Baş səhifə    » DİN    » Pir və ziyarətgahlar   

Pir və ziyarətgahlar

  

Təzəpir  
Təzəpir məscidi Abşeron ərazisində yerləşən ziyarətgah timsallı memarlıq abidəsidir. Bu abidə təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini mərkəzi hesab olunur. Qafqaz Müsəlmanları İdarəsi burada yerləşir.
Ziyarətgahın tarixi XIV-XV əsrlərə gedib çıxır. Tədqiqatçılar təsdiq edirlər ki, məscidin dərin suxur qatları altında mövcud olan türbəsi, zəmanəsinin görkəmli alimi və övliyası Əbu Seyid Abdullaya məxsus olub. Ziyarətgahın yerləşdiyi məkan ötən əsrin ortalarına qədər "Xəlfədam" adı ilə tanınırdı. Hazırda isə bu yer Təzəpir məscidinin yerləşdiyi ərazidir. Zaman keçdikcə Əbu Seyid Abdullanın türbəsi dağıntılara məruz qalıb. Lakin pirin kəramətinə böyük etiqad göstərən insanlar onun tamamilə dağılmasına imkan verməyiblər.
Ziyarətgah zaman-zaman Bakı əsilzadələri tərəfindən təmir olunub. 1817-ci ildə sonuncu Bakı xanı Hüseynqulu xanın kürəkəni Qasım bəy məscidi əsaslı bərpa etdirib. İbadətgahın əsl tikintisi isə XX əsrin əvvəllərində başlayıb. Belə ki, məscidin əsaslı bərpasından təxminən 90 il
sonra zəngin möminlərdən sayılan Nabat xanım Xocabəy qızı Aşurbəyli Rzayeva birmərtəbəli məscid binasının yerində yeni ibadətgahın tikintisinə başlayır. Seyid Yəhya Bakuvinin nəslindən olan bu qadın sonunucu zinət əşyasına qədər satıb binanın inşa etdirir. Türbə üzərində yeni məscid tikildiyinə görə xalq arasında bu günə qədər də bu tikili Təzəpir məscidi adlanır. Məscid Nabat Aşurbəyli-Rzayevanın vəsaiti ilə Zivərbəy Əhmədbəyovun layihəsi əsasında 23 iyul 1905-ci ildə tikilib. Məscid 2007-2009-cu illərdə əsaslı şəkildə yenidən təmir olunub.

Bibiheybət 
Burada şiəlikdə VII imam olan İmam Kazımın qızı Həzrəti Həkimə xanımın, imamın iki oğlan və bir qız nəvəsinin məzarı yerləşir. Bu tarixi dini-memarlıq abidəsi XIII əsrdə Şirvanşah II Fərruxzad ibn Axsitan tərəfindən inşa etdirilib. Məscidin divarında tarixi faktlar yazılan kitabə yerləşir. Bu kitabədə qeyd edilib ki, 1281-1282-ci illərdə tikilən məscidin memarı Mahmud ibn Səyiddir. Məşhur tarixçilər Bakıxanov, Beryozin, Dorn və Xanukov da bu kitabə haqqında yazıblar. VII İmam Museyi-Kazımın (ə) qızlarından Həzrəti Həkiməxanım Bibiheybetdə, Həzrəti Məsumə xanım İranın Qum şəhərində, Həzrəti Rəhimə xanım Bakının Nardaran,
Həzrəti Leyla xanım isə Bilgəh kəndində dəfn edilib.
1257-ci ildə dünyasını dəyişən Həzrəti Həkimə xanım heç vaxt ailə həyatı qurmayıb, bütün
ömrünü qardaşı uşaqlarına həsr edib.Bu məscidin adını eşidəndə hamıya maraqlı gəlir ki, bura niyə məhz “Bibiheybət” adlanır. Düşmənlərinə xəbər çatmasın deyə, Hacı Bədir Həzrəti Həkimə xanımın əsl adını gizlədir, ona “bibi” deyə müraciət edir. “Bibiheybət”, yəni
“Heybətin bibisi” deməkdir. O, imamın nəvələrini və Həzrəti Həkimə xanımı bütün qalmaqal, dediqodu, təqib və zülmlərdən qorumağı bacarır. Hacı Bədir öz arzusu ilə xanımın məzarının ayaq tərəfində və hündürlük baxımından aşağı səviyyədə dəfn edilib. Bu, onun Həzrəti Həkimə xanıma olan hörmət və sayğısından irəli gəlir.

Əshabi-Kəhf
Naxçıvan şəhərindən təqribən 12 km aralı, İlandağ ilə Nəhəcir dağı arasındakı təbii mağarada ziyarətgah olan Əshabi-kəhf ərəb dilində "mağara adamları" deməkdir. Eyniadlı yerin Kiçik Asiya və ya Fələstin ərazisində olması haqqında qədim dini ədəbiyyatlarda, o cümlədən Quranda məlumat var. Quranın "Kəhf" ("Mağara") surəsində əksini tapmış əfsanəyə görə isə
Allaha inanan gənclər təqiblərdən yaxa qurtarmaq üçün bir itlə birlikdə mağarada gizlənmişdilər. Allah onları yatırtmış, bir neçə yüz ildən sonra oyatmış, lakin gənclər özlərinə yad dünyanı görüb, yenidən əbədi yuxuya getmişlər. Naxçıvan ərazisində yayılmış əfsanə də təqribən eyni
məzmunludur.
Əshabi-kəhfdə abadlıq-bərpa işləri aparılmış, zəvvarlar üçün şərait yaradılmış, 13 km məsafədə rahat yol salınmış, məscid tikilmiş, kitabə qoyulmuşdur.

Mirmövsüm ağa ziyarətgahı
Mirmövsüm ağa ziyarətgahı Bakı şəhərinin Şüvəlan qəsəbəsində yerləşir. Bu şəxsin əsl adı və soyadı Mirböyük Ağa Mirabutalıb oğlu Mirmövsümzadədir. Atası Mirabutalıbın soy-kökü VII imam Museyi-Kazıma (ə) bağlanır. Ulu babaları Kərbəlada doğulmuşdur. XIX əsrin axırlarında Mirabutalıb ağa Azərbaycana köçür. Ağanın 3 oğlu və 3 qızı olub. Oğullarından
Mirmövsüm ağa 1883-cü ildə İçərişəhərdə anadan olmuşdur. Ağa xəstə olduğu üçün bacısı Qönçə-Səkinə xanım ailə həyatı qurmamış, ömrü boyu qardaşına xidmət etmişdir. Məhz bacısının vəfatına dözə bilməyən Mirmövsüm ağa da az müddətdən sonra - 1950-ci ildə haqq dünyasına qovuşmuşdur. İndi möhtəşəm ziyarətgahlardan olan Mirmövsüm ağa ziyarətgahı
zəvvarların pənah apardığı ən müqəddəs yerlərdən biridir.

Gəncə imamzadəsi
İmamzadə, yaxud Göy imam türbəsi VIII əsrə aid tarixi abidədir. Gəncə şəhərinin ən maraqlı memarlıq abidələrindən biri xalq arasında Göy günbəz və Göy məscid (Göy İmam) kimi tanınan İmamzadə kompleksidir. Abidənin xalq arasında bu cür adlandırılması kompleksə daxil olan binalar içərisində əsas yer tutan türbə binasının günbəzinin göy kaşı örtüyü ilə əlaqədardır. Kompleksin özəyini təşkil edən həmin tikili əsas bina olmaqla bərabər, onun ən qədim hissəsidir. Hazırda aşağı kub hissədən və hündür boyun üstündə yüksələn günbəzdən ibarət olan bu bina, şübhəsiz ki, vaxtilə daha böyük ərazini əhatə etmişdir. Türbə sonralar (ehtimal
ki, XVII əsrdə) bir ziyarətgah şəklini almış və onun ətrafında dini mahiyyət daşıyan binalar inşa edilmişdir.

Bərdə imamzadəsi
Bərdə şəhərində yerləşən İmamzadədə ziyarətgahında İmam Cəfəri Sadiqin (ə) qız nəvəsi uyuyur. O dövrlərdə Əbbasi xəlifələrinin Əhli-Beyt (ə) ailəsinə etdiyi zülmlərin
əlindən hicrət edən Şahzadə İsmayil daim Əhli-Beyt (ə) aşiqi olan Azərbaycan
torpağına sığınır. Azərbaycanın qədim şəhərlərindən biri olan Bərdə Şahzadə
İsmayilin məskunlaşdığı yer olur. O ömrünün sonuna kimi bu torpaqda yaşayıb
dünyasını dəyişir. XII əsrdə İbrahim adlı tacir xalqın bir qəbri ziyarət etdiyini görür.
Maraqlananda ona bildirirlər ki burada İmam Cəfəri Sadiqin (ə) qız nəvəsi
Şahzadə İsmayil dəfn olunub. Tacir öz hesabına qəbrin üstündə çay daşlarından
günbəzli ziyarətgah tikdirir. Ensklopediya da bu ziyarətgah “Tacir İbrahim” adı
ilə qeyd olunub.
1868-ci ildə İmamzadə türbəsinin 4 minarəsi Memar Kərbəlayi Səfixan
Qarabaği tərəfindən bərpa olunub.

Xızır-zində baba ziyarətgahı
Bu ziyarətgah Siyəzən rayonu yaxınlığındakı uca bir dağın başında yerləşir. Bu dağ 124 min peyğəmbərdən biri - Xızır-zində babanın qədəmgahıdır.
Həzrəti Babadağ ziyarətgahı uca bir zirvə olub, hündürlüyü 3629 metrdir. Bu
dağın şimal hissəsi Quba zonasına, cənub hissəsi isə İsmayıllı zonasına düşür.
Həzrəti Babadağ ziyarətgahına zəvvarların gəlməsi iyul ayından başlayaraq avqust ayının axırlarına kimi davam edir.

Şeyx Cüneyd piri
Müstəqil Səfəvi dövlətini yaratmaq istəyən Şeyx Cüneyd Şirvanşah I Xəlilullaha məğlub olaraq 1460-cı ildə vəfat etmişdir. Onun məzarı Qusar rayonunun Həzrə kəndində yerləşən pirdədir. Kəndin adı böyük ehtimalla Şeyx Cüneydin «Həzrət» ləqəbi ilə bağlı meydana gəlmişdir. Ərdəbil hakimi Sultan Şeyx Cüneyd Səfəvinin türbəsi (h. 951 / m. 1544-1545-ci ildə) I Şah Təhmasibin əmri ilə onun vəziri Xacə Fəxrəddin Əhməd Fərəhani oğlu Xacə Ziyaəddin Nizamül-Mülkün oğlu Ağa Məhəmməd tikdirmişdir. Düzbucaqlı plana malik türbə bişmiş kərpicdən inşa edilmişdir. Şeyx Cüneydin məzarı üstündə çərçivə içərisinə alınmış bərk ağacdan düzəldilmiş sənduqə vardır. Türbənin üzəri böyük günbəzlə örtülmüşdür. Türbənin
qərb qapısında yeddi sətirlik ərəb dilində nəsx xətti ilə yazılmış kitabə mövcuddur.

Soltan Baba piri
Bu abidə Dəvəçi rayonunun Uqah kəndindədir. Vaxtilə bu tikilinin çəkilmiş fotoşəkilindən məlum olmuşdur ki, əvvəllər, qeyd olunan pirin qapısının üzərində ərəbcə süls xətti ilə kitabə olmuşdur. Kitabədən burada sufiliyi təbliğ edən cəmiyyətin şeyxi Əbu Bəkrin məqbərəsi yerləşdiyi bilinmişdir. Oradakı türbə Sultan Fərruxzad ibn Axsitanın zamanında Nasirin oğlu Nəcəf Məhəmməd tərəfindən (h. 594/, m. 1197-1198) inşa etdirilmişdir.

Seyid Əhməd piri
Seyid Əhməd piri Lənkəran-Astara şose yolunun sağ tərəfində yerləşən meşəlikdəki Maşxan kəndinin qəbiristanlığındadır. Məqbərə Sultan Əhməd ibn Kərimə (h. 876 / m. 1471-1472) məxsusdur. «Maşxan» sözünün «biz şeyxlər» mənasında işləndiyi üçün kəndin adının buradakı şeyxlərlə əlaqədar meydana gəldiyi güman edilir.

Babadilim piri
Quba şəhərinin Hapıt kəndində olan bu zaviyə binasının üzərindəki mövcud kitabələrdən bəlli olmuşdur ki, burada Şeyx Kamil, Şeyxzadə, Şeyx Mir Hacı, Şeyx Səid, Şeyx Cami, Şeyx Tahir, Şeyx Camal, Şeyx Rəhim, Şeyx Ağa, Mir Məhəmməd, Şeyx Şirzad, Şeyx Arif Nurunun oğlu ibn Məhəmməd, Fətəlixan, ustadları Cəfər və şamaxılı Haşim fəaliyyət göstərmişlər. Sufilik mərkəzi kimi fəaliyyət göstərən zaviyənin X-XI əsrlərdə inşa edildiyi ehtimal olunur.

Əlibaba piri
Bakının 50 km-də, Xəzərin şərq sahilində, Türkan qəsəbəsindəki köhnə qəbiristanlıqda yerləşir.
Türbədəki qəbirin kitabəsində mərhumun adı pozulduğuna baxmayaraq, əhali arasında burada xalq yolunda şəhid düşmüş Əlibaba adlı şəxsin dəfn olunduğu söylənilir. Qəbri ziyarətgaha çevrilmiş bu insanın XIII əsrdə yaşadığı güman edilir.

Qara paltar piri
Buzovna qəsəbəsinin Nazranlı məhəlləsindəki Qara paltar piri nəsrani Bəhramə Səmavərzinin adı ilə bağlıdır. O, hicri təqvimilə (h. 706 /, m. 1306) vəfat etmişdir. Buna bənzər abidələr Abşeronun Yeni Suraxanı və Şağan kəndlərində də var. Şağan kəndində yerləşən türbə Bulqaq (Əbul-həqq) bin Bulqərara məxsusdur. O, hicri təqvimilə (h. 720 /, m. 1320-1321) vəfat etmişdir. Suraxanıdakı türbənin bəzi yazıları köhnələrək silindiyindən bu qəbirin hicri təqvimilə 803-cü ildə vəfat etmiş Gərşivəzin oğluna aid olduğu haqda məhdud məlumat bilinməkdədir. Həmin abidələrin xaçpərəst xristianlara məxsus olduğu ehtimal edilir. Şağan türbəsinin içərisindəki daşlar görünməsin deyə, tikilinin qapısı daşla hörülmüşdür. Buzovnadakı türbənin içərisindəki
xaçlar isə suvaqla örtülmüşdür. Adı çəkilən abidələr tarixi yöndən böyük əhəmiyyətə malikdir. Belə ki, Alban xaçı Qafqazda ən qədim hesab olunur.

Xanağa piri
Naxçıvanın Ordubad şəhərinin Xanağa kəndindədir. Pir binasının divarındakı kitabələrdən burada Seyyid Həmid oğlu Seyyid Tahirin (h. 707 / m. 1307-1308) və Şeyx Nurəddinin oğlu Şeyx İslamın (h. 1010 / m. 1601-1602) qəbirlərinin olduğu bilinir. Tədqiqatlar nəticəsində pirin yerində daha öncə xanəgahın (şeyxlərin, dərvişlərin ibadət etdikləri yer) yerləşdiyi zənn edilir. Kəndin adının da məhz xanəgahlarla əlaqədar meydana gəldiyi güman edilir.

Düylün piri
Üzərində yazılı kitabəsi olmadığı üçün Ordubadın Düylün kəndindəki pirin tarixi və burada dəfn olunanın kimliyi barədə dəqiq məlumat əldə etmək mümkün deyil. Lakin onun sufi təriqətlərindən olduğu və XIV əsrdən əvvəl fəaliyyətə başladığı ehtimal edilir.

Seyid Camaləddin piri
Lənkəran-Astara şose yolunun üstündə Pensar (Butasar) kəndi qəbiristanlığında yerləşən pir,
Şeyx Səfi Ərdəbilinin ustadı Tacəddin İbrahimin (Şeyx Zahidin) mürşidi Eynəzzaman Camaləddin Gilinin adı ilə bağlıdır. Butəsər mahalının Malvan kəndindən olan Seyid Camaləddin ömrünün çox hissəsini Astarada yaşayıb, sufizmi təbliğ etmişdir.

Babagil piri
Vaxtilə Gilandan Astaraya gələrək, Asnaqaran (Dəmirçilər) kəndində məskunlaşmış Sultan babanın adı ilə bağlıdır. Onun ləqəblərindən biri talışca «Asnaqaran», farsca «Аһəngəran» olmuşdur. «Babagil» sözünün mənası isə yerli əhalinin dediyinə görə, «Gilanlı baba» deməkdir. Sufi şeyxinin əsl adı bəlli deyil. Onun XI əsrdə yaşadığı ehtimal edilir.

Aza piri
Pir Ordubadın Aza kəndində yerləşir. Pirin tədqiqi vaxtilə burada mövcud olmuş, XI - XII əsrlərdə Yaxın və Orta Şərqdə məşhur olan Aza şəhərinin yerinin təsbit edilməsində mühüm rol oynamışdır. Orta əsrlərdə bu şəhər sənətkarlıq, ticarət, üzümçülük və şərabçılığı ilə məşhur idi. Adıçəkilən şəhərin monqol hücumları zamanı tənəzzül etdiyi güman edilir. Aza pirində qəbri ziyarətgaha çevrilmiş Mövlana Şəmsəddin Məhəmməd dəfn edilmişdir (h. 892 /, m. 1487). Pirin ətrafında qoyun formasında üç qəbirüstü daş mövcuddur. Bunlardan ikisinin kitabəsi yoxdur. Üçüncü kitabədən isə buradakı məzarın Səfər adlı şəxsə aid olduğu bilinir.

Diribaba piri
Adıçəkilən pir Mərəzə ərazisindəki bir qayalıqdakı mağaranın içindədir. Diribaba Şirvanşah Şeyx İbrahimin müridi olmuş və şeyx kimi fəaliyyət göstərmişdir. Rəvayətə görə, Diribaba Seyyid İbrahimin tövsiyəsilə daim dizi üstə oturub, Allaha dua etdiyindən, onu ziyarət edənlərin təsəvvüründə belə qalmış və bununla əlaqədar olaraq pir «Diribaba» adlandırılmışdır.

Həzrəti Şeyx Mənsur piri
Qəbələnin Həzrə kəndində yerləşir. Buradakı abidələr XIV- XVI əsrlərə aiddir, Şeyx Mənsur Şirvanşah I Şeyx İbrahimin dövründə (1382-1417) yaşamışdır, Həzrə türbələrinin tədqiqi nəticəsində bu abidələrin Şirvan Abşeron memarlığı məktəbinə aid Şamaxı ustalarının inşası olduğu aşkar edilmişdir. Dədəgünəş piri Şamaxının Dədəgünəş kəndinin meşəliyində yerləşir. Yerli əhali buradakı məqbərəni «Piri Sultan Dədəgünəş» adlandırmışlar. «Dədəgünəş» XII əsrdə yaşamış alim, təbib və filosof Kafiəddin Ömər ibn Osmanın ləqəbidir. Rəvayətə görə, Dədəgünəş kəndinin yaxınlığındakı Məlhəm kəndində vaxtilə müalicəvi
xüsusiyyətlərə malik kükürdlü su və palçıq yataqları olmuşdur. Dədəgünəş insanları bu məlhəmlər vasitəsilə müalicə etdiyindən, ona «уеrin və göyün günəşi» deyilmişdir.

Ağbil piri
Qubanın Ağbil kəndindəki qəbiristandadır. Şirvanşah II Xəlilullah vaxtında yaşamış Şeyx Məzyədin, Şeyx Bayazidin, sufi Rəfiəddin və şəhid Şah Muradın burada dini fəaliyyət göstərdikləri kitabələrdən aydın olmuşdur. «Şeyx Məzyəd» türbəsi Sultan oğlu Sultan Xəlilullahın vaxtında sufi Rəfiəddinin oğlu Şeyx Məzyədin qəbiri üzərində (h. 940 / m. 1533-1534) inşa edilmişdir. «Sofi Həmid piri» abidələr kompleksi Şirvan şəhəri ərazisindədir. Buradakı türbənin XIV əsrdən əvvəl tikildiyi ehtimal edilir. Türbə qarşısında Sofi Həmidin bir neçə müridinin abidələri də mövcuddur. Sofi Həmidin Bektaşiyyə təriqətinin qollarından birinin şeyxi olduğu güman edilir.

Şeyx Baba piri
Qəbələ şəhərinin Həmzəli kəndindədir. Pirdəki məqbərə Seyyid Şeyx Məhəmmədə aiddir. Şeyxin vəfatı və pirin inşa tarixi haqqında dəqiq məlumat yoxdur. Türbənin ətrafında XV - XVI əsrə aid sənduqə formalı xatirə abidələri vardır. Məqbərə dini, sosial-iqtisadi, siyasi mərkəz kimi XIV əsrin əvvəllərindən başlayaraq fəaliyyət göstərmişdir.

Babaratma piri
Şəki şəhəri Babaratma kəndindəki eyniadlı pir kompleksinə məqbərə, məscidlər və qəbiristanlıq daxildir. Məscid-türbə binasının kitabəsindən alınan məlumata görə, buradakı qəbir Seyyid Hacı Ağa Məhəmmədindir (h. 1005 / m. 1596-1597). Onun ulu babalarından birinin adı Seyyid Şeyx Dədə Mürsəl Şeyx Babarta idi. «Babarta» «Baba ribat» sözünün təhrif olunmuş şəklidir. Mənası «хаnəgаһ şeyxi» deməkdir.

Şeyx Yusif piri
Yevlaxın Ərəbbəsrə kəndində yerləşən pirdə Mövlana Yusif Əfəndi ibn Məhəmməd ibn Yusif əl-Bəsrəi (h.1324/ m. 1906) dəfn edilmişdir. Hacı Şeyx Yusif padar Hacı Əli Babanın müridi, o da dərviş Evliya Həvinin müridi, o da Hacı İsmayıl Siracəddin Şirvaninin müridi olmuşdur. Şeyx İsmayıl, həmçinin, XIX əsrdə Dağıstanda Çar Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı çevrilmiş xalq hərəkatına başçılıq etmiş, Şeyx Şamilin də mürşidi olmuşdur.

Piri Mərdəkan
Şamaxının cənubi-şərqindəki Göylər kəndində, qədim Şamaxı-Cavad-Ərdəbil yolu üzərində xalq arasında «Piri Mərdəkan» adı ilə tanınan dini abidə kompleksi vardır. Buradakı Şeyx Tair Tac əl-Hüda Mədakani ibn Əlinin dəfn olunduğu türbə (h. 600 / m. 1203-1204) Şirvanşah III Mənuçöhrün oğlu Fərruxzadın əmri ilə inşa edilmişdir. Bir müddətdən sonra şeyxin və türbənin adı təhrif olunaraq «Mədakani» sözü «Mərdəkan» şəklinə salınmışdır. «Mədək» Cənubi Azərbaycanda, Həsənəbadın 27 km cənub-şərqində yer adıdır. «Ani» isə məkan  şəkilçisidir.



Oxunub: 393405