Baş səhifə    » GERB    » Yaranma tarixi   

Yaranma tarixi

  

Azərbaycan Xalq Cümhuriyyəti dövründə
Müstəqil Azərbaycan Respublikasının Dövlət gerbinin layihəsi 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlansa da, o illərdə onun qanunvericilik səviyyəsində təsdiqi və qəbul edilməsi mümkün olmamışdır.
Dövlət gerbinin və möhürünün təsvirinin hazırlanması ilə bağlı müsabiqə elan edilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası iki dəfə qərar qəbul etmişdir. Birinci qərara əsasən, 1919-cu ilin martın 23-də “Azərbaycan” qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət gerbi və möhürü layihələrinin hazırlanması üçün müsabiqə elan edilmişdi. Hökumətin qərarı ilə Azərbaycanın dövlət gerbi və möhürünün ən yaxşı təsvirinin hazırlanması üçün iki mükafat (“Ən yaxşı gerb layihəsi”nə görə 1000 rubl, möhürə görə isə 500 rubl) müəyyənləşdirilmişdi. Müsabiqənin müddəti həmin il aprelin 20-dək müəyyən edilmiş və bu işin təşkili və icrasına nəzarət Poçt və Teleqraf Nazirliyinə həvalə edilmişdi. Lakin həmin müsabiqə uğurla nəticələnmədi və müvafiq gerb layihəsi qəbul edilmədi. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1920-ci il yanvarın 30-da “Azərbaycan Respublikasının gerbi və möhürünün, milli himninin və hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında” yenidən qərar qəbul etdi. Qərarın birinci bəndində hərbi ordenlərin yaradılması üçün müsabiqə elan edilməsi Hərbi Nazirliyə, ikinci bəndində isə milli himnin, dövlət gerbi və möhürünün layihələrinin hazırlanması ilə bağlı müsabiqə keçirilməsi isə Xalq Maarif Nazirliyinə həvalə edilmişdi. Bu qərarı əsas tutan Xalq Maarif Nazirliyi 1920-ci ilin fevralın 19-da “Azərbaycan” qəzetində (19.02.1920, № 33) dövlət gerbi və möhürünün təsvirinin, eləcə də milli himnin mətninin layihələrinin hazırlanması barədə müsabiqə elan etdi. Müsabiqədə ən yaxşı milli himnin mətni və musiqisi üçün 50 min rubl, gerb və möhürün ən yaxşı təsvirinə görə isə 25 min rubl mükafat təyin edilmişdi. Layihələr Xalq Maarif Nazirliyinə təqdim edilməli, Milli İstiqlalın ikinci ildönümünədək (28.05.1920) təsdiq edilməli idi. Lakin 27 aprel 1920-ci il rus sovet istilası və Azərbaycan Xalq Cümhuriyyətinin süqutu buna imkan vermədi.



Oxunub: 585494