Baş səhifə    » İDMAN    » Gimnastika    » İdman gimnastikası   

İdman gimnastikası

  



«Gimnastika» termini bizim eramızdan əvvəl (b.e.ə) təxminən V əsrdə qədim Yunanıstanda təhsil, hərbi və sağlamlıq üçün kompleks hərəkətlərini ifadə edirdi. Qədim yunanlar belə hesab edirdilər ki, gimnastika bədənə çeviklik, güc, cəldlik, qədd-qamət, gözəllik verir, insana igidlik və nəciblik hissləri aşılayır. Yunanlar gimnastik hərəkətlərdən fiziki inkişaf üçün deyil, həm də hərbçilərin yetişdirilməsində də istifadə edirdilər. 
İntibah dövründə hümanistlər gənclərin fiziki tərbiyəsi və hərtərəfli inkişafında gimnastikaya böyük əhəmiyyət verirdilər. XIV əsrdə gimnastika üzrə görkəmli mütəxəssis İ.Merkurialis «Gimnastika incəsənəti haqqında» əsərini nəşr etdirmişdi. 
Gimnastikanın inkişafında ən yüksək təcrübi və nəzəri biliklərin əsasını alman pedaqoqu Fit (1763-1836) və F. Quts-Muts (1759-1839) qoyublar. 
İsveç gimnastikasının əsasını qoymuş ata və oğul P.Q.Linq (1776-1839) və Y.Linq (1820-1886) gimnastikaya yeni alətlər – müxtəlif ölçülü nərdivan və tir daxil ediblər, təmrinləri anatomik əlamətlərinə görə təsnifatlaşdırıblar. 
İdman gimnastikası üzrə ilk dünya çempitonatı FİQ-in əsasını qoymuş belçikalı N.C.Kuperusun təşəbbüsü ilə 1903-cü ildə Antverpendə keçirilib. 1903-cü ildən 1913-cü ilə qədər dünya çempionatları iki ildən bir, 1922-ci ildən isə dörd ildən bir keçirilib. FİQ-nin 1977-ci ildə düzənlənən konqresi gimnastika üzrə dünya çempionatlarının yenidən iki ildən bir keçirilməsi haqqında qərar qəbul etmişdir. 
Qadınlar ilk dəfə dünya çempionatlarında 1938-ci ildən iştirak etməyə başlamışlar. 
Avropa çempionatı isə 1969-cu ildən etibarən düzənlənir.

İdman gimnastikasi Azərbaycanda
İdman gimnastikası Azərbaycanda keçən əsrin 30-cu illərindən etibarən inkişaf etməyə başlamışdır. 1939-cu ildə Bakıda ilk respublika çempionatı keçirilib. 50-ci illərin sonundan etibarən isə Azərbaycanda güclü idman gimnastları nəsli yetişib. Tofiq Mehdiyev, Dmitri Filonov, Kamal Abdullayev, Çingiz Şamilov, Natalya Abdinova (Şetinkina), Raisa Timinova kimi gimnastlar Azərbaycanın idman şərəfini müxtəlif beynəlxalq turnirlərdə layiqincə qoruyublar. 80-ci illərdə isə Kamran Fərzəliyev, Vaqif Sədiyev və Valeri Belenkinin simasında Azərbaycan idman gimnastikasına yeni nəfəs gəlmişdir. 
Azərbaycanın ən məşhur idman gimnastı Valeri Belenki 1969-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından bu idman növü ilə məşğul olmağa başlayan Belenki artıq 14 yaşında SSRİ yığmasının tərkibinə dəvət edilib. 1986-cı ildə Azərbaycanın mütləq çempionu və Azərbaycan kubokunun sahibi olan Valeri Belenki SSRİ yığmasının tərkibində 1989-cu ildə dünya çempionu adını qazanıb. 1990-cı ildə SSRİ yığmasının tərkibində ABŞ-ın Sietl şəhərində keçirilən Xoş Məramlı Oyunlarda paralel qollarda, halqalarda çempion, atda, sərbəst hərəkətlərdə gümüş, dayaqlı tullanmada isə bürünc mükafatçı olmuşdur. 
1991-ci ildə Dünya kubokunu qazanan V.Belenki 1992-ci ildə Barselonada keçirilən XXV Olimpiya Oyunlarında Müstəqil Dövlətlər Birliyi (MDB) komandası tərkibində çempion adını qazanıb, şəxsi birincilikdə isə bürünc medala sahib olmuşdur. 
1995-ci ildə Avropa çempionatının bürünc mükafatını, atla yarışlarda isə qitə çempionu adını qazanmışdır.
Sonrakı illərdə idman gimnastlarımız yarışlarda elə də fərqlənə bilməmişlər.

Gimnastlar:
Çingiz Şamilov
Dmitri Filonov
Kamal Abdullayev
Kamran Fərzəliyev
Natalya Abdinova (Şetinkina)
Raisa Timinova
Tofiq Mehdiyev
Vaqif Sədiyev
Valeri Belenki 



Oxunub: 91477



Azərbaycan Televiziyaları
İnternet Radio