Baş səhifə    » İDMAN    » Boks   

Boks

  



Boks - iki adamın müəyyən qaydalar içində, hücum və müdafiə məqsədilə yumruqlarından istifadə etdiyi idman növüdür. 
Boks qarşılaşmaları rinqdə keçirilir. Rinq, üç sıra kəndirlə bağlı və yerdən yüksəkdə kvadrat formasında bir sahədir. Peşəkar boksda rinqin böyüklüyü 5-6 m², həvəskar boksda isə ən az 3-6 m²dir. Boks qarşılaşmalarında hər iki boksçu da eyni çəkidə (ağırlıqda) olmalıdır.
Peşəkar və həvəskar boksun qaydaları bir-birindən fərqlidir. Həvəskar boksçular 227 qr ağırlığında, peşəkar boksçular isə ağırlığı 170-283 qr arasında dəyişən əlcəklərdən istifadə edərlər. Peşəkar boksçular yalnız şort, həvəskar boksçular isə şort və atlet geyinirlər. Həm həvəskar, həm də peşəkar boksçular qarşılaşmada diş və qasıq qoruyucuları istifadə edirlər. Həvəskar boksçular ayrıca qoruyucu başlıq da taxa bilirlər.
1924-cü ildə Beynəlxalq Həvəskar Boks Federasiyası (FİBA) yaradılmışdır. Bu təşkilat 1946-cı ildən AİBA adlanmaga başlanmışdır. İlk Avropa çempionatı 1924-cü ildə təşkil olunmuşdur. 
Azərbaycanda ilk dəfə 1926-cı ildə boks üzrə Azərbaycan çempionatı keçirilmişdir. Məhz bu ildə Azərbaycanın ən güclü boksçuları Zaqafqaziya çempionatında iştirak etmiş və qalib olmuşlar. 
1929-cu ildə Azərbaycan – Türkiyə beynəlxalq görüşü keçirilmişdir. 
Boks üzrə dünya çempionatı 1974-cü ildə keçirilmişdir. 1991-ci ilə qədər Dünya çempionatları hər dörd ildən bir təşkil olunurdu. Bundan sonra bu yarış Avropa çempionatları kimi iki ildən bir keçirilməyə başlanmışdır. 
Azərbaycan Boks Federasiyası isə 1992-ci ildən AİBA və EABA-nın tam hüquqlu həqiqi üzvü olmuşdur. 
2001-ci ildə isə boksçu Ağası Məmmədov dünya birinciliyinin gümüş mükafatını qazanmışdır. O, həm də ikiqat Avropa çempionudur. A. Məmmədov 1996-cı ildə yeniyetmələrin Avropa çempionatının qızıl medalını qazanmış və ən texnikalı boksçu kimi xüsusi mükafatla - kubokla təltif edilmişdir. Müxtəlif beynəlxalq turnirlərin qalibidir. Azərbaycan boksu tarixində dünya çempionatının qızıl mükafatını qazanan ilk və hələlik yeganə idmançıdır. 2000-ci il Sidney oyunlarında Türkiyə milli yığma komandasının şərəfini qorumuşdur. Məşhur boksçu Beynəlxalq Həvəskar Boks Federasiyasının prezidenti, doktor Ənvər Çoudrinin şərəfinə Bakıda keçirilən turnirdə Afina Olimpiadasına lisenziya qazanmışdır.
2004-cü ildə Yunanıstanda keçirilmiş XXVIII Yay Olimpiya oyunlarında 51 kq-da mübarizə aparmış Fuad Aslanov da Olimpiya oyunlarında mükafatçılar sırasına düşmüşdür. 
2005-ci ildə keçirilən Dünya çempionatında 2 gümüş və 1 bürünc medal qazanan Azərbaycan boksçuları ümumi hesabda 6-cı yeri tutublar. 60 kq çəki dərəcəsində mübarizə aparan Romal Amanov ¼ finalda polşalı Kristof Şotu 30:17 hesabı ilə məğlub edib. Yarımfinalda italiyalı Valentino Domeniko da boksçuya ciddi müqavimət göstərə bilməyib. Amanov Domenikonu 7 
xal üstünlüklə məğlub edib. Boksçu yalnız final görüşündə Kuba idmançısına uduzaraq, gümüş medal əldə etmişdir. Milli komandanın aktivinə daha bir gümüş medalı 91 kq çəki dərəcəsində mübarizə aparan həmin vaxt 19 yaşı olan Elçin Əlizadə qazandırıb. O, ¼ finalda Qırğızıstan idmançısı Ruslan Mirzatayevi, yarımfinalda isə özbəkistanlı Yasur Maçanovu üstələmişdir. Elçin Əlizadə zədələndiyindən Rusiya boksçusu  ilə final görüşünə çıxmayıb və gümüş medala layiq görülmüşdür. Emil Məhərrəmov isə yarımfinalda Qazaxıstan boksçusu Serik Sapiyevə uduzaraq, bürünc medalla  kifayətlənmişdir. 
Lakin 2007-ci ildə ABŞ-da keçirilən Pekin Olimpiadasına lisenziya xarakteri daşıyan yarışda Azərbaycan boksçuları imkanlarından aşağı səviyyədə çıxış ediblər. 91 kq çəki dərəcəsində mübarizə aparan Elçin Əlizadə ¼ finalda rusiyalı Rəhim Çakxiyevə 17:6 hesabıyla uduzaraq yarışdan kənarda qalmışdır. Boksçulardan yalnız Samir Məmmədov (51 kq) vətənə medalla dönmüşdür. ¼ finalda Puerto-riko idmançısını məğlub edən Samir yarımfinalda turnirin gələcək qalibi amerikalı Roş Uorenə yenilmişdir. Beləliklə, boksçu Dünya çempionatının bürünc medalını qazanmaqla yanaşı, həm də Pekin Olimpiadasına lisenziya qazanıb.
2010-cu il aprelin 25-dən mayın 4-dək Bakıda gənclər arasında boks üzrə dünya çempionatı keçirilib. Bu mundial 2010-cu ildə Sinqapurda keçiriləcək gənclər arasında ilk Olimpiya oyunlarına vəsiqə qazanmaq üçün yeganə lisenziyalı turnir idi. 
2011-ci ilin sentyabrında keçiriləcək boks üzrə dünya çempionatına ev sahibliyi Azərbaycana məxsusudur. Bu çempionat 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
2011-ci ilin sentyabrında keçirilən boks üzrə XVI dünya çempionatına ev sahibliyi Azərbaycana məxsus olmuşdur. MDB məkanında məhz Azərbaycan ilk dəfə belə bir möhtəşəm yarışa ev sahibliyi edib. Çempionatına 113 ölkədən 570 boksçu qatılıb. Yarış 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyırdı. 
Ümumiyyətlə, Bakıdakı dünya çempionatında 92 idmançı London Olimpiadasına vəsiqə qazanıb. Azərbaycan idmançılarından 64 kiloqram çəki dərəcəsində Heybətulla Hacıəliyev, 52 kiloqram çəki dərəcəsində Elvin Məmişzadə yarışların gedişində artıq Yay Olimpiya Oyunlarına vəsiqəni təmin ediblər. Çempionatın final mərhələsində 10 çəki dərəcəsi üzrə 20 idmançı mübarizə aparıb. Final mərhələsində Azərbaycanı iki idmançı təmsil edib. 91 kiloqramda mübarizə aparan Azərbaycan boksçusu Teymur Məmmədov ukraynalı Aleksandr Usik ilə qarşılaşıb və dünya çempionatında gümüş medal qazanıb.


91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov isə İngiltərə idmançısı Entoni Coşuanı məğlub edərək dünya çempionatının qızıl medalına sahib olub. Boks üzrə XVI dünya çempionatında Azərbaycan milli komandası 9 çəki dərəcəsində təmsil olunmuş və London Yay Olimpiya Oyunlarına 4 lisenziya qazanıb. Azərbaycan komanda hesabında Ukrayna və Kubadan sonra üçüncü yerdə qərarlaşıb.

Boksçular
  • Ağası Məmmədov
  • Ağaəli Alışov
  • Ceyhun İbrahimli 
  • Elmin Məmişzadə
  • Elçin Əlizadə
  • Əli Həsənov 
  • Fuad Aslanov
  • İman Əhmədli 
  • Malik Muradov
  • Məhəmməd Tahirov
  • Nəsrəddin Məmmədov
  • Nadir Haqverdiyev
  • Nicat Şərifxanov
  • Nurlan Haciyev
  • Orxan Mayıllı 
  • Peyman Yusifli
  • Sadiq Səmədov 
  • Salman Əlizadə
  • Samir Məmmədov



Oxunub: 442331



Azərbaycan Televiziyaları
İnternet Radio