Baş səhifə    » İDMAN    » Sambo   

Sambo

  



Sambo güləşi keçmiş Sovet İttifaqında meydana gəlmiş, hazırda dünyada geniş yayılmış təkmübarizlik idman növüdür.
Sambo sözünün hərfi mənası üç rus sözünün baş hərflərinin birləşməsindən əmələ gələrək (samozaşita bez orujiya) “silahsız özünümüdafiə” deməkdir.
Güləşin bu növü XX əsrin 20-ci illərinin əvəllərində Moskvanın “Dinamo” cəmiyyətində, bir qədər sonra Vladivostokda, daha sonra 1931-ci ildən Mərkəzi Dövlət Bədən Tərbiyəsi İnstitutunda və eyni zamanda Ordu İdman Klublarında tətbiq olunmağa başlamışdır.
Azərbaycan milli güləşindən qıçı və qıçları tutaraq atmalar, dəyirman fəndləri sambonun texniki arsenalına daxil edilmiş və bu fəndlər yarışlarda populyarlığı ilə daha çox diqqəti cəlb etmişdir. Samboda eyni zamanda yunan-Roma və sərbəst güləşdə, isveç qurşaq tutmasında, Lankişir və Kemberlend üsullu ingilis güləşində, yapon cui-citsisu, karate, aykido, cüdo, kendo idman növlərində tətbiq edilən ən gözəl fəndləri sintez olunmuşdur.
Sambo üzrə 1938-ci ilin noyabr ayında “Beş şəhərin matçı” adı ilə tarixə düşümüş ilk rəsmi yarış da məhz Bakı şəhərində keçirilmişdir.
Azərbaycanda sambonun təşəkkül tapması XX əsrin 30-cu illərinin axırlarına təsadüf edir və onun respublikada inkişafı əməkdar məşqçi ümumittifaq dərəcəli hakim, mərhum İsmayıl Əhmədovun adı ilə bağlıdır.
İsmayıl Əhmədovun yetirmələrindən Fərhad Həyatzadə, İdris Bağırov, Zakir Nəsirov, Sabir Hüseynov o dövrün adlı-sanlı pəhləvanlarından olmuşlar. 1954-cü ilin martında Y.M Çumakovun rəhbərliyi ilə Bakıda xüsusi hazırlıq seminarından sonra, mart ayının 25-28-i arası ilk Azərbaycan çempionatı keçirilmişdir. Sabir Hüseynov, Alkivarid Pavlidi, Muxtar Dadaşov, İslam Hümbətov ilk Azərbaycan çempionu adına layiq görülmüşlər.
1954-cü ilin aprel ayının 3-8-də Xarkov şəhərində keçirilən SSRİ çempionatında Sabir Hüseynov və Alkivarid Pavlidi də iştirak etmişdir. Sabir Hüseynov 60 kq çəki dərəcəsində fəxri kürsün II pilləsinə yüksələrək gümüş mükafata layiq görülmüşdür. Azərbaycan güləşinin inkişafında böyük xidmətləri olan, dörd növ üzrə (yunan-roma, sərbəst, milli güləş və sambo) idman ustası Sabir Hüseynovun bu nailiyyəti respublikasmız üçün ən yüksək nəticə idi.
1959-cu ildən rəsmi olaraq Azərbayçan çempionatı ardıcıl keçirilir. Yeniyetmələr arasında ilk qızıl medalı 1966-cı ildə Leninqrad şəhərində keçirilmiş SSRİ birinciliyindən 52 kq çəki dərəcəsində güləşən Kamal Qasımov gətirmişdir.
Gənclər arasında SSRİ birinciliyindən ilk qızıl medalı, 1979-cu ildə Sumqayıt sambo məktəbinin yetirməsi, 57 kq çəki dərəcəsində güləşən Fərhad Ağayev qazanmışdır.
Yeniyetmələr arasinda 1982-ci ildə Fransada keçirilən dünya birinciliyindən ilk qızıl medala Sumqayıt sambo məktəbinin yetirməsi, 52 kq çəki dərəcəsində güləşən Faiq Ağayev layiq görülmüşdür.
Ağdam sambo məktəbinin yetirməsi Ceyhun Məmmədov 1987-ci ildə gənclər arasında ilk dünya birinciliyinin qalibi, 1988-ci ildə SSRİ və dünya çempionu, 1989-cu ildə SSRİ və dünya kubokunun sahibi, 1990-cı ildə Avropa çempionu olmuşdur. Əməkdar idman ustası Ceyhun Məmmədov 7 qat dünya, 6 qat Avropa çempionu, dünya kubokunun qalibi kimi yüksək idman nəticələri göstərməklə, dünya rekordçusu olmuş, analoqu olmayan, XX əsrin sambo “ulduzu” kimi tarixdə iz qoymuşdur.
Qadınlar arasında 5 qat dünya, 3 qat Avropa, 2 qat SSRİ çempionu olmuş, əməkdar İdman ustası Zülfiyyə Hüseynova Azərbaycan sambosunu dünya miqyasında layiqincə təmsil etmişdir.
Şabran səhərinin samboçusu beynəlxalq dərəcəli idman ustası Müşviq Cəfərov da 1991-ci ildə SSRİ Xalqlarının X Spartakiadasının çempionu olmuş, SSRİ, Avropa, dünya çempionatlarında yüksək nəticələr göstərmişdir.
1992-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində qadınlar arasında ilk Avropa çempionatı keçirilmişdir.
1992-ci ildə Azərbaycan Sambo Federasiyası təsis edilmişdir. 1992-ci ilin noyabr ayının 16-da Sumqayıt şəhərində ASF-nin I təsis Qurultayı keçirilmişdir.
1993-cü ildən Azərbaycan Sambo Federasiyası Avropa Sambo Federasiyası (FES) və Beynəlxalq Həvəskar Sambo Federasiyasının (FİAS) həqiqi üzvüdür.
Müstəqilliyimiz dövründə (1997-ci ildə) Azərbaycan samboçuları Avropa birincisi olmuş (milli komandamız yeniyetmələr, gənclər arasında I, kişilər arasında II yerə çıxmışdır 1997-ci il).
2003-cü ildən Azərbaycan Sambo Federasiyasının prezidenti dünya rekordçusu Ceyhun Məhəmməd oğlu Məmmədovdur.
Artıq 2008-ci ildə Beynəlxalq Həvəskar Sambo Federasiyası (FİAS) özündə 62 milli federasiyanı birləşdirirdi. Avropa, Asiya, Afrika, Amerika Sambo federasiyaları yaradılmış və həmin qitələrdə bu idman növünün daha da inkişaf etdirilməsi üçün məqsədyönlü fəaliyyət göstərirlər.
Bu günə qədər sambo məktəbin 30-dan çox yetirməsi idman ustası, 4 samboçu – İntiqam Əzizov, Bəxtiyar Hacıyev, Vüqar Məmmədov və Sehriman Ağayev beynəlxalq dərəcəli idman ustası, Ceyhun Məmmədov isə “əməkdar idman ustası” adına layiq görülmüşlər.
Azərbaycanın sambo tarixində Bakı, Sumqayıt, Gəncə, Ağdam, Dəvəçi, Siyəzən, Mingəçevir sambo məktəbləri xüsusi yer tutur.

Samboçular:
Akif İsmayılov
Arif Ələkbərov
Bəxtiyar Abbasov
Ceyhun Məmmədov
Emil Həsənov
Elməddin Əhmədov
Əbülfəz Əliyev
Əhməddin Rəcəbli
Əkbər Əliyev
Firdovsi Tağıyev
Givi Camiaşvili
İsmayıl Əhmədov
Heydər Həşimov
Hüseyn Eyvazzadə
Mirağa Qiyasov
Mikayıl Orucov
Namiq Sultanov
Pərviz Şükürov
Rauf Şəfiyev
Ramil Mahmudov
Sabir Hüseynov
Şahlar Mustafayev
Telman Bayramov
Vüqar Məmmədov
Vitali Apuşkin
Ziyabil Abbasov
Zülfiyyə Hüseynova




Oxunub: 89761



Azərbaycan Televiziyaları
İnternet Radio