Baş səhifə    » DİN    » Azərbaycanda mövcud dinlər   

Azərbaycanda mövcud dinlər

  


Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərsə də, islam dini üstün mövqe tutur. Əhalinin 95 faizindən çoxu islam dininə etiqad edir. Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən hər bir şəxs vicdan azadlığı hüququna malikdir. Konstitusiyanın 18-ci maddəsinin 1-3 bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan, insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır.
"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır. Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, islam və bir çox başqa dini cərəyanlar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmişdir. Hazırda Azərbaycan Respublikası ərazisində 510 dini icma qeydiyyatdan keçmişdir. Bunlardan 32-i qeyri-islam təmayüllü dini icmalardır.

Ənənəvi konfessiyalar:
Ortodoks konfessiyası
1991-ci ildə Cen Mironosets kilsəsinin (1907-ci ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilmişdir) binası Rus Pravoslav kilsəsinə verilmişdir. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə statusu vermişdir. Hazırda Bakıda 3, Gəncədə və Xaçmazda 1 rus pravoslav kilsəsi fəaliyyət göstərir.

Roma-katolik konfessiyası
1999-cu ildə Azərbaycanda katolik icması qeydiyyatdan keçmişdir. 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi üçün bu icmaya xüsusi bina alınmış və kilsəyə çevrilmişdir. 2007-ci ildə Azərbaycan Hökuməti ilə Vatikan arasındakı razılığa əsasən, Bakıda Roma Katolik kilsəsinin inşası tamamlanmışdır. 2002-ci ilin may ayında Roma katolik kilsəsinin başçısı II İohann Pavel Bakıda səfərdə olmuş və dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri ilə görüşmüşdür. 2003-cü ilin aprel ayında Rum patriarxı II Varfolomey Azərbaycanda rəsmi səfərdə olmuş, dövlət rəsmiləri, din xadimləri, müsəlman, xristian, yəhudi dini icmalarının rəhbərləri ilə görüşlər keçirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev tərəfindən qəbul olunmuşdur. 2003-cü ildə alban-udi dini icması dövlət qeydiyyatına alınmışdır. Şəkinin Kiş kəndində inşa edilən və Qafqazda, eləcə də bütün dünyada ən qədim məbədlərdən biri sayılan alban kilsəsi 2003-cü ildə əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilmişdir. 2006-cı ilin may ayında Qəbələ rayonunun Nic qəsəbəsində Müqəddəs Yelisey qədim alban kilsəsinin yerində Çotari alban-udi kilsəsinin açılış mərasimi keçirilmişdir.

Protestantlıq cərəyanı
Yevangel-lüteran kilsəsi
Yevangel xristian baptist icması
7-ci gün adventistləri
“Şərqdə ulduz” xristian incil dini icması
Molokan ruhani xristianların dini icması
Alban-udi xristian dini icması
Yəhudilər
Avropa yəhudilərinin dini icması
«Aşkinazi» Dağ yəhudiləri icması-sefartlar
Gürcü yəhudiləri icması
Yəhudilər Azərbaycanda 2500 ildən artıqdır ki məskunlaşmışlar. Onlar ölkəmizdə heç vaxt dini dözümsüzlüyə və ayrı-seçkiliyə məruz qalmamışlar. Hazırda 7 yəhudi dini icması dövlət qeydiyyatına alınmışdır. Bakıda 3, Oğuzda və Qubada 1 sinaqoq fəaliyyət göstərir. 2003-cü il mart ayında Bakıda yeni yəhudi sinaqoqu istifadəyə verilmişdir. 2003-cü ilin sentyabr ayında Bakıda “Od-Avner” Xabad Lyubaviç Beynəlxalq Fondunun maliyyələşdirdiyi ilk yəhudi orta ümumtəhsil məktəbi fəaliyyətə başlamışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 222 saylı 5 oktyabr 2006-cı il tarixli Qərarına əsasan Quba rayonu Qırmızı qəsəbədə yerləşən 1 nömrəli məktəbə İsaak Abramoviç Xanukovun adı verilmişdir. Ölkədə mövcud olan yüksək tolerantlıq dərəcəsi və yəhudilərə qarşı heç bir ayrı-seçkiliyin olmadığı 2006-cı il fevral ayının 9-14-də Azərbaycana səfər etmiş Amerikanın başlıca yəhudi təşkilatları prezidentlərinin Konfransı təşkilatının nümayəndə heyəti tərəfindən də vurğulanmışdır. Nümayəndə heyətinə təşkilatın sədr müavini M.Hönlayn, Avro-Asiya yəhudi konqresinin prezidenti A.Maxkevitç və digər şəxslər daxil idi.

Qeyri-ənənəvi din və təriqətlər:
Yehova şahidləri
Nehemiya Mədh kilsəsi
Həyatverici lütf
Beynəlxalq Krişna şüuru
Bəhai Novoapostol kilsəsi
Yevangel xristianları icması
Azərbaycanda mövcud olan dini mərkəz və idarələr xarici ölkələrdəki müvafiq mərkəzlərlə işgüzar əlaqə saxlayır, beynəlxalq dini tədbirlərdə yaxından iştirak edirlər. Belə ki, Qafqaz Müsəlmanları İdarəsi ilə Beynəlxalq İslam Konfransı Təşkilatı və digər xarici müsəlman və qeyri müsəlman ölkələrinin dini təşkilatları arasında sıx əlaqələr mövcuddur. Bakıdakı Rus Pravoslav Kilsələrinin Yepiskopluğu Xəzəryanı bölgələrin xristian-pravoslav kilsələrinə rəhbərlik etməklə yanaşı, ölkədaxili və ölkəxarici dini mərkəzlərlə geniş əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycanın yəhudi icmaları «Soxnut», «Aqudit İsrail» və «Tşuva İsrail» kimi beynəlxalq təşkilatlarla, eyni zamanda ABŞ, İngiltərə və digər dövlətlərin yəhudi icmaları ilə sıx əlaqə saxlayır. Respublika ərazisində xristian və yəhudi dini tədris müəssisələri, o cümlədən pravoslav kilsələri yanında bazar günü məktəbləri, yevangel-xristian protestant icmalarının Bibliya kursları, «Həyatverici lütf» icmasının Bibliya institutu, yəhudilərin ivriti, yəhudi dini və mədəniyyətini öyrədən kursları və s. fəaliyyət göstərir.
Azərbaycan Respublikası çoxmillətli və çoxdinli bir ölkədir. Bu ölkənin milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilmişdir.



Oxunub: 184154



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on