Baş səhifə    » İDMAN    » Olimpiya    » Olimpiya hərəkatı   

Olimpiya hərəkatı

  


1922-ci ilin axırına yaxın bədən tərbiyəsi və idman işlərinə Azərbaycan Həmkarlar İttifaqları qoşulmuşdur. Bu təşkilat öz xətti ilə idman cəmiyyətləri yaratmış, respublikada idmanın maddi-texniki bazasının qurulmasına xüsusi yardım göstərmişdir.
Ayrı-ayrı idman növləri üzrə yarışlardan başqa respublikada kompleks idman turnirləri də təşkil olunmuşdur. Məsələn, çox maraqlı faktdır ki, 1925-ci ildə Bakıda "Olimpiya Oyunları" adı altında yarışlar təşkil olunmuşdur. Bu olimpiyadanın proqramına əsasən yüngül atletikanın müxtəlif növləri üzrə yarışlar daxil edilmişdi. Bu, Azərbaycanda Olimpiya Oyunlarına böyük marağın yaranmasına imkan yaratmışdır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-ci ildə Azərbaycanın Milli Olimpiya Komitəsi yaradılmışdır. Azərbaycan Milli Olimpiya Komitəsi (AzMOK) - Olimpiya Xartiyası, Azərbaycan Respublikasının müəssisələr və ictimai birliklər haqqında qanunları əsasında yaradılmış, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış və Nizamnaməsi Beynəlxalq Olimpiya Komitəsində qəbul olunmuş hüquqi şəxs statuslu müstəqil qeyri-dövlət təşkilatıdır.
Azərbaycan həmin il Barselonada keçirilmiş XXV Yay Olimpiya Oyunlarında müstəqil dövlət kimi təmsil oluna bilməmişdir. Çünki komitə yaranıb Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınanadək lisenziya yarışları artıq başa çatmışdır. Bu dəfə ölkənin beş idmançısı Müstəqil Dövlətlər Birliyinin birləşmiş komandası tərkibində Olimpiya Oyunlarında iştirak etməli olmuşlar. Bununla belə, Barselona Oyunları Azərbaycanın olimpiya tarixinin yeni səhifəsi oldu. Bu oyunlarda Azərbaycan bayrağı qaldırıldı, himni səsləndi.
Barselona Oyunlarından sonra Olimpiya Komitəsi öz fəaliyyətini genişləndirmiş, beynəlxalq Olimpiya Hərəkatına fəal qoşulmuşdur. Məlumdur ki, Olimpiya Hərəkatı yalnız Olimpiya Oyunlarında iştirakla məhdudlaşmır. Ölkədə Olimpiya Hərəkatı ilə bağlı müxtəlif tədbirlərin həyata keçirilmişdir.
1994-cü ildə Azərbaycanda Olimpiya Hərəkatının təbliğinin vəziyyəti, Milli Olimpiya Komitəsinin fəaliyyəti ilə tanış olmaq üçün Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rana, Avropa Olimpiya Komitəsinin prezidenti Cak Roq Bakıya gəlmişlər.
Ümumiyyətlə, 1992-1997-ci illər arasında Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətində qeyd olunmalı işlər Avropa Yeniyetmələrinin Olimpiya Günlərində iştirak, Bakıda Beynəlxalq Qaçış Günlərinin keçirilməsini əhatə edir. Bu dövr üçün qeyd olunmalı ən mühüm hadisə isə 1996-cı ildə Azərbaycanın müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılmasıdır. Atlanta Oyunlarına hazırlıq haqqında sərəncam, hazırlığın daim dövlət nəzarəti altında saxlanması, idmançılara dövlət tərəfindən diqqət və qayğının gücləndirilməsi öz bəhrəsini verdi. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu, bir gümüş medal qazanıldı.
Qeyd etmək lazımdır ki, Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətinin birinci beşilliyində görülmüş işlər, ümumiyyətlə, lazımi səviyyədə qurulmamışdı və qənaətbəxş sayıla bilməzdi. İşdə əsaslı dönüş yaratmaq tələb olunurdu. Milli Olimpiya Komitəsinin 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisi Komitənin yeni idarə heyətini müəyyənləşdirdi. İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Komitənin fəaliyyət istiqamətləri müəyyənləşdirildi.
Azərbaycan Milli Olimpiya Komitəsinin ötən fəaliyyətini nəzərdən keçirdikdə onu zamanca bərabər, lakin görülmüş işin həcmi və sanbalına görə bir-birindən kəskin fərqlənən iki beşilliyə bölmək mümkündür. Görülmüş işlərin xronologiyası da bunu əyani sübut edir. Birinci dövrdə Olimpiya Hərəkatı öyrənilməmiş, onun beynəlxalq miqyasdakı rolu dəyərləndirilməmiş, heç bir təşəbbüskarlıq göstərilməmişdi. Fəaliyyət yalnız Beynəlxalq və qitə Olimpiya Komitələrinin bəzi tədbirlərində iştirakla məhdudlaşdırılmışdı. Nəinki ölkədən kənarda, hətta respublikada Azərbaycan Milli Olimpiya Komitəsinin varlığı hiss olunmurdu.
1998-ci ildə isə respublika ilk dəfə Qış Olimpiya oyunlarına qatılmışdır. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya oyunlarında respublika 5 nəfər idmançı ilə dörd yarışda təmsil olunmuşdur. 2000-ci ildə Sidney Olimpiadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazanmışdır. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü olmuşdur. Bu ölkənin olimpiya hərəkatı tarixində ən böyük uğuru idi.
2002-ci ildə Azərbaycan ikinci dəfə Qış Olimpiya oyunlarının iştirakçısı olmuşdur. ABŞ-ın Soit Leyk Siti şəhərində keçirilən bu oyunlarda idmançılar 3 yarışda iştirak etmişlər. Nəhayət, 2004-cü ilin avqustunda Afinada keçirilən Olimpiya oyunlarında Azərbaycan idman tarixində ilk dəfə olaraq 5 medal qazanılıb.
2008-ci ildə Çində keçirilən olimpiya oyunlarında Azərbaycan 1 qızıl, 2 gümüş, 4 bürünc medal qazanmışdır.
Bu gün ölkədə 64 idman növü inkişaf edir. Respublikada 53 idman federasiyası, 66 idman təşkilatı, 60 idman klubu, 170 idman məktəbi fəaliyyət göstərir. Federasiyalardan 23-ü olimpiya idman növünü, 36-sı qeyri-olimpiya idman növünü inkişaf etdirir. Hazırda Azərbaycanda 365489-dan çox şəxs idman və bədən tərbiyəsi ilə məşğul olur. Son 15 ildə beynəlxalq rəsmi yarışlardan ölkəyə 1000-dən çox medal gətirilib.
Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Belə ki, hər il müxtəlif beynəlxalq yarışlar, bədii gimnastika, taekvando, güləş, boks, karate və s. bu kimi olimpiya növlərinə daxil olan idman yarışlarının məhz Azərbaycanda keçirilməsi bir daha inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırmışdır.
Bu gün ölkədə idman çox böyük sürətlə kütləviləşir.



Oxunub: 500722