Baş səhifə    » FƏLSƏFƏ    » XX-XXI əsrlərdə fəlsəfə    » Son dövr Azərbaycan fəlsəfəsi   

Son dövr Azərbaycan fəlsəfəsi

  


Son illərdə yeni iqtisadi münasibətlərə və demokratik dəyərlər sisteminə keçən Azərbaycanda dövlət quruculuğu praktikası, sosial-iqtisadi və mədəni-mənəvi inkişaf yolunda qloballaşma, Azərbaycan və qlobal dünya, Şərq-Qərb sivilizasiyalarının dialoqu, bu sivilizasiyaların qarşılıqlı təsiri və s. kimi mövzular fəlsəfi baxımdan diqqətlə öyrənilir. 
Azərbaycanda fəlsəfi fikir mühitinin formalaşdırılması işində müəyyən təşkilati addımlar da atılmışdır ki bu da müstəqillik dövrünün uğurları sırasına daxil edilə bilər. 2002-ci ildə Azərbaycan fəlsəfi ictimaiyyətinin, Rusiyanın və Türkiyənin filosofları ilə əlaqəsini daha mütəşəkkil səviyyədə təmin etmək üçün Bakıda (Azərbaycan Universitetində) keçirilən beynəlxalq konfrans itirilmiş yaradıcılıq əlaqələrinin bərpası istiqamətində mühüm addım oldu. Bundan sonra azərbaycanlı fəlsəfə tədqiqatçılarının Rusiya və Türkiyədə keçirilən konfranslarda iştirakı müntəzəm xarakter aldı. Azərbaycanlı müəlliflər Moskvada rus və ingilis dillərində çıxan «Qlobalistika» ensiklopediyasının hazırlanması işinə cəlb edildilər. 2000-ci ilin avqustunda və 2003-cü ilin iyul ayında Romada keçirilən Beynəlxalq Metafizika konqreslərində, 2003-cü ilin avqustunda İstanbulda keçirilən XXI Ümumdünya Fəlsəfə konqresində, həmin ilin dekabr ayında İstanbulda keçirilən Türkiyə, Azərbaycan və Qazaxıstan sosioloqlarının konfransında, 2004-cü ildə Oksford Universitetində, 2005-ci ilin avqustunda Hollandiyada keçirilən Beynəlxalq Fenomenologiya konfranslarında, 2005-ci ilin oktyabrında Türkiyənin İzmir şəhərində keçirilən türkdilli xalqların sosioloqlarının I Beynəlxalq qurultayında Azərbaycan nümayəndə heyətlərinin iştirakı beynəlxalq yaradıcılıq əlaqələrinin genişlənməsindən xəbər verir. Son illərdə ölkə bir sıra beynəlxalq fəlsəfi tədbirlərin təşkilatçısı olmuşdur.
2002-ci ildə Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının təsis edilməsi (akademik R. Mehdiyevin rəhbərliyi altında) filosofların daha yaxşı təşkilatlanmasına səbəb olmuş və elə həmin ildən Azərbaycanda «Fəlsəfə və sosial-siyasi elmlər» adlı jurnalın nəşrinə başlanmışdır. Assosiasiyanın təşəbbüsü ilə Karl Popperin və Jan Pol Sartrın anadan olmasının 100 illiyi, Kantın vəfatının və Feyerbaxın anadan olmasının 200 illiyi, Con Lokkun vəfatının 300 illiyi təntənə ilə qeyd edilmiş, onların haqqında dövri mətbuatda məqalələr çap etdirilimşdir ki, bu da Azərbaycan ictimaiyyətinin diqqətini dünya fəlsəfi fikrinə yönəltmək sahəsində önəmli bir addımdır. Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının təşəbbüsü ilə habelə, milli-fəlsəfi fikir tarixinin təbliği sahəsində bir sıra beynəlxalq miqyaslı tədbirlər həyata keçirilmişdir. Bunların arasında Azərbaycanın görkəmli filosofu Şihabəddin Yəhya Sührəvərdinin anadan olmasının 850 illik yubileyini və yubiley ərəfəsində çap olunan nəşrləri, habelə akademik Heydər Hüseynovun anadan olmasının 95 illik yubileyi münasibətilə təşkil edilən tədbirləri, hər ilin noyabr ayında Beynəlxalq Fəlsəfə gününün təntənə ilə qeyd olunmasını xüsusi qeyd etmək lazımdır.
2004-cü ilin oktyabrında professor Aida İmanquliyevanın yubileyinə həsr olunmuş «Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr» adlı beynəlxalq elmi konfransda ABŞ-dan, Türkiyədən və Rusiyadan gəlmiş görkəmli filosofların iştirakı Azərbaycan fəlsəfi ictimaiyyətinin həyatında mühüm hadisə hesab edilə bilər. Həm də bu konfrans ötəri olmamış, 2005-ci ilin payızında keçirilən təkrar beynəlxalq konfransda daimi fəaliyyət göstərən «Şərq və Qərb: fəlsəfələr arasında körpü» adlı Beynəlxalq Alimlər Assosiasiyası (BAA) yaradılmışdır.
Müstəqillik dövründə Azərbaycanda fəlsəfi və sosial-siyasi fikrin inkişafı sahəsində atılmış ciddi addımlara baxmayaraq, bu sahədə həm təşkilati iş, həm də elmi yaradıcılıq prosesi daha da sürətlə inkişaf etdirilməkdədir.



Oxunub: 133845



Azərbaycan Televiziyaları
İnternet Radio