Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Azərbaycan Respublikasının Prezidenti   

Azərbaycan Respublikasının Prezidenti

  



Konstitusiyaya müvafiq olaraq, Azərbaycan dövləti idarəetmə formasına görə prezident respublikasıdır.
Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir. Prezident dövlətin Silahlı Qüvvələrinin Ali baş komandanıdır. Prezident Azərbaycan dövlətinin müstəqilliyinin və ərazi bütövlüyünün təminatçısıdır. Bundan əlavə, hakimiyyətin icraedici qolunun başçısı olan prezident dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.
Prezident hakimiyyətinin legitimliyi ümumxalq seçkiləri ilə təmin edilir. Konstitusiyaya əsasən, ali dövlət vəzifəsinə namizədlərin yaş senzi – 35 yaşdan az olmamaqla, oturaqlıq senzi – Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamaq şərti, təhsil senzi – ali təhsilə malik olmaq, mənəvi senz – ağır cinayətlərə görə məhkumluğun olmaması və başqa dövlətlər qarşısında hər hansı öhdəliyin olmaması, siyasi senz – ikili vətəndaşlığının olmaması müəyyən edilmişdir. Konstitusiyaya görə, müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə, Azərbaycan Respublikası prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir (maddə 101).
Ali hakimiyyətin rəmzi mərasim məqamı mətni təsbit olunmuş andiçmə təsisatında əks olunmuşdur. Prezident seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir (maddə 103).
Konstitusiyada dövlət başçısının geniş səlahiyyətləri təsbit olunub. Bu səlahiyyətlər 109-cu maddənin 32-ci bəndində əks olunub. Prezident Nazirlər Kabinetinin qərarlarını ləğv etmək, onu (Baş nazir istisna olmaqla) istefaya göndərmək hüququna malikdir. Baş nazirin, eləcə də Baş prokurorun istefaya göndərilməsi üçün Milli Məclisin razılığı tələb olunur. Prezident Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Apellyasiya Məhkəməsinin hakimlərinin, Azərbaycan Respublikası Milli Bankı İdarə heyətinin üzvlərinin təyin olunması barədə Milli Məclisə təqdimatlar verir.
Ali baş komandan kimi, Prezident Silahlı Qüvvələrin ali komanda heyətini vəzifəyə təyin və vəzifədən azad edir. Dövlət başçısı öz Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir. Prezident dövlət büdcəsini, Azərbaycan Respublikasının hərbi doktrinasını ali qanunvericilik orqanına təqdim edir, dövlət sosial-iqtisadi proqramlarını təsdiq edir, mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır, referendum təyin edir, qanunlar imzalayır. Prezident vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərini həll edir, əfv barədə, Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyyata buraxılması barədə qərarlar qəbul edir; dövlət təltifləri təqdim edir; ali hərbi və ali xüsusi rütbələr verir; ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir. Beynəlxalq müqavilələrə riayət edilməsinin təminatçısı kimi Prezident dövlətlərarası və hökumətlərarası müqavilələr bağlayır, dövlətlərarası müqavilələri təsdiq və ya ləğv olunmaq üçün Milli Məclisə təqdim edir, beynəlxalq müqavilələrin təsdiq edilməsi barədə fərmanları imzalayır.
Prezident milli təhlükəsizlik məsələlərini Konstitusiya ilə ona verilmiş səlahiyyətlər əsasında həll edilir. Prezident Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasını yaradır; fövqəladə və hərbi vəziyyət elan edir və Milli Məclisin razılığı ilə müharibə elan edir, sülh bağlayır. Prezident Silahlı Qüvvələrin əsas təyinatı ilə əlaqədar olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi barədə Milli Məclisə təqdimat verə bilər.

Ünvan: Bakı, Az 1066, İstiqlaliyyət küçəsi, 19, 
“Prezident Sarayı”.
Faks: (99412) 492 35 43, 492 06 25
E-mail: office@pa.gov.az
İnternet səhifəsi: www.president.az
 



Oxunub: 250498



Azərbaycan Televiziyaları
İnternet Radio