Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Məhkəmələr    » Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi   

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

  


Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır.
Konstitusiya Məhkəməsi təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir. Onlarla qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildir. Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.
Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində əlavə və dəyişikliklər edilib), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü il tarixli "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanunu, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir.
Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunan 9 hakimdən ibarətdir. Yeddi hakim təyin olunduqda Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinin icrasına başlaya bilər. Hakimlər 15 il müddətinə təyin olunurlar və səlahiyyət müddəti başa çatdıqdan sonra təkrar eyni vəzifəyə təyin edilə bilməzlər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin I hissəsinə görə Konstitusiya Məhkəməsinin hakimləri öz səlahiyyətlərini həyata keçirərkən müstəqildirlər, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununa tabedirlər və səlahiyyətlərinin müddətində dəyişilməzdirlər.
Konstitusiya Məhkəməsinin sədri və sədr müavini Azərbaycan Respublikasının prezidenti tərəfindən təyin edilir.
"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə müvafiq olaraq hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından Konstitusiya Məhkəməsinə pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət verə bilər.
Konstitusiya Məhkəməsi qanunların, qərarların və digər normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu yoxlayır. Azərbaycan Respublikası prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğuları və ümumi məhkəmələrin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına şərh verir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsinin qərarları qətidir, ləğv edilə, dəyişdirilə və rəsmi təfsir oluna bilməz.

Ünvan: Bakı şəhəri, Gənclər Meydanı 1
Telefon: (994 12) 492 88 41; (994 12) 492 42 19;
Faks: (994 12) 492 97 66; (994 12) 492 86 41;
E-mail: inter.dept@constitutional-court-az.org
İnternet səhifəsi: www.constitutional-court-az.org




Oxunub: 64595



Azərbaycan Televiziyaları
İnternet Radio