Baş səhifə    » FƏLSƏFƏ    » VII-X əsrlərdə fəlsəfə   

Dədə Qorqud dünyagörüşü

  


Azərbaycan elm və mədəniyyətinin konkret tarixi simaları adətən mənəviyyatın hansısa bir sahəsində bu və ya digər fəaliyyətə görə tanınırlar. 
Dədə Qorqud müəyyən dövrdə xalq mənəviyyatının mücəssəməsi kimi çıxış etmişdir. "Kitabi-Dədə Qorqud" eposunda Oğuz elinin başbiləni, yolgöstərəni olan bu müdrik qoca alim, imam, peyğəmbər səviyyəsində tutulur.
"Kitabi-Dodo Qorqud" bütövlükdə orta əsrlərdə formalaşıb yazıya alınmasma baxmayaraq onun tarixi islamdan əvvəlki dövrlərə gedib çıxır. Dədə Qorqudun yaşı da buna şəhadət verir. Dastanları söyləyən ozan bildirir ki, Dədə Qorqud həmin dastanlarda cərəyan edən hadisələrin bilavasitə iştirakçısı və onları əks etdirən boyların müəllifidir. Bu baxımdan əsərdə təbiətə, cəmiyyətə və insana dair bütün baxışlar, diişüncələr Dədə Qorqud müdrikliyinin ifadəsidir.
"Kitabi-Dədə Qorqud" abidəsi Azərbaycan xalqının etnoqrafiyasını, tarixi coğrafiyasını, dilini, düşüncə tərzini, dünyagörüşünü, sosial-siyasi və əxlaqi baxışlarını, bir sözlə, zəngin mənəviyyatını, mədəniyyətini təcəssüm etdirən misilsiz qaynaqdır.
"Kitabi-Dədə Qorqud"da təsvir edilən hadisələr, yürüdülən mühakimələr, hikmətli sözlər tezisiər şəklində öz ifadəsini tapmışdır. Həmin kəlamların məzmununu şərti olaraq müəyyən mövzulara ayırmaq mümkündür: ilahi iradənin müəyyənediciliyi; zərurətin dərk edilməsi; təbiət və həyat qanunauyğunluğu, ağlın, idrakın və müsbət xasiyyətlərin qiymətləndirilməsi; qohum-əqrəba, ailə-övlad münasibətləri və s.
Tanrıya sitayiş, peyğəmbərə alqış, dualar, diləklər və başqa mövzular da burada mühüm yer tutur. Qəhrəmanlıq əzmi, özünə güvənmə əhval-ruhiyyəsi güclü olan bu dastanlarda Allahdan imdad diləmə, ilahi iradəyə tapınma həqiqətin dərk olunması kimi meydana çıxır.
"Kitabi-Dədə Qorqud"un islamdan qabaq yaranmış olduğunu nəzərə aldıqda orada islam dininin prinsiplərinin hələ möhkəmlənmədiyini bilmək çətin deyildir. Əsərdəki düşüncə və ifadə tərzi bu qənaətə gəlməyə əsas verir. Eposdakı hadisələrin cərəyan etdiyi yerlərdə kilsələrin olması xristianlığın mövcudluğu ilə bağlı idi. Yerlərdə "yapma ağac tanrılı" adamların yaşaması isə bütpərəstlikdən xəbər verir.
"Dəli Domrul" dastanında islam prinsiplərinin hələ tamamilə mənimsənilmədiyi aşkar görünür. Hadisələrin gedişində Dəli Domrul ilahi iradənin mütləqliyini başa düşür.
Haqsızlığa məruz qalıb dara düşmüşləri xilas edən Xızr peyğəmbərə inam da islamdan qabaqkı türk düşüncəsidir.
Qazan xanın suya və qurda müraciəti haçansa onların totem sayılmasından irəli gəlir.
Bütün bunlarla bərabər aydın görünür ki, Dədə Qorqud öyüdlərini yazıya alan şəxs islam dinini, onun ümdə prinsiplərini və VII əsrə aid islam tarixini yaxşı bilirmiş.
Mövcudatda varlıq formalarından birinin digərinə çevrilməsi, yarananın məhv olması, köhnənin yenini əvəzləməsi labüdlüyünün idrakı Dədə Qorqudun dünyagörüşü, həyata, insana baxışı üçün səciyyəvidir.
Məntiqi olaraq cənnətə və cəhənnəmə inamı aradan qaldıran, orta əsrlərdə Oğuz düşüncəsində möhkəm yer tutan bu azadfikirlilik İslam mühitində meydana çıxmış bidət deyil, ondan çox qabaq mövcud olan əski əqidədir. İslama yad bəzi başqa qaydalara adi hal kimi baxılması da bu qəbildəndir. Məsələn, Qazan xanın məclisində içki içib məst olmağın haram sayılması yada düşmür.
Dünyaya naturalist baxış, təbiətdəki qanunauyğunluğu sezmə, onun tərənnümü Oğuz soyunun həyat şəraitindən, yaşayış tərzindən irəli gəlir.
"Kitabi-Dədə Qorqud" əsrlər boyu Oğuz ellərində dillər əzbəri olub, ağızdan-ağıza, nəsildən-nəslə keçərək Azərbaycan türklərinin ədəbi dilinin, bədii təfəkkürünün inkişafında misilsiz rol oynamışdır.



Oxunub: 68270



Azərbaycan Televiziyaları
İnternet Radio