Baş səhifə    » ƏDƏBİYYAT    » Nəsr    » Nəsrin janrları   

Nəsrin janrları

  

Epik növün janrları   

Yazılı ədəbiyyatın ən geniş yayılmış janrları bunlardır: hekayə, povest, roman, oçerk, xatirə.

Hekayə. Hekayə epik növün həcm etibarilə kiçik bir janrıdır. Bu janrda müəllif bir və ya bir neçə surətlə bağlı olan konkret bir əhvalatı yığcam şəkildə təsvir edir. C.Məmmədquluzadənin "Poçt qutusu", Ə.Haqverdiyevin "Mirzə Səfər" əsərləri hekayənin səciyyəvi nümunələridir. Hekayə janrının gözlənilməz finalla bitən forması novelladır. C.Məmmədquluzadənin "Qurbanəli bəy", Ə.Haqverdiyevin "Bomba", Mir Calalın "Badamın ləzzəti" hekayələri novella nümunəsi sayıla bilər.
Hekayə, nəsrlə yazıldığı kimi, nəzmlə də yazıla bilir. Nəzmlə yazılmış hekayəyə mənzum hekayə deyilir. Müstəqil mənzum hekayə ədəbiyyatımıza M.Əmaninin yaradıcılığı ilə gəlmişdir. 

Povest. Povest rus dilində danışıq, təhkiyə, nağıl etmək mənasında işlənən "povestvovanie" sözündəndir. Povestə bəzən böyük hekayə deyilir. Çünki povestlə hekayə bir-birinə yaxın janrlardır. Hekayədən fərqli olaraq, povestdə bir yox, bir neçə əhvalatdan bəhs olunur və təsvir olunan surətlərin sayı da hekayədəki surətlərin sayından bir neçə dəfə çox olur. Azərbaycan ədəbiyyatında povestin ilk nümunəsi M.F.Axundzadənin “Aldanmış kəvakib” əsəri sayılır. C. Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, Ə. Vəliyevin “Gülşən”, M. Hüseynin “Kin”, M. Cəlalın “Dağlar dilə gəldi” və s. əsərləri Azərbaycan ədəbiyyatında povest janrının gözəl nümunələri hesab olunur.

Roman. Roman sözü fransız, ispan, italyan və s. dillərinin daxil olduğu roman dil qrupunun adı ilə bağlıdır. Bu dillərdə təhkiyə üsulu ilə qələmə alınan hər hansı bədii əsər XII-XIII əsrlərdə roman adlandırılsa da, sonralar roman xüsusi janr kimi formalaşmışdır. Roman epik növün həcm etibarilə ən böyük janrdır. Romanda təsvir edilən hadisələr və surətlər povestlə müqayisədə xeyli çoxdur. Hekayə və povestdə yazıçı, adətən, qəhrəmanın həyatının müəyyən bir mərhələsini təsvir etdiyi halda, romanda yazıçı qəhrəmanı dinamik inkişafda göstərmək, bəzən onun bütün ömür yoluna nəzər salmaq imkanı qazanır. Silsilə təşkil edən iki hissəli roman dilogiya, silsilə təşkil edən üç hissəli roman trilogiya adlanır. M.Hüseynin "Abşeron" və "Qara daşlar" romanları birlikdə dilogiya təşkil edir. M.S.Ordubadinin "Gizli Bakı", "Döyüşən şəhər" və "Dünya dəyişir" romanları isə trilogiya sayılır.
Dilogiya və trilogiyalarm hər hissəsi müstəqil roman sayılır və hər birinin də, bir qayda olaraq, öz müstəqil adı olur. Sadəcə, bu müstəqil romanları az-çox eyni mövzu və eyni obrazlar birləşdirir.
Tarixi şəxsiyyətlərlə, onların həyat və fəaliyyətinin təsviri ilə bağlı olan romanlara tarixi roman deyilir. M.S.Ordubadinin Cənubi Azərbaycandakı inqilabi hərəkatdan bəhs edən "Dumanlı Təbriz", Y.V.Çəmənzəminlinin M.P.Vaqifdən bəhs edən "İki od arasında" (və yaxud "Qan içində"), İ.Hüseynovun İ.Nəsimidən bəhs edən "Məhşər" əsərləri tarixi roman nümunələridir.
Qəhrəmanlann duyğu və düşüncələrinin, daxili hiss-həyəcanlarının ifadəsinə geniş yer verən, hadisələri qəhrəmanların davranışında əks etdirən romanlar psixoloji romanlar adlanır. Y.Səmədoğlunun "Qətl günü" əsəri psixoloji romandır.

Oçerk. Oçerk epik növün həcm etibarilə hekayəyə yaxın janrıdır. Hekayədən fərqli olaraq, oçerk faktiki həyat materialı, sənədlilik əsasında yazılır. Bu o deməkdir ki, yazıçı qəhrəmanm adını, tərcümeyi-halının səciyyəvi faktlarını real həyatda necə varsa, o şəkildə də saxlayıb əks etdirir. Düzdür, hekayədə olduğu kimi, oçerkdə də müəllif tipikləşdirmə və ümumiləşdirmə aparır, bədii təsvir və ifadə vasitələrindən istifadə edir, amma yazıçı fantaziyasına, təxəyyülünə geniş yol verilmir. Oçerklə tanış olan oxucu söhbətin konkret olaraq kimdən, real həyatda yaşayıb fəalliyyət göstərən hansı insandan getdiyini dərhal başa düşür. Oçerkdə bədiilik elementləri də olur. Oçerk bədii publisistikaya yaxın janrdır.
Azərbaycan ədəbiyyatında Mir Cəlal, Əvəz Sadıq, Nurəddin Babayev və başqaları oçerkin gözəl nümunələrini yaratmışlar.

Xatirə. (memuar) Xatirə, yaxud memuar da, oçerk kimi faktiki həyat materialı və sənədlilik əsasında yazılır. Amma oçerkdən fərqli olaraq, xatirədə konkret bir şəxsdən bəhs etmək məhdudiyyəti yoxdur. Xatirədə əsas şərt müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri təsvir etməkdir. Bundan əlavə, xatirədə həcm məhdudiyyəti də yoxdur. Xatirə həcmcə oçerkdən xeyli böyük də ola bilər. C.MəmmədquIuzadənin "Xatiratım", A.Şaiqin"Keçmiş günlər", Ö.F.Nemanzadənin "Xatirələrim", S.Rüstəmin "Unudulmaz müəllim", M.Hüseynin "Bir ay, bir gün", Anarın "Sizsiz" əsərləri xatirə nümunələridir.
Dəqiqlik, tarixi həqiqətin gözlənilməsi memuar janrının mühüm xüsusiyyətləridir. Bu janrda yazılan əsərlərdə şəxsiyyətlərə, hadisələrə müəyyən fərqli yanaşmalar da ola bilər.



Oxunub: 562965