Baş səhifə    » İDMAN    » Cüdo   

Cüdo

  



Cüdo (yaponca Cü - yumşaq, Do - yol) - yapon döyüş sənətidir. Ciqaro Kano Ciu-citsu döyüş növünün əsasında cüdonun əsas qaydalarını, məşq prinsiplərini, mübarizə üsullarını yaratmışdır. Cüdonun yarandığı tarix 1882-ci il hesab olunur.
1972-ci il ildə Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsi cüdonun SSRİ ərazisində yayılması haqqında qərar vermişdir. Qərarın icrası kimi elə həmin il Azərbaycan Respublikasında Cüdo Federasiyası yaradılmışdır. 22 noyabr 1972-ci ildə respublikada ilk dəfə olaraq cüdo üzrə yarışlar keçirilmişdir. İlk klublar “Dinamo”, “Burevestnik”, “Lokomotiv”, “Vodnik” cəmiyyətlərində və Sumqayıt, Gəncə şəhərlərində fəaliyyət göstərməyə başlamışdır. 1972-ci ilin dekabrında Azərbaycan cüdo məktəbinin ilk məşqçiləri olan İsmayıl Əhmədov, Sabir Hüseynov, Ağarza Əhmədov və Viktor Kuznetsov Tallində təşkil olunmuş Məşqçilərin ilk Ümumittifaq Seminarında iştirak etmişlər. Daha sonra ümumittifaq hakimlər seminarlarında Əhməddin Rəcəbli və Viktor Kuznetsov da iştirak etmişlər. İsmayıl Əhmədov, Sabir Hüseynov, Əhməddin Rəcəbli, Ağarza Əhmədov, Rauf Şəfiyev, Viktor Kuznetsov, Ənvər İskəndərov, Tərlan Həsənov, Cərulla Şinqarov, Səməd Şəhniyarov və b. mütəxəssislər Azərbaycanın ilk cüdo məşqçiləri sayılırlar. 
İlk idman ustası Sahib İsmayılov, ilk beynəlxalq dərəcəli idman ustası Qüdrət Pəncəliyev, ilk əməkdar idman ustası adına isə Nazim Hüseynov layiq görülmüşdür. 
Respublikanın ilk əməkdar məşqçisi Əhməddin Rəcəbli, keçmiş SSRİ-nin ilk əməkdar məşqçisi adını isə Ağayar Axundzadə almışdır. 
Qızlar arasında ilk idman ustası Arzu Atayeva, ilk beynəlxalq dərəcəli idman ustası isə Gülşən Şirinovadır.
 İlk ümumittifaq dərəcəli hakim adını Rauf Şəfiyev almış, ilk beynəlxalq dərəcəli hakimlər isə Zair Məmmədov və Valeh Məhərrəmov olmuşlar.  
Keçmiş SSRİ birinciliklərinin ilk qalib və mükafatçıları Ələkbər İsmayılov (1975 – qızıl), Sahib İsmayılov (1972 – bürünc), Ənvər Əhmədov (1982 – gümüş) olmuşlar.
Fərhad Rəcəbli Azərbaycan cüdoçuları arasında ilk dəfə olaraq Avropa miqyaslı yarışlarda medal qazanmışdır. O, 1978-ci ildə Macarıstanda keçirilmiş gənclər arasında Avropa birinciliyində III yerə layiq görülmüşdür. 
Azərbaycan cüdosunun ən böyük nailiyyəti isə Nazim Hüseynovun adı ilə bağlıdır. O, 1992-ci ildə Barselona Yay Olimpiya Oyunlarının qızıl medalını qazanmışdır. 
Hazırda Azərbaycan Cüdo Federasiyası fəaliyyət göstərir. Bu gün idmançı gənclər  turnirlərdə qüvvələrini sınayırlar. 2008-ci il Pekin Olimpiyadasında məhz bu gənclər iştirak etmişlər. Gənc cüdoçu Elnur Məmmədli həmin yarışda qızıl medala sahib olmuşdur.
2010-cu ildə Türkiyədə keçirilən cüdo üzrə dünya çempionatında Afaq Sultanova 57 kiloqram çəki dərəcəsində, İlham Zəkiyev 100 kiloqramdan yuxarı çəki dərəcəsində qızıl medala sahib olmuşlar.
2011-ci ilin aprelində Azərbaycan cüdoçuları Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avropa kubokundan 6 medalla qayıtmuşlar. 

Cüdoçular:
  • Afaq Sultanova
  • Çinarə Quliyeva
  • İsgəndər Talışinski
  • İlham Zəkiyev
  • Firuddin Dadaşov
  • Fərhad Rəcəbli
  • Elnur Məmmədli
  • Sadiq Məhərrəmov
  • Telman Vəliyev
  • Ramin İbrahimov
  • Rəşad Rufullayev
  • Rövşən Səfərov



Oxunub: 622377



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on