Baş səhifə    » MƏTBUAT    » Azərbaycan televiziyaları   

Azərbaycan televiziyaları

  

Azərbaycan Televiziyası (AzTV)
Azərbaycanda teleyayımın əsası Azərbaycan Televiziyası ilə qoyulub. 
Azərbaycan Televiziyası 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. 1956-cı ilin fevralına qədər Bakı studiyasının sınaq verilişləri yayımlanıb. İlk veriliş günü ekranda Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı!" kəlməsi ilə başlayıb. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.
Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxıb. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından orada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət ediliblər.
1956-cı ildə Bakı televiziya studiyası və Radioinformasiya İdarəsi ayrılıqda fəaliyyət göstərib. 1957-ci ilin oktyabrında Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılan televiziya qurumu Radioinformasiya İdarəsi ilə birləşdirilib və Respublika Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlandırılıb.
1970-ci ildə televiziya Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb. Həmin illərdən etibarən Azərbaycan Televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 1980-ci illərdə 18 saata çatdırılıb. 2005-ci ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçib. 1956-cı ildə teleqüllənin inşası hələ başa çatmadığından Bakı studiyasının ötürücüsü 44 metrlik adi neft buruğunda quraşdırılıb. 1957-ci ildə hündürlüyü 180 metr olan qüllə istifadəyə verilib. Təməli 1981-ci ildə qoyulan yeni televiziya qülləsi 1996-cı il iyunun 7-də istifadəyə verilib. 1991-ci ildə komitə şirkətə çevrilib. 2004-cü ilin fevralından başlayaraq AzTV-nin proqramlarının Avropa ölkələrində yayımı təmin edilib.
2005-ci ildə şirkət "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.
2007-ci ildə Avropaya yayımın texniki müvafiqliyinə görə Azərbaycan Televiziyası "Avropa keyfiyyəti" medalına layiq görülmüşdür.

İlk diktorlar
1956-cı ildə ekrana çıxan ilk diktorlar bunlardır: Tamara Gözəlova, Gültəkin Cabbarlı, Nizami Məmmədov. Sonradan televiziyada diktorlar nəsli meydana gəlib: Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Gülşən Əkbərova, Aygül Qaradağlı, Nərgiz Cəlilova, Ülkər Quliyeva, Ruhəngiz Dadaşova və s.

Verilişlər
İlk illərdə "Azərbaycan bəstəkarlarının portretləri", "Ədəbiyyat və incəsənət", "Azərbaycan ədəbiyyatının klassikləri", "Görkəmli səhnə ustaları", "Bakının teatr və konsert salonlarında", "Lenin mükafatı laureatları", "Məktəb və həyat", "Xalq drujinaçısı", "Bizim qonaqlarımız", "Festival qarşısında" və s. bu kimi verilişlər efirə çıxıb.
Azərbaycan televiziyası xəbərlər buraxılışını 1960-cı ildən efirə verməyə başlayıb. İlk dövrdə bu veriliş "Günün yenilikləri" adlanıb. 1967-ci ildə "Günün ekranı" xəbərlər proqramı efirə çıxıb.
1980-ci illərində AzTV-də idman verilişləri baş redaksiyası yaradılıb. AzTV-də futbol oyunlarından reportajlar hazırlayan şərhçi nəsli yetişib.
Ünvan: AZ1011, M.Hüseyn 1, Bakı, Azərbaycan.
Telefon: (+99412) 4923807.
Faks: (+99412) 4972020
İnternet ünvanı: http://www.aztv.az


İdman Azərbaycan Televiziyası
AzTV idmanın təsisçisi "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətidir. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 23 mart 2005-ci il tarixli 213 saylı Fərmanına əsasən yaradılmışdır. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyun 2005-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
"İdman Azərbaycan" Televiziyası 2009-cu il yanvarın 1-dən fevralın 1-nə qədər test yayımları keçirmiş, 2009-cu il feralın 1-də rəsmi açılışı olmuş, tam həcmdə fəaliyyətə başlamışdır. Kanal Bakı şəhərində 7-ci, Lerik və Şəkidə 6-cı, Gəncədə 21-ci, Şirvanda 9-cu, Astarada 2-ci, Qazax və Ağstafada 5-ci, Lənkəranda 10-cu, Mingəçevirdə 7-ci, Qubada 8-ci, Şamaxıda isə 11-ci televiziya kanalında yayımlanır. Gündəlik televiziya proqramlarının ümumi həcmi 24 saat (100%) təşkil edir. Həftəlik yayımın ümumi həcmi 168 saat (100%) təşkil edir.
Ünvan: AZ1011, M.Hüseyn 1, Bakı, Azərbaycan.
Telefon: (+99412) 4923807
Faks: (+99412) 4972020


Mədəniyyət Azərbaycan Televiziyası
Mədəniyyət Televiziyası Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (Aztv) nəznində fəaliyyət göstərən kanaldır. Kanal bütövlükdə Azərbaycan mədəniyyətinə həsr olunmuşdur. 14 fevral 2011-ci ildə yayıma başlamışdır.
Ünvan: AZ1011, M.Hüseyn 1, Bakı, Azərbaycan.
Telefon: (+99412) 4923807
Faks: (+99412) 4972020


Azad Azərbaycan Televiziyası (ATV)
Azad Azərbaycan" Televiziyası 25 dekabr 2002-ci il tarixdən fəaliyyət göstərir. Verilişləri 35-ci kanalla yayımlanır. Şirkətin məqsədi respublikada və dünyada gedən ictimai-siyasi prosesləri şərh etmək, musiqi, mədəniyyət, tarix və s. ilə bağlı mövzular üzrə verilişlər təşkil etmək, filmlər göstərməkdir. Şirkət 24 saat ərzində Abşeron yarımadası, Bakı və Sumqayıt şəhərləri, Şamaxı və Ələt ərazilərində yayımlanır. Həftəlik yayımın ümumi həcmi 168 saat (100%) təşkil edir.
Ümumi efir vaxtının 10 faizini ölkədə istehsal olunan proqramlar, 62 faizini xaricdə istehsal olunan proqramlar, 25 faizini şəxsi istehsal proqramları, 3 faizini isə reklam materialları təşkil edir. Milli Televiziya və Radio Şurasının 28 oktyabr 2005-ci il tarixli qərarı ilə "Azad Azərbaycan" Teleradio Kompaniyasının televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 6 il müddətinə uzadılmışdır.
Ünvan: A.Abbaszadə küçəsi 8.
Tel: (994 12) 5970106, 5974577, 5974588, 5974625.
Faks: (994 12) 5105265
İnternet səhifəsi: http://www.azadazerbaijan.com


ATV International
2009-cu ilin oktyabrın 5-i kanal fəaliyyətə başlayıb. ATV İnternational 24 saat ərzində peykdən yayımlanır. Kanalın əsas işi xəbərlər blokudur. Xəbərlər dörd dildə: rus, ingilis, fars və erməni dilində efirə gedir. Xəbər blokundan əlavə bədii filmlər, kliplər, arada sənədli filmlər də TV efirində yayımlanır.
Ünvan: A.Abbaszadə küçəsi 8.
Tel: (994 12) 5970106, 5974577, 5974588, 5974625.
Faks: (994 12) 5105265
İnternet səhifəsi: http://www.azadazerbaijan.com


İctimai Televiziya
Avropa Yayım İttifaqı üzvü, Azərbaycanın ictimai telekanalıdır. İctimai Televiziya və Radio Yayımları Şirkəti "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli Fərmanına əsasən yaradılmışdır. Həmin Fərmana əsasən Azərbaycan dövlət televiziyasının 2-ci kanalı və Azərbaycan dövlət radiosunun 1-ci kanalı bütün əmlakı və avadanlığı ilə birlikdə İctimai Televiziya və Radio Yayımının Yayım Şurasına İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması üçün verilmişdir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyəti "İctimai Televiziya və Radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası 9 üzvdən ibarətdir. Şirkətin Baş direktoru isə ictimai yayımçının yaradıcılıq və işgüzar fəaliyyətini əlaqələndirən, bu qanunla onun səlahiyyətinə aid edilmiş məsələlər üzrə qərarlar qəbul edən, bütövlükdə yayım fəaliyyətinin təşkilinə cavabdeh olan vəzifəli şəxsdir və Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.
Milli Televiziya və Radio Şurasının 22 avqust 2005-ci il tarixli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilmişdir. 2005-ci il 29 avqust tarixində İTRYŞ-nin açılış mərasimi keçirilmişdir. Kanal 24 saat ərzində Azərbaycan Respublikasının bütün ərazisində yayımlanır.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 241.
Tel: (994 12) 431-17-37, 430-22-64. daxili: 2 01
Faks: (994 12) 430-34-26
İnternet səhifəsi: http://www.itv.az


ANS TV (Azerbaijan News Service)
Azərbaycanda ilk özəl televiziya kanalıdır. Sonralar fəaliyyət dairəsini çap və kommersiya məhsullarına genişləndirmiş şirkətdir. ANS Şirkətlər Qrupuna "ANS televiziya", "ANS-PRESS Nəşriyyat Evi", "ANS Kommers" və "ANS ÇM" daxildir.
ANS 1990-cı ildə 3 nəfər gənc Azərbaycanlı jurnalist, Vahid və Seyfulla Mustafayev qardaşları və Mirşahin Ağayev tərəfindən Azərbaycanda fəaliyyət göstərən ilk müstəqil televiziya şirkəti kimi yaradılıb. Televiziya kimi onların ilk reportajları cəbhə xəttində baş verənlər olub.
ANS-ə ən çox məşhurluq gətirən isə Qarabağ müharibəsi zamanı cəbhə xəttindən apardıqları çəkilişlər və Cingiz Mustafayevin Xocalı faciəsi zamanı çəkdiyi tarixi kadrlar olmuşdur.
Ünvan: Bakı şəhəri, keçid 1128, 504-cü məhəllə.
Tel: (994 12) 4977267
Faks: (994 12) 4989498
İnternet səhifəsi: http://www.ans.az


Xəzər Televiziyası
"Xəzər" Televiziyası 2007-ci ildə yaradılmışdır. 2007-ci il oktyabrın əvvəllərindən fəaliyyətə başlamışdır. "Xəzər TV"-nin yayım ərazisi Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir. Həftəlik yayımın ümumi həcmi 168 saat təşkil edir. Ümumi efir vaxtının 30 faizini ölkədə istehsal olunan proqramlar, 30 faizini xaricdə istehsal olunan proqramlar, 40 faizini isə şəxsi istehsal olan proqramlar təşkil edir. "Xəzər TV"-nin yayım dili dövlət dili (90%), əcnəbi dil (10%) təşkil edir. Milli Televiziya və Radio Şurasının 14 sentyabr 2007-ci il tarixli qərarı ilə "Xəzər TV" Məhdud Məsuliyyətli Cəmiyyətinə televiziya yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.
Ünvan:Bakı şəhəri, Atatürk prospekti 28.
Tel: (994 12) 493-99-49; 447-47-27


Space Teleradio Şirkəti
"Space" Müstəqil Televiziya və Radio Şirkəti 10 yanvar 1997-ci ildə yaradılmışdır. 12 oktyabr 1997-ci ildən 27-ci kanalla peyk vasitəsilə yayımlanır. 1 yanvar 2002-ci il tarixdən 24 saatlıq yayıma keçmişdir. Yayım ərazisi Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir. Həftəlik yayımın ümumi həcmi sutkada 18 saat təşkil edir Ümumi efir vaxtının 95 faizini ölkədə istehsal olunan proqramlar, 5 faizini xaricdə istehsal olunan proqramlar təşkil edir. "Space TV"-nin yayım dili dövlət dili (90%), əcnəbi dil (10%) təşkil edir.
Milli Televiziya və Radio Şurasının 07 fevral 2007-ci il tarixli qərarı ilə "Space" Müstəqil Televiziya və Radio Şirkətinin televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 6 il müddətinə uzadılmışdır.
Ünvan Bakı şəhəri, H.Cavid prospekti 8.
Tel: (994 12) 5100003
Faks: (994 12) 4927665.
İnternet səhifəsi: http://www.spacetv.az


Lider televiziyası
"Lider" Televiziyası 28 dekabr 1999-cu ildə yaradılmış,1 sentyabr 2000-ci il tarixdən isə RRX vasitəsilə 25-ci kanalla yayımlanmağa başlamışdır. "Lider Media Holdinq" MMC-nin əsas meyarı özəl, professional və rəngarəng proqramların hazırlanmasıdır. "Lider TV" 24 saat ərzində Azərbaycan Respublikası və SESAT-E 36 peyk ötürücüsü vasitəsilə Avropa və Asiya ölkələrində yayımlanır. "Lider" Televiziyası, həmçinin ona məxsus İnternet saytı vasitəsilə yayımlanır.
Həftəlik yayımın ümumi həcmi 168 saat (100%) təşkil edir. Ümumi efir vaxtının 36 faizini ölkədə istehsal olunan proqramlar, 62 faizini xaricdə istehsal olunan proqramlar, 2 faizini reklamlar təşkil edir. "Lider TV"-nin yayım dilini dövlət dili (80%), əcnəbi dil (20%) təşkil edir. Milli Televiziya və Radio Şurasının 22 dekabr 2006-cı il tarixli qərarı ilə "Lider Media Holdinq" Məhdud Məsuliyyətli Cəmiyyətinin televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 6 il müddətinə uzadılmışdır.
Ünvan: Ə.Ələkbərov küçəsi 82/23.
Tel: (994 12) 4970584, 4970586, 4978899.
Faks: (994 12) 4978898
İnternet səhifəsi: http://www.lidertv.com


Regional televiziya kanalları
Alternativ Televiziyası (Alternativ TV) - Gəncə şəhərində yayımlanır.
Aygün Televiziyası (Aygün TV) - Zaqatala rayonunda yayımlanır.
Cənub Televiziyası (Cənub TV) - Cənub bolgəsində yayımlanır (Lənkəran TV tezliyində).
Dünya Televiziyası (Dünya TV) - Sumqayıt şəhərində yayımlanır.
Xəyal Televiziyası (Xəyal TV) - Quba rayonunda yayımlanır.
Kəpəz Televiziyası (Kəpəz TV) - Gəncə şəhərində yayımlanır.
Qütb Televiziyası (Qütb TV) - Quba rayonunda yayımlanır.
Mingəçevir Televiziyası (MTV) - Mingəçevir şəhərində yayımlanır.
Simurq M Televiziyası (Simurq TV) - Tovuz rayonunda yayımlanır.
Kanal-S - Şəki şəhərində yayəmlanır.
El TV - Yevlax rayonunda yayımlanır.
RTV - Xaçmaz rayonunda yayımlanır

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən televiziya kanalları:
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi
"Kanal 35" Televiziyası

Xaricdə fəaliyyət göstərən Azərbaycan dilli televiziya kanalları
Günaz TV - ABŞ
AzCan TV - Kanada
İnterAz TV - Rusiya

Online Televiziyalar:
Online televiziyaların tezliyi yoxdur. Onlar İnternet üzərindən yayımlanırlar.
Kanal 13: http://www.kanal13.tv/
AN TV: http://www.antv.ws
Fərq TV: http://www.antv.ws



Oxunub: 100573