Baş səhifə    » İDMAN    » Həndbol   

Həndbol

  


Həndbol, bir komandanın 6-sı sahə, 1-i qapıda olan 7 oyunçu ilə iki komandanın oynadığı idman növüdür. Oyun müddəti 30 dəqiqəlik iki dövrədən ibarətdir. İlk illərində böyük stadionlarda 11 nəfər ibarət komandalar halında oynanan həndbol, 1950-ci illərdən sonra bir salon idmanı olmuşdur.
Hazırda həndbol, xüsusilə Avropa qitəsində böyük diqqəti cəlb etməkdədir. Müasir həndbolda dünya və olimpiya çempionluğunu Avropa Qitəsi xaricinə çıxara bilən tək komanda Koreya olmuşdur.
Azərbaycanda da bu idman növünə xüsusi maraq vardır. Sovet dönəmində Azərbaycan həndbolu SSRİ məkanında daim 2-3-cü pillələrdə olmuşdur. Həndbolçular Rəfiqə Şabanova və Lüdmila Şubina Sovet komandasının sıralarında Olimpiya çempionu titulu qazanmışlar.
Ölkə müstəqillik əldə etdikdən sonra da həndbolçuların uğurları çox olmuşdur. 2002-ci ildə Bakıda "Çağırış kuboku" turniri təşkil edilmişdir. Avropa Həndbol Federasiyasının təşkil etdiyi yarışda Azərbaycan komandası turnirin qalibi olmuşdur.
2008-ci ildə Azərbaycanın qadınlardan ibarət həndbol yığması Çernoqoriyada təşkil olunan Dünya Çempionatının seçmə qrup mərhələsində Bolqarıstan üzərində qələbə qazanmış, ikinci görüşdə İtaliyanı üstələmişdir.
2010-cu ildə Makedoniyada keçirilmiş qadın həndbolçular arasında dünya çempionatının seçmə mərhələsində çıxış etmiş idmançılar qrupda 2-ci yeri tutmuşlar.
Ölkədə kişi həndbol komandası da fəaliyyət göstərir. Lakin qadınlardan ibarət komandadan fərqli olaraq bu komanda hələlik heç bir ciddi uğur əldə etməyib.




Oxunub: 80025