağ.
Gəncə-Qazax iqtisadi rayonu
İqtisadi rayonun ərazisinə Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Samux, Göygöl, Tovuz və Şəmkir inzibati rayonları daxildir. Burada respublika tabeliyində olan Gəncə və Naftalan şəhərləri yerləşir.
Gəncə-Qazax respublikanın qərbində, Azərbaycanı Gürcüstan və Qara dənizin sahilləri ilə birləşdirən dəmir yolu, avtomobil yolları üzərində çox alvevişli iqtisadi coğrafi mövqedə yerləşir. İqtisadi və sosial-mədəni potensialına görə, Gəncə-Qazax Abşeron iqtisadi rayonundan sonra respublikada ikinci yeri tutur.
Neft, təbii qaz, dəmir filizi, alunit, əhəngdaşı, bentonit gili, mərmər, gips, seolit, sement xammalı və s. iqtisadi rayonun əsas yeraltı ehtiyatlarıdır. Kür çayının buradan axan hissəsi hidroenerji ehtiyatları ilə zəngindir və bu imkanlardan geniş istifadə edilir. Göygöl-Hacıkənd zonası, Murovdağın şimal yamacları, Naftalanın müalicə nefti, Mingəçevir su anbarının ətrafı, mineral bulaqlar, meşələr iqtisadi rayonun təbii-rekreasiya ehtiyatlarıdır.
Maşınqayırma sahəsi üzrə iqtisadi rayonda cihazqayırma, rabitə avadanlığı istehsalı, avtomobillərin və kənd təsərrüfatı maşınlarının təmiri müəssisələri yaradılmışdır. Ağır sənaye sahələri iqtisadi rayonun təsərrüfat strukturunda mühüm yer tutur. Yaşayış məntəqələrində həmçinin ağac emalı, tikinti materialları, xalq istehlakı malları istehsal edən obyektlər vardır.
Yüngül və yeyinti sənayeyə aid olan müəssisələrdə əsasən yerli xammallar emaldan keçir.
İqtisadi rayonda kənd təsərrüfatı da inkişaf etmişdir. Üzümçülük, kartofçuluq, taxılçılıq iqtisadi rayonun kənd təsərrüfatının əsas ixtisaslaşma sahələridir. Üzüm yığımına görə Qazax, Ağstafa, Şəmkir və Samux rayonları, kartof yığımına görə Gədəbəy, Şəmkir və Tovuz rayonları fərqlənir. Taxıl yığımına görə Goranboy və Şəmkir rayonları irəlidə durur. Burada həmçinin pambıqçılıq (Goranboyda), bostançılıq, tərəvəzçilik, meyvəçilik və heyvandarlıq sahələri inkişaf etmişdir. Ceyrançöl respublikanın mühüm qış otlaq sahələrindən biridir.

Kəlbəcər-Laçın iqtisadi rayonu
İqtisadi rayonun tərkibinə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı inzibati rayonları aid edilir.
Kəlbəcər-Laçm Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasında və Həkəri çayının hövzəsində yerləşir. Iqtisadi rayonun ICM-i çox əlverişsizdir.
Qızıl, civə, xromit, tikinti materialları (mərmər, perlit, kopal) rayonun əsas yeraltı sərvətləridir. Burada İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar, iqlim-balneoloji şərait, dağ meşələri kurort-rekreasiya məqsədləri üçün istifadə edilə bilər.
Yüksək dağlıq sahələrdə olan subalp və atp çəmənliklərinin yay otlaq sahələri və biçənəklər kimi əhəmiyyəti böyükdür. Çəmənliklər arıçılıq üçün də əlverişli ərazilərdir.
Kəlbəcər-Laçın vaxtilə respublikanın heyvandarlıq zonalarından biri olmuşdur. Tütünçülük, üzümçülük, meyvəçilik, taxılçılıq burada bitkiçiliyin mühüm sahələridir. Sənaye nıüəssisələri bu xammal növlərinin emalına əsaslanmışdır. Iqtisadi rayonda ət-süd məhsulları emal edilir, xalça toxunurdu.

Yuxarı Qarabağ iqtisadi rayonu.
İqtisadi rayonun tərkibinə Ağdam, Tərtər, Xocalı, Xocavənd, Füzuli, Cəbrayıl, Şuşa inzibati rayonları daxildir. Burada həmçinin respublika tabeli Xankəndi və Şuşa şəhərləri yerləşir.
Yuxaru Qarabağ Kiçik Qafqaz təbii-iqtisadi zonasının cənub-şərqində, Kəlbəcər-Laçın və Aran iqtisadi rayonlarının arasında yerləşir. Cənubda iqtisadi rayonun İranla olan sərhəddi Araz çayı boyu keçir. İqtisadi rayonun iqtisadi coğrafi mövqeyi əlverişlidir.
Qarabağın dağlıq hissəsində ermənilərin üstünlük təşkil etdiyi rayonlarda 07.07.1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmış, müharibə vəziyyəti və ermənilərin separatizmi ilə əlaqədar 26.11.1991-ci ildə ləğv edilmişdir.
Polimetal filizləri (Mehmanə yatağında), neft, təbii qaz, müxtəlif tikinti materialları (mərmər, sement xammalı, tikinti daşı) Yuxarı Qarabağda əsas yeraltı ehtiyatlardır. Mineral bulaqlardan (Turşsu, Şırlan), iqlim-balneoloji şəraitdən, meşələrdən, digər təbiət və tarixi-memarlıq abidələrindən istirahət və müalicə üçün istifadə etmək olar.
Yuxarı Qarabağda üzümçülük, taxılçılıq, tütünçülük, pambıqçılıq və heyvandarlıq kənd təsərrüfatının əsas sahələridir. Regionda həmçinin meyvə, kartof, bostan-tərəvəz məhsulları becərilir.
Şərabçılıq, konserv məhsullarının istehsalı, digər kənd təsərrüfatı məhsullarının emalı yeyinti sənayesinin əsas sahələridir.

Kur-Araz təbii-iqtisadi zonası
Aran (Kür-Araz) iqtisadi rayonu
İqtisadi rayonun tərkibinə Kür-Araz ovalığında yerləşən inzibati rayonlar daxildir. Onlara Ağdaş, Ağcabədi, Beyləqan, Biləsuvar, Bərdə, Zərdab, İmişli, Yevlax, Kürdəmir, Göyçay, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar və Hacıqabul rayonları aiddir. Respublika tabeliyində olan Mingəçevir, Şirvan və Yevlax şəhərləri də burada yerləşir.
Aran respublikanın mərkəzi və şərq hissələrini tutur. O, şərqdən Xəzər dənizinə çıxır. Kür və Araz çayları boyu respublika əhəmiyyətli magistral nəqliyyat xətləri üzərində yerləşən Aran iqtisadi rayonu çox əlverişli iqtisadi coğrafi mövqeyə malikdir.
İqtisadi rayonun əsas yeraltı sərvətləri neft, təbii qaz, yodlu və bromlu mədən suları, müxtəlif tikinti materiallarıdır (mişar daşı, qum-çınqıl və s.). Burada olan bol günəş işığı, qızmar keçən yay istisevən bitkilərin (pambıq, üzüm, taxıl), dadlı və qidalı bostan-tərəvəz məhsullarının, quru subtropik meyvələrin (heyva, nar və digər çəyirdəkli meyvələr) yetişdirilməsinə imkan verir. Düzənliklərdə qış mülayim və yağıntılı keçdiyinə görə payızlıq dənli bitkilər əkilir. Lakin iqlimin yayda quru olması ilə əlaqədar əkinçilik yalnız suvarma şəraitində mümkündür.
Aran iqtisadi rayonunda sənaye yüksək inkişaf etmişdir. Neft və təbii qaz yataqları Şirvanda, Salyanda, Neftçalada, Kürdəmirdə, İmişlidə və Zərdabda yerləşir. Şirvanda və Mingəçevirdə DRES-lər, Mingəçevirdə və Varvarada SES-lər işləyir. Ona görə də elektroenergetika burada təsərrüfatın inkişaf etmiş və ixtisaslaşmış sahələrindən biridir. Kimya sənayesi müəssisələri Mingəçevir, Salyan və Neftçala şəhərində fəaliyyət göstərir. Salyanda plastik kütə zavodu, Neftçalada yod-brom zavodu vardır.
Mingəçevir, Şirvan və Salyan iqtisadi rayonda maşınqayırmanın əsas mərkəzləridir. Burada həmçinin tikinti materialları, yeyinti sənayesi məhsulları, xalq istehlakı malları istehsal edən müəssisələr yaradılmışdır.
Aran iqtisadi rayonu respublikanın mühüm kənd təsərrüfatı regionudur. Pambıqçılıq, taxılçılıq, üzümçülük, quru-subtropik meyvəçilik, bostançılıq və heyvandarlıq kənd təsərrüfatının ixtisaslaşmış sahələridir.

Lənkəran təbii-iqtisadi zonası
Lənkəran-Astara iqtisadi rayonu
İqtisadi rayon Astara, Yardımlı, Lerik, Lənkəran, Masallı, Cəlilabad inzibati rayonlarından və respublika tabeliyində olan Lənkəran şəhərindən ibarətdir.
Lənkəran-Astara ölkənin cənub sərhədlərində, Xəzər dənizinin sahillərində yerləşir. Azərbaycanı İranla birləşdirən nəqliyyat yolları buradan keçir. Rayonun iqtisadi coğrafi mövqeyi çox əlverişlidir və ölkə üçün strateji əhəmiyyəti böyükdür.
Lənkəran-Astarada az miqdarda mişar daşı, qum, gil, çınqıl kimi tikinti materialları vardır. Ərazinin rütubətli subtropik iqlimi, kifayət qədər günəş işığı olması burada sitrus meyvələri, çay, bostan-tərəvəz məhsulları, üzüm, tütün yetişdirilməsinə imkan verir.
İqtisadi rayonun sənaye nıüəssisələri becərilən kənd təsərrüfatı məhsullarının və Xəzər dənizindən tutulan balıqların emalına əsaslanır.
Faraş tərəvəzçilik, rütubətli subtropik (sitrus) meyvəçilik və çayçılıq Lənkəran-Astara iqtisadi rayonunda kənd təsərrüfatının ixtisaslaşmış sahələridir. Burada həmçinin tütün, çəltik, taxıl, üzüm becərilir.

Naxçıvan təbii-iqtisadi zonası
Naxçıvan iqtisadi rayonu
İqtisadi rayon eyni adlı Muxtar Respublikanı əhatə edir. Burada Babək, Ordubad, Sədərək, Şahbuz, Kəngərli, Culfa və Şərur inzibati rayonlara ayrılır. Naxçıvan, Ordubad, Culfa muxtar respublika tabeliyində olan şəhər statusuna malikdirlər.
Naxçıvanda polimetal filizləri, mis, molibden, daş duz, tikinti materialları (mərmər, travertin, tikinti daşı), dolomit, gips mühüm təbii sərvətlər vardır. Düzən sahələrin məhsuldar torpaqları, bol günəş istiliyi istisevən bitkilər, dadlı meyvələr, bostan-tərəvəz bitkiləri yetişdirilməsi üçün əlverişlidir.
Əkin sahələrinin suvarılması üçün Araz çayı və onun qolları üzərində yaradılmış su anbarlarından istifadə edilir. Dağlardakı çayların dərələrində bitən meşələrdə ağac tədarükü edilməsi üçün ehtiyatar yoxdur. Meşələr iqtisadi rayonda 20 min ha sahə tutur. Bu, MR-in ərazisinin 0,5%-faizinə bərabərdir.
Dağların yuxarı hissələrində olan çəmənliklərin biçənək və yay otlaqları kimi əhəmiyyəti çoxdur. Naxçıvanda olan mineral bulaqlar, dağ gölləri (Batabat, Göygöl), təbiət (İlandağ) və tarixi abidələr gözəl istirahət və turizm yerləridir.
Naxçıvan sənayesi yüksək inkişaf etmiş iqtisadi rayonlardan biridir. Elektroenergetika (Araz su qovşağı), elektrotexnika (Naxçıvan), alüminium qablar, mebel və butulka (Naxçıvan), avtomobil təmiri (Şahbuz) müəssisələri sənayenin aparıcı sahələrini təmsil edir. Tikinti materiallarının sənayesi üzrə dəmir-beton konstruksiyaları (Naxçıvan, Şərur), üzlük materiallar zavodları, qum-çınqıl karvaxanası işləyir.
İqtisadi rayonda yüngül sənaye üzrə tikiş (Naxçıvan, Culfa), ipəkəyirmə (Ordubad), xalçaçılıq, trikotaj (Naxçıvan) müəssisələri vardır.
Yeyinti sənayesi sahəsində konserv (Ordubad, Şərur), tütün-fermentasiya, mineral su doldurulması, ət emalı, balıq zavodu (Naxçıvan, Şahbuz, Şərur) müəssisələri fəaliyyət göstərir.
Naxçıvan MR-də kənd təsərrüfatının əsas sahələri üzümçülük, tütünçülük, meyvəçilik və taxılçılıq inkişaf etmişdir. Burada həmçinin şəkər çuğunduru, xına, tərəvəz, gül becərilir. Ətlik-südlük mal-darlıq, ətlik-yunluq və südlük qoyunçuluq, baramaçılıq, arıçılıq heyvandarlığın əsas sahələridir.
Hazırda Naxçıvan ilə birbaşa yalnız hava nəqliyyatı ilə əlaqə saxlanılır. Naxçıvan şəhərindəki aeroport beynəlxalq səviyyədədir. Culfa şəhəri respublikanın nəqliyyat qovşaqlarından biridir.
Naxçıvan şəhəri MR-in inzibati, mühüm sənaye və sosial-mədəni mərkəzidir. İqtisadi rayonda olan sənaye müəssisələrinin çoxu bu şəhərdə yerləşir. O, respublikanın əsas sənaye və nəqliyyat qovşaqları sırasındadır.    




Oxunub: 71711



Azərbaycan Televiziyaları
İnternet Radio