Baş səhifə    » İDMAN    » Federasiyalar    » AFFA   

AFFA

  



AFFA - Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 1992-ci ilin martında təsis edilmişdir.
Futbol təşkilatı 1994-cü ilin mayında UEFA-nın Vyanada keçirilən 22-ci konqresində UEFA-ya, 1994-cü ilin iyununda FİFA-nın Çikaqoda keçirilən 49-cu konqresində FİFA-ya üzv qəbul olunmuşdur. AFFA-nın milli yığma komandaları Dünya və Avropa çempionatlarında iştirak etməyə başlamışlar.
1994-cü ilin dekabrında Azərbaycan futbolu tarixində ilk dəfə üç hakimə - Tahir Süleymanov, Asim Xudiyev və Xaqani Məmmədova FİFA referesi dərəcəsi verilmişdir.
1997-2003-cü illərdə Azərbaycan futbolu dərin böhran içində olmuşdur. Futbol ictimaiyyətinin AFFA rəhbərliyi ilə ədalət uğrunda mübarizəsi nəticəsiz qaldığına görə klublar etiraz əlaməti olaraq 11-ci milli çempionatı dayandırmışlar. Sonradan çempionat xüsusi Təşkilat Komitəsinin nəzarəti altında davam etdirilsə də, AFFA rəhbərliyi nəticələri tanımamışdır. Klublar Avropa miqyaslı turnirlərdə iştirak etməkdən məhrum olmuşlar.
2003-cü ildə futbol klublarının, AFFA nümayəndələrinin, Gənclər, İdman və Turizm Nazirliyinin, Ədliyyə Nazirliyinin, FİFA-nın və UEFA-nın iştirakı ilə Sürix müqaviləsi imzalanmış, AFFA-nın yeni Nizamnaməsinin layihəsi hazırlanmışdır. Futbol klubları AFFA 
bayrağı altında oynamağa razılıq vermiş, XII ölkə çempionatı başlanmışdır.
2003-cü il dekabrın 29-da AFFA-nın növbəti VI hesabat-seçki konfransı keçirilmiş, yeni Nizamnaməyə əsasən AFFA-nın rəhbər orqanları seçilmişdir. Həmin gündən Azərbaycan futbolunun inkişafında yeni mərhələ başlanmışdır.
2007-ci il oktyabrın 30-da AFFA prezidenti Ramiz Şəmşəd oğlu Mirzəyev dünyasını dəyişmişdir.
AFFA İcraiyyə Komitəsinin 4 dekabr 2007-ci il tarixli qərarına əsasən AFFA prezidenti səlahiyyətlərinin icrası vitse-prezident Elşad Nəsirova həvalə olunmuşdur.
AFFA-nın 14 mart 2008-ci il tarixdə keçirilmiş növbədənkənar Konfransında Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilmişdir. 
Hazırda ölkədəki bütün komandalar AFFA-nın tərkibində fəaliyyət göstərir.

Ünvan: Bakı şəhəri,  2208 Nobel prospekti. 
Telefon: (+994 12) 490 87 21



Oxunub: 279423



Azərbaycan Televiziyaları
İnternet Radio