Baş səhifə    » COĞRAFİYA    » Qoruqlar    » Bəsitçay Dövlət Təbiət Qoruğu   

Bəsitçay Dövlət Təbiət Qoruğu

  

Bəsitçay Dövlət Təbiət Qoruğu Azərbaycan hökumətinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan rayonunda yaradılmışdır. Qoruq Bəsitçayın dərəsində yerləşir. Qoruq nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilmişdir.
Bəsitçay respublika qoruqlarının ən kiçiyidir. Onun sahəsi 107 hektardır.
Meşə ilə örtülü sahənin əsas ağac cinsi şərq çinarıdır. Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması səciyyəvidir.
Məlumdur ki, dünyada çinarın 7 növü vardır. Azərbaycanda isə onun yalnız bir növü—şərq çinarı inkişaf edir. Şərq çinarının çoxsahəli əhəmiyyətini,dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın «Qırmızı Kitabı»na yazılmışdır.
Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər və s.məməlilərə, kəklik, turac, göyərçin və s. quşlara rast gəlinir.
Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hal-hazırda Şərq çinarlarının qorunduğu Bəsitçay Dövlət Təbiət Qoruğu erməni təcavüzkarlarının işğalı altındadır.



Oxunub: 422501