Baş səhifə    » FƏLSƏFƏ    » VII-X əsrlərdə fəlsəfə    » İslam dini və ideoloji cərəyanlar, təlimlər   

İslam dini və ideoloji cərəyanlar, təlimlər

  


VII-X əsrlərdə İslam dininin Azərbaycana gəlməsi və möhkəmlənməsi, ölkənin İslam mədəni bölgəsinə fəal daxil olması Azərbaycan fəlsəfi fikrinin bu dövrdə inkişafının islam dini ilə çoxçalarlı əlaqələrinə imkan yaratdı. Zaman keçdikcə, ölkəyə Quranın xarici və daxili şərhinə əsaslanan çoxsaylı ideoloji cərəyanlar daxil olur və burada- Azərbaycan mütəfəkkirlərinin simasında öz yerli təmsilçilərini tapırlar. Müxtəlif cərəyanların nümayəndələri nəzəri-fəlsəfi mövqelərini Quran ayələri ilə əsaslandırmağa cəhd göstərirdilər. Bu meyil regionda yayılmış mötəzililik, ismaililik, sufilik və s. cərəyanlar üçün səciyyəvi olmuşdur. Quranda və çoxsaylı İslam ideoloji cərəyanlarında əsas problem Xaliq (Allah) və məxluq münasibətidir. Bu münasibətin şərhindən asılı olaraq müxtəlif təlimlərin fəlsəfi baxımdan idealist, monoteist, dualist, panteist və ya materialist təmayülü müəyyən edilirdi. Qeyri-ortodoksal cərəyanlar Allahın Quranda həqiqət kimi təqdimini, insanın Allaha qayıtması və Onunla görüşməsi, astral hadisələrə, idraka münasibət, İlahi nur, təqdir, cəza, Allah qorxusu, maddi nemətlərə münasibət və s. məsələləri ehtiva edən surələrin ezoterik şərhini verir, bir sıra hallarda panteistik “vəhdət əl-vücud” fəlsəfəsini yayır və nəticədə, Azərbaycanda İslam bölgəsi mənəvi-mədəni məkanının ziddiyyətlərlə dolu ideologiyasını inkişaf etdirirdilər.
VII–VIII əsrlərdə ilahiyyat fəlsəfəsi sürətlə inkişaf etməyə başlamışdır. İslamın fəlsəfi şərhi ilahiyyatçıların birbaşa vəzifəsinə çevrilmişdir. Buna baxmayaraq, həmin vəzifənin icrası prosesində fikir ayrılıqları da olurdu.
O dövrdə Azərbaycanda ortodoksal fəqihlərdən Əhməd ibn Harun Bərdici, Məkki ibn Əhməd Bərdəi, Musa ibn İmran Səlmasi və başqaları məşhur idilər. Rasionalizmi və azadfikirliliyi ilə səciyyələnən mötəzili cərəyanının Azərbaycanda görkəmli nümayəndələri isə IX əsrdə yaşamış məşhur alim və ilahiyyatçılar Cəfər Həmədani Bağdadi, Əbubəkr Məhəmməd ibn Ömər ibn Abdulla Bərdəi, Əbusəid Əhməd Bərdəi və b. idi. Bu dövrdə İslam mədəni bölgəsində Şərq və qədim yunan fəlsəfəsinə, xüsusən neoplatonizmə əsaslanaraq idealizmlə panteizmi özündə birləşdirən özünəməxsus batinilik fəlsəfəsi mövcud idi. Bu fəlsəfi təlimi Azərbaycan filosoflarından batinizmin missionerləri Əbü-l-Qasim Əli ibn Cəfər və b. yayırdılar.
VIII–X əsrlərdə İslam bölgəsində, o cümlədən Azərbaycanda daxilən ziddiyyətli, lakin əksər hallarda fəlsəfi dünyagörüşündə panteizm, sosial baxışlarında demokratizm, etik görüşlərində humanizm və varlığa dialektik yanaşma ilə fərqlənən mistik ismaililik və sufilik sosiomədəni cərəyanları ilk inkişaf dövrlərini keçirirdilər. Sufiliyin fəlsəfi dünyagörüşünün əsasında fəlsəfi kateqoriya kimi eşq, ismaililiyin əsasında isə real və irreal idrakın vəhdəti dururdu. Sufiliyin fəlsəfəsini bu dövrdə Əbü-l Fərəc Əbü-l Vahid Varasani Təbrizi, Əbu Saib Həmədani, Əli ibn Əbdüləziz Bərdəi, Baba Kuhi Bakuvi və b. təmsil edirdi. Orta əsr mənbələrində ideya kökləri qədim Şərq və yunan fəlsəfəsinə aparan ismaililiyin İslamı inkar edərək zərdüştiliyin bərpasına cəhdindən bəhs edirlər. İsmaililiyin Azərbaycanda yayılması haqqında Nizami, bu cərəyanın tarixçisi Fidai və b. məlumat verirlər. Mənbələrə görə ismaililik fəlsəfəsi təbiət elmlərinin nailiyyətləri və “İxvan əs-Səfa” ensiklopediyasının yaranması ilə bağlıdır. Bu ensiklopediyanın ideoloqu azərbaycanlı alim və filosof Əbü-l-Həsən Əli Harun oğlu Zəncani idi.



Oxunub: 629017



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on