Baş səhifə    » İQTİSADİYYAT    » Beynəlxalq iqtisadi münasibətlər   

Beynəlxalq iqtisadi münasibətlər

  


Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülmüşdür. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuşdur.
1920-ci ildə ADR müstəqilliyini itirdikdən sonra xarici iqtisadi əlaqələr SSRİ-nin dövlət inhisarı altında cəmləşmişdi. Azərbaycanın xarici iqtisadi əlaqələrinin Moskva tərəfindən müəyyən olunduğu bir şəraitdə respublikada bu sahənin idarə olunması üçün hər hansı quruma ehtiyac duyulmurdu. Azərbaycanın iqtisadi əlaqələri şərti olaraq SSRİ-nin tərkibində baş verirdi. 1991-ci ildə Azərbaycan iqtisadiyyatının sahələri üzrə məhsul göndərilməsi (daxili qiymətlərlə) cəmi -12,2 mln. rub olmuşdursa, ondan xaricə ixracat cəmisi 744 min manat idi. Azərbaycanın xarici iqtisadi əlaqələri SSRİ-nin tərkibində mübadilə əlaqələrindən 16,7 dəfə az idi. Mövcud bu əlaqə də Moskva inhisarı altında həyata keçirilirdi. Texnologiyanın, işçi qüvvəsinin hərəkəti isə daha çox qapalı və birtərəfli xarakter daşıyırdı.
Siyasi istiqlaliyyət əldə edildikdən sonra Azərbaycanın iqtisadi inkişafının əsas məsələlərindən biri xarici iqtisadi əlaqələrin düzgün istiqamətdə qurulması zərurəti olmuşdur. Azərbaycan hazırda dünyanın 84 ölkəsi ilə qarşılıqlı iqtisadi-ticarət əlaqələrinə malikdir. Ölkənin iqtisadi potensialı, xammal və mineral ehtiyatlarla zənginliyi, təbii şəraiti və əlverişli iqtisadi-coğrafi mövqeyi əməkdaşlıq imkanlarını artırır.
Göstərilən faktlar son illər xarici iqtisadi fəaliyyət sahəsində baş verən struktur və keyfiyyət dəyişikliklərinə əyani sübutdur və eyni zamanda, Azərbaycan dövlətinin beynəlxalq iqtisadi inteqrasiya əlaqələrinə qoşulmasının nümunəsidir.
Xarici ölkələrlə iqtisadi əməkdaşlıq Azərbaycanın milli iqtisadiyyatının çoxşahəli inkişafının təmin etmək üçün böyük üstünlüklər verir. Məhz buna görə Azərbaycanın milli iqtisadiyyatının formalaşması şəraitində xarici ölkələrlə qarşılıqlı iqtisadi əlaqələr və bu əlaqələrin inkişafı böyük əhəmiyyət kəsb edir. 
Xarici ticarətə müdaxilə etmək üçün istifadə edilən ən mühüm vasitələrdən biri gömrük tarifləridir. 10 iyun 1997-ci ildə Azərbaycan Respublikasında «Gömrük Məcəlləsi» qəbul edildikdən sonra 20 iyun 1995-ci ildə qəbul edilmiş «Gömrük tarifi» haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Bu qanun, əsasən, daxili bazarın xarici bazarla səmərəli əlaqəsini təmin etməklə, xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vasitəsi olan gömrük tarifinin formalaşdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçən mallardan rüsum tutulması qaydalarını müəyyən etmişdir.
Azərbaycan Respublikasının xarici iqtisadi münasibətlərinin əsas xüsusiyyəti beynəlxalq, regional və yerli xarakterli iqtisadi təşkilatlara daxil olmaq və bununla da ictimai həyatın bütün sahələrində bu təşkilatlara inteqrasiya olunmaqdır.  Müstəqillik bərpa etdikdən sonra (1991-ci ilin oktyabr ayının 18-ində) Azərbaycanın ilk əməkdaşlıq münasibətləri əldə etdiyi beynəlxalq iqtisadi təşkilatları aşağıdakılardır: 

İslam Konfransı Təşkilatı (İKT) – 8 dekabr 1991-ci il; 
İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO) – fevral 1992-ci il; 
Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı – 1992 - ci il; 
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) – 1993-cü il; 
Ümumdünya Ticarət Təşkilatı (keçmiş QATT) müşahidəçi statusunda 1993-cü il; 
Müstəqil Dövlətlər Birliyi (MDB) – 1993-cü il; 
Avropa Şurası – 25 yanvar 2001-ci il.  

Azərbaycan dünyanın müsəlman respublikalarından biri olduğu üçün bir neçə beynəlxalq islam təşkilatlarına da üzv olmuşdur. Bunlardan ən nüfuzlusu və daha çox iştirakçı üzv ölkələrin sayına görə bütün islam dünyası ölkələrini (28 ölkə) özündə birləşdirən İslam Konfransı Təşkilatıdır (İKT). İslam Konfransı Təşkilatı müstəqillik əldə etdikdən sonra Azərbaycanın inteqrasiya oldunduğu ilk regional səviyyəli təşkilatdır. 
İslam İnkişaf Bankı və İslam Həmrəylik Fondu ilə Azərbaycan Respublikasının millli iqtisadiyyatının üç müxtəlif sahəsinə invesyisiya vəsaitləri və kapital qoyuluşları yatırmışlar. Beləki, həmin xarici kapital və investisiya vəsaitləri kənd təsərrüfatının inkişafı üçün əsasən meliorasiya və su təsərrüfatı sahəsinə yönəldilmişdir. 
Azərbaycan demokratiya və iqtisadi inkişaf naminə təşkilat olan GUAM  təşkilatının üzvü və yaradıcılarından biridir.  Təşkilatın digər üzvləri Gürcüstan, Moldova və Ukraynadır. GUAM 1997-ci il, oktyabrın 10-da yaranmışdır. 
Azərbaycan dövlətinin dünya iqtisadiyyatına inteqrasiyasında İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) da xüsusi rolu vardır. 
Azərbaycan dövləti Qara dəniz İqtisadi Əməkdaşlığının (QİƏ) təsisçilərindən biridir. 
Azərbaycan 20 sentyabrından MDB üzvü olmuşdur.
Azərbaycan Respublikası 1992-ci ildən Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının üzvüdür. BVF-nun Bakı şəhərində nümayəndəliyi fəaliyyət göstərir. 
Azərbaycan Respublikası XXI əsrin astanasında beynəlmiləşmə və inteqrasiya proseslərinidəki öz inkişafını davam etdirməklə yadda qaldı və yeni əsrdə də bu inkişaf tempindəki naliyyətləri ilə davam etdirdi. Beləki, 2001-ci ilin yanvar ayının 27-sində Avropa Şurasının Parlament Asambleyasına 43-üncü dövlət kimi üzv qəbul olunmuşdu. 
90-cı illərin əvvəllərində əsasən siyasi xarakter daşıyan və keçmiş SSRİ ölkələri arasında dövlətlərarası münasibətlərin qurulması məqsədini daşıyan Müstəqil Dövlətlər Birliyi hazırda daha çox üzv ölkələr arasında iqtisadi inteqrasiyanın konkret çərçivələrinin müəyyənləşdirilməsinə yönəlmişdir. Azərbaycan Respublikası bir sıra MDB ölkələri ilə azad ticarət rejimini yaratmış, sərbəst sərmayə üçün hüquqi baza tərtib olunmuşdur.
Əgər XX əsrin əvvəllərində Azərbaycan bir neçə yaxın ölkəyə balıq, kürü, neft və ipək çıxarırdısa, hazırda Azərbaycan dünyanın çox ölkəsi ilə ticarət edir. 
Azərbaycan xarici ölkələrə neft, neft məhsulları və avadanlıqlar, pambıq lifi, tütün, spirtli içkilər (şərab), soyuducu və kondisionerlər, əlvan metallar və kimya məhsulları göndərir, əvəzində isə ərzaq məhsulları (yağ, un, şəkər, taxıl, sitrus meyvələr), avtomobil və sənaye avadanlıqları, metal və meşə materialları, yüngül sənaye malları (parça, paltar, ayaqqabı), mineral gübrə və məişət əşyaları alır.
Azərbaycan gələcəkdə xammal əvəzinə daha çox hazır sənaye məhsulları ixrac etməyi planlaşdırır.



Oxunub: 125834



Azərbaycan Televiziyaları
İnternet Radio