Baş səhifə    » İDMAN    » Milli idman növləri   

Milli idman növləri

  



Milli idman növlərinə zorxana, pəhləvan güləşi, dirədöymə, çalağan çardağı, çarpapaq, çovqan, dədəboyu, nərd və s. idman oyunları daxildir. Qədim tarixə malik bu idman növlərinin əksəriyyəti artıq beynəlxalq status qazanıb. Belə ki, hazırda zorxana üzrə dünya çempionatı keçirilir. 
Sovet dönəmində o qədər də məşhur olmayan milli idman növləri müstəqillik qazandıqdan sonra sürətlə inkişaf etməyə başlamışdır. 1990-cı ildə Milli İdman Növləri Assosiasiyası yaradılmışdır. Assosiasiya 6 milli idman növünü (milli güləş, atüstü milli idman oyunları, nərd, mütəhərrik oyunlar, zorxana və serim güləşi) təmsil edir.
1992-ci ildən milli idman növləri bədən tərbiyəsi proqramlarına salınmışdır. 
Azərbaycan milli  idman növü olan zorxana  və   pəhləvan güləşi  2007-ci ildən  Beynəlxalq  Zorxana  İdman  Federasiyalarının (BZİF)  üzvüdür.  BZİF üzvülüyünə 52 dövlət daxildir.  Beynəlxalq Zorxana İdman Federasiyası  tərəfindən keçirilən bütün çempionatlarda Azərbaycanın milli yığma komandası iştirak edir.
2007-ci ildə Avropa çempionatında pəhləvan güləşi üzrə Azad Cəfərov, kəbbadə üzrə Afis Namazov 1-ci yer tutublar. 
2008-ci ildə Koreya Respublikasının Bussan şəhərində Avropa Zorxana İdmanı Konfederasiyasının  hesabat seçki konfransında  Xanlar Qurbanov Federasiyanın  vitse-prezidenti və texniki komitəsinin sədri seçilmişdir.
2009-cu ildə  Zorxana və pəhləvan güləşi üzrə keçirilən I Dünya kuboku yarışında ağır çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək I yerə layiq görülməsi ilə əlaqədar Beynəlxalq Zorxana İdman Federasiyası (BZİF) tərəfindən  Vüqar Qurbanov “Cahan pəhləvanı” (dünya pəhləvanı) adına  layiq görülmüş  və “Qızıl bazubənd”lə təltif edilmişdir.
2010-cu ildə ilin ən yaxşı federasiyası Azərbaycan  Zorxana İdman Federasiyası, ən yaxşı pəhləvanları isə Vüsal Cavadov və Tural Əliyev seçilmişlər.


Çovqan
Komanda oyun növü olan çovqan yarışları eramızın birinci minilliyinin ortalarında formalaşmış, yüzillər ərzində Azəbaycanda, Orta Asiyada, İranda, Türkiyədə, İraqda və qonşu ölkələrdə məşhurlaşmışdır. Mənbələr XII əsrdə İslam dünyasının mədəni mərkəzlərindən Bağdadda Orta Şərq ölkələrinin atçaparları arasında tarixdə ilk beynəlxalq çovqan yarışlarının keçirildiyi göstərir. Çovqan yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənir. Örənqalada aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çövkən oyunun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə Beyləqan şəhərində yayıldığını əyani sübut edir. 
Çovqanın qədim Azərbaycan oyunu olmasını sübut edən faktlardan biri də Azərbaycan miniatürlərində bu oyunun dönə-dönə təsvir edilməsi, yazılı mənbələrdə onun keçirilmə qaydaları haqqında məlumat verilməsidir. Çovqan oyunu da, Şərqdə təşəkkül tapmış başqa idman növləri kimi, dünyanın daha uzaq regionlarına yayılmasında və inkişaf etdirilməsində inglislərin rolu böyük olub. Belə ki, XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır. 
Məhz ingilislərin təşəbbüsü ilə bu oyun "polo" adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. 

Dirədöymə
Dirədöymə də qədim idman oyunlarındandır. Qaydalara görə, uşaqlar iki dəstəyə ayrılıb, bir dairəvi cizgi çəkir və qürrə atırlar. Qürrə hansı dəstəyə düşsə o dəstə mərəyə (dairəyə) girir. Uşaqlar hərəsi ayağının altına bir toqqa qoyur. Dairədən kənarda qalanlar toqqanı götürməyə çalışırlar. Dairədəkilər isə ayaqla vurur, toqqaları götürməyə yol vermirlər. Dairənin içərisində olanlar kənardakılardan birini ayaqla vursa, dairədəki uşaqlar kənara çıxır, kənardakılar dairəyə girirlər. Kənardakı oyunçu içəridəkilərdən birini əli ilə tutub dairədən çıxara bilsə, onu bir nəfərə həvalə edib saxladır və yiyəsiz qalmış toqqanı götürməyə cəhd edir. Bu zaman içəridəkilər həm öz toqqalarını, həm də çöldəki yoldaşlarının toqqasını qorumalı olurlar. Yaxud əksinə, içəridəkilər çöldəkilərdən birini fəndlə tutub dairəyə salsalar, dəstələr yerlərini dəyişməli olurlar. Dairədən kənardakı uşaqlardan biri toqqanı ələ keçirsə, dairənin içərisində olan uşaqları toqqa ilə vurur, ayaqları altındakı toqqaları kənara çıxarıb götürməyə çalışırlar. Hansı dəstə toqqaları tamam ələ keçirsə qələbə qazanır. Dairədəkilər ayaqlarından biri cızıqdan çıxmamaq şərti ilə çöldəkilərdən birini digər ayağı ilə vurana qədər çöldəkilər içəridəkiləri toqqa ilə döyürlər.

Qalaqapı-qo
Lap qədimdən qara və ağ kişmişlərlə yüklənmiş dəvə karvanları Şərqdən Qərbə və Qərbdən Şərqə adlayaraq maddi-mənəvi dəyərlərin, o cümlədən adət-ənənələrin, milli xalq oyunları və digər bilgilərimizin ənənəvi daşıyıcısına çevrilib. Bu qəbildən olan Qədim Milli Xalq Oyunu Qalaqapı (Qo) qədim Şərq mədəniyyətinin incisi hesab olunur və son illər bu mədəniyyət dünya xalqlarının maraq və diqqətini daha da cəlb edib. Əsası qədim Çin və ona yaxın ərazilərdə qoyulmuş Qalaqapı (Qo) Yaponiyada modernləşmə və təkmilləşdirmə mərhələsini uğurla keçərək son yüzilliklərdə bütün dünyada geniş yayılıb.
Qalaqapı (Qo) Azərbaycanda qədim zamanlarda qara və ağ daşlarla deyil, qara və ağ kişmişlərlə oynanılıb. Ona görə də bu oyunu bəzən “kişmiş oyunu” kimi də adlandırmışlar.
Sarvanların «Qara daş, ağ daş – Mənə bir oyundaş...» hayqırtısı ilə özünə oyundaş (rəqib yox...) səsləməsi, ətrafdakıların isə maraqlı tamaşası altında «Oyunçu aparsın...» deyimi təbii və inandırıcı duyumlardandır.
Qaralar başlayır... Digər stolüstü oyunlardan fərqli olaraq qalaqapı oyununda qaraların başlaması oyun lövhəsində (indi oyun taxtası adlanır, ölçüsü 19x19 kimidir) qara daşın oyundaşın ürəyinə tərəf olan hissəyə qoyulması ilə (ürəyə yaxınlıq, səmimiyyət əlaməti olaraq) nəticələnir. Əvəzində isə siftə olaraq bir neçə qara daşın (2003-cü ildən sonra 6 daş) ağlara verilməsi bir növ oyundaşların savaş meydanında güclərini tarazlaşdırır. Sonra növbə ağlara keçir.
Prinsipcə oyundaşlar növbə ilə lövhədə istənilən boş bəndə (xanaya yox) öz daşını qoya bilər. Lakin çalışmaq lazımdır ki, oyunun ilkin mərhələsində mənalı və strateji professional seçimlər olsun. Hər bir seçimin özünəməxsus fəlsəfi izahı, məntiqi davamı, dünya görümü olmalıdır. Maraqlı odur ki, digər oyunlardan fərqli olaraq qalaqapıda professional və həvəskarların da qarşıdurması mümkündür. Bu zaman daha güclü olan zəifə dədəboyu verir. Belə ki, dədəboyu bəndlərinə 9-a kimi sayda qara daşlar düzülə bilər (siftə verilməmək şərti ilə).
Qalaqapı həyat tərzini, insanların yaşayışını özündə əks etdirən strateji stolüstü oyun olmaqla bərabər, oyun zamanı həyat balansının oyundaşlar arasında gözlənilməsini təmin edir. Ona görə də çox vaxt «Qalaqapı yaşamağı öyrədir...» kəlamı da müxtəlif dillərdə eyni mənada səslənir.
Daha sonra qeyd etmək olar ki, hər hansı daşın lövhəyə qoyulması gediş yox, dov adlanır. Yəni, oyundaşlar hər dəfə növbə ilə bir–birinə dov gəlirlər, öz güclərini artırırlar. Hər bir oyunda olduğu kimi, qalaqapıda da qadağa qoyulmuş dovların edilməsi mümkün hesab olunmur. Belə ki, bu zaman qarşı tərəf “kov deyil” deyərək oyundaşa daşını başqa bəndə qoymağı təklif edir. Oyunda yaranmış hər hansı vəziyyətin təkrarı da “kov deyil” qaydasına tabedir. Maraqlıdır ki, beynəlxalq aləmdə də bütün dillərdə bu ko qaydası kimi məşhurdur.

Zorxana
Tarixi faktlara əsasən, zorxana 700 il öncə (hicri-şəmsi 7-ci əsr) Puryayi Vəli (Məhmud ibn Vəliyuddin) tərəfindən yenidən sistemləşdirilib. Zorxananın daha qədim tarixə malik olması da qeyd edilmişdir.
Zorxananın damı gümbəz, döşəməsi isə yer səthindən aşağıdır. Qapısı alçaq olduğundan oradan içəri girmək istəyən şəxs mütləq əyilməlidir. Qapıdan əyilərək keçmək idmançılara təvazökarlıq aşılayır.
Qapı "sərdəm"ə gedən dar və alçaq keçidə açılır. Sərdəm bir, bir metr yarım hündürlüyündə taxtadan qurulmuş taxtdır. Gözəl səsli mürşid sərdəm üzərində oturub idman oyununa xas olan musiqi və adətən "Şahnamə"dən seçilən cəngi şerlərlə idmançıları təşviq edir.
Zorxana ortasında uzunu 4 və ya 5, eni 4, dərinliyi 1 metr olan səkkiz və ya altı güşəli yerdən aşağı meydan olur.
Zorxana qədim Azərbaycan şəhərlərində pəhləvanların güləşdikləri meydandır. Azərbaycanda pəhləvanlığın milli kökənli, qədim, bənzərsiz təməl ənənələri var. 
Zorxanada zurnaçı dəstəsi "Cəngi" çalardılar. Xalq mərasimlərinin, meydan tamaşalarının tərkib hissəsi kimi bu gün də öz formasını qoruyub saxlayan güc sınamaq, güşt tutmaq, daş oynatmaq, kərən sındırmaq, buğa boynu əymək, kəndirbazlıq etmək yalnız oğuz-türk xalqlarının deyil, həm də bütün dünya xalqlarının dinamik-dramatik oyunları olub, tamaşaçıların zövqünü oxşayıb. Zorxana, pəhləvanlıq xalq tamaşaları Bahar-Novruz mərasimlərindən sonrakı inkişaf mərhələlərində ayrıca tamaşa növünə, peşəyə çevrilib. Azərbaycan ruhunun ifadəsi kimi zəngin folklor nümunələrində belə pəhləvan obrazı son dərəcə bənzərsiz, bitib-tükənməyən güc rəmzi kimi təqdim edilir. Pəhləvan obrazının xalq ruhunda yenilməz, məğlubedilməz şəkildə təqdim edilməsi adi səciyyə daşımayıb. Pəhləvan xalq ruhundan doğan real bir obraz idi.
Bolşevik inqilabı zamanı Azərbaycanda repressiyaya məruz qalan ənənələrdən biri də Zorxana olub. Şəhərin, məhəllənin nüfuzlu insanlarının toplandığı Zorxananın dini mahiyyətini dəyişə bilməyən bolşeviklər bu misilsiz sənətə son qoyub, zorxanalar qadağan edilib.

Ənzəli
Oyunda püşkü tapmaq yolu ilə kim uduzarsa, o, belini əyir və qalan oyunçular üç-dörd metr aralıda sıraya düzülürlər (6 nəfər); hər biri əyilənin belindən atlanır, oyunçular hər dəfə aşağıdakı sözləri dönə-dönə deyir və dediklərinə əməl edirlər:
Birdə - Ənzəli hay ənzəli.
İkidə - Xan əkbəri
Üçdə - Xoruz banladı: qu-qulu-qu!
Dörddə - Yanbız əzərlər.
Beşdə - Taxta çıxarlar.
(Bu zaman oyunçu "yatan" oyunçunun belində oturur və soruşur: - Minim, ya düşüm?)
Əyilən: -Min və ya düş! - deyir. Oyun yenə davam edir.
Altıda - Əl, üst, baş dəyməsin.
Yeddidə - Tayəl keçərlər,
Səkkizdə - Papaq qoyarlar.
Doqquzda isə hamı əyilənin belinə minir, kim yıxılarsa, onun qulaqlarını dartırlar. Oyun keçirilərkən kim bu deyilənlərə əməl edə bilməsə "yatan"ı əvəz etməli olur.

Milli idman oyunları üzrə idmançılar:
Eldar Atakişiyev - pəhləvan   güləşi
Elvin Əkbərov  - çərxi cəməni
Elvin Əkbərov  - çərxi tiz
İsmayıl Həbibov - səng  
İsmayıl Həbibov  - milsəngin
Həsanalı Bayramov - kəbbadə 
Məhəmməd Niyazov  - mil bazi 
Nəcəf Vəliyev- pəhləvan güləşi
Şükür Əbülfəzli – pəhləvan güləşi
Tural Cavadov  - pəhləvan  güləşi 
Tural   Əliyev  -  pəhləvan   güləşi
Vüsal Cavadov - pəhləvan   güləşi
Xəyyam Orucov  - mil bazi 
Xəyyam Orucov  - milsəngin



Oxunub: 85965



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on